Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Baş nazir hədəfdə...


Bakı
Bakı

Azərbaycanda insan haqlarının vəziyyəti, Nazirlər Kabinetinin tənqidi, manatın taleyi və istehsalatda statistikaya düşməyən bədbəxt hadisələr bu gün medianın aparıcı mövzusudur.

İNSAN HAQLARI SAHƏSİNDƏ TƏCRÜBƏSİ ÖYRƏNİLƏN ÖLKƏ-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycan insan hüquq və azadlıqlarının qorunması sahəsində də ön sıradadır» sərlövhəli məqalə diqqət çəkir.

Müəllifə görə, Azərbaycan dövlətinin qarşıya qoyduğu ən vacib hədəflərdən biri demokratikləşmə prosesini, siyasi-hüquqi islahatları dərinləşdirmək, ölkədə qanunun aliliyini, insan hüquqlarını qorumaqdır: «İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə yüksək nəticələrin əldə olunmasına imkan yaradır. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi də göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Müstəqil Azərbaycanın ötən müddətdə demokratikləşmə, hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması da hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olub».

Yazıda qeyd edilir ki, Azərbaycan demokratikləşmə, insan hüquqlarının təmin edilməsi sahəsində yüksək uğurlar qazanıb. Prezident İlham Əliyevin son 13 ildə həyata keçirdiyi islahatların əsasında da məhz insan hüquq və azadlıqlarının təmini məsələsi dayanır.

Müəllifə görə, ölkədə insan hüquqları, vicdan azadlıqları qorunur. Bunun əksini deyənlər Azərbaycanı istəməyən müəyyən daxili və xarici qüvvələrdir.

Yazıda vurğulanır ki, Azərbaycanın əleyhinə olan bu qüvvələr ölkənin nüfuzuna xələl gətirmək, ona təzyiq göstərmək, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, beynəlxalq imicinə zərbə vurmaq istəyirlər: «Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə, əlbəttə ki, bizim təcrübəmiz öyrənilir».

Artur Rasizadə
Artur Rasizadə

ƏN HÜQUQSUZ BAŞ NAZİR

«Novoye Vremya» qəzetində isə «Hakimiyyət təmsilçiləri də Artur Rasizadəni tənqid edir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Nazirlər Kabinetinin (NK) və baş nazir Artur Rasizadənin tənqidinə parlamentin komitə sədri Əli Hüseynli də qoşulub.

Yazıda qeyd edilir ki, həqiqətən də Azərbaycan Nazirlər Kabineti dünyada ən ətalətli hökumətdir. Ancaq müəllif sual edir: O zaman deputat Ə.Hüseynli parlamentdə niyə bu kabinetin lehinə səs verib?

Müəllif yazır ki, ölkə iqtisadiyyatının laxladığı indiki zamanda Nazirlər Kabinetinin səsi eşidilmir. Onun böhrandan çıxmaq üçün hansı proqramlar işlədiyindən də xalq xəbərsizdir. Müəllif perspektivdə baş verə biləcək hadisələrlə bağlı narahatlığını da ifadə edir: «Buna uyğun real ifadədə maaşlar dəyərdən düşəcək, işgüzarlıq enəcək, işsizlik daha da artacaq».

Yazıda bildirilir ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi hüquqsuz baş nazir yoxdur. Müəllif iqtisadiyyatın şaxələndirilmədiyini, qeyri-neft sektorun inkişaf etmədiyini, bu inkişaf barədə deyilənlərin şişirtmə olduğunu vurğulayır.

Müəllifə görə, 15-20 il dövlət vəzifələrində oturanlar iş yerlərini bir növ öz «xanlıq»larına çeviriblər, reallıqla əlaqə itirib. Belədə isə heç bir islahatdan söhbət gedə bilməz.

Dollar
Dollar

DOLLAR İLİN SONUNA KİMİ 2 MANAT OLA BİLƏR

«Azadlıq» qəzetində manatın taleyi ilə bağlı iqtisadçı Nemət Əliyevin fikirləri yer alıb.

İqtisadçı deyib ki, Ümumi Daxili Məhsulda (ÜDM) xarici dövlət borcunun faktiki həcminin az bir müddətdə 6-7 faizdən 20 faizə yüksəlməsi vəziyyətin gərginliyindən xəbər verir.

N.Əliyev bildirib ki, neft gəlirlərinin kəskin azalması, dövlət investisiya layihələrinin böyük həcmdə ixtisara düşməsi problemlərin miqyasını xeyli artırıb.

Onun fikrincə, oxşar vəziyyət həm yerli, həm də xarici investorlara da sirayət edib. Nemət Əliyev vurğulayıb ki, hətta hökumət dövlət büdcəsi ilə bağlı təsdiq olunmuş vəzifə və öhdəlikləri yerinə yetirmək imkanında deyil: «Büdcə gəlirləri son 3 ayda 45 faiz, büdcə xərcləri isə ilin ilk 7 ayında 24 faiz kəsirlə yerinə yetirilib».

İqtisadçı son aylar manatın tədricən dəyər itirməsinə diqqət çəkir.

Nemət Əliyev deyib ki, 2015-ci ildə baş verən iki devalvasiya nəticəsində ölkədə iqtisadi şərait kəskin pisləşib, ehtiyatlar əriyib. Onun fikrincə, hökumət manat kütləsi əldə etmək üçün devalvasiyaya çox maraqlıdır. N.Əliyev deyib ki, devalvasiya və bahalaşmanı zəruri edən şərtlər qalır. Üstəlik, getdikcə bu şərtlər daha da ağırlaşır: «Hətta, ilin sonunadək 1 dollar 2 manata qədər də yüksələ bilər».

Tikinti
Tikinti

STATİSTİKADAN KƏNAR BƏDBƏXT HADİSƏLƏR

«Exo» qəzetində «Həyat, yoxsa iş» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazıda istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı durumu ekspertlərlə birgə dəyərləndirir.

Yazıda qeyd edilir ki, ölkədə istehsalat sahəsində bədbəxt hadisələrin sayı artır. Müəllif bunu müəyyən şirkətlərin əmək təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməmələri ilə əsaslandırır.

Yazıda vurğulanır ki, bu il istehsalata 106 nəfər xəsarət alıb. Onlardan 57 nəfəri həlak olub. 2015-ci ilin eyni dövründə isə daha az bədbəxt hadisə baş vermişdi.

Qəzetə danışan ekspertlər deyiblər ki, tikinti işlərində təhlükəsizlik tədbirləri görülmür. Ekspertlərdən biri bu günlərdə Nərimanov rayonunda fəhlənin hündürlükdən yıxılaraq həlak olmasına diqqət çəkib.

Üstəlik, ekspertlər vurğulayıblar ki, bəzi bədbəxt hadisələr heç rəsmi statistikaya düşmür: «Ölkədə istehsalat xəsarətləri, peşə xəstəliklərinə dair məlumatlar sahəsində çox böyük problemlər var, Əmək Müfəttişliyi yenə nələrisə deyirsə, Səhiyyə Nazirliyi belə məlumatları, ümumiyyətlə, gizli saxlayır»,- yazıda qeyd edilir.

Ekspertlər daha bir problemə də diqqət yönəldirlər. Onların deməsinə görə, sahibkarlar belə xəsarətlər nəticəsində əmək qabiliyyətini itirən insanlara çox nadir hallarda kompensasiya ödəyirlər.

XS
SM
MD
LG