Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

Lord Kimmergemin varisi, ingilis kinosunun solçu siması - Tilda Swinton


İngilis aktrisası Tilda Swinton.
İngilis aktrisası Tilda Swinton.

-

Lord Kimmergemin varisi, ingilis kinosunun solçu siması - Tilda Swinton

Açıq, şəffaf dərisi, solğun rəngli qaş və kiprikləri, enli çiyinləri onu “yadplanetli” adlandırmaq istəyi yaradır. O, cəlbedici, ziddiyyətli, eyni zamanda məqsədyönlü və parlaq şəxsiyyətdi.

Müasir Britaniya kinosunun ən parlaq nümayəndələrindən biri olan Matilda (Tilda) Swinton sənəti həqiqətən qiymətləndirməyi bacaran aktrisadır. Hollywood blokbasterlərindən imtina edərək müstəqil kinonu seçən aktrisa öz seçimində yanılmayıb. Bu gün o, çəkildiyi rollarla dünya kinematoqrafiyasının klassikinə çevrilməyi bacarıb.

Swintonlar ailəsinin kökləri 886-cı ilə qədər gedib çıxır. Qədim ingilis-şotland nəslinin varisi olan Tilda Swinton qəsrdə böyüyüb. Dünyaya Londonda göz açsa da, oranı erkən yaşlarında tərk edib. General-mayor rütbəli atası Almaniyada xidmət etdiyinə görə Tilda 10 yaşına qədər bu ölkədə yaşayıb. Vətənə qayıdandan sonra valideynlərinin təkidi ilə elit internata qəbul olunub. Matildanın ailəsi Britaniyanın əsilzadə nəsillərindən birinə məxsus olduğu üçün bağlı elit məktəb Lord Kimmergemin vərəsəsi üçün ən optimal variant idi. Burada o, digər lord və ledilərin qızları, o cümlədən, gələcəyin şahzadəsi Diana Spencer ilə birgə tərbiyə alıb. Sonralar Tilda elit qızlar məktəbini qəzəblə xatırlayırdı: “Məktəbdə bizi musiqiyə qulaq asmağa qoymurdular. Bu, gənclərə, xüsusən də pank dövrünün yeniyetmələrinə qarşı zorakılıq idi. Yəqin ki, onlar bunu bizi seksdən uzaq tutmaq üçün edirdilər. Bu ağılasığmazdı”.

Tilda Swinton kolleci bitirdikdən sonra Kommunist partiyasına daxil olur və könüllü Afrikaya gedir. İki il ərzində burda kimsəsiz uşaqlara ingilis dili tədris edir.

Buna baxmayaraq Matilda məktəbdə maraqlı məşğuliyyət tapır- o, teatra həvəs göstərir, yeniyetmə ikən məktəbdə qoyulan tamaşalarda ciddi rollar ifa edir. Onun aktyorluq fəaliyyəti Fetts kollecində təhsil alarkən də davam edir. Tələbəlik illərində isə onun siyasətə marağı baş qaldırır. Kolleci bitirdikdən sonra Matilda Swinton Böyük Britaniyanın Kommunist partiyasına daxil olur və könüllü Afrikaya gedir. O, burda iki il ərzində CAR və Keniya məktəblərində işləyir, kimsəsiz uşaqlara ingilis dilini tədris eləyir. Tilda müsahibələrində deyir:

“19 yaşında Kembricdəki solçu professorlarımın təsiri altında Kommunist partiyasına daxil oldum. Onlara çox minnətdaram, mənə kollektiv gücün imkanlarını öyrətdilər. Bu, məni 19 yaşımda da cəlb edirdi, indi də cəlb edir”.

Buna da bax: "Həm filmdə, həm ailədə uğurun sirri..."

