Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Cahangir Hacıyevin bacısı: 'Bizə 'stop' qoyulub, əmlakımıza da həbs'


Əminə Hacıyeva
Əminə Hacıyeva

►"Mənim özümün tər-təmiz səhmlərim var. Ancaq onu da mənə vermirlər."

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva avqustun 26-da jurnalistlərin suallarını cavablandırıb:

–İstintaq qərəzli aparılıb. Bütün dünyada təqsirsizlik prezumpsiyası var. Bu günə qədər Cahangir Hacıyevin saxlanma şəraiti, ona qarşı Daxili İşlər Nazirliyi, "bandotdel" tərəfindən münasibət yaxşı olmayıb. İndi də həbsxanada problemlər var. Mən belə fikirdəyəm ki, həbsdə Cahangir Hacıyevə bu qərəzli münasibət Ədliyyə Nazirliyi tərəfindəndir. Çünki Penitensiar Xidmət Ədliyyə Nazirliyinə tabedir. Deməli, oradan birbaşa tapşırıq verilir ki, “Cahangir Hacıyevi bu şəraitdə saxlayın”. Çünki bu vəziyyət özbaşına ola bilməz. Biz hər yerə müraciət etmişik - Qırmızı Xaç Komitəsindən iki gün əvvəl yanına gəlmişdilər. Amma yenə də bir nəticə olmadı. Necə idisə, indi də o şəraitdə saxlanılır. Soyuducu yoxdur, su da vermirlər. Bu adam necə yaşasın? Mətbuatda yazılanları da başa düşə bilmirik. Eynulla (jurnalist Eynulla Fətullayevi nəzərdə tutur – red.) nə ixtiyarla Cahangir Hacıyevi "canik" adlandırır? Onun rəhbərlik etdiyi "sarı mətbuatdı". Yazdıqları nə oldu? Təyyarələr tapılmadı, villalar tapılmadı. Heç biri də sübut olunmadı. İstintaq bitəndən sonra Cahangir özü də, vəkilləri də materialları oxuyub. İstintaq materiallarında onun günahkar olduğunu sübut edən məqam yoxdur. Bunu görən Cahangir Hacıyev də müstəntiqlərə sual verib. Müstəntiqlər də deyiblər ki, "biz nə edək? Biz heç nə tapmadıq. Verək məhkəməyə. Məhkəmə nə qərara gələrsə, gələr". Bu, nə dərəcə doğrudur?

– Dediyiniz kimi, günahsızdırsa, bəs o zaman niyə həbs olunub?

– O, günahsızdır. Mən bunu bir bacı kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm. Nə bir qəpik onun cibinə girib, nə də ki, bizim deyildiyi kimi, malımız-mülkümüz var. Gəldilər baxdılar, bağımızı da, evimizi də gördülər. Yalandan yazıldığı kimi, Çexiyada villalar-filan yoxdur. Bunların hamısı böhtandır. Bu işlər elə birinci gündən maliyyə naziri tərəfindən quramadır. Öz təqsirlərini, günahlarını seçib bir nəfərin üstünə atmalıydılar, buna görə də yazıq Cahangiri seçdilər.

Buna da bax: Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

– Cahangir Hacıyev də məhkəmədəki çıxışlarında maliyyə naziri Samir Şərifovu günahlandırır. Onlar arasındakı şəxsi münasibətlərdə hansısa problem var idimi? Bu barədə məlumatınız vardımı?

– Cahangir mənim doğma qardaşımdır. Cahangir ağıl baxımından onların hamısından yüksək idi. Beynəlxalq dərəcəli iqtisadçı idi, Amerikada iqtisadiyyat universitetini bitirmiş bir insandır. Əlbəttə ki, bizim bəzi paxıl insanlarımızın gözü bunu götürmürdü. Cahangirə həmişə böhtan atırdılar.

– Cahangir Hacıyevin vəkili məhkəmədə dedi ki, onun həbsindən sonra ailə üzvlərinə təzyiqlər başlayıb. Söhbət hansı təzyiqlərdən gedir?

– Mənə "stop" qoyulub, ölkədən çıxa bilmərəm. Yəqin ona görə ki, mən Cahangirin bacısıyam. Bu, nə dərəcədə qanunidir? İkincisi, bizim ailədə Cahangirin kartından götürülən pullar səhmlərə yönəldilib. Ancaq bankın Mərkəz filialının müdiri olmuş Anar Sultanov məhkəmədə bunu demədi, qorxdu. Ailə üzvlərinin adına səhmlər alınıb ki, onlar dağılmasın və bankın içində qalsın. Cahangir Hacıyev özü də dedi ki, bu, kapitalın artırılması üçün edilib.

– Sizin adınıza da bankın səhmləri olubmu?

– Bəli, var. Mənim, qızlarımın, hamımızın adına səhmlər olub. Ancaq bank indi bunları vermir. Bank rəsmi şəkildə bunları verməlidir. İndi də mənə verilən məxaric orderində imzamı saxtalaşdırıblar. Həmin orderdə tarixi də saxtalaşdırıblar. Qeyd edilib ki, guya bizə pul verilib, amma biz bunu gizlədirik. Milyonları bizə necə veriblər? Parkda, bulvarda, küçədə? Əgər bu pul verilibsə, deməli, biz banka getmişik. Bankda kameralar var. Bunu sübut edə bilərlər. Ancaq biz nə tələb edirik, gizlədirlər. Sənədləri vermirlər. Deyirlər ki, “belə olmalıdır”. Bankın indiki rəhbərliyi Samir Şərifovun ağzına baxır. Cahangir Samir Şərifovun ağzına baxmırdı. Ona görə də lazım idi ki, tez onu oradan çıxarsın. Və çıxardı da.

Buna da bax-Cahangir Hacıyev: 'Heç 50 qəpiklik yemək vermirlər'

– Azərbaycanda olan ailə üzvlərindən başqa kimlərə "stop" qoyulub?

– Mənə də, qızıma da "stop" qoyulmuşdu. Bütün əmlakımıza da həbs qoyulub. Mən bunu ilk dəfədir deyirəm. Bizim anamız rəhmətə gedib, mən onun varisiyəm. Ancaq reyestr xidmətinə deyilib ki, “Əminə Hacıyevaya çıxarış verməyin”. Və mən vərəsəlik ala bilmirəm. Anamın iki övladı var. Cahangir və mən. Cahangir özü varis olmaqdan imtina edib. Bizim aramızda belə söhbətlər yoxdur. Ancaq o, həbsdə olaraq bundan imtina etdi. Cahangirin payını vermirlər, bəs hansı ixtiyarla mənim də payımı vermirsiz? Mən ömrümdə bircə dəfə də olsun, kredit götürməmişəm. Mənim özümün tər-təmiz səhmlərim var. Ancaq onu da mənə vermirlər.

– Cahangir Hacıyevin xanımı ilə əlaqə saxlayırsınızmı?

– Onun barəsində həbs qərarı çıxarılıb və axtarışdadır. Ancaq bu adam necə cinayətkar dəstənin üzvüdür ki, o, 10 ildir xaricdə yaşayır, xarici ölkənin vətəndaşıdır. Ağ sapla torba tikiblər. Sabah Roma papasının işini də gətirib Cahangir Hacıyevin üzərinə qoysalar, təəccüblənmərəm.

C.Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri var. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Cahangir Hacıyevin saxlanma şəraitiylə bağlı məhkəmədə dedikləri Penitensiar Xidmət tərəfindən təkzib olunub, həbsxanalarda şəraitin beynəlxalq standartlara uyğun olduğu bildirilib.

XS
SM
MD
LG