Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:03

M. Ənsari: Azərbaycan müğənnisi Tehranda konsert verə bilir, Təbrizdə yox


İran azərbaycanlısı bəstəkar Məhəmməd Ənsari.
İran azərbaycanlısı bəstəkar Məhəmməd Ənsari.

-

“Oxu zalı”nın bu dəfəki müsahibi İran azərbaycanlısı həmvətənimiz, gənc bəstəkar Məmməd Ənsaridi (Memed Ansa). Məmməd bəy Təbrizdə doğulub və böyüyüb, amma musiqi təhsilini Bakıda alıb, “21 Azər” simfonik poemasının müəllifidi. Hazırda İngiltərədə“Çağdaş bəstəkarlıqda siyasi-ictimai kontekst” mövzusunda phd işi yazır. Onunla söhbətimizə də elə burdan başladıq.

- Məmməd bəy, konservatoriyanı Bakıda bitirmisiniz. Musiqi təhsili üçün niyə Bakını seçdiniz? İranda klassik, simfonik musiqi təhsili verən məktəb yoxdumu?

- İranda musiqi təhsili sistemləşməyib və ciddi musiqi ilə məşğul olmaq üçün şərait çox zəifdir. Digər tərəfdən də İran hakimiyyətinin musiqiyə baxışı səbatlı olmayıb. Hələ də musiqinin halal olub-olmaması hakimiyyətin muxtəlif qolları tərəfindən müzakirə olunur. Ordakı hakimiyyətin İran azərbaycanlılarına basqılarını da bunların üstünə gəlsək, digər sahələrlə yanaşı sənətə də maneçilik törədildiyi, musiqiylə məşğul olanların durumunun çətinliyi təəccüb doğurmur. Ancaq o tay Azərbaycanın istiqlalı musiqidə standart səviyyəyə yaxın bir yerdə təhsil almağımız üçün bir şans oldu. Təbii ki, eyni dildə danışmağımız, mədəniyyət baxımından yaxınlıq və maddi vəziyyətin nisibi uyğun olması da İran azərbaycanlıları, habelə məni gəlib Bakıda təhsil almağa həvəsləndirdi. Bizim Azərbaycan Respubikasına qarşı bəslədiyimiz nostaljik hisslər və Azərbaycan musiqiçilərinin parlaq əsərlərinin ruh verməyini də bura əlavə edək. Üzeyir Hacibəyovun bütün əsərləri, özəlliklə “Koroğlu” operası, “O olmasın, bu olsun”, “Arşın mal alan” və sair əsərləri, təkcə biz azərbaycanlılara deyil, həm də İranın başqa yerlərində də boyük təsiri var.

Buna da bax: "Hadi Qaraçay: İran mediasında türklərə qarşı təhqirlər təsadüfi deyil"

- Mən nəinki incəsənət adamlarının, ümumiyyətlə, əksəriyyətin siyasətə qarışmaqdan çəkindiyi bir ölkədə yaşayıram. Buna görə də PhD tezinizin mövzusu çox maraqlı gəldi mənə: “Çağdaş bəstəkarlıqda siyasi-ictimai kontekst”. Musiqini niyə siyasətə qarışdırmaq istəyirsiniz?

- İstərdim ki, məşhur sənətkar Ai Weiwei-dən bir sitat gətirəm: “Hər şey sənətdir, hər şey siyasətdir”. (Everything is art. Everything is politics.) Tezimin mövzusunu çoxdan işləmək istəyirdim, amma buna qaynaqlar və açıq cəmiyyət gərəkirdi. İngiltərənin nisbi açıq cəmiyyət quruluşu bu mövzunu işləməyə imkan yaratdı. Əlbəttə, universitetin xərclərini özüm qarşılayıram. Musiqi və siyasət uzun zamanlardan bəri qarışıqdır. Məsələn, Bethoven 3-cü simfoniyanı Napoleon Bonaparta həsr etmişdi. Əlbəttə, bəstəkar sonra Napoleonun adını simfoniyadan pozdu. Ya da Alban Bergin operalarının, habelə Bethovenin “Fidelio” operasının mövzularına fikir versək, bəstəkarların ətraflarındakı axımlara və hadisələrə münasibətlərini görərik. Mənim fikrimcə,