1980-ci ildə Britaniyaya qayıdandan sonra Matilda ingilis ədəbiyyatını öyrənməyə başlayır, məşhur Startford teatrının nəzdindəki Şekspir Kral Cəmiyyətinə qoşulur. Burada o, Gary Oldman, Juliet Stevenson, Fiona Shaw kimi gələcək məşhurlarla tərəf müqabili olur. Sonradan Tilda Edinburqda - Travers teatrında çıxış etməyə başlayır və burada gələcək əri John Byrne ilə tanış olur.

Tilda Swintonun kinoda ilk rollarından biri Derek Jarmanın "Caravaggio" filmində 1986-cı ildə olub.
Tilda Swintonun kinoda ilk rollarından biri Derek Jarmanın "Caravaggio" filmində 1986-cı ildə olub.

Kinoda o, 1986-cı ildən çəkilməyə başlayır. “Zastrozzi: A Romance” (1986) filmi televiziya ekranlarına çıxandan sonra Matilda həyatını kameralarsız təsəvvür edə bilmir. “Caravaggio” (1986), “Aria” (1987), “Friendship’s Death” (1987) kimi filmlərdə çəkilir. Həm teatr, həm də kinoda çıxış edən aktrisa hər iki istiqamətdə uğur qazanır.

Amma kinorejissor Derek Jarmanla tanışlığı onu, məhz, kinonu seçməyə vadar edir. Onların ilk işi bəstəkar Sylvano Bussottinin operası əsasında çəkilən ikidəqiqəlik “İlham (Ruhlanma)” videosu olur. Sonradan Jarman, Tildanın iştirakı ilə doqquz film çəkir. Tezliklə Matilda və Derek yaxşı dosta və

Rejissor Derek Jarman düz doqquz filmində Tilda Swintonu çəkib. Axrıncı filmi "Bağ"dan sonra Jarman dünyasını dəyişib.

daimi partnyora çevrilirlər. “Bağ” filmi QİÇS-dən ölən rejissorun həm kinoda, həm də Matilda Switonla son işi olur. Dostunun ölümünü ağrılı keçirən aktrisa bir müddət işdən uzaqlaşır.

Aktrisaya kinematoqrafiyaya qayıtmağa baş rolda Daniel Craigin çəkildiyi “Sevgi-İblisdir” avanqard homoseksual filmi kömək edir. Filmin müxtəlif mükafatlara layiq görülməsi onun karyerasına təkan verir.

Tilda 1992-ci ildə Virginia Woolfun avtobioqrafiyası əsasında çəkilən “Orlando” filmində eyni vaxtda iki obrazı – qadın və kişini canlandırır. Onun oyunu tamaşaçılarla yanaşı, tənqidçiləri də valeh edir. Tilda Sietldə keçirilən kinofestivalda ilin aktrisası mükafatını qazanır, film özü isə Venesiya kinofestivalında ən yaxşı film adını alır.

Tilda Swinton rəssam Cornelia Parkerin şüşə qutuda yatmaqla bağlı performansında iştirak edir.

Tilda Swinton həmişə rəssamların diqqət mərkəzində olub. 1995-ci ildə o, qalmaqallı britaniyalı rəssam Cornelia Parkerin perfomansına qoşulur və bir həftə boyunca canlı eksponata çevrilir: gün ərzində aktrisa 8 saat şüşə qutunun içində gözüyumlu uzanır. İllər sonra Tilda etiraf edirdi ki, qocalanda belə ölmək istəyərdi. Eyni perfomansı Nyu-Yorkun MoMa muzeyində də təkrarlayır – İslandiyada rejissor Jim Jarmuschun qrupu ilə rok festivalda XIII əsr fars şairinin şerlərini oxuyur.

1999-cu ildə aktrisa Tim Rothun “Hərbi əməliyyatlar zonası” debüt filmində çəkilir. Bir il sonra isə böyük səs-küyə səbəb olan, baş rolu Leonardo DiCaprionun oynadığı “Çimərlik” filmində ifası ilə fərqlənir. Bu filmlərin hər biri aktrisanın yaradıcılığında müəyyən mərhələni təşkil edir və onun

Tilda Swinton "Narnia xronikası" filmində.
Tilda Swinton "Narnia xronikası" filmində.

