Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:46

Müsiqi müəlliməsinin unuda bilmədiyim barmaqları


Pianino çalan qadın.
Pianino çalan qadın.

-

"Qadın qəflətən mənə sarı döndü. Onun uzun, ağ barmaqları arasında tutduğu telefon əsdi, eynəyinin altında görünən iri, həyalı gözlərini təəccüblə (həm də bir qədər soyuq-soyuq!) mənə dikdi.

-Sevil müəllimə! Tanımadız?... Mən....Şopenin sonatası!.."

Kamran Nəzirli

Şopenin sonatası

hekayə

Yazıçı Kamran Nəzirli.
Yazıçı Kamran Nəzirli.

Mən sevgi haqqında şeir yazdığımı deyəndə Sevil müəllimə dərindən ah çəkdi, eynəyinin altındakı həyalı gözlərini bir az əvvəl yarıya qədər su töküb pəncərə qabağına qoyduğu güldana dikdi. Adətən orda zərif güllər olurdu, bu dəfə isə güldan çiçəksiz idi. Darısqal sinif otağına pərişan sükut çökdü. Bilmirəm, nədənsə onu, ağlamağa adət etmiş yetim uşaqlara bənzətdim, boynunu bükdü, kədərli baxışlarını məndən gizlətməyə çalışdı. Və birdən, sanki divarların qulaqları eşitməsin deyə:

-Musiqi və sevgi ikisi də eyni gündə doğulub,- ətrafa pıçıldadı. (Hə, hə, ətrafa pıçıldadı, mənə demirdi və deyəsən, bir anlıq məni unudub öz-özünə danışırdı.) - Onlar biri-birindən ayrı yaşaya bilməzlər...

Bu, o zaman baş verdi ki, mən həmin gün Şopenin sonatasını öyrənməmişdim, yenə çala bilmədim. Ona görə yox ki, musiqini sevmirdim, ya da o sonatadan xoşum gəlmirdi. Ona görə ki, notu görən gözüm yox idi. Not dəftərinə baxa-baxa pianoda ikiəlli çalmaq mənim üçün tonqalda diri-diri cızdağı çıxan o panteist italyan Brunonun əzabından da betər idi.

-Axı sənin musiqi duyumun var!- birdən-birə ovqatı dəyişdi, yumşaq tərzdə məni danlamağa başladı... -Niyə öyrənə bilmirsən? Bəs buraxılış imtahanında nə çalacaqsan? O boyda oğlansan, yeddinci sinifdə oxuyursan! Bir sonata nədir ki, çala bilmirsən?..

Qız kimi qızardım, başımı aşağı salıb susdum. Sevil müəllimə uzun, ağ barmaqları arasında oynatdığı qələmini yavaşça yenə not dəftərinə sarı tutdu. Onun nazik barmaqları, çəhrayı laklı uzun dırnaqları mənim xoşuma gəlirdi; onları görən kimi diqqətim yayınırdı. Ürəyimdə dedim ki, nolaydı, bu zəhrimar sonatanı onun dediyi kimi çalaydım.

-Təzədən başla görüm, tənbəlin biri tənbəl!- yenə yumşaq səslə əmr elədi.

Başladım çalmağa. Sağ əlim klavişlərə yatırdı, amma sol əl ilişib qalırdı. Həmişə eyni şeylər təkrar olurdu. Bu dəfə də sol əldə ilişdim. Sevil müəllimə incimiş halda "eeeee, olmadı ki! Lya, lya, lya!!! Bemolları neylədin bəs, yedin?" dedi, özünü mənə sarı əydi, sol əlini sinəmin tuşundan uzadıb qələmlə barmaqlarımın üstünə üç dəfə vurdu. Mən onun nəfəsini, sarışın saçlarının ətrini, yumşaq sinəsinin həyəcandan, ya da əsəbdən tez-tez qalxıb-endiyini və çiynimə toxunduğunu hiss etdim, tər məni basdı.

-Bəs evdə nə işlə məşğul olursan bütün günü? Şeir yazırsan?- gözlərimin içinə baxa-baxa bir qədər də səsini qaldırdı. -Bəlkə o biri dərslərin mane olur, hə? Ananı çağıracam...Görüm sənə noolub belə?