Sənətkar diqqət etməlidir ki, siyasətçilər onun siyasi mövqeyini idarə etməsinlər, əksinə, sənətkar onlara siyasətini uyğulamalıdır.

bəstəkarın sosial-ictimai məsələlərlə bağlı mövqeyi olmalıdır, fikir ürətməli və sorğulamalıdır. Özəlliklə, müasir dünyada sənət və siyasət hər fərdin və toplumun həyatında istər-istəməz önəmli rol oynayır. Aktiv durumda olmayan sənətçi ya təpki-verən (reaktiv) mövqeyinə düşər, ya da sırf əyləndirici bir şeyə dönüşər. Ancaq sənətkar

Məmməd Ənsari
Məmməd Ənsari

diqqət etməlidir ki, siyasətçilər onun siyasi mövqeyini idarə etməsinlər, əksinə, sənətkar onlara siyasətini uyğulamalıdır. Musiqidə siyasətə yer var, amma siyasətçiyə yox. Siyasi axıma isə musiqiçi azad, basqısız və öz istəyilə qərar verməlidir, istəyəndə mudaxilə eləməlidir, istəmədiyi zaman rahatca ayrıla bilməlidir. Şərait uyğun deyilsə, ən azından, siyasətçilərə alət olmamalıdır deyə düşünürəm. Bu arada, təbii ki, bəzi hallarda sənətkar çox məsələlərdən uzaq durmaq istəyir, bu anlaşılandır, amma o, ədalətsizlik görəndə susarsa, Martin Nimüllerin şeiri onun halına çevrilə bilər....

Kommunistlərin dalınca gələndə mən susdum,

çünki mən kommunist deyildim.

Onlar sosial-demokratları içəri atanda mən susdum,

çünki mən sosial-demokrat deyildim.

Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər,

mən heç nə demədim,

çünki həmkarlar ittifaqının üzvü deyildim.

Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim,

çünki yəhudi deyildim.

Onlar mənim dalımca gələndə buna etiraz edəcək heç kim qalmamışdı.

- Sosial şəbəkədə Kiyevdə çəkdiyiniz videoda “inqilab” sözünü sevdiyinizi, bu söz olmasa, yaradıcılıqla məşğul ola bilməyəcəyinizi deyirsiniz. Bu fikrinizi bir az aça bilərsiz? Yaradıcı fəaliyyət üçün inqilab mütləqdimi? Çünki inqilab həmişə müsbət yenilik deyil, həm də xaos deməkdi.

- Nəzərə alaq ki, “inqilab” sənət əsərində çeşitli yönlərlə olur. Misal üçün,

Sənət əsərində inqilabi yanaşma görməyəndə onu tam ciddi qəbul eləyə bilmirəm.

əsərin formasında, formasızlığında, inkişafında, dramaturgiyasında, yaxud başlığında və s. Amma “inqilab” qavramından danışsaq, təbii ki, sənət yalnız inqilab deyil, çeşitli konseptlərə də nəzər salmalıdır. Ancaq mən sənətə əyləncə kimi baxmadığım üçün çox zaman sənət əsərində inqilabi yanaşma görməyəndə onu tam ciddi qəbul eləyə bilmirəm. Gördüyünüz videoda isə bu sözü vurğulamaq istədim. Digər tərəfdən əgər biz adi yaşamımızı götürsək, görərik ki, tez-tez çeşitli qərarlar veririk, zaman-zaman “yaxşı” və “pis” anlayışlarını saf-çürük edirik, dəyişilmək üçün içimizdə və dışımızda mucadilə aparırıq, çox zaman haqqımızı almaq üçün vuruşmalı oluruq. Məncə, bunlar bəzi nöqtələrdə inqilab dərəcəsinə gəlir və bu bizim təbiətimizdədir. Amma dövlətlər bu sözlüyün unudulması üçün əllərindən gələni əsirgəmir, özlərini qəyyum görüb bizi qulluqçu istəyir, ən yaxşı halda bizi yalnız seçkilərdə görmək istəyir. Bu üzdən inanıram ki, biz hər məsələnin müzakirəsinə açıq olmalıyıq, “inqilab” sözünü dildə belə olsa, itirməməliyik. Xaosdan isə biz yox, dövlətlər qorxmalıdır. Hər hansı bir dövlət düzgün yön seçməzsə, inqilabi aktuallaşdırmaq haqqında düşünməliyik. Özəlliklə, yaşadığımız çağda və bizim bölgələrdə bu konsepti itirsək, hakimiyyətlərin xalqı daha da çalıb-çapmasına fürsət yaratmış olarıq.

