Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 20:52

Əli İnsanova ittihamların görünən və görünməyən tərəfləri


İlham Əliyev Mehriban Əliyevanı təltif edir.
İlham Əliyev Mehriban Əliyevanı təltif edir.

Heydər Əliyev Fondunun fəaliyyəti, keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanova yeni cinayət işinin açılması və kredit dələduzluğu bu gün medianın aparıcı mövzusudur.

XALQ VƏ DÖVLƏTƏ LAYİQLİ XİDMƏT

«Azərbaycan» qəzetində dərc edilən «Xalq və dövlətə layiqi xidmət» sərlövhəli məqalədə Heydər Əliyev Fondun xidmətlərindən bəhs edilir.

Müəllif yazır ki, H.Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan rəhbər kimi xalq sevgisi qazanıb. Onun adını daşıyan fond da indi milyonlarla insanın ümid yerinə çevrilib: «Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 12 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində milyonlarla insanın ümid yerinə çevrilib. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə, respublikamızda oxşarı olmayan nüfuzlu qurumdur».

Yazıda qeyd edilir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xarici təhsil müəssisələri ilə münasibətlərin qurulması, elmi tədqiqatlara yardım və ölkənin elmi potensialının artırılması fondun fəaliyyətinin əsas istiqamətləridir.

Müəllif fondun xeyriyyəçilik fəaliyyəti üzərində xüsusi dayanır. Yazıda bu məsələ ilə bağlı fondun rəhbəri M.Əliyevadan sitat da gətirilir: «Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ sözün həqiqi mənasında kütləvi hal almamışdır».

Yazıda daha sonra M.Əliyevanın 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsləri ilə çıxış etməsi onun insan hüquq və azadlıqlarına həssas yanaşmasının nümunəsi kimi dəyərləndirilir.

Əli İnsanov
Əli İnsanov

KİNLİ HAKİMİYYƏT

Azadliq.info saytında «Öz kininiz sizi partladacaq» sərlövhəli yazı oxumaq olar. Yazıda AXCP sədri Əli Kərimlinin keçmiş səhiyyə naziri Əli İnsanov haqqında yeni cinayət işinin açılması ilə bağlı fikirləri yer alır. Əli Kərimli yazır:

«Ey saxtakarlar, sizin «qanuni» müalicəniz, qatil səhiyyə sisteminiz yüzlərlə insanın canını alır. Siz isə akademik, keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açırsınız ki, xəstələri qanunsuz müalicə edirmiş. Utanmaq hissi heç yoxdur? Əksər insanlar bilirdilər ki, cəza müddəti başa çatmaq ərəfəsində Əli İnsanova qarşı yeni cinayət işi açacaqsınız. Bilinmirdi ki, nəyi bəhanə edəcəksiniz, amma cəza müddəti başa çatsa da, onu həbsdən buraxmayacağınızı hamı gözləyirdi».

Əli Kərimli yazır ki, artıq xalq bu hakimiyyəti yaxşı tanıyır. Ona görə də xalq bunun belə olacağını bilirdi: «Soruşursunuz ki, haradan bilirdi bunu xalq? Cavab verim, çünki xalq artıq onu idarə edənləri tanıya bilib. Nə qədər kinli, siyasi rəqabətdən qorxan olduğunuzu da hamı yaxşı bilir. Öz kininiz sizi partladacaq. Bilmirsiniz ki, sirkə nə qədər tünd olsa, öz qabını partladar?».

Keçmiş nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə ) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

«MƏHKƏMƏDƏ BU İŞ ARAŞDIRILACAQ»

Əli İnsanova qarşı yeni cinayət işinin açılması mövzusunun müzakirəsi «Yeni Müsavat» qəzetində də davam edib. «Əli İnsanova narkotik və üsyan ittihamı-yeni cinayət işi» sərlövhəli yazıda baş verənlərlə bağlı, əsasən, reaksiyalar təqdim edilir.

Ümid Partiyasının sədri İqbal Ağazadə qəzetə açıqlamasında irəli sürülən ittihamlara şübhə ilə yanaşdığını bildirib:

«Həbsdən çıxmasına iki ay qalan bir şəxsin o deyilənləri yerinə yetirməsi absurddur. Bu baxımdan, onun Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham olunmasını qəbul etmirəm. Sərt yanaşma olduğu qənaətindəyəm. Bunun nədən doğduğunu deyə bilmərəm. Əgər azadlığa çıxmasına az müddət qalan bir şəxs belə ağır maddələrlə ittiham olunursa, demək, burada sifariş var».

Yeni Azərbaycan Partiyasından olan deputat, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə işdə siyasi sifarişin olması ilə bağlı deyilənlərlə razı deyil: «İttihamlarla tanış oldum. Anlamıram ki, niyə burada qərəz axtarırlar. O, qapalı müəssisədə cəzasını çəkir. Heç birimiz onun yanında deyilik. Buna görə deyə bilmərik ki, həqiqət nədir. Amma hüquq-mühafizə orqanları araşdırma aparıblar. Yəqin ki, dərmanlar ekspertizadan keçirilib. Çox güman ki, əldə konkret sənədlər var. Onun həkim olduğu məlumdur. Buna görə qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olması barədə ittihamı birmənalı inkar etmək düzgün deyil. Yəqin ki, şahidlər var. Əgər istintaq hərəkətləri aparıldığı zaman öz etirazını bildiribsə, azadlıqdan məhrum olunmuş insanları itaətsizliyə çağırıbsa, bunun hamısı sübut olunmalıdır. Tək istintaq yox, məhkəmə zamanı da. Ə.İnsanovla bağlı faktı bu cür yozmağa, «iqtidarın qurduğu iş» kimi qələmə verməyə çalışanları səbirli olmağa çağırıram. Məhkəmədə bu iş araşdırılacaq».

Manat
Manat

XƏLVƏTİ KREDİTLƏR...

«Exo» qəzetində «Azərbaycanda sahibkarlar öz əməkdaşlarının adına xəlvəti kredit götürürlər» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Müəllif yazır ki, bir çox qurumlarda rəhbər şəxslər öz işçilərinin adlarına kredit götürürlər. Ekspertlərdən Əkrəm Həsənov isə qəzetə deyib ki, bəzən işçilər bunu tam anlamırlar: «Əməkdaşın xəbəri olmadan onun adına kredit götürmək sahibkarlar arasında kifayət qədər geniş yayılmış təcrübədir».

Bunu «dələduzluq» adlandıran ekspert qeyd edir ki, əməkdaş bu kreditdən xəbərsiz olduğunu sübut edə bilmədikdə zərbə ona dəyir.

Ə.Həsənov deyir ki, vətəndaşlar adına kredit olub-olmadığını mərkəzi reyestrdə yoxlaya bilərlər. «Amma niyə bank əməkdaşlarının və sahibkarların məsuliyyətsizliyi üzündən vətəndaş əziyyət çəkməlidir»,-deyə o, sual edir.

Ə. Həsənov vurğulayır ki, hətta problemli kreditlər arasında da belə hallara rast gəlmək mümkündür.

Ə.Həsənov problemli kreditlərlə bağlı bəzi insanlara bankların təzyiq göstərməsinə də münasibət bildirir: «Əgər bir insanın qazancı ancaq onun yeməyinə güclə çatırsa, kreditə görə onu həbs etməyə heç kəsin hüququ yoxdur».

XS
SM
MD
LG