Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Uleyvi hər gün ac idi, o gün də ac qaldı...


İraqın Bəsrə şəhərində fəhlələrin şərəfinə qoyulmuş heykəl.
İraqın Bəsrə şəhərində fəhlələrin şərəfinə qoyulmuş heykəl.

-

"Qırmızıyanaq bir kişi onların yanından keçərək, xoşuna gələn fəhlələri paltarlarından tutub bir-bir cərgədən çıxartı. Uleyvi isə heç əhəmiyyət də vermədi. Uleyvi irəli çıxmaq istədikdə, o, əli ilə işarə etdi ki, yerində dursun".

"Zərbələrə qarşı müqavimət hissini və görmək ümüdünü itirmiş yazıq Uleyvi gözlərinin ətrafından süzülən tər damcılarına baxmayaraq, qadınların qızıl qolbaq və bilərziklərlə par-par parıldayan dolu, ağ qollarını görə bildi. O, indiyə kimi bu qədər açıq qadın qolu görməmişdi".

Edmon Sabri (1921-1976) tanınmış İraq nasiri və dramaturqudur.

BAYRAM ƏYLƏNCƏLƏRİNDƏN BİRİ

Uleyvi hər səhər olduğu kimi, bu gün də adəti üzrə dan yeri işıqlaşanda yuxudan oyandı. O dəqiqə də yadına düşdü ki, Fədl bazarına tələsməlidir. O, bazara başqaları kimi ət və göyərti almağa yox, ucuz mal satmağa – özünü, öz iş qüvvəsini satmağa gedirdi. O, hər səhər bazara gələrək yolun ortasında dayanıb durur, müştərilər yanından keçir, ona könülsüz, sınayıcı nəzər salıb, üzlərini yana çevirirdilər. Çünki arıq və çəlimsiz olan bu adam heç kimin karına gəlmirdi.

Uleyvi bu gün də vaxtı itirmədən tələsik bazara, iş dalınca yollandı. Əyninə geydiyi qəhvəyi rəngli çirkli cilbabı quruyub duzlaşmış tər damcılarından ləkə-ləkə idi, üzərinə o qədər toz-torpaq hopmuşdu ki, rəngi uzun müddət bir yerdə qalan üfunətli su rənginə dönmüşdü. Onun böyük və yalın ayaqlarında çirk qartmaq bağlamışdı.

Uleyvi lazımi yerə çatdıqda gözünə özü kimi bir dəstə adam sataşdı. Cır-cındırlı bu fağırlar meyvə, şirniyyat və ət dükanlarının yanında, yolun ortasında toplaşmışdılar. Uleyvi hündürdən nə isə deyib həmkarlarına burada olduğunu bildirdi və onlara qoşuldu. Onların hər biri belə qızmar yay günündə özünə iş axtarırdı ki, heç olmasa günün axırında Hacı Kəruminin satdığı şərbətdən içə bilsin, yaxud Əbu Məhəmmədin dükanında iki şiş yağlı kabab yeyib, bir qədər oturub dincəlsin. ...Hər kəs vurnuxur, pul qazanmaq istəyirdi. İş və pul isə bəxti gətirənlərə qismət olurdu. Ustalar, sahibkarlar, ərbablar gözlərinə “yaxşı” görünən adamlara iş verirdilər.

Buna da bax: "Onun arvadını da həkimlər öldürdü - ərəb yazıçısının hekayəsi"

Yaşayış evləri, mehmanxanalar tikən, öz qüdrətli əlləri ilə qəsrlər, saraylar və imarətlər ucaldan bu aclar və səfillər dəstəsinin vəziyyəti çox acınacaqlı idi.

Onlar ürəkləri əsə-əsə bazarda dayanıb tutuqun, lakin çevik nəzərlərlə tez-tez o yan-bu yana boylanır, bu günün də əvvəlkilər kimi pulsuz-parasız və qazancsız gedəcəyindən ehtiyatlanaraq həyəcanlandırdılar.

Nəhayət, bazar qızışdı, ustalar və sahibkarlar gəldilər. İşsizlər dəstəsi gözlərini qırpmadan donuq baxışlarla, sinələri irəli çıxmış halda çilbablarının altında görünən çırpmanmış qolları ilə onları qarşılamağa hazırlaşıdılar. Qul bazarında gözəlliyini nümayiş etdirən cariyələr kimi, onlar da öz qüvvələrini nümayiş etdirirdilər.

Uleyvi ucaboy, möhkəm bədənli fəhlələri arasında dayanmışdı. Səhər yeməyinin dadı hələ də ağzından getməmiş sağlam cüssəli, kök, qırmızıyanaq bir kişi onların yanından keçərək, xoşuna gələn fəhlələri paltarlarından tutub bir-bir cərgədən çıxartı. Uleyvi isə heç əhəmiyyət də vermədi. Uleyvi irəli çıxmaq istədikdə, o, əli ilə işarə etdi ki, yerində dursun. Uleyvi də dinməz-söyləməz, məzlum-məzlum yerində dayanıb qaldı.

Həmin gün axşamadək aclığını gizlətməyə çalışaraq, dodaqlarını bir-birinə kip sıxmış halda küçələri dolaşmağa başladı. Axırda gəlib boş və geniş bir meydançaya çıxdı. Orada köhnə dostlarından birinə rast gəldi. Dostu yerdə payalar vurur, bayram üçün yelləncəklər düzəltməkdən ötrü qalın iplərlə onları bir-birinə bağlayırdı.

Dostu dedi:

- Uleyvi, gəl mənimlə işlə. Sabah burada bayram keçiriləcək. Varlı-karlıların uşaqları bura gələcək. Qazanc çox olur. Sən ancaq uşaqları yellətməli olacaqsan, günün axırında isə yeddi dirhəm alarsan.

Uleyvi həmin gecə sevincindən yata bilmədi. Elə bil o, uzun müddətdən bəri axtardığı, nəhayət, xarabalıqda tapdığı bir cənnətdə idi.

Səhəri Uleyvi işə başladı. Bayram günü idi. Hər şey uşaqların gözündə rəqs edirdi. Uleyvi and içdi ki, bu gün çoxdan bəri həsrətində olduğu bütün yeməklərdən dadacaq. O, hündür və böyük bir yelləncəyi tərpədirdi. Yelləncəyin dirəkləri sanki dərindən ah çəkir, kədər dolu cırıltılı səs çıxardırdı. Yelləncək artıq bir yabının çəkib apardığı nəhəng arabanı xatırladırdı.

Yelləncəyin ətrafına toplaşan uşaqlar hay-küy salıb bir-birlərini itələyirdilər. Onlar qırmızı və yaşıl rəngli yaraşıqlı paltarlar geyinmişdilər. Ayaqlarına geyindikləri yığcam ayaqqabılarını dəsmalları ilə tez-tez silir, parıldadırdılar.

Çox isti idi. Günəş yandırıcı şüaları ilə sanki od saçırdı, isti Uleyvinin cilbabından keçərək bütün bədəninə daxil olur və onu qan-tərə qərq edirdi. O, tez-tez cilbabının çirkli ətəyini qaldırıb onunla alnından, gözlərinin üstündən, başından süzülən və qoltuğunun altına yayılan tər damlalarını silirdi.

Təmiz və qəşəng geyinmiş ərköyün bir oğlan uşağı Uleyviyə yaxınlaşıb, onun ovcuna 10 fils qoydu. Uleyvidən onu da yelləncəyə qaldırmağı tələb etdi. Uleyvi uşağın dediklərinə dərhal əməl etdikdən sonra yelləncəyi yenidən tərpətməyə başladı.

Yelləncək tərpəndikcə onun tələsik basdırılmış davamsız dirəkləri cırıldayır qarmaqarışıq səs çıxırdı. Yelləncək lap yuxarı nöqtəyə çatdıqda dəhşətli hadisə hadisə baş verdi. Uşaq yelləncəyin oturacağından sürüşüb yerə düşdü və dərhal huşunu itirdi. Uşağın üzərinə əyilib onun alnından və başından axan qanı gördükdə Uleyvini dəhşət bürüdü. Bu cinayətin səbəbkarı o deyildimi? Özü də kimə qarşı? Şübhəsiz ki, o, böyük varlı bir adamın oğludur.

Meydançada hay-küy qopdu, hər tərəfdən söyüş və töhmət eşidildi. Uleyvi isə dinməz-söyləməz durub veriləcək cəzanı gözləyirdi. O özünü büsbütün taleyin əllərinə buraxmışdı. Əgər bir uşaq onu dartsaydı, itələsəydi, yaxud yerə yıxıb sümüklərini əzdirsəydi də, o heç bir şey etmək iqtidarında deyildi.

Bayram paltarı geymiş bəzəkli-düzəkli dayələr, tərbiyçi qadınlar qəzəblə bağıraraq ayaqqabıları ilə rəhimsizcəsinə Uleyvinin başına, çiyinlərinə və gözlərinə - harası gəldi zərbələr endirməyə başladılar. Elə bil o, belini onların rahat vurması üçün əymişdi. Zərbələrə qarşı müqavimət hissini və görmək ümüdünü itirmiş yazıq Uleyvi gözlərinin ətrafından süzülən tər damcılarına baxmayaraq, qadınların qızıl qolbaq və bilərziklərlə par-par parıldayan dolu, ağ qollarını görə bildi. O, indiyə kimi bu qədər açıq qadın qolu görməmişdi. Qadınlar onun tüksüz başını istədikləri qədər yumruqladılar. Sinəsində qırmızı ləkələr əmələ gəlmişdi. Çiyinlərində və kürəklərində dəhşətli ağrılar hiss edirdi.

Nəhayət, polislər gəlib onu qadınların əlindən alaraq polis idarəsinə apardılar. Kimsə onun onun arxasınca qışqırdı: “Ay səni yanasan, elə gör bir nə iş görmüsən! O filan ağanın oğludur!”

Meydançadakı uşaqlar bu gözlənilməz “əyləncədən” həzz alıb qışqırır, gülür, sevinirdilər.

Uleyvini zirzəmiyə salıb qapını üzünə bağladılar. Ora küçədən də isti idi, bütün ətraf üfunət qoxusu verirdi. Uleyvidən başqa burada çoxlu oğru, sərxoş var idi. Onların bəziləri arxası üstə yerə uzanıb fikrə dalmışdı, bəziləri isə üç gün bayramı bu qəfəsdə keçirəcəklərinə baxmayaraq, heç olmasa veriləcək bir parça çörəyi yeyəcəklərindən sanki həzz alırdılar. Bu necə də gözəl bayram əyləncəsi idi!...

Tərcümə: Malik Qarayev

XS
SM
MD
LG