İkimiz də susduq. Otağa həzin sükut çökdü. Başımı aşağı sallamışdım. Alnımda puçurlanan tər damcılarını silmək üçün dəsmal çıxartmaq istəyəndə gördüm ki, Sevil müəllimənin gözləri yenə dolub, sezməyim deyə, üzünü çevirib balaca mizin üstündəki boş güldana baxır. Mən o güldanda bəzən qırmızı qərənfillər, bəzən də bənövşə və yasəmən çiçəklərini görərdim. Hərdən bu gülləri ona qısqanardım. Axı hər dəfə sinif otağına girəndə görərdim ki, o, bu güllərə xüsusi nəvaziş göstərir; gah güldanı burnuna aparıb iyləyir, gah yerini dəyişdirib günəş şüasaına tərəf tutur, gah da onlara baxıb gülümsəyirdi. Düşünürdüm ki, yəqin o, gülləri sevir. Bəlkə də bu, tamam başqa bir sevgiydi, sadəcə mənim xəbərim yox idi. Amma güldan boş idi. Görəsən niyə? Mən lap dilxor oldum. "Bircə bu otaqdan tez çıxıb getsəydim!" düşündüm.

-Axı sən qiymət almasan mənim üçün də minusdu! Bilirsən bunu?- Sevil müəllimə qəflətən mənə sarı döndü. Gözlərinin qıraqlarındakı qara tuş alma yanaqlarından süzülürdü, deyəsən bundan heç özünün də xəbəri yox idi. Aman Allah, necə yaraşırdı ona! Qəribə də olsa, indi heç bu otaqdan tez çıxmaq istəmirdim. Elə istəyirdim ki, o, mənə bu cür acıqlansın, lap ana südəmər körpəsinə necə acıqlanırsa, bax eləcə...

-Deyəcəklər, müəllimi pisdi!- o, davam elədi. -Nə bilim... Sənə də attestat verməyəcəklər... Belə də şey olar? Vallah, birinci dəfədi belə şagirdə rast gəlirəm... Bəs sən bu yeddi ili musiqi məktəbində necə oxumusan?

-Sevil müəllimə...- istədim nəsə deyəm, sözümü kəsdi.

-Yox, mənə müəllimə demə... Daha mən sənin üçün Sevil müəllimə deyiləm...

Gördüm ki, yenə kövrəldi, üzünü çevirib nəmli gözlərini naməlum nöqtəyə zillədi. (Görəsən o, nə axtarırdı orda?).

-Mən... mən...musiqiçi olmayacam...

-Bə nə olacaqsan?- yenə qəflətən mənə dönüb soruşdu.

Bilmədim nə cavab verim. Axı mən orta məktəbin də yeddinci sinfində oxuyurdum. Əksər yaşıdlarımdan fərqli olaraq hələ özüm üçün müəyyənləşdirməmişdim: kim olacağam... Heç bilmirdim ki, nə üçün oxuyuram, ümumiyyətlə, kiməm, nə üçün gəlmişəm həyata, bu həyatdan nə istəyirəm, böyüyəndə, daha doğrusu, orta məktəbi bitirəndən sonra hara gedəcəyəm, nə üçün gedəcəyəm, necə olacağam? Bircə ədəbiyyata və kimyaya həvəsliydim. Atam deyirdi ki, sən həkim olacaqsan, anam isə məni musiqiçi kimi görmək istəyirdi, məni zorla musiqi məktəbinə qoydu ki, piano sinfini bitirim, sonra da konservatoriyaya girim. O, xəyalında məni məşhur pianoçu kimi təsəvvür edirdi. Atam anamın istəyinə mane olmadı; əlbəttə, atama elə gəlirdi ki, musiqidənsə, dəqiq elmlərə fikir vermək lazımdı.

-Kimyanı, fizikanı, riyaziyyatı öyrən... Nə varsa, o fənlərdə var... Dünya bu fənlərin üstündə qurulub,- deyə tez-tez qulaqlarımı doldururdu.

***

Sinif otağı doğurdan da çox darısqal idi, təxminən beş-altı kvadrat metr olardı. Hündür tavanı, bir pəncərəsi, ikilaylı qapısı vardı. Qapını açan kimi "Belarus" pianosunu, qarşısındakı daim cırıldayan iki köhnə stulu görürdün. Sağ tərəfdə, pəncərə qabağında üstünə qırmızı ucuz çit parça sərilmiş balaca miz də qoyulmuşdu. Pianonun arxa tərəfindəki divarın sağ küncündən Şopenin, soldan isə Üzeyir Hacıbəyovun iri portretləri asılmışdı. Otağın divarlarının rəngi solmuşdu, suvaqlar oyulub tökülürdü. Qəribə də olsa, mən hər dəfə bu otağa girəndə çox sehirli bir aləmə düşürdüm; otaqdakı güllərin ətriylə Sevil müəllimədən gələn qoxu bir-birinə qarışaraq elə bir məstedici aləm yaratmışdı ki, adam burda xumarlanmaq istəyirdi. Mən hələ də o qarışıq qoxunu unuda bilmirəm...

