Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

A. H. Tanpınar: "Azadlığın yoxluğuna tez öyrəşirik"


Türk şairi və yazarı Ahmed Hamdi Tanpınar
Türk şairi və yazarı Ahmed Hamdi Tanpınar

-

"Qısa ömrümdə azadlığın ölkəmizə yeddi-səkkiz dəfə gəldiyini eşitdim. Bəli, bir dəfə də olsun, heç kim mənə getdiyini demədiyi halda, yeddi-səkkiz dəfə gəldi".

Oxu Zalı tanınmış türk yazarı və şairi Ahmed Hamdi Tanpınarın "Hüzur" adlı avtobioqrafik əsərindən bir parçanı təqdim edir.

Ahmet Hamdi Tanpınar

BİZƏ GÖRƏ AZADLIQ MƏSƏLƏSİ

Həyatımdakı çətinliklərdən bir neçə dəfə danışmışam. Xatirələrimi oxuduqca ehtiyac və məhrumiyyətlərin ikinci dərimmiş kimi bədənimə necə yapışdığını görəcəksiniz. Ancaq elə bilməyin ki, xoşbəxtliyin dadından xəbərsizəm.

Kasıb bir ailədə doğulmuşam. Buna baxmayaraq uşaqlığım xeyli xoşbəxt keçdi. Kasıblıq, əslində, düşünüldüyü qədər də qorxunc və pis bir şey deyil. Onun da özünə xas imtiyazları var. Mənim uşaqlığımın əsas üstünlüyü isə azadlıq idi.

Bugün "azadlıq" sözünü təkcə siyasi mənada istifadə edirik. Çox təəssüf! Onu siyasətə aid edənlər, nə yazıq ki, heç vaxt əsl mənasını başa düşməyəcəklər. Hər dəfə siyasi mənada işlədilən "azadlıq" sözü elə hər sahədə azadlığın boğulmasının göstəricisidir. Təsəvvür edin ki, dünyanın ən az tapılan nemətidir və bir insan onunla qarnını doydurmaq istəyəndə ətrafındakılar mütləq ac qalmalıdırlar. Mən bu qədər ziddiyyətli bir nemət görmədim.

Buna da bax: "Camal Süreya: Borc ödəyirəmmiş kimi yazdım şeirlərimi..."

Qısa ömrümdə azadlığın ölkəmizə yeddi-səkkiz dəfə gəldiyini eşitdim. Bəli, bir dəfə də olsun, heç kim mənə getdiyini demədiyi halda, yeddi-səkkiz dəfə gəldi: və o gəldi deyə biz sevinicimizdən nağara, zurna ilə küçələrə axışdıq.

Haradan gəlir? Necə də bir göz qırpımındaca gedər azadlıq? Onu bizə bəxş edənmi əlimizdən alar? Yoxsa biz mi ondan bezərik: “Buyurun əfəndim, mən artıq həvəsim öldü. Sizin olsun, bəlkə bir işinizə yarayar!” –deyə hədiyyəmi edirik: Yoxsa nağıllarda, divarın dibində birdən-birə parıldayan, fəqət yanına yaxınlaşanıb toxunanda yenə birdən-birə kömürə və yaxud da torpağa çevrilən o möcüzəli xəzinələrəmi bənzəyər? Heç cür başa düşə bilmədim.

Nəhayət, bu qənaətə gəldim ki, ona heç kimin ehtiyacı yoxdur. Azadlıq sevgisi bir növ snobizmdir, başqa bir şey deyil. Həqiqətən möhtac olsaydıq, həqiqətən sevsəydik, o tez-tez gəlişlərindən birində tutar, bir də heç vaxt gözümüzün önündən ayırmazdıq. Amma yox… Gəldiyinin səhərisi gün yox olur. Qəribəsi budur ki, biz də yoxluğuna tezliklə öyrəşirik.

Bir-iki şeir kitabında, rəsmi nitqlərdə adının çəkilməyi ilə kifayətlənirik.

Yox, mənim uşaqlığımdakı azadlıq anlayışı, heç də bu növ bir azadlıq deyildi. Birincisi, məncə elə ən vacibi, onu mənə heç kim verməmişdi. Bu ərimiş qızıl külçəsini içimdə birdən-birə özüm tapmışdım. Ağacdakı quş səsi, sudakı şəffaflıq kimi… Bir dəfə tapdım. Tapdığım gündən də kiçik həyatım, kasıb evimiz, ətrafımızdakı insanlar, hər şey dəyişdi. Sonradan isə onu itirdim. Ancaq buna rəğmən mənə hiss etdirdiyi şeylər həyatımın ən unudulmaz təəssüratlarını qoydu yaddaşımda. Nə dünənki kasıbçılığım, nə də bu günki rahatlığım, heç biri onun möcüzəsiylə doldurduğu illəri mənə bir daha geri qaytara bilmədilər. O mənə heç bir şeyə sahib olmadan, heç bir şeyi vecinə almadan yaşamağı öyrətdi.

Lazımsız heç nəyin arxasınca qaçmadım. Heç bir ehtirasın arxasında boş yerə vaxt sərf etmədim. Heç vaxt sinifimizin birincisi, ikincisi yaxud da iyirmincisi olmaq istəmədim.

"Fatih Rüştiyesindəki" (Hamdi Tanpınarın oxuduğu məktəb) sinifimizdə çoxlu şagird var idi, ətrafımdakı yarışı ən axırıncı sıradan, istəsəniz buna kral lojasından da deyə bilərsiniz, izləmək imkanım oldu. İnsanın əməllirinə uzaqdan baxmağı onda öyrəndim.

Buna da bax:​ "QİSMƏT. Ahmet Hamdi Tanpınar: dünyanın ən gözəl striptizi"

Sinif yoldaşlarımın çoxu kimi məktəbə dayələrlə, qulluqçularla getmədim. Nə təzə, dəbə uyğun paltarlarım, nə də su keçirməyən çəkməm, nə də isti paltom var idi. Adətən şalvarımın dizləri yamaqlı gəzirdim. Heç kim məktəbə gedəndə mənim üzümdən öpməmişdi, nə də axşamüstü yolumu səbirsizliklə gözləməmişdi. Hətta evə nə qədər gec getsəydim, evdəkilərə o qədər rahat olurdu. Buna baxmayaraq xoşbəxt idim. Bütün bu yoxluğun əvəzində həyatı və küçələri qazanmışdım. Fəsillər, insanlar, heyvanlar ən saf tərəfləri ilə mənə məxsus idilər.

Gündə iki dəfə Edirnəkapı ilə Fatih arasındakı yolu maksimum yavaş-yavaş, hər adımımı fərqli-fərqli xəyallar quraraq atardım. Təəssüf ki, on yaşımda bu xoşbəxt həyatımı bir ehtiras bulandırdı. Dayımın sünnət hədiyyəsi olaraq verdiyi saatla həyatımın ahəngi bir az pozuldu. Bir ehtiras nə qədər məsum olsa da, yenə də təhlükəlidir. Bununla yanaşı xoşbəxtliyə meyilli yaradılmağım o ehtirasın həyatımın nizamını tamamilə pozmasının qarşısını aldı. Əksinə ona bir istiqamət verdi. Yəni həyatım onunla formalaşdı. Bəlkə də azadlığın əsl qapısı üzümə onda açıldı.

XS
SM
MD
LG