- Siz İran Azərbaycanının mədəni mərkəzi olan Təbrizdənsiniz. Maraqlıdı, Təbrizdə tarixən simfonik musiqi necə inkişaf edib?

- Təbrizdə, habelə digər bölgələrdə simfonik musiqi çox gəncdir və inkişaf etmək imkanı az olub. Bildiyiniz kimi, musiqinin və ya başqa sənət növünün çiçəklənməsi üçün uzun zaman, sistem və maddi yatırımlar gərəkdi. Simfonik musiqinin inkişafı üçün düzgün ifaçılıq məktəbi yaranmalıdı, bunun üçün nəsillər yetişdirilməlidi. Bəstəkarın simfonik musiqisi standart konsert salonunda məşq olunmalıdı. Bildiyiniz kimi bir zamanlar Təbrizdə belə konsert salonu var idi, amma hakimiyyət onu dağıtdı. Təbrizi və umumiyyətlə, o tay Azərbaycanı bir çox şeylərdən mərhum ediblər deyə hələ bizdə ciddi simfonik musiqi yaranmayıb. Ancaq istəsək, Azərbaycan Milli

İran azərbaycanlısı tanınmış bəstəkar Əli Səlimi.
İran azərbaycanlısı tanınmış bəstəkar Əli Səlimi.

Hökumətinin-Firqə Hökuməti, 1945 ci il, 21 Azər Hərəkatı - dövründə Cahangir Cahangirovun Təbrizə gəldiyini yada sala bilərik. Təəssüf ki, Firqə Hökuməti dağıdıldı və Pəhləvi hakimiyyəti bizim bölgədə inkişaf yollarını daha da çətinləşdirdi. Bir az sonralar Əli Səlimi, kiçik də olsa, orkestrlər yaratdı, mahnılar bəstələyib konsertlər verdi. İndilərdə isə ardıcıl olmasa da, simfonik orkestrlər yaradılır və ifalar olur, ancaq bunlar çox zaman dövlət tərəfindən maliyyələşdirilmir, heç hakimiyyət tərəfindəndə müsbət qarşılanmır, hətta bir çox konsertlərin önü dövlət tərəfindən alınır. Hazırda o tay Azərbaycanda təhsil alan musiqiçilər nisbətən çoxalıb. Elə Bakıda, yaxud Türkiyədə təhsil alan musiqiçilərin çoxu professional musiqiylə məşğuldurlar, tələbə yetişdirirlər və konsertlər verirlər. Onların çoxu İranda sürəkli yaşamasalar da, təsirləri olur.

Buna da bax: "21 Azərin görünməz üzü – general izi..."

- Elə yeri gəlmişkən, oxucularımıza “21 Azər” simfonik poemanız barədə məlumat verin.

- “21 Azər” simfonik musiqimi Bakı Musiqi Akademiyasında magistr üzrə təhsil alarkən bəstələmişəm. Bu əsərimi yazarkən Azərbaycan bəstəkarlıq məktəbindən təsirlənmişəm. Bir çox baxışlara görə, İran Azərbaycanının siyasi tarixində ən önəmli hadisə 21 Azər hərəkatı olub və sevinirəm ki, bu hadisəni simfoniyamda səsləndirmişəm. Gec də olsa, Azərbaycan Dövlət Filarmoniyası tərəfindən ifasını duydum. Gözəl təcrübədi. Qeyd etməliyəm ki, Bakıda musiqi təhsili almasaydım, bu musiqini bəstələyə bilməzdim, bəstələsəydim belə, İranda ifa olunmazdı.

