Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:33

Azərbaycan Rusiyayla İranı ələ alır


Prezidentlər
Prezidentlər

Qafqazda balans dəyişməkdədir. Sanksiyalar bəlasından qurtulan İran şimala yönəlir, daha qətiyyətli mövqe tutmağa başlayır. Rusiya da kursu dəyişərək Dağlıq Qarabağ münaqişəsində Ermənistandan çox Azərbaycanla birləşir. Avqustun əvvəlində Bakı bu dəyişiklikləri öz xeyrinə yönəltmək məqsədilə İran və Rusiya prezidentləri ilə birgə sammitə ev sahibliyi etdi.

ÇƏTİN LAYİHƏ

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, bu sammitdə Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzər dəniziylə bağlı ziddiyyətlər müzakirə olunsa da, gündəmdə əsas yeri «Şimal-Cənub» Nəqliyyat Dəhlizi və onun dəmiryol hissəsi tutdu. 7 min 200 kilometr uzunluqda olan bu dəhlizə dəmiryol, gəmiçilik infrastrukturu daxil olacaq, İrandan Azərbaycan ərazisiylə Rusiyaya uzanacaq. Amma təhlildə vurğulanır ki, bu layihəni həyata keçirmək çətin başa gələcək, çünki xeyli sayda payçıları var və qiyməti də 400 milyon dollardır.

Buna da bax-'Dost olmayan ölkəni ən azı neytrallaşdırmaq' cəhdi

«Reallaşarsa, «Şimal-Dəniz» dəhlizi geosiyasi düzənə güclü təsir göstərəcək. İranı Rusiyanın Baltik limanlarına birləşdirəcək və Rusiyanın Fars Körfəzi və Hindistanın dəmiryol şəbəkəsinə bağlılığı yaranacaq. Kağız üstdə olsa belə, mallar Mumbaidən İranın Bəndər-Abbas limanına, oradan Bakıya daşına biləcək. Daha sonra Həştərxandan keçib Moskva və Sankt-Peterburqa, oradan Avropaya gedəcək. Artıq layihə üzrə iş gedir – İranla Azərbaycan dəmiryol əlaqəsi qurur, hətta Rusiya sisteminə də birləşdirmə nəzərdə tutulur».

YAXŞI DÖNƏM

«Stratfor» qeyd edir ki, bu layihədən regional güclər böyük iqtisadi fayda götürməyə çalışır, amma bu dəhliz, özəlliklə, Azərbaycandan ötrü böyük geosiyasi üstünlük deməkdir. Belə ki, Tehran və Moskvanı qəzəbləndirməsinə baxmayaraq, Bakı Qərblə əməkdaşlığa meylli olub. Bakı-Tbilisi-Ceyhan kəmərinə qatılıb, Trans-Anadolu və Bakı-Tbilisi-Qars layihələrindən kənarda qalmır. Azərbaycanın «Şimal-Cənub» Nəqliyyat Dəhlizində önəmli rolu ona əsas rəqibi Ermənistan üzərində daha bir üstünlük qazandırır.

Təhlildə Bakı sammitinin Azərbaycandan ötrü yaxşı dönəmə düşdüyünü qeyd edir. Rusiya- Ermənistan münasibətləri həssas dövrünü yaşayır, Moskva Yerevana Dağıq Qarabağ münaqişəsində güzəştə getməyə təzyiq göstərir. Ermənistanda zorakı etirazlar baş verib. «Stratfor» iddia edir ki, Azərbaycanın tutduğu mövqe artıq özünü doğrultmaqdadır. Sammitdən iki gün öncə Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan liderlərini qəbul edib. Müdafiə naziri Seyran Ohanyan deyib ki, ölkəsi birtərəfli güzəştlərə getməyəcək, xüsusilə də Rusiya Azərbaycana hərbi avadanlıq satmaqda davam edəcəksə. Putin isə belə cavab verib ki, Azərbaycan neft istehsalçısıdır, qızıl yataqları var və istədiyini ala bilər.

Buna da bax-Bryza yazır ki, Putin Azərbaycana 5 yox, 2 rayonun qaytarılmasını təklif edib

AVRASİYA BİRLİYİ İLƏ RAZILAŞMALAR?

Sammit çərçivəsində Rusiya baş nazirinin müavini Dmitry Rogozin elan edib ki, Azərbaycan Rusiyadan 10 ədəd «Irkut MC-21» təyyarəsi almaq üçün uzun müddətdən bəri yubanan müqaviləni imzalayacaq. Rusiya həmçinin, Bakıda vertolyot zavodu açmağa razılaşıb. Bakı sammitindən sonra isə İran mediasının yaydığı məlumatlara görə, İranla Azərbaycan Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyi ilə ticarət razılaşmaları imzalamağı nəzərdən keçirir.

«Rusiya ümid edir ki, Azərbaycanın həmin iqtisadi bloka qoşulması bu ölkənin rusiyapərəst siyasətinin və hərbi əməkdaşlığının güclənməsiylə nəticələnər, Qərblə Transxəzər qaz layihələri barədə söz-söhbət isə azalar. Amma digər mənbələr bu şayiələri təsdiqləməyib», - təhlildə qeyd olunur.

Amma «Stratfor» vurğulayır ki, Azərbaycanla əlaqələri dərinləşdirməsinə baxmayaraq, Moskva Ermənistanı özündən çox da uzaqlaşdıran deyil. «Rusiya hökuməti Ermənistan prezidenti Serzh Sarkisian-ın mövqeyinin zəiflədiyini anlayır və onun hökumətinin çökməsini istəmir. Ermənistan hökuməti aydın şəkildə bildirib ki, Dağlıq Qarabağla bağlı güzəştə getmək istəməməsinin arxasında razılaşdırılmış strategiya deyil, ictimai narazılıq durur. Ancaq Bakının təklifləri imtina edilməyəcək dərəcədə şirnikləndiricidir. Ermənistanın da Azərbaycan kimi Rusiyaya ehtiyacı var. Rusiya isə həmişəki ampulasındadır – bacardığı yerdən özünə fayda götürməyə çalışır», - təhlildə qeyd olunur.

XS
SM
MD
LG