Hollywoodda uğurunu yol açır. 2000-ci ildən başlayaraq Tilda ABŞ-da çəkilməyə başlayır. Bu dövrdə onun filmoqrafiyasında “Vanilli səma”, “Gənc Adəm”, “Konstantin: Zülmət hökmdarı”, “Qırılmış çiçəklər”, “Pis vərdiş”,“Maykl Kleyton”, “Benjamin Butonun müəmmalı əhvalatı”, “Oxuyandan sonra yandırın”, “Culiya”, “Kevinə nəsə olub” kimi filmlər yaranır. “Gənc Adəm” filmindəki baş roluna görə aktrisa Britaniyanın Kino və Televiziya Akademiyasının mükafatına layiq görülür. 2008-ci ildə isə “Maykl Kleyton” filmindəki ikinci dərəcəli roluna görə “Oskar” alır.

Tilda Swinton, demək olar ki, heç vaxt öz “Oskar”ını yada salmır. Etiraf edir ki, mükafatlandırma mərasiminə turist kimi gəlib. Valideynləri isə indiyə kimi bu heykəlciyin görünüşü və mahiyyəti barəsində heç nə bilmirlər.

Buna da bax: "Hollywoodun susqun simalı aktyoru: Bill Murray"

Aktrisa mütəmadi çəkilsə də, əsasən bədii cəhətdən ona dəyərli görünən ssenarilərin üzərində dayanır. Kinodakı rollarına görə o, Berlin, Venesiya kinofestivallarının, Avropa kinoakademiyasının mükafatlarına və BAFTA-nın heykəlciyinə layiq görülüb.

Tilda Swinton hər layihəyə qoşulmur, özünün seçimi əsasında filmlərə çəkilir: "Bəzən qarşıma istedadlı, gənc rejissor çıxır və mən ona kömək etməyə çalışıram. Nəticədə kamera qarşısına keçirəm. Lynne Ramsaynin “Kevinə nəsə olub” filmi ilə də belə oldu".

Tilda Swinton 66-cı Kann festivalında Jim Jarmushla birlikdə. 25 May 2013.
Tilda Swinton 66-cı Kann festivalında Jim Jarmushla birlikdə. 25 May 2013.

Jim Jarmusch isə onun çoxdankı tanışıdı: “Təkcə Jim vampirlər haqqında belə duyğulu, həssas film çəkə bilər. Onun səmimiyyəti və müdrikliyi adama elə təsir edir ki, vampir rolunu oynasan belə, həmişə yanında olmaq istəyirsən”.

Son 40 ildə 50-dən çox filmə çəkilən aktrisa qeyri-standart personajları oynamaqdan, cilddən-cildə girməkdən çəkinməyib. 29 yaşında o, London teatrında Puşkinin “Mosart və Salyeri” əsəri əsasında qoyulmuş tamaşada Mosartı oynayıb. Rejissor Derek Jarmanın qalmaqallı “Bağ” filmində qucağında körpə tutan Məryəm ananı canlandırıb. 2002-ci ildə aktrisanın eyni vaxtda dörd rol oynadığı “Texnoseks” filmi ekranlara çıxıb. ““Qrand Budapeşt” oteli” filmində isə o, 90 yaşlı qarını oynayır.

Tilda Swinton heç vaxt aktyorluq sənətindən dərs almayıb. O, əsasən, ingilis ədəbiyyatı və politologiya ilə məşğul olub.

Tilda heç vaxt aktyorluq sənətindən dərs almayıb. O, əsasən, ingilis ədəbiyyatı və politologiya ilə məşğul olub. Erkən yaşlarından teatrda oynasa da, onu həmişə kino cəlb edib - amma aktrisa kimi yox, rejissor və ssenarist kimi: “Hər dəfə növbəti filmə çəkiləndən sonra and içirəm ki, bu mənim kinoda son işimdir... Amma özümü aktrisa hesab etmirəm. Mən peşəkar kinosevər ola bilərəm”.