Buna da bax: "İran toylarında oxuyaq, oxumayaq?"

- Bir neçə il əvvəl mediada tez-tez təbrizli Həsən Dəmirçinin adı hallanırdı. Bildiyim qədəriylə o, İranda azərbaycanlıların toylarında ifa etməsi üçün Azərbaycan musiqi qrupu yaratmışdı. Bu, hansı ehtiyacdan doğmuşdu? İranda Azərbaycan musiqisi çoxmu qısıtlıdı?

- Həsən Dəmirçi öz təşəbbüsü ilə musiqi məktəbi açmışdı, əlindən gəldiyi qədər ifaçılar yetişdirib konsertlər vermişdi. Bunlarla yanaşı Azərbaycan toylarında da qrupu ilə musiqilər ifa etmişdi. Bir zamanlar o tay Azərbaycanda tar, ya da digər musiqi alətini əldə aparmaq olmazdı, dövlət hər növ musiqiyə, özəlliklə, Azərbaycan musiqisinə qadağa qoymuşdu. Həsən bəy və məsləkdaşları Azərbaycan musiqisinin, Azərbaycan-Türk mədəniyyətinin

Təbrizli müsiqiçi və mədəniyyət təbliğatçısı Həsən Dəmirçi.
Təbrizli müsiqiçi və mədəniyyət təbliğatçısı Həsən Dəmirçi.

qorunması üçün aktiv fəaliyyət göstərirdilər. Ancaq İran hakimiyəti Həsən bəyin kültürəl fəaliyyətlərinə əngəl törətdi, Həsən bəy bir neçə dəfə həbs edildi və musiqi məktəbi dövlət tərəfindən bağlandı. Pəhləvilər kimi İran İslam hakimiyyəti də Azərbaycan sənətinin inkişafını və çiçəklənməsini heç bir zaman istəməyib. Bildiyiniz kimi İranda hər zaman senzura olub, ancaq milli azlıqlar buna daha çox məruz qalıblar. Bizi millət yox, qövm adlandırıblar, çalışıblar ki, sənətimizi bölgəsəl, kiçik və evrənsəl gücü olmayan kimi göstərsinlər. Ancaq bu siyasətlərini nə qədər yürütsələr də, bizi əridə bilməyiblər.

Buna da bax: «5-10 uşağa ana dili öyrətsən, cəzalanarsan»

- Biz, adətən, İrandan olan azərbaycanlıların əksəriyyətinin aşıq, ya da muğam musiqisi sevdiklərinə şahid oluruq. Sizcə, bu assimilyasiyaya qarşı özünümüdafiə instinktidi, yoxsa ordakı azərbaycanlıların musiqi zövqü folklor musiqisi üzərində dayanır?

- Deməliyəm ki, orda az olsa da, klassik, pop, rok, caz və s. musiqi növlərinin təşəbbüskarları var. Təəssüf ki, hakimiyyət bu növ musiqilərə daha da pis yanaşır. Bildiyiniz kimi xanım muğənnilərin solo oxumaqlarına, hətta çox

Fərqanə Qasımova konsertlərdə bir dəfə səhnəyə çıxa bilir, o biri dəfə yox. Və ya bir Azərbaycan muğənnisi Tehranda konsert vermək üçün izn ala bilir, amma Təbrizdə konsert verə bilmir.

