Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:01

Neft azalır, dərdləri artır...


Bayraq meydanı
Bayraq meydanı

Azərbaycanın regional əməkdaşlığı, antiböhran tədbirləri, Avropa Olimpiya Komitəsinin prezidentinin həbsi və Abşerondakı ekoloji durum bu gün medianın aparıcı mövzusudur.

REGİONUN NÜMUNƏVİ DÖVLƏTİ

«Azərbaycan» qəzetində «Azərbaycan regionda sabitləşdirici rol oynayır» sərlövhəli məqalə dərc edilib. Məqalədə ölkənin regiondakı yeri və rolu barədə düşüncələr yer alır.

Müəllif yazır ki, Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu baxımından regionun nümunəvi dövlətinə çevrilib.

Yazıda qeyd edilir ki, ölkənin indiki inkişaf mərhələsində çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sosial təminatın yüksəldilməsi əsas hədəfdir.

Müəllif tezislərini möhkəmləndirmək üçün 2016-cı ilin birinci yarısına dair rəsmi iqtisadi göstəriciləri nəzərə çatdırır.

Yazıda qeyd edilir ki, qeyri-neft sənayesinin 2.4 faiz, kənd təsərrüfatının 3.1 faiz artması, 78 min daimi iş yeri açılması, ölkə iqtisadiyyatına 6.3 milyard dollar sərmayə qoyulması inkişaf göstəriciləridir.

Müəllifə görə, beynəlxalq miqyaslı nəqliyyat, enerji layihələrinin iştirakçısı və sabitlik adası kimi Azərbaycan dünyanın diqqət mərkəzindədir.

Məqalədə deyilir ki, dünya iqtisadi böhrandan əziyyət çəkir, amma Azərbaycanda inkişaf davam edir: «Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. İqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib. Həm siyasi sahədə, həm də beynəlxalq münasibətlərin tənzimlənməsində və ölkədaxili proseslərin inkişafında dövlətimizin təcrübəsi öyrənilir».

Müəllifə görə, Azərbaycan regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanın tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətləri regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

TƏNƏZZÜLDƏN NECƏ QAÇMALI?

«Novoye Vremya» qəzetində isə «İstehsalın tənəzzülünün qarşısını almaq Nazirlər Kabinetinin əsas vəzifəsidir» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Bu yazıda da Dövlət Statistika Komitəsinə istinad edilir. Ancaq bir qədər fərqli rəqəmlərə. Müəllif qeyd edir ki, Ümumi Daxili Məhsul (ÜDM) 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3 faizdən çox azalıb. Statistika Komitəsinə görə, bu düşüş tikinti kompleksində istehsalın 30.7 faiz azalması ilə bağlıdır.

Müəllif yazır ki, tikinti sahəsindəki böhran özünü aydın göstərdi. Bir çox şirkət və firmalar müflisləşdi, bu sahədə çalışan minlərlə vətəndaş işdən ayrılmalı oldu. Yazıda qeyd edilir ki, bütün bunlar ÜDM-yə təsir etməyə bilməzdi: «Amma ÜDM-yə mənfi təsir göstərən təkcə tikinti sahəsi deyil. Tənəzzül bütün istehsal spektri üzrə gedir. Bunu Dövlət Statistika Komitəsi də nəzərə çatdırır».

Yazıda deyilir ki, baş verənlər hökumətdən daha çox məsuliyyət tələb edir. Müəllifin fikrincə, Nazirlər Kabineti ölkə iqtisadiyyatını xilas etməkdən ötrü antiböhran tədbirləri görməlidir: «İstehsalın tənəzzülünü dayandırmaq Nazirlər Kabinetinin əsas vəzifəsidir və dərin iqtisadi islahatlar olmadan bu, mümkün deyil. Nazirlər Kabineti belə islahatları reallaşdırmağa hazırdırmı?».