Tildanın dediyinə görə ona lüt çəkilməyə heç nə mane olmur: “Başa düşmürəm, burda nə var ki? Gizlədəsi heç nəyim yoxdur. Əkizlərimi doğandan sonra “Hərbi əməliyyatlar zonası” filmində soyunmuşdum”.

Tilda Swintonun çəkildiyi "Orlanda" filminin afişası.
Tilda Swintonun çəkildiyi "Orlanda" filminin afişası.

Aktrisa kinodakı fəaliyyətinə fərqli yanaşır: “Heç vaxt rollar axtarmıram, heç filmlər də axtarmıram. Mən həmkarlar axtarıram. Film çəkilişlərində illərlə kimlərləsə əlaqədə olursan. Məsələn, “Orlando” filmini biz 5 ilə çəkdik. Əmin olmalısan ki, bu insanları öz həyatına daxil etməyə hazırsan”.

Tilda bütün müqavilələrinə George Clooneyi daxil etməyə çalışır: “Asan deyil, amma bunun üçün var-qüvvəmlə çalışıram. Təskinlikçün mənə Brad Pitti soxuşdururlar. Georgela ümid eləyirik ki, nə vaxtsa hansısa filmdə bir-iki kəlmə kəsəcəyik”.

Tildanın sevimli kinopersonajı isə “Uğur olsun, Baltazar” (Rober Bresson, 1966) filmimdəki ulaqdı. Aktrisa özünü onunla eyniləşdirdiyini deyir və hesab edir ki, aktyorun funksiyası tamaşaçının onun simasında özünü görməyidir.

Tilda Swinton və George Clooney 66-cı Berlinale Film Festivalında, 11 fevral 2016.
Tilda Swinton və George Clooney 66-cı Berlinale Film Festivalında, 11 fevral 2016.

Tilda həm də müasir modanın əsas ilham pərilərindən biridir. Raf Simons, Karl Lagerfeld, Alber Elbaz, Haider Ackermann, Marco Zanini kimi məşhur dizaynerlər Tildaya böyük rəğbət, sevgi bəsləyirlər. Dizaynerlərin fikrincə, azadlıq sevən, androgin stilli və təbii makiyaja üstünlük verən Tilda müasir qadın obrazını yaradır. Aktrisa öz zahiri görünüşünə yumorla yanaşır: “Mən atamın üzü qırxılmış formasına bənzəyirəm. Bir də mən David Bowieyə oxşayıram... Çox gülməliyəm – sadəcə bunu heç kim hiss etmir. Ciddi simalı hündürboy adamlar hamını qorxudur”.

Buna da bax: "Kinonun sərtlik simvolu Gabin və onun sevgisi Marlene Dietrich"

Tilda Swintonun şəxsi həyatına gəlincə isə bu barədə çox söz-söhbətlər gəzir. Aktrisa heç vaxt ərdə olmayıb. Uzun illər rəssam John Byrnelə yaşayıb, Honor and Xavier Swinton Byrne adlı əkiz uşaqları var. Sonradan aktrisa başqa bir rəssamla- Sandro Koppla münasibət qurub. Tilda Sandrodan 18 yaş böyük olsa da, aktrisanın zahiri görünüşü onların arasındakı yaş fərqini hiss etdirmir. Aktrisanın ailəsi Şotlandiyada Nern şəhərciyində yaşayır. O, ailəsi ilə çox vaxt keçirmək üçün kinoproyektlərdə az iştirak edir. Şəxsi munasibətlərini “açıq nikah” adlandıraraq sərbəst həyat sürür və bu haqda belə deyir: “Danışırlar ki, evimizdə hər gün eyş-işrət məclisləri qurulur. Bu fantaziyadır. Tamamilə əksinədir”.

XS
SM
MD
LG