zaman səhnə də çıxış etmələrinə icazə verilmir. Bunlar da musiqiçinin statusunun qeyri-müəyyən olmasına səbəb olur. Ancaq aşıq və muğam musiqisi bu tay Azərbaycandan baxanda daha çox gözə çarpır. Azərbaycanın tanınmış muğamatçıları, məsələn, Alim Qasımov, Arif Babayev və digərlərinin İrana gedib konsert vermələri, aşıq musiqisinin nisbi olaraq xalq arasında yayqınlığı onların əhəmiyyətini artırır. Ancaq İranda təşkil olunan konsertlərin gərgin keçməsini nəzərə alsaq, bu musiqilərin də hakimiyyət tərəfindən müsbət qarşılanmadığını görürük. Məsələn, Fərqanə Qasımova konsertlərdə bir dəfə səhnəyə çıxa bilir, o biri dəfə yox. Və ya bir Azərbaycan muğənnisi Tehranda konsert vermək üçün izn ala bilir, amma Təbrizdə konsert verə bilmir. İranda konsert vermək üçün hakimiyyətdən izn alınmalıdı. Çox zaman hakimiyyətin izn verdiyi konsertə, yaxud musiqi qrupuna dövlətin digər qolları tərəfindən qadağalar qoyulur və konsert, ya da qrupun çıxışları baş tutmur. Təəsüf ki, mənim xatirimə gələn zamandan bərimusiqiçilərin vəziyyəti həmişə belə olub.

- İran azərbaycanlılarının nümunəsində musiqinin xalqın dilini və milli kimliyini qorumaqda rolunu necə qiymətləndirirsiniz?

- Musiqi sənətin xalis növü olduğu üçün daha təsirlidir və bizim milli kimliyimizin qorunmasında önəmli rolu olub. Ancaq bu faktın İranda yaşayan millətlərə təsiri ikibaşlıdı. İranda, ümumilikdə, bizimlə müqayisədə fars musiqisinin inkişafının önü az alınıb. Pəhləvi hökuməti dövründə fars musiqisinə boyük yatırımlar edilib. Odur ki, fars musiqisinin yayqınlığı o biri xalqların musiqisini çox zaman kölgədə qoyub. Sözün əsl mənasında, əgər bu tay Azərbaycanı və Türkiyənin mahnıları, musiqi əsərləri və filmləri olmasaydı, bizim xalq daha çox assimilyasiyaya məruz qalacaqdı.

- İrandakı azərbaycanlılarla Azərbaycan Respublikasındakı azərbaycanlılar arasında 90-lardan bəri xeyli get-gəl, yaxınlaşma oldu, ancaq bu yaxınlaşma bir nöqtədə dayandı. Biz, demək olar ki, bir-birimizin ədəbiyyatını, musiqisini, kinosunu bilmirik. Sizcə, mədəni yaxınlaşma üçün bizə daha nələr lazımdır? Yoxsa bu yaxınlaşma çox çətin və ümidsizdi?

- Biz o taylılar istəkdiklərimizin çoxunu bu tay Azərbaycanda tapa bilmədik. Bizim düşünən kəsimin əsas məsələlərindən biri demokratik davranışları görüb öyrənmək idi. Təəssüf ki, bu məsələnin Azərbaycan Respublikasında doğru səmtə getməməsi həmin kəsimin bura olan marağını azaltdı. Misal üçün, Xədicə İsmayılın hakimiyyət tərəfindən həbsi o tayda düşünən kəsiminə çox pis təsir elədi. Digər tərəfdən Türkiyənin TV kanalları və ordakı rəngarənglik zövqləri dəyişdirdi və kütlənin marağını qazandı. Bir də nəzərə almalıyıq ki, Elçibəy dövrünün nəsli (o tayda və bu tayda) artıq yaşlanıb və özünü güncəlləməyə çətinlik çəkir. Biz istəsək də, istəməsək də, artıq yeni nəsil məhsula baxır və onun necə və harda sərgilənməsindən nəticə çıxarır.

Bəstəkar Məmməd Ənsari və karikaturaçı-rəssam Gündüz Ağayev.
Bəstəkar Məmməd Ənsari və karikaturaçı-rəssam Gündüz Ağayev.

Ancaq o tayda güclü və dünyəvi sənətkarlar olanda bu biz İran azərbaycanlıları tərəfindən maraqla izlənilir. Misal üçün, Gündüz Ağayev... Bu marağın səbəbi Gündüzün sınırları aşması, işinin keyfiyyəti və istiqamətidi. O tay və bu tay arasında yaxınlaşmanın zəifləməsinin bir səbəbi də Azərbaycan respublikasında sivil toplum örgütlərinin (NGO) zəif fəaliyyətidi. İranda belə qurumları yaradıb idarə etməyə imkan yoxdur, amma bu tayda bunu edə və daha aktiv fəaliyyət göstərə bilərlər. Misal üçün, sənətkarları dəvət edib birlikdə layihələr həyata keçirə, yaxud da birgə ictimai, elmi və s. seminarlar təşkil eləyə bilərlər. Azərbaycan dövləti də munasibətlərin davam etməsilə bağlı bəzi işlər görə bilər, amma, təəssüf ki, heç nə olmur. Bir zamanlar İranda azərbaycanlılar vəfat etmiş Doktor Cavad Heyətin tapşırığı ilə Azərbaycan universitetlərinin humanitar bölümlərində dövlət hesabına, ödənişsiz təhsil ala bilirdilər, əfsus ki, bu da kəsildi və artıq O tay azərbaycanlıları Azərbaycan respublikasında tam bir xarici öyrənci kimi qarşılanır. Bu arada İran hakimiyyətinin də o tay və bu tay arasındakı

O tay azərbaycanlıları Azərbaycan respublikasında tam bir xarici öyrənci kimi qarşılanır. Bu arada İran hakimiyyətinin də o tay və bu tay arasındakı yaxınlaşmaya müxtəlif yollarla mənfi təsiri olub.

yaxınlaşmaya müxtəlif yollarla mənfi təsiri olub. İran tərəfindən edilən dini müdaxilələr Azərbaycan rəsmilərinin qorxusuna səbəb olub ki, bu da aradakı münasibətlərə təsir edib deyə düşünürəm. Həmçinin mənə elə gəlir ki, o tay azərbaycanlıları bizdən ümidlərini kəsiblər və hardasa bizi Azərbaycanın inkişafına, Avropa dəyərlərinə yaxınlaşmasına potensial maneə kimi görürlər. Habelə Azərbaycandakı ədalətsizlik, maaş məsələləri, pulun daha önə çıxması, yeni vasitələrin yaranması və s. xalqın başını qatıb və yaşamını ciddi etkiləyib. Əlbəttə, o taylılar, az da olsa, Azərbaycan Respublikasını izləyir və kütlənin bəzi kəsimləri Azərbaycan dövlətinin uğurlarını öz uğuru hesab edir. Hər halda o tayda ürətim olarsa, bizdə də maraqla qarşılanacaq. Acı olsa da, İran Azərbaycanında maddi sıxıntılar, kimlik çətinliyi, dilin qaydaya oturmaması, dövlətin basqıları, yanlış təbliğat, saxtakarlıq, susuzluq, İranın gələcək məsələsi və s. problemlər bizim xalqı çox çətin duruma salıb, ümidləri məhv edib və əlsiz-ayaqsız eləyib. Bu səbəblərdən bizim tərəfdən yaxınlaşma hərəkəti çox çətin olacaq. Ancaq inqilabı itirməməliyik.

- Bəstəkarlıq İran azərbaycanlıları arasında nə qədər populyar sənətdir, İranda dünyəvi musiqi təhsili ilə Azərbaycandakını müqayisə edərkən hansını üstün tutursunuz?

- Umumiyətlə, hər yerdə olduğu kimi, o tay azərbaycanlıların da də musiqiyə böyük həvəsı vardı. Bəstəkarlığa da həvəs var, amma anlamı musiqinin inkişaf etdiyi ölkələrdəki kimi deyil. Orda musiqi məktəblərdə dərs kimi keçirilmir, ancaq özəl məktəblərdə olur. Ona da hər kəsin imkanı çatmır. Çox zaman musiqi müəllimi özü musiqini dərindən bilmir. Buna görə də çoxlarının bəstəkarlıq və musiqi ilə bağlı anlayışları düzgün deyil. Amma az da olsa, yaxşı müəllimlər var. Təəssüf ki, hər yerdə deyil və hər kəsin oxumaq imkanı olmur. Təbii ki, Azərbaycan musiqi sahəsində İrandan qat-qat yuxarıda durur. Bir daha musiqi təhsilini başdan başlasaydım, şəraitə baxanda yenə də Azərbaycan Respublikasında təhsil alardım.

XS
SM
MD
LG