Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:50

Köçkünlər evlərini satışa çıxarıb...


İllüstrasiya
İllüstrasiya

►Köçkünlərin məskunlaşdığı “Gənclər Şəhərciyi”ndəki mənzillərin qiyməti 21 min manatdan başlayır

“Köçkünlər onlara verilmiş mənzilləri satışa çıxarıb, çünki bir neçə yerdə evləri var. Mən də köçkünəm, pulum olmadığından, “Qaçqınkom” adımı siyahıya salmayıb. İndi iki uşaqla küçələrdə qalmışam”.

Ağdam rayonunun Seyidli kəndindən köçkün düşən Sevinc Mirzəyeva AzadlıqRadiosuna danışır ki, təxminən 5 il əvvələdək Dəmiryol İdarəsinin yataqxanasında məskunlaşıb.

2011-ci ildə yataqxanadakı köçkünlərə ev verilib. Həmin vaxt xəstəxanaya düşməsi indi onu evsiz-eşiksiz qoyub:

Buna da bax: 'Üstündən xətt çəkilən' Çəmənli camaatı

“İKİ ÖVLADIMLA KÜÇƏLƏRDƏYƏM”

“O il həyat yoldaşımdan da boşanmış, övladlarımla tək qalmışdım. Ağır əməliyyat keçirtdiyim vaxt idi. Xəstəxanada yatırdım. Bir də eşitdim ki, yataqxana köçürülür. Anamgilə ev verdilər, mən xəstəxanadan qayıdanda gördüm “lələ köçüb, yurdu qalıb”. “Qaçqınkom”a müraciət elədim. Dedilər, növbəti illərdə məsələyə baxarıq. O gün-bu gün, iki övladımla küçələrdəyəm. Bir gün o qapıda, bir gün bu qapıda, günlərimizi saya-saya, yaşayırıq. Bir rəfiqəmin evində qalırıq, artıq o da bizi evində saxlamaq istəmir. Buradan çıxsaq, hara gedəcəyimizi bilmirik”.

S. Mirzəyevanı bu da narazı salır ki, köçkünlərə mənzil paylanarkən, nə mənzil, nə də sosial durumları dərindən araşdırılır:

“YAŞAMAĞA BAŞQA YERİ OLMASAYDI, BU EVİ SATMAZDI”

“Harda görülüb ki, köçkün dövlətin ona müvəqqəti sığınacaq kimi verdiyi evi satsın? Dövlət köçkünü yerləşdirir ki, küçədə qalmasın. Bizdəsə ev “özünü çoxdan tutan” köçkünlərə - bir neçə yerdə evi olanlara verilir. Onlar da “varlığa nə darlıq” deyib, üstəlik, pul verərək, elə binalardan da ev alırlar. Mənim kimi pulsuz-parasız yetimlərsə ortalıqda qalır. Tələb edirəm ki, dövlət evini satan köçkünün evini alıb mənə versin. O köçkünün yaşamağa yeri olmasaydı, evini satmazdı”.

Sevinc xanım Mehdiabaddakı “Gənclər Şəhərciyi”ndə evini satan bir neçə köçkünlə danışıb. AzadlıqRadiosu onlardan biriylə əlaqə saxlayaraq, alqı-satqı şərtləri və mənzillərin qiyməti ilə maraqlandı. Amil adlı köçkün “Qaçqınkom”un verdiyi mənzili satışa çıxardığını deyir:

Buna da bax: Məcburi köçkünlər yolu bağlayıb

“BU, SATIŞA ÇIXARDIĞIMIZ İKİNCİ EVDİR”

“- Şəhərcikdəki 15-ci binada oluruq. Sahəsi 87 kvadratmetr olan ikiotaqlı evdir. Mətbəxi dəhlizə çıxarmaqla iki otağı üçotaqlıya çevirmişik”.

- Təmiri hansı səviyyədədir?

- Zəif təmirlidir... “Qaçqınkom” necə veribsə, o vəziyyətdədir. Divar kağızı yoxdur. “Emulsiya” ilə boyanıb.

- Ev kimindir?

- Atam qaçqındır. Almalı olsanız, gedəcəyik “Qaçqınkom”a, orada ev atamın adından sizin adınıza keçiriləcək, ancaq gərək siz də qaçqın olasınız. Yerlisinizsə, qohumlardan bir qaçqın tapın, sənəd onun adına keçsin. Burdakı ancaq qaçqına satıla bilər.

- O evləri satmağa icazə var?

- Əlbəttə. Elə “Qaçqınkom”da satırıq da... Sənədləşmə orda olur...

- Sizcə, sonra evi alana problem çıxmaz?

- Nə problem çıxacaq? Biz artıq 2-ci evdir satırıq.

- O evi bizə satsanız, özünüz hara yerləşəcəksiniz?

- (Gülür) Bəyəm köçkünün yeri-yurdu olmur? Köçkün olanda nə olar?! Hər halda qalmağa yerimiz var ki, satırıq, xanım.

- Qiyməti necədir?

- 52 kvadrat 21-22 min manata ala bilərsiniz, Bizimki, dediyim kimi, 87 kvadratdır, son qiymətini 28 min manata deyirik”.

KÖÇKÜN O EVDƏ MÜLKİYYƏTÇİ DEYİL

Hüquqşünas Fariz Namazlının fikrincə, köçkünlərə dövlətin müvəqqəti sığınacaq kimi verdiyi mənzillərin satışı qanunla qadağandır:

“Dövlət köçkünə büdcədən vəsait ayırıb ev tikir ki küçədə qalmasın. Belə evlər mülkiyyətə verilmir. Köçkün dövlət tərəfindən verilmiş müvəqqəti evin mülkiyyətçisi ola bilməz”.

Hüquqşünas Vaqif Alıyev köçkünlərə verilən sənədlərdəki bir qeydi xatırladaraq deyir ki, onlar bu mənzillərdə torpaqlar işğaldan təmizlənənə və azad olunmuş torpaqlara qayıdanadək yaşaya bilərlər. Köçkünlərin onlara verilmiş sığınacağı satmaq hüququ yoxdur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG