Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:03

Islam Karimov və 'qazanda qaynadılan' müxalifətçilər


Əndicanda etirazlar, 2005
Əndicanda etirazlar, 2005

►Özbəkistanda dünyanın unutduğu qətliam

Əndican hadisələrindən sonra ölkəni tərk etməyə nail olmuş özbək dissidentləri hələ də Karimov-un təhlükəsizlik aparatının hədəfindədirlər. Karimov-un bir neçə opponentinin xaricdə oğurlanaraq öldürüldüyü barədə ehtimallar var

Özbəkistanın müstəqillik qazanmasından bəri onu idarə etmiş 78 yaşlı keçmiş sovet aparat işçisi Islam Karimov ötən həftəsonu beyin qansızması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Bazar ertəsi günü sosial mediada Özbəkistan prezidentinin ölməsi barədə spekulyasiyalar yayıldı.

Buna da bax: Karimov-dan sonra Özbəkistanı nə gözləyir?

'İSLAMÇI ŞÜBHƏLİLƏR QAZANDA QAYNADILIB'

Karimov-un öz durumundan başqa qeyri-bəlli bir məsələ də var: onu hakimiyyətdə kim əvəzləyəcək? Az-çox aydın olan tək şey Karimov-un siyasi mirasıdır.

"Hakimiyyətdə olduğu 27 il ərzində Karimov Qərbdə qəddarlığı, dünyadan təcridi, siyasi məhbuslara qarşı işgəncələri və məcburi əməklə istehsal olunan pambığıyla tanınan totalitar dövlət qurub," jurnalist Andrew Roth qeyd edib.

Əndican iğtişaşlardan sonra, 2005
Əndican iğtişaşlardan sonra, 2005

Karimov-un nəzarəti altında ölkənin həbsxanaları siyasi məhbuslarla dolub, müxalifət məhv edilib, dini azadlıqlarsa postsovet polis dövləti tərəfindən boğulub. Mövcud rejimin qəddar davranışı içində islamçılıqda şübhəli bilinən şəxslərin suda qaynadılması da var. Amma ölkədə insan hüquqlarının dəhşətli durumu ABŞ prezidenti George W. Bush administrasiyasının 2001-ci il 11 sentyabr hücumlarından sonra Daşkəndlə yaxınlaşmasını əngəlləyə bilməyib. ABŞ Özbəkistan ərazisindəki strateji hava bazasına çıxış əldə etdi.

Buna da bax: Özbəkistan prezidentinin qızları arasında müharibə davam edir

TYANANMENDƏN SONRA ƏN QƏDDAR QIRĞIN

2005-ci ildə, artıq Karimov qədər qəddar diktatorla ittifaqda olmaq Vaşinqton üçün çox ayıb sayıldı və bu sövdələşməyə son qoyuldu. 2005-ci il mayın 13-də Karimov rejimi Pekinin Tyananmen meydanında baş vermiş hadisələrdən (1989) sonra ən qəddar qırğına imza atdı.

Əndican iğtişaşlardan sonra, 2005
Əndican iğtişaşlardan sonra, 2005

Orta Asiyanın ürəyi olan Fərqanə vadisində yerləşən Əndican şəhərində 23 yerli işadamı islamçı ekstremistlərlə əlaqədə ittiham edilərək məhkum olundu. Məhkəmə çox sayda yerli sakini qəzəbləndirdi. Onların çoxu ağır iqtisadi vəziyyətdən də təngə gəlmişdilər.

Rejim etirazçıların arasında silahlı islamçıların olduğunu iddia edirdi. Təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində yüzlərlə, bəlkə hətta min nəfərdən çox insan öldürüldü. Onların arasında qadınlar və uşaqlar da var idi.

Ötən il "Amnesty International" 2005-ci il hadisələrinin 10 illiyini xatırlamaqdan ötrü bəzi şahidlərin xatirələrini dərc edib.

Buna da bax: Özbəkistanın iki prezidenti olacaq

“TƏRPƏNMƏYƏ QORXURDUM”

Adının Batır olduğunu deyən kişi zirehli maşındakı əsgərlərin kütləyə atəş açmasından sonra baş verənləri xatırlayır:

"Yanımda duran üç kişi dərhal öldürüldü. Güllə onlardan birinin ürəyinə dəydi, güllə onun kəllə sümüyünün yuxarı hissəsini tamamilə partlatmışdı. Digərinə isə iki güllə dəydi, biri qarnından, biri də boynundan..."

"Atışma başlayanda ön sıralar dağıldı. Mən saatlarla yerdə qaldım. Tərpənməyə qorxurdum. Kimsə əlini qaldıranda əsgərlər atəş açırdılar," hadisənin Rustam adlı şahidi danışır. O, hava qaralana qədər orada uzanıqlı vəziyyətdə qalıb, sonra isə sürünərək daha təhlükəsiz yerə gedib.

"Amnesty"nin tədqiqatçısı Anna Neistat isə bildirir ki, bir neçə şəxs ona qırğından sonra yaxınlarının cəsədlərini tapa bilmədiklərini deyib. "Şəhərin kənarında kütləvi qəbirlərin olduğu barədə şayiələr gəzirdi. Bir kişi dedi ki, onun əsgərlikdə olan qardaşına meyitləri təmizləmək əmri verilib. Qardaşı danışırmış ki, onlar meyitləri çox sayda yük maşınlarına doldurublar. Şəhər morqlarında yer olmadığından yük maşınları şəhəri tərk edib," o söyləyib.

YADA SALMAQ DA RİSKLİDİR

Özbəkistanın dünyanın gözündə dumanlı bir mövzu olması, habelə rejimin informasiya axınına mənfi münasibəti ucbatından Əndican qırğını dünyada artıq, demək olar ki, heç kimin yadında deyil. Hadisələrdən sonra ölkəni tərk etməyə nail olmuş özbək dissidentləri hələ də Karimov-un təhlükəsizlik aparatının hədəfindədirlər. Karimov-un bir neçə opponentinin xaricdə oğurlanaraq öldürüldüyü barədə ehtimallar var.

Bəzi təhlilçilər iddia edirlər ki, rejimin siyasi müxalifəti repressiyaya məruz qoyması regionda silahlı qruplaşmaların formalaşmasına yol açıb. Ancaq özbəklərin çoxu düşünür ki, keçmişin dəhşətlərini yada salmaq belə risklidir.

"Bəzi şeylər gizli saxlanmalıdır. Nə qədər az bilsən, o qədər çox yaşayarsan," ötən il bir Əndican sakini "Al Jazeera" televiziyasına belə deyib.

XS
SM
MD
LG