Sevil müəlliməyə gül gətirən oğlanı görməmişdim; məktəbdə uşaqlar danışırdılar ki, o, qarayanız, arıq, hündürboy cavan bir oğlandı, onlar görüşürlər. Hətta onların öpüşdüklərini də görmüşdülər. Danışırdılar ki, oğlan hər dəfə ona gül gətirir, Sevil müəllimə də bunun əvəzində oğlanı öpür. Həm də nişanlanıblar... Düzü, bu söhbətlərdən sonra tanımadığım və görmədiyim o oğlana qarşı nifrətim, Sevil müəlliməyə isə anlaşılmaz, kövrək və mənim üçün indiyə kimi sirr qalan duyğularım artdı. Əslində həmin gün güldanı boş görəndə içimdə xəfif bir sevinc hissi də oyandı. Düşündüm: nə yaxşı oğlan gül gətirməyib! Lakin tezliklə bu hisslərim də alt-üst oldu, sən demə, sevgilisinə gül gətirən oğlanı əsgər aparıblar, Əfqanıstana, güldan buna görə boş qalıbmış! Sevil müəllimə də nişanlısının məhz Əfqanıstana düşməsinə görə ağlayırmış. Axı sovet qoşunları əfqan torpağına girmişdi, orda ölüm-dirim savaşı gedirdi! Hər gün də pis xəbərlər eşidirdik...

Bu dəfə qısqanclıq hisslərim qəlbimdəki mərhəmətli, xeyirxah duyğularıma üstün gələ bilmədi, mən musiqi müəllimimin göz yaşlarına qəlbən acıdım, onun beləcə əzab çəkməsini istəmədim.

***

-Hələ bilmirəm... Ədəbiyyata həvəsim var...-dedim.

-Hə, deməli şeir yazırsan?

-Ötən həftə qəzetdə də çap ediblər...

-Belə de...Gələn dəfə gətir baxım...- o, maraqlanmağa başladı və bir qədər də təəccübünü bildirərək əlavə elədi. -Bu yaşda şeir yazmaq? Afərin sənə!

-Mənim artıq on beş yaşım var!- yaşımın üstünə bir yaş da əlavə eləyib ürəkləndim. Sevil müəllimə güldü. (Ah, o gülüş!). Əlindəki qələmi pianonun dilləri üstünə qoydu, nazik barmaqlarıyla səliqə ilə ütülənmiş qırmızı pioner qalstukumun ucundan yapışıb dartdı...

-On beş yaşın var? Hələ pionersən? Bəs komsomola niyə keçməmisən?

Otağa yenə həzin sükut çökdü. Düzü, yalan danışdığıma peşiman oldum. Gərək düzünü deyəydim... Yəqin Sevil müəllimə buna fikir vermədi, arxasını mənə çevirdi, eynəyini çıxarıb mizin üstünə qoydu, əl çantasından yumurtaya oxşayan balaca güzgüsünü götürdü, özünə baxdı. Üz-gözünü qaydaya salırdı, pambıqla yanaqlarını sildiyini gördüm. Bir qədər rahatlaşdım. O, mənə tərəf dönüb stulunu lap yaxına sürüşdürdü.

-Gələn dəfə bu qalstuku taxma! - dedi.- Bığ yerin tərləyib, yekə kişisən, sənə artıq bu qalstuk yaraşmır!

Bu sözləri elə iltifatla dedi ki, içim əsdi, başımı aşağı sallayıb daha heç nə deyə bilmədim. O, yenidən stulunu mizə sarı sürütdəyib gündəliyimə nəsə yazmağa başladı. Böyürdən gözucu ona baxırdım; dizdən yuxarı arxası kəsik yubkasının üstünə salınmış ağ krujevalı ipək koftası onun ətli əndamına kip oturmuşdu, arxadan açıq-aşkar görünən qara lifçiyi dartıldı. Mənə bir anlıq elə gəldi ki, kofta yırtılacaq, o lifçik də qırılıb açılacaq. Ürəyim düşdü. Görəsən o, nə üçün belə geyinib? Özünü kimə göstərmək istəyir, hə?

Evə gələndən sonra bütün gecəni bu barədə düşündüm və həmin gündən də yuxularım qaçdı...

