Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

Amerikalıların "müqəddəs Ingrid" adlandırdığı isveçli Hollywood əfsanəsi


Ingrid Bergman.
Ingrid Bergman.

-

O, Amerika Kino Sənətləri (AFİ) institutunun 100 ən yaxşı aktrisasının reytinq siyahısında dördüncü yeri tutur. Üç dəfə “Oskar” və “David di Donatello”, dörd dəfə “Qızıl Qlobus”, iki dəfə “Emmi” mükafatları laureatı, “Toni” mükafatının ilk sahibəsi, Isveç və amerikan aktrisası İngrid Bergman Hollivudun çərçivələrinə sığışmayan aktrisa idi. Bu kino səltənətinə gəldiyi ilk gündən ona sırınan bütün şablonlara yox demişdi, Hollivud standartlarına uymaq üçün qalın qaşlarını naziltməkdən, dişlərini düzəltməkdən, adını dəyişməkdən imtina eləmişdi, “Mənim adım İngrid Bergmandı, bu adla doğulmuşam, Amerikada da bu adla tanınmaq istəyirəm. İnsanlar bu adı düzgün tələffüz etməyi öyrənəcəklər. Əgər adımı dəyişsəm, nə vaxtsa İsveçə qayıtmalı olsam, təzə adla çox axmaq vəziyyətdə qalacam. Siz məni bura dəvət eləmisiz, indi isə dəyişmək istəyirsiz. Problem yoxdu. Mən elə birinci qatara minib evimə qayıdıram” deyərək Hollivudun ən məşhur prodüserlərindən birinə - David O. Selznickə meydan oxumuşdu.

Hadisələrin sonrakı gedişi onun yanılmadığını göstərdi.

Amerikalıların müqəddəs İngridi

İngrid anasını üç yaşında itirmişdi. On il sonra isə atası Justus Samuel Bergman dünyasını dəyişmişdi. Balaca qızın tərbiyəsini üzərinə götürən bibisi də altı aydan sonra həyatla vidalaşmışdı. Bütün bu itkilərdən sonra yeniyetmə yaşına çatmış qızcığazı əmisi, beş uşaq atası Otto Bergman himayəsinə götürmüşdü.

İngriddə aktrisa olmaq həvəsini mərhum atası özü də bilmədən yaratmışdı. Justus Bergman fotoaparat mağazasının sahibi idi, Stokholmda ilk kinokameranı o almışdı, ilk kadrlarının qəhrəmanı da yeganə qızı idi. Həmin kadrlar indi də qorunur. Atasının ölümündən sonra kinokamera İngrid üçün atasının sevgisinin simvoluna və məqsədinə çevrilmişdi.

Buna da bax: "Yuxuları filmə köçürən rejissor - Michel Gondry"

Elə bu məqsəd də onu 17 yaşında Stokholmda fəaliyyət göstərən Kral Dramatik Teatrına gətirir. Dinləmələrdən keçən gənc qız, nəticəni gözləmədən teatrdan çıxır. Ona elə gəlir ki, çıxışı uğursuz olub və artıq yaşamaq mənasızdı: aktrisa ola bilməyəcəksə, başqa peşə axtarmağa gərək yoxdu. Üstəlik qohumlarına söz vermişdi ki, teatra qəbul olunmasa, bir də cəhd eləməyəcək və nümunəvi evdar qadın olacaq. İngrid intihar eləmək qərarına gəlir.

Aktrisa yazıçı Alan Burgesslə birlikdə yazdığı “Mənim həyatım” adlı avtobioqrafik kitabında həmin an belə təsvir olunur: “İngrid üzərində “Yurqarden və Skansenə gedən bərələrə biletlər satılıb” yazılmış balaca köşkün yanında dayanmışdı. Ətrafda heç kim yox idi, lap uzaqda Şimal müzeyinin qızıl qülləsi parıldayırdı. İngrid suya baxdı. Su, qara və çirkli idi. Cəsədini sudan çıxardanda başdan-ayağa bu üfunətli, sürüşkən palçığa bulaşmış olacaq. Büllur kimi təmiz, çiçək qoxulu sularda üzən Ofeliyaya bənzəməyəcək. Hələ suda üzən zir-zibili də udacaq. Heç yaxşı deyil”.

İngrid özünü öldürməkdən vaz keçir və evə qayıdır. Bir müddət sonra isə dinləmələrin uğurlu keçdiyi və teatra qəbul olunduğu haqda məktub alır. Bir ildən sonra kinoda çəkilmək üçün teatrı tərk eləyir.

Ingrid Bergman-ıni 19 yaşında çəkildiyi ilk filmi "Munkbrogreven" (1935)
Ingrid Bergman-ıni 19 yaşında çəkildiyi ilk filmi "Munkbrogreven" (1935)

Aktrisanın kinoda ilk işi 1934-cü ldə E.Adlofsonun “Munkbrulu qraf” filmində epizodik rol olur.

1936-cı ildə “Intermezzo” filmində canlandırdığı evli kişiyə vurulmuş gənc qız rolu ona Hollivuda və Almaniyaya dəvət qazandırır. İngrid birinci Almaniyadan aldığı dəvəti dəyərləndirmək qərarına gəlir.

Həmin dövrdə bütün Almaniya artıq Hitlerin yaratdığı kütləvi psixozun təsiri altında idi. Aktrisa “Mənim həyatım” kitabında Berlində keçirdiyi bir il haqqında “38-ci ildə Berlində təkcə studiyanın yox, bütün ölkənin atmosferi adamı qorxudurdu. Rejissor Karl Fryolix bir dəfə məni nasistlərin toplantısına aparmışdı. Deyəsən, məni təəccübləndirmək istəyirdi. Nəhəng stadion, məşəllər, orkestr, polad kaskalı əsgərlər, hərbi addımlarla yeriyən Hitler və əllərində gül dəstələri ilə onun ardınca qaçan balaca qızlar... Daha sonra «Sieg Heil» qışqırtıları və nasist salyutu vermək üçün uzanmış əllər... Mən bütün bunlara heyrətlə baxırdım. Karl Fryolix isə, az qala, hüşunu itirəcəkdi. Çünki mən əlimi qaldırmamışdım. Məndən niyə salyut vermədiyimi soruşanda “Niyə eləməliyəm? Sizdə mənsiz də yaxşı alınır” dedim. Cavabında “Axmaqsan? Hamı bizə baxır, sən əlini qaldırmalısan! Hamı mənim kim olduğumu bilir. Sənə görə problem yaşamaq istəmirəm. Danışanda da ehtiyatlı ol” eşitdim”.

Buna da bax: Lord Kimmergemin varisi, ingilis kinosunun solçu siması - Tilda Swinton

Ancaq İngrid Berlində olduğu müddətdə heç vaxt əlini qaldırmır. Filmin çəkilişləri başa çatanda isə dərhal Almaniyanı tərk eləyir və Hollivuda gəlir.

Hollivuda prodüser David O. Selznickin dəvəti ilə gələn Bergman 1939-cu ildə “İntermezzo” filminin rimeykində çəkilir. Bu filmdə oynadığı rol onu ulduza çevirir.

40-cı illərdə İ.Bergman Mixail Chekhovun məktəbində aktyor sənətini öyrənir.

1942-ci ildə çəkildiyi “Casablanka” filmində karyerasının ən parlaq və məşhur

Ingrid Bergman-ın Humphrey Bogart-la birgə çəkildiyi "Casablanca" filmi.
Ingrid Bergman-ın Humphrey Bogart-la birgə çəkildiyi "Casablanca" filmi.

rollarından birini canlandırır. Aktrisa bu filmi və onun haqqında danışmağı sevməsə də, İlza Land obrazı ona dünya şöhrətivə milyonların sevgisini qazandırmışdı.

40-ci illərin sonunda İngrid Berqman Amerikanın ən istedadlı aktrisası və ərinə, aləsinə sadiq qadın idi. Diş həkimi, gözəl insan, onu çox sevən, hər addımını dəstəkləyən Petter Aron Lindströmla evliydi, Pia adlı bir qızı vardı, qadınlı-kişli hər kəsin idolu idi. 1945-ci ilə rahibə Benedikt rolunda çəkildiyi “Müqəddəs Mariyanın zəngləri” filmi ekranlara çıxandan sonra isə pərəstişkarları aktrisanı “müqəddəs” adlandırmağa başlamışdılar. Növbəti filmindəki Janna DArk obrazı onu “təmizliyin simvoluna” çevirmişdi...

Buna da bax: "Sovet Azərbaycanında korrupsiya belə ifşa olunurdu"

Bergman və Rosselini...

Məhz, həmin dövrdə İngrid əvvəlcə “Roma – açıq şəhər”, bir qədər sonra isə “Payza” filmlərinə baxır. Ekranda gördükləri ona elə təsir eləyir ki, rejissor Roberto Rosselliniyə məktub yazır və birlikdə işləməyi təklif eləyir:

“Əziz mister Rossellini! Sizin “Roma-açıq şəhər” və “Payza” filmlərinizə baxdım və böyük zövq aldım. Əgər nə vaxtsa ingiliscə yaxşı danışan, almancanı hələ tam unutmamış, fransızca azca başa düşən, italyanca isə yalnız “Ti amo” (“Səni sevirəm”) cümləsini bilən Isveç aktrisasına ehtiyacınız olsa, mən yanınıza gəlib filminizdə çəkilməyə hazıram. İngrid Bergman”.

