Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:56

Azərbaycanda yeni ittiham: Gülənçi


İlham Əliyev
İlham Əliyev

Azərbaycanın xarici, daxili siyasəti, neftin, maliyyə ehtiyatlarının azalması və ölkədə «gülənçi ovu» bu gün medianın əsas mövzusudur...

MAHİR DİPLOMAT

«Azərbaycan» qəzetində baş redaktor, deputat Bəxtiyar Sadıqov «Dünya İlham Əliyevi həm də mahir diplomat kimi tanıyır» sərlövhəli məqalə qələmə alıb.

Deputat, baş redaktor yazır ki, dünyada «rəngli inqilab»lar, «ərəb bahar»ları xalqların sakit həyatını pozur. Müəllifə görə, belə bir mürəkkəb şəraitdə ölkədə əmin-amanlığı qorumağın özü mühüm məsələdir. Baş redaktorun fikrincə, bu mənada Azərbaycanın bəxti gətirib: «Xoşbəxtlikdən xalqımızın cənab İlham Əliyev kimi dünyada tanınan və sevilən lideri, hadisələri qabaqlamağı bacaran uzaqgörən dövlət başçısı, beynəlxalq səviyyəli siyasətçisi vardır! Möhtərəm İlham Əliyev həm də özünü mahir diplomat kimi də təsdiq edib!».

Yazıda qeyd edilir ki, Azərbaycanın daxili və xarici siyasətini məhz İlham Əliyev kimi reytinqli dövlət başçısı müəyyən edir. Onun fikrincə, İ.Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri uğurla inkişaf edir.

Müəllif Azərbaycanın beynəlxalq layihələrdə iştirakını bütün dünyada nüfuzunun güclənməsi kimi dəyərləndirir.

Deputat, baş redaktor vurğulayır ki, artıq Azərbaycan özü dünya brendinə çevrilir və bu məsələdə dövlət başçısının xüsusi rolu var. Müəllif Azərbaycanın beynəlxalq sistemdə çoxqütblü əməkdaşlıq formatına üstünlük verməsini də İ.Əliyevin siyasi uğurlarından biri kimi qiymətləndirir.

Bəxtiyar Sadıqov Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatını isə ölkənin beynəlxalq imicinin yeni ştrixi kimi dəyərləndirir.

Cəmil Həsənli
Cəmil Həsənli

CƏMİL HƏSƏNLİ HAKİMİYYƏTİ GÜLEN-LƏ ƏMƏKDAŞLIQDA İTTİHAM EDİR

«Azadlıq» qəzetində Milli Şura sədri, professor Cəmil Həsənlinin növbəti yazısını oxumaq olar. O, bəzi kütləvi informasiya vasitələrində Milli Şura daxilində «gülənçi» şəbəkə axtarışına cavab verib.

C.Həsənli həmin ittihamları hakimiyyətin ölkədə referenduma qarşı dura biləcək demokratik, dünyəvi siyasi qüvvənin lideri kimi Əli Kərimlini təhdid etmək planının tərkib hissəsi sayır.

«Milli Şuranı, AXCP-ni, Əli Kərimlini və məni hansısa bir dini radikalizmlə əlaqələndirmək hakimiyyətin köhnə planıdır. Yaxşı xatırlayıram, Milli Şuranın mitinqlərinin birində keçmiş MTN birisinin əli ilə tərsə bir İŞİD bayrağı qaldırmışdı. Bunu çəkib Avropaya göstərmək istəyirdilər ki, guya Milli Şura İŞİD terror təşkilatını himayə edir. Amma bayraq tərsinə qaldırıldığı kimi işlər də tərsinə getdi. Tərsə işin qurbanı MTN özü oldu. Sonra hakimiyyət nəzarətində olan «islamçıları» Milli Şuranın mitinqinə səfərbər etmək istədi. Bu məsələ də ifşa olundu. Ötən ilin noyabrında «Nardaran əməliyyatı»nın Əli Kərimli və mənə qarşı təşkil olunduğu da artıq heç kim üçün sirr deyil. İstintaq prosesində Hacı Taleh Bağırova təsəvvürə gəlməz işgəncə veriblər ki, Nardaranda bizim dövlət çevrilişi təşkil etdiyimiz barədə təsdiqləyici ifadələr versin. Lakin Hacı Tale həm fiziki, həm də mənəvi cəhətdən bunların gözlədiyindən daha möhkəm çıxıb».
Cəmil Həsənli yazır ki, əslində Fethullah Gülen-lə bu hakimiyyət rəsmilərinin özləri əməkdaşlıq edib: «Sanki Gülen şəbəkəsini Azərbaycana gətirən bu hakimiyyət deyil, Əli Kərimlidir. Sanki Gülen məktəblərinin açılmasına rəsmi icazəni hökumət qurumları deyil, Əli Kərimli verib. Sanki Gülen hərəkatını himayə edən Prezident Aparatı deyil, AXCP olub. Sanki gülənçilərin yardımı ilə Amerika konqresmenlərini 2013-cü ildə Azərbaycana gətirən SOCAR deyil, Əli Kərimli olub».

