-
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbs edilən bəzi fəalları ilə bağlı birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Fethullah Gülen-in rəhbərlik etdiyi «Hizmet hərəkatı»nın Azərbaycanda «fethullahçılığı» təbliğ etməsi, sosial, dini nifrət və düşmənçiliyin salınmasının araşdırılması məqsədilə Baş Prokurorluq avqustun 12-də cinayət işi başlayıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
«Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı mobil operatorların bəzi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə cinayət işi başlanıb. «Azərfon» MMC-nin operatoru vəzifəsində işləyən AXCP Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədlinin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı Fethullah Gülen-in çıxışları, «Gülen camaatı» adlandırılan qrupun üzvləri və «Hizmet imam»ları adlandırılan şəxslərin əlaqələri barədə sənədlər aşkarlanıb»,-deyə məlumatda bildirilir.
Məlumatda vurğulanır ki, Fuad Əhmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində olan cinayət işi ibtidai istintaqın davam etdirilməsi məqsədilə Baş Prokurorluğa göndərilərək vahid icraatda birləşdirilib.
Buna da bax-Komitə rəsmisi Fethullah Gülen-in kitablarından danışdı
Birgə məlumatda daha sonra AXCP sədrinin köməkçisi, «Azadlıq» qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsindən bəhs edilir. İddia olunur ki, F.Əmirlinin «Hizmet hərəkatı»nın təəssübkeşləri ilə birlikdə «fethullahçılığı», sosial, dini düşmənçiliyin salınması məzmununda ədəbiyyat və elektron informasiya daşıyıcılarını saxladığı müəyyən edilib.
AZƏRBAYCAN TÜRKİYƏDƏ «GÜLENÇİ» ƏMƏLİYYATI KEÇİRƏCƏK
«Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, F.Əmirovun yaşadığı ünvanda, avtomobilində hal şahidlərinin və «Azadlıq» qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılıb. Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim etmiş, sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını, yük yerini açmışdır. Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fethullah Gülen-ə həsr olunmuş 3 kitab, onun xütbələrinin videoyazısı olan 8 disk, mənzilindən isə «Azadlıq» qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba aşkar edilərək maddi sübut kimi götürülüb».
Məlumatda qeyd edilir ki, Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Məhkəmənin qərarı ilə onun haqqında həbs-qətimkan tədbiri seçilib.
Buna da bax-Əli Kərimli: 'Ankara Bakıdan əsl gülənçiləri tələb edəcək'
Birgə məlumatda vurğulanır ki, bu işlə bağlı Türkiyə ərazisində də istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb. Məlumatda qeyd edildiyinə görə, bunda «Hizmet hərəkatı»nın Azərbaycan ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə və Türkiyədə olan tərəfdaşları ilə əlaqələrini, maliyyələşmə mənbələrini müəyyənləşdirmək məqsədi güdülür.
Fuad Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Şahid: 'Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular'
«Azadlıq» qəzetinin yayım işləri üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli isə avqustun 10-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
AXCP bu həbsləri siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.
Birgə məlumatda adıçəkilən «Azadlıq» qəzetinin əməkdaşı Təzəxan Mirələmli isə deyirdi ki, o, Faiq Əmirlidən maşının açarını alanda artıq gec olub. Təzəxan Mirələmlinin bildirməsinə görə, Faiq Əmirli ona deyib ki, bundan əvvəl istintaq qrupunun üzviləri maşınının açarını ondan alıb, bir saat sonra geri qaytarıblar. Üstəlik, bəzi şahidlər də iddia edirlər ki, Faiq Əmirlinin maşınına yoxlamadan əvvəl bəzi naməlum şəxslər nəsə qoyublar.