Patrick Hickey və İlham Əliyev
Patrick Hickey və İlham Əliyev

ELÇİBƏY DEMİŞKƏN...

«Azadlıq» qəzetində «Hər bir korrupsionerin hesab verəcəyi gün olacaq» başlıqlı yazı oxumaq olar.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) sədri Əli Kərimlinin müəllifi olduğu yazıda Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey-in həbs olunması xəbərinə münasibət bildirilir. Əli Kərimli yazır:

«Bəs Avropa Oyunları avantürası ilə bu xalqdan oğurlanmış 7 milyard dolları xalqa qaytaran olacaq? Azərbaycan hakimiyyəti o «oyun»u məhz onun vasitəsilə xalqımızın başına açmışdı. Avropa Olimpiya Komitəsinin prezidenti, Azərbaycanın «Şərəf» ordenini daşıyan, 71 yaşlı Patrick Hickey qanunsuz bilet satışına görə həbs olunub».

Yazıda qeyd edilir ki, Azərbaycan da bu hadisədən lazımı dərslər çıxarmalıdır: «Sülalə hakimiyyətinin beynəlxalq aləmdəki bir lobbisti də belə ifşa olundu. Hamısı ifşa olunacaq. Elçibəy demişkən, sadəcə, zamana ehtiyacı var. Xalqın malını heç kim sona qədər və rahatlıqla yeyə bilməz. Hər bir korrupsionerin hesab verəcəyi bir gün olacaq, əlbəttə!».

Ramana
Ramana

NEFTİN YARATDIĞI EKOLOJİ TƏHLÜKƏ

«Exo» qəzeti «Abşeron göllərinin təmizlənməsi layihəsi bağlandı?» sualı ətrafında Abşerondakı göllərlə bağlı ekoloji durumu dəyərləndirib.

Müəllif yazır ki, Abşeron yarımadasındakı çoxsaylı kiçik göllər neft çıxarılması nəticəsində yaranıb. Bu mazutlu, duzlu göllər məişət tullantıları ilə çirkləndirilib.

Yazıda qeyd edilir ki, Abşerondakı göllərin təmizlənməsi üzrə layihə dayandırılıb və buna səbəb maliyyə çatışmamazlığı göstərilir.

Müəllifin bildirməsinə görə, həmin layihəni tenderdə qalib gələn Hollandiya şirkəti icra etməli və Azərbaycan tərəfi 250 milyon dollar ödəməli idi. Amma layihənin icrası qeyri-müəyyən müddətə ertələnib. Göllərin ətrafında yaşayan insanlar isə layihənin gerçəkləşməsini səbirsizliklə gözləyirdilər.

Qəzetə danışan ekspert Nəriman Ağayev maliyyə çatışmamazlığı üzündən layihənin icrasının təxirə salınmasını təəccüblə qarşılamadığını deyir: «Amma onların sağlamlığı təhlükə altındadır. Belə göllərin Suraxanı, Qaradağ, Binəqədi və başqa rayonlarda yerləşdiyi nəzərə alınsa, deyə bilərik ki, həmin ərazilərdə 1 milyon nəfərdən çox insan yaşayır. Bu, böyük rəqəmdir və yaxın 10 ildə problem həllini tapmalıdır. Bundan ötrü xarici mütəxəssisləri dəvət etmək məcburi deyil».

Başqa bir ekspert Telman Zeynalov Abşerondakı göllərin təmizlənməsinə Dünya Bankının yardım edəcəyi və bununla bağlı uyğun layihənin 2017-ci ildə müzakirəyə çıxarılacağını bildirir.

Geoloq Vasif Xəlilzadə isə qəzet vasitəsilə hökumətə xəbərdarlıq edib. Onun bildirməsinə görə, yaxın 10 ildə Abşeron yarımadasının ekoloji problemlərinin həlli ilə bağlı kardinal qərarlar qəbul edilməsə, bunun ciddi fəsadları olacaq.

XS
SM
MD
LG