'Azərbaycan saatı'
'Azərbaycan saatı'

ƏLİ KƏRİMLİ NƏDƏ İTTİHAM OLUNUR?

Avqustun 15-də virtualaz.org saytında «Əli Kərimli və Fethullah Gülen-in casus şəbəkəsi» başlıqlı məqalə dərc edilmişdi.

Məqalədə Əli Kərimlinin tərəfdaşları ilə Fethullah Gülen-in tərəfdarları arasında işbirliyinə dair iddialar yer alırdı.

Müəllif yazırdı ki, uzun illərdir Ə.Kərimlinin ən yaxın tərəfdaşlarından olan jurnalist Qənimət Zahidin «Azərbaycan saatı» adlı verilişi Türkiyənin «Barış TV» kanalının tezliyindən yayımlanırdı.

«Bu verilişin bütün məğzi Azərbaycan hakimiyyətinə Soyuq müharibə janrında siyasi nifrət üzərində qurulmuşdu. Rəsmi Bakının kuluarlarında hərdən sual edirdilər ki, necə olur, bu Erdoğan hökuməti Azərbaycanla nəinki müttəfiqliyə, eləcə də iki prezidentlərin şəxsi dostluq münasibətlərinə baxmayaraq, Türkiyə telekanalında bu cür şər-böhtanın yayılmasına imkan verir?! Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti Fethullah Gülen-in qruplaşmasına bağlı bir çox KİV-ləri, o cümlədən «Barış TV»ni bağladı», –deyə məqalədə qeyd edilirdi.

Karikatura.
Karikatura.

NEFT DƏ, MALİYYƏ EHTİYATLARI DA AZALIR

«Bizim Yol» qəzeti ekspert İlham Şabanın neftin gündəlik 20 min barrel azalması barədə şərhinə yer verib. Ekspertin bildirməsinə görə, qarşıda hökuməti daha mürəkkəb vəziyyət gözləyir: «Bir çoxları soruşur ki, neftin qiyməti ilin əvvəlindəki minimumdan (27 dollar) hazırda 74 faiz çoxdur. Belə isə niyə manat, hələ də, ucuzlaşmaqda davam edir? Bunun qısa cavabı odur ki, Azərbaycanın valyuta gəlirləri azalır və hökumət nə qədər qənaət rejimində işləmək istəsə də, ehtiyatlar da azalır».

İ.Şaban deyir ki, 2016-cı ilin I yarısında Mərkəzi Bank və Neft Fondunun məcmu ehtiyatları 700 mln. dollar azalıb. O, xatırladır ki, bəzi beynəlxalq proqnozlara görə, bu ilin II yarısında Azərbaycanda neft hasilatı gündəlik təqribən 20 min barrel azalmağa doğru gedəcək. Ekspert deyir ki, beynəlxalq qurumlar bu informasiyanı Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində əldə ediblər.

İ.Şabana görə, qarşıda hökuməti daha mürəkkəb vəziyyət gözləyir və bu baxımdan, manatın tədricən əriməsi başa düşüləndir: «2011-də Neft Fondunun gəlirləri 19.9 mlrd, 2014-də - 16.3 mlrd, 2015-də - 7.6 mlrd dollar olub. 2016-cı ilə proqnoz isə 4.5 mlrd dollardır».

XS
SM
MD
LG