Məktubun Roma kinostudiyasına çatdığı gecə kinostudiya yanır. Lakin İngridin məktubuna heç nə olmur. Onu yanğının qalıqlarını eşələyən kinostudiyanın əməkdaşları tapırlar və Rossellini-yə verərək onunla

Ingrid Bergman və əri italyan rejissoru Roberto Rosselini 1951-ci ildə.
Ingrid Bergman və əri italyan rejissoru Roberto Rosselini 1951-ci ildə.

məzələnmək qərarına gəlirlər. Çünki “Neorealizm” cərəyanının banilərindən biri, italyan rejissoru Roberto Rossellini kinostudiyanın rəhbərləri ilə ciddi şəkildə dalaşmışdı, üstəlik Hollivudu da görməyə gözü yox idi. Nə “Casablanca”ya baxmışdı, nə də Bergmanın şöhrətindən xəbərdar idi. Ancaq “İntermezzo” filmini görmüşdü. Tamamilə təsadüfən. Bombardman zamanı gizləndiyi kinoteatrda bomba səsləri kəsilənə qədər o filmi göstərmişdilər... Bir neçə dəfə dalbadal.. Bombardman çox uzun çəkmişdi.

Sonra... Sonra İngrid Rossellininin filmində çəkilmək üçün Romaya gedir və geri qayıtmır. Tezliklə tabloidlərin üz qabığında davamlı müzakirə obyektinə çevrilən Bergman-Rossellini münasibətləri bütün Amerikanı aktrisanın əleyhinə qaldırır. Bəs necə? O, sevgisi naminə ərini, azyaşlı qızını atıb getmişdi, puritan amerikalıların onun üçün yaratdıqları çərçivələri dağıtmışdı.

Amerikalı tamaşaçılar Rossellini ilə Bergmanın ilk filmi – “Stromboli – Tanrının torpağı”nı boykot edirlər, İngrid Bergmanın çəkildiyi filmlərin nümayişinə qadağa qoyulmasına nail olurlar. Hətta ABŞ Kongresi də Bergmanın davranışını müzakirəyə çıxardır, senatorlardan biri “kinosənayesində işləyənlərin əxlaqına nəzarət məqsədilə” qanunvericiliyə dəyişiklik eləməyə səsləyir. (22 il sonra həmin senator bu təklifinə görə Bergmandan üzr istəyir).

Roberto xasiyyətcə Petterin tamamilə əksi idi - ehtiraslı, gözlənilməz, səhlənkar... İngridi də bu cəhətləri ilə valeh eləmişdi. Ancaq onların nigahı uzun sürmür. Rejissorun, Bergmanın iştirakı ilə çəkdiyi filmləri uğursuz alınırdı, amma o, qısqanc olduğu üçün İngridin başqa rejissorlarla işləməyinə icazə vermirdi.

Nəhayət, İngrid Robertoya başqa rejissorların filmlərində çəkiləcəyini bəyan eləyir və üç uşağını da götürüb Hollivuda yollanır. Onun qayıdışına təmkinlə rekasiya verən amerikalılar “Anastasiya” (1956) filminin uğurundan sonra aktrisanı bağışlayırlar. Bergman bu filmdəki roluna görə ikinci dəfə Oskara layiq görülür.

Həmin vaxt Hindistanda çəkilişlərdə olan Rossellini hind gözəli Sonali Senraya vurulur. Sonali İngridin yanına gəlir və hamilə qaldığını deyərək ondan, Robertodan boşanmasını xahiş eləyir. Aktrisa razılaşır, lakin proses zamanı məlum olur ki, İngridlə Roberto rəsmən evli deyillər, çünki toyları olan vaxt Bergman hüquqi baxımdan hələ Petterin arvadı idi. Beləcə, Bergmanla Rossellininin öz dövründə “qitələrarası sevgi” adı almış qalmaqallı münasibəti başa çatır.

1958-ci ildə İngrid Bergman isveçli teatr prodüsseri Lars Schmidtə ərə gedir, lakin bu nigah da 1975-ci ildə boşanma ilə bitir.

İngrid ərləri haqqında “Hər üç ərim çox gözəl bilirdilər ki, mən ilk növbədə aktrisayam. Onlar mənimlə evlənəndə böyük risk edirdilər” deyirdi.

2015-ci ildə Kann festivalında Ingrid Bergmanın xatirəsinə asılmış poster.
2015-ci ildə Kann festivalında Ingrid Bergmanın xatirəsinə asılmış poster.

1973-cü ildə həkimlər İngridə döş xərçəngi diaqnozu qoyurlar. Doqquz il xəstəliklə mübarizə aparan aktrisa 1982-ci ildə öz ad günündə - avqustun 29-da vəfat eləyir. Öz vəsiyyətinə əsasən, cəsədi kremasiya olunur. Mərasimdə yalnız ən yaxın dostları iştirak edir.

Həyatının son illərində Bergman filmlərə az çəkilir, yalnız ən maraqlı rolları seçirdi.

Sidney Lumetin “Şərq ekspressində qətl” filmində oynadığı dayə Greta Ohlsson obrazı ona üçüncü Oskarını qazandırmışdı.

Sözügedən dövrdə ən əhəmiyyətli rolu isə İsveç rejissoru İngmar Bergman-ın “Payız sonatası” (1978) filmində yaratdığı pianoçu Şarlotta Anderqast obrazı idi. Bu filmdə İngrid, karyerasını ailəsindən üstün tutan Şarlottanın timsalında böyük qızı Pia ilə münasibətlərini canlandırmışdı.

XS
SM
MD
LG