***

Dörd ay ötdü. Mənə elə bil ilahidən güc verildi və Şopenin sonatasını əzbər çalmağa başladım. Nota baxmadan çalırdım. İstəyirdim ki, Sevil müəllimə hər yerdə məni tərifləsin və yalnız mənim sonatam barədə düşünsün. Amma nədənsə, Sevil müəllimə buna bir o qədər də sevinmirdi. Hər dəfə dərsin axırında mənə deyirdi:

-Bir qədər diri ol. Daha canlı.... daha canlı ifa elə... Buraxılış imtahanı həm də konsertdi... Bakıdan da musiqiçilər gələcək... Sənin qiymətin nə çalmağından yox, necə çalmağından asılıdı... Mənim ümidlərimi puça çıxartma, bildin?

Əlbəttə, hiss edirdim ki, o, əvvəlki Sevil müəllimə deyil. Baxışları bir qədər sərt, bir qədər də quru olmuşdu, yol çəkən gözlərini tez-tez yarıya qədər suyu olan büllur şüşəli çiçəksiz güldana dikirdi.

***

Buraxılış imtahanı günü bizim musiqi məktəbinin konsert zalı adamla doluydu. Mən də o biri uşaqlar kimi həyəcanlıydım. Görəsən necə çalacağam? Hərə öz növbəsini gözləyirdi. Elan verilən kimi uşaqlar bir-bir səhnəyə çıxırdılar; kimi royalda, kimi tarda, kimi də kamançada ilboyu səylə hazırladığı bir əsəri çalırdı. Zaldan gah gurultulu alqışlar qopur, gah da beş-on nəfərin astadan əl çalmaqlarını eşidirdim. Adətən imtahan verən uşaqların müəllimləri qabaq cərgədə oturardılar. Mən də düşünürdüm ki, səhnəyə çıxanda Sevil müəlliməni mütləq görəcəyəm (o, hər ilin yekununda verilən konsertlərdə anamın yanında oturardı), sonatanı daha ürəklə çalacağam. Şopenin özü də qəbirdən çıxıb gəlsə ha, elə çala bilməz!

Biz səhnə arxasında olarkən tar çalanları royalda müşaiyət edən cavan müəllimələrdən biri kiməsə dedi ki, Sevilin nişanlısı Əfqanıstanda həlak olub, təcili Sumqayıta getdi. And olsun bütün müqəddəslərin ruhuna, elə bil başımdan qaynar su tökdülər. Sarsılıb yerimdəcə qurudum. Ağlamaq istədim, bacarmadım. Əllərim əsməyə başladı. Axı mən bu sonatanı onun üçün çalacaqdım! Məhz onun üçün! Necə çalacağam? İnan Allaha, bildiklərim də yadımdan çıxdı və elə bu vaxt mənim adımı elan etdilər. Qorxa-qorxa səhnəyə çıxdım və royal arxasında oturmamış zala göz gəzdirdim, qabaq cərgədə oturan anamı gördüm, sevgi dolu gözlərini mənə zilləmişdi. Böyründəki oturacaq isə boş idi: deməli, Sevil müəllimə yoxdu!

Dünya-aləm başıma fırlandı və heç bilmirəm havaxt royalın arxasında oturdum. Bircə bu yadımda qalıb ki, o anlarda mənə qeyri-adi hirs gəlmişdi, qəhərdən boğulurdum, acığımı dillərin üstünə tökməklə çıxartmaq istəyirdim. Sonatanı çalıb qurtaran kimi dik ayağa durdum, gördüm bütün zal da ayağa qalxıb; əl çalırlar, nəsə deyirlər, qışqırırlar; hamı anamı təbrik edirdi. Onun fərəhli simasını görəndə isə gözlərim lap doldu. Evdə anam danışırdı ki, sən səhnəyə çıxanda elə bildim Şopenin özüdür, Paris salonlarına girir, şəstlə, hikkəylə, bir qədər də hirslə royalın arxasında oturur, barmaqlarını zərblə klavişlərdə gəzdirir, başını, çiyinlərini, əllərini, bütün əzalarını musiqinin tempinə və ruhuna uyğun oynadır, nəhayət, elə akkordlar vurur ki, bütün Paris titrəyir. Mən isə heç nə demədim, pərişan-pərişan başımı aşağı salıb uzun müddət susdum...

***

O gündən bir daha Sevil müəlliməni görmədim. Orta məktəbi bitirib Bakıya gəldim. Təbii ki, konservatoriyanın heç həndəvərinə belə dolanmadım. Universitetdə oxudum, ədəbiyyat yolunu tutdum. Yalan olmasın, altmış ildi yol gedirəm, şairliