Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

Beynəlxalq Bank işi: 'Allahınız olsun, niyə yalan danışırsız?'


Cahangir Hacıyev
Cahangir Hacıyev

►"Mütəşəkkil dəstə olsaydıq..."

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan keçmiş sədri Cahangir Hacıyevlə birlikdə mühakimə olunan 7 nəfərdən beşi ayrı-ayrı vaxtlarda bankın müxtəlif filiallarına rəhbərlik edən şəxslərdir.

Beynəlxalq Bank işi üzrə avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlar dindirilib. Hamısı da ifadələrində bildirib ki, böyük məbləğdə kreditləri özbaşına yox, bankın İdarə Heyətinin, Kredit Komitəsinin qərarları, bir sıra hallarda da C.Hacıyevin müəyyən şəxslər vasitəsilə tapşırığı əsasında veriblər.

“FİLİAL TEXNİKİ ROL OYNAYIRDI”

Təqsirləndirilən şəxslərdən 2004-2010-cu illərdə bankın Mərkəz filialının rəhbəri olmuş Anar Sultanov deyir ki, təlimata görə, filial baş idarənin göstərişi olmadan təminatsız 2 min, təminatlı 5 min manat kredit verə bilərdi:

"Bundan yuxarı kreditlər isə Kredit Komitəsi, İdarə Heyəti kimi qurumların qərarı ilə ayrılırdı. İdarə Heyətinin qərarlarının icrası da mənim üçün məcburi idi. Baş idarə qərar verəndən sonra da böyük məbləğdə kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı".

Buna da bax: Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

A.Sultanov sualları cavablandırarkən təsdiqləyib ki, onun rəhbərlik etdiyi filialdan C.Hacıyev və onun yaxınlarının, o cümlədən həyat yoldaşı Zamirə Hacıyeva, qızı Leyla Mahmudova (keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini-red.), sürücüsü Aydın Mehdiyev və digərlərinin adlarına plastik kartlarla milyonlarla manat həcmində kreditlər verilib.

Dövlət ittihamçısının "Cahangir Hacıyev və yaxınlarına kredit ayırarkən onlarla bağlı sənədləri, kreditin qaytarılma riski və s. məsələləri araşdırdınızmı?" sualına A.Sultanov belə cavab verib: "Mən ondan bu sənədləri tələb edə bilməzdim. Bizim bu işdə rolumuz sırf texniki məsələ olub".

SÜRÜCÜNÜN ADINA 9 MİLYON MANAT

C.Hacıyevin sürücüsünün adına hansı əsasla 9 milyon manat kredit ayırması barədə suala cavabında bir daha vurğulayıb ki, İdarə Heyətinin qərarının icrası onun üçün məcburi idi.

Bununla belə, Anar Sultanov C.Hacıyevin suallarını cavablandırarkən deyib ki, ondan qaydaların pozulması, sənədlərin toplanmaması barədə heç bir göstəriş almayıb.

2014-2015-ci illərdə Mərkəz filialının müdiri İlqar Abdullayev də təqsirləndirilən şəxs qismində ifadə verib. Ona həmin filialda müdir müavini olduğu dövrdə imzaladığı üç kredit müqaviləsinə görə ittiham verilib. Deyir ki, həmin vaxt müdir Yusif Ələkbərov işdə olmadığından müqavilələri özü imzalayıb. Amma götürülən vəsaitin hara və necə sərf olunduğunu bilmir:

"Cahangir Hacıyevi bircə dəfə görmüşəm - müdir vəzifəsinə təyin olunanda İdarə Heyətinin iclasında. Ona görə də bizə verilən mütəşəkkil dəstə ittihamı mümkün olan iş deyil. Mən nə dəstə üzvü olmuşam, nə də mənimsəmədə iştirak etmişəm. Sadəcə, vəzifəmdən irəli gələn işləri görmüşəm. İdarə Heyətinin qərarlarını icra eləmişəm. Həmin qərarların qanuniliyininin yoxlanılması filialın səlahiyyətində deyildi. Cahangir Hacıyevin adından mənə göstərişləri 3 nəfər - Emin Mustafayev, Anar Sultanov və Anar Bəkirov verib".

Buna da bax-Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'

“MÜTƏŞƏKKİL DƏSTƏ OLSAYDIQ...”

Filialın müdiri olmuş Yusif Ələkbərov özü də təqsirləndirilən şəxslər arasındadır. O, bundan əvvəl də Beynəlxalq Bank işinə görə məhkum olunub və şərti cəza alıb. O, rəhbərlik etdiyi filialın müştərisinin hesabından pulun mənimsənilməsinə görə cəzalandırılıb:

"Necə mütəşəkkil dəstədir ki, mən bircə dəfə də olsun, Cahangir müəllimin kabinetində olmamışam? Mənim əvvəlki işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi. Əgər biz mütəşəkkil dəstə olsaydıq, bank rəhbərliyi o zaman məni həbs etdirməzdi. Ona görə də mütəşəkkil dəstə və mənimsəmə ittihamı mənə gülməli gəlir".

Y.Ələkbərov qeyd edib ki, İdarə Heyətinin qərarı əsasında kredit müqaviləsi rəsmiləşdirildikdən sonra pullar baş ofisdən götürülüb, həmin vəsaitləri kimin götürməsi, hara yönəltməsi barədə isə məlumatı yoxdur.

Təqsirləndirilən Kənan Orucov 2003-2015-ci illərdə bankın Nəqliyyat filialının müdiri olub. Onun rəhbərliyi dövründə bu filialdan bankın müxtəlif strukturlarının mühafizəsini həyata keçirən "İnter Security" şirkətinin 18 əməkdaşının adına 16 milyona yaxın kredit ayrılıb: "Bizə belə bir göstəriş verilmişdi. Biz rəsmiləşdirməni həyata keçirdik, pulu isə baş idarədən götürdülər. Ümumiyyətlə, bizə göstəriş verilirdi ki, kreditlər ayrılsın, amma o kreditlərin hara getdiyini mən bilmirdim".

Buna da bax-'Cahangir kölgəsindən qorxan adamdır'

“AKİFƏ DEDİ Kİ, AYRILSIN”

Bu yerdə C.Hacıyev qısa arayış verib:

"Məsələn, Bakı Fındıq Emalı zavoduna ayrılmış kredit vergi orqanının hesabına köçürülmüşdü. Ona görə deyirəm ki, sənədlər ortaya qoyulsun, pulların zəncirvari qaydada haraya getdiyi müəyyənləşdirilsin".

2001-2011-ci illərdə bankın Nərimanov, bundan sonra isə Sənaye filialının müdiri olmuş təqsirləndirilən Məmməd Cahangirov ifadə verərkən onunla C.Hacıyev arasında qalmaqal yaranıb.

"Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev mənə zəng edib deyirdi ki, “bu qədər kredit ayrılmalıdır”. Aydın Mehdiyevin adına verilmiş kredit Ukraynada metal alveri biznesinə yönəlmişdi. Mən ayırmırdım, mütəmadi zəng eləyirdi. Məcbur olub Akif Əliyevin yanına gedib deyirdim ki, “Aydın Mehdiyev zəng eləyir”. Akif Əliyev əleyhinə idi. Yəni bir tərəfdən o, zəng eləyirdi, bu da imkan vermirdi. Axırda mən Akif Əliyevin otağında olanda o, Cahangir Hacıyevlə əlaqə saxladı. Həmin vaxt Cahangir Hacıyev Akifə dedi ki, ayrılsın. Bundan sonra kredit ayrıldı", – Məmməd Cahangirov bildirib.

“ON MƏMMƏD DƏ ETİRAZ ETSƏYDİ...”

O, qeyd edib ki, bu cür əməllərin qarşısını almaq gücündə olmayıb: "Biz nə edə bilərdik ki? Sadəcə, baş idarəyə memorandumda yaza bilərdik ki, “bu cür kreditlərin ayrılması təhlükəlidir”. Ancaq bununla da öz hökmümüzü çıxarardıq. Bir məsələ də var ki, bir yox, on Məmməd də etiraz etsəydi, o vəsait həmin gün çıxmalıydısa, çıxacaqdı".

C.Hacıyev prokurorun sualına cavab olaraq bu məsələyə aydınlıq gətirərkən bildirib ki, sürücüsü Aydın Mehdiyevlə Məmməd Cahangirov Ukraynada armatur biznesində şərik olub: "Sonradan onların arasında bu məsələ ilə əlaqədar problem yaşandı. Buna görə də Məmməd Cahangirovun işlədiyi filial dəyişdirildi".

M.Cahangirov C.Hacıyevin dediklərinə sərt şəkildə etiraz edib:

"Allahınız olsun, niyə yalan danışırsız? Mənim o biznesə aidiyyətim olmayıb axı... Mənim iş yerimin dəyişdirilməsi də rotasiya qaydasında olub".

C.Hacıyev isə dediyini bir daha təsdiqləyib.

“ETİBARLI ADAM KİMİ MƏNƏ DEYİRDİLƏR”

Beynəlxalq Bankın müxtəlif strukturlarının mühafizəsini həyata keçirmiş "İnter Security" MMC-nin rəhbəri İbrahim Hüseynov da təqsirləndirilən şəxslər sırasındadır. O, təsdiqləyib ki, adlarına kredit rəsmiləşdirilməsi üçün işçilərini göndərib.

"Aydın Mehdiyev zəng edirdi ki, “etibarlı müştərilərdən göndər, bu qədər kredit almaq lazımdır”. Mən də işçilərimdən göndərirdim. Bu məsələdə heç bir marağım olmayıb. Sadəcə, bir etibarlı adam kimi, mənə deyirdilər, mən də edirdim. İşçilərin də mənə hörməti var idi. Bilirdilər ki, bu işin arxasında mən dayanıram, onlara cavabdehəm. Bu gün ona görə buradayam ki, onlar məsuliyyətə cəlb olunmasın".

Məhkəmə avqustun 29-da davam edəcək.

C.Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG