Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi


-

Murat Yetkin-in Türkiyənin «Hürriyet” qəzetində çıxan məqaləsi belə adlanır: “Türk-Rus böhranını bitirən gizli diplomatiyanın öyküsü”.

Müəllif Prezident Aparatatına istinadla, bu böhranın bitməsində rolu olanlardan söz açır: “Cavit Çağlar-ın çox önəmli rolu var. Hulisi Akar (Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi –red.) və Nursultan Nazarbayev (Qazaxıstan prezidenti – red.) də aparıcı aktyorlardır”.

Murat Yetkin öncə ötən ilin noyabrında türk “F-16”sının hava sərhədini pozan rus “SU-24”nü vurandan sonra iki ölkə arasında münasibətlərin pisləşməsini xatırladır. Böhran ucbatından Türkiyənin turuzm sahəsinə ağır zərbə dəymiş, Rusiyaya meyvə-tərəvəz idxalı dayandırılmış, Rusiyadakı türk şirkətləri böyük çətinliklərlə üzləşmişdi. Müəllif Rusiya ilə böhranın Türkiyənin PKK/PYD və İŞİD-lə mübarzəsinə də mənfi təsirini göstərmişdi.

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

PUTİN NUH DEYİR, PEYĞƏMBƏR DEMİRDİ...

Murat Yetkin-in sözlərinə görə, illərdir Rusiyada biznesi olan iş adamları da iki ölkənin münasibətlərini normallaşdırmaq prosesİNə qoşulublar: “Aralarında Rusiya prezidenti Vladimir Putin-lə görüşən də olmuş, amma bir şey çıxmamışdı. Hətta prezident Erdoğan ABŞ-a getdiyi zaman - martın 30-da Qazaxıstan və Azərbaycan prezidentləri Nursultan Nazarbayev-lə İlham Əliyev də araya girmiş, ancaq Putin ‘Nuh deyib, peyğəmbər deməmişdi”.

Buna da bax: Ərdoğanın Putinə sərf edən 'rəqsi'

İKİ ŞƏXS QOLLARINI ÇİRMƏLƏDİ...

“Elə o günlərdə baş qərargah rəisi, ordu generalı Hulusi Akar prezidentə Rusiya ilə aradakı soyuqluğu yox etmək imkanından söz açdı”, - müəllif belə yazır.

Murat Yetkin adının çəkilməsini istəməyən qaynağa dayanaraq bildirir ki, iki ölkə arasındakı münaisbətləri normallaşdırmaq cəhdləri, “bugünkü ziyarəti mümkün qılan pərdəarxası gəlişmələr”, az qala, “casus filmlərini xatırladan” bir həyəcanla davam edir:

“Hulisi Akar işadamı Cavit Çağlar-ın Rusiyanın Dağıstan Respublikasında yatırımları olduğunu bildirib. Çağlar Dağıstan prezidenti Ramazan Abdulatipov ilə Süleyman Demirel hökumətində nazir olduğu vaxtlardan tanış idi. Abdülatipov o zamanlar Rusiya prezidenti Boris Yeltsinin köməkçilərindən idi. Akar-sa Çağların nazir olduğu dönəm baş qərargah rəisi olan İsmail Hakkı Karadayı-nın baş yavəriydi.

Çağlar həm siyasətçi, həm işadamı olaraq, keçmişdə dövlətin gizli əməliyyatlarında vəzifə almışdı. Məsələn, PKK lideri Abdullah Öcalan-ı CIA ilə ortaq əməliyyatda təslim almaq üçün Keniyaya gedən MİT qrupunu aparan təyyarə də Çağlara məxsus idi (CİA – ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsidir. MİT – Türkiyənin Milli İstihbarat (Təhlükəsizlik) Təşkilatıdır –red.). Heydər Əliyev Naxçıvanda və daha sonra Bakıda işlərkən, Türkiyənin yardımlarında Çağların da payı olmuşdu. Düzdür, 2000-ci illərdə maliyyə problemlərinə görə suçlansa da, dövlət işlərində güvənilir adam idi”.

Murat Yetkin yazır ki, Türkiyə rəhbərliyi Çağlar-dan Abdulatipov-dan yararlanaraq, Putinə çıxmasını istəyib.

Buna da bax: Rusiya Türkiyə ilə Qərbin arasını vura bilərmi?

PUTİN YAZILI BƏYANAT İSTƏYİR

O, Putin-in Erdoğandan yazılı bəyanat umduğunu bildirir. Rusiyadakı səfir İbrahim Kalın peşəkar tərcüməçilərlə məktubu yazmağa başlayır, ardınca da Çağlar, Abdulatipov ve Putin-in müşaviri Yuri Uşakov-la əlaqə yaradılır, Kremllə üstün səviyyədə bağlantı qurulur.

Müəllif daha sonra məktubun Ankarayla Moskva arasında “gedib-gəldiyini, sözlərin pozulub yeniləndiyini” yazır.

QAZAXISTANDAN GƏLƏN ZƏNGLƏR

Putin və Nazarbayev
Putin və Nazarbayev

Murat Yetkin-in yazdığına görə, Qazaxıstanın Ankaradakı səfiri Canseyit Tüymebayev iyunun 22-də İbrahim Kalın-a təcili zəng edərək Nazarbayev-in Sankt-Peterburqda Putin-lə görüşdüyünü və deyilən məktub gələrsə, Rusiya prezidentinin əl sıxışmağa hazır olduğunu bildirib.

Erdoğan hələ “üzr istəmək və təzminat ödəmək”lə bağlı məktub göndərməyə hazır deyilmiş: “Bu, Türkiyənin öz sərhədlərini qoruduğu üçün üzr istəməsi və təzminat ödəməsi anlamına gələrdi”.

Murat Yetkin-in yazdığına görə, ertəsi gün Qazaxıstan səfirindən gələn növbəti təcili telefon zəngində Nazarbayev-in Putin-lə yenidən danışdığı və “məktubun bir az yumşaldıla biləcəyi” bildirilir:

“Məktub gələrsə, mövzu qapanacaqdı. Nazarbayev yaman günün dostu olduğunu göstərirdi”.

“İZVİNİTE” YAZILIR

Beləliklə, gecə saatlarında son düzəlişlər gerçəkləşir, üzr və təzminat məsələsi çıxarılır. “Rusca “izvinite” deyiləcəkdi. Lüğətdə bunun qarşılığı “üzr istəyirəm” yox, “üzrlü bilin, qüsura baxmayın, bağışlayın” deməkdir. Təzminat yerinə də öldürülən pilotun ailəsinə “yardım göstərmək” sözü yazılacaqdı. Erdoğan məktubu bu şəkildə Akarın önündəcə imzaladı”.

MƏKTUB UÇARAQ ÇATDIRILIR

Nəhayət, İbrahim Kalın, Cavit Çağlar və daha iki nəfər məktubu Putinə çatdırmaqdan ötrü iyunun 24-də dövlətə aid təyyarə ilə gecə saat 3-də yola çıxırlar. Sonrası daha həyəcanvericidir. Məktubu Daşkənddə olan Putin-ə çatdırmaq üçün bir neçə ölkədən icazə almaq gərəkirdi. Bu icazələr, az qala, son anda - təyyarə havadaykən alınır... Di gəl, xeyli sayda dövlət başçısını qonaqlyan Özbəkistan öz hava sahəsini bağlayıbmış. Gecənin gecə vaxında kimləsə danışmaq da mümkün deyilmiş. Yenə Nazarbayev köməyə çatır və təyyarənin Qazaxıstan sərhədində enə biləcəyini və məktubun dövlətə aid helikopterlə təcili

Daşkəndə gətirilə biləcəyini deyir. Bu vaxt bir başqa əngəl - Türkmənistan səmasında 2 saatdan çox dövrə vuran təyyarənin yanacağının bitmək üzrə olduğu ortaya çıxır. Bundan sonra şəxsən İslam Kərimov-dan icazə alınır. Məktub Daşkənd vaxtıyla gündüz saat 1-ə çatdırılmalı idi. Saat 12.10-da təyyarə yerə enir və İbrahim Kalın-la Cavit Çağlar məktubu Nazarbayev-ə yetişdirirlər.

Murat Yetkin yazır: “Nazarbayev məktubun ruscasını istədi, diqqətlə oxudu və “Bu iş bitmiş” dedi. Putin-in də yanaşı otaqda olduğunu elə o vaxt öyrəndilər”.

Məktub Yuri Uşakov-a verilir. O, az sonra Putin-in məktubu “olumlu” qarşıladığını, “türklərin mövqeyinə yaxın kimi, amma qəbuldur” dediyini söyləyir.

“Heyətlər yenidən oturur və yol xəritəsi ortaya qoyulur. Uşakov “iyunun 27-də biz açıqlayacağıq” deyir”.

İyunun 29-da Putin nazirləri toplayaraq, kameraların önündə Türkiyə ilə münaisbətlərin normallaşdığını elan edir.

Murat Yetkin daha sonra yazır ki, 15 gün sonra - dövlət çevrilişinə cəhd zamanı Erdoğan-a ilk zəng edənlərdən biri NATO üzvü ölkə liderləri yox, Putin, Ankaraya “keçmiş olsun” ziyarətinə gələnsə Nazarbayev oldu.

Ibrahim Kalın müəlliflə söhbətdə belə deyib: “önəmli mövzu çözüldü. Cavit bəyin önəmli rolu var. Hulusi Paşa belə, bir görəvi olmasa da, vətənsevərlik göstərdi. Təbii ki, Nazarbayevə də minnətdarıq”.

XS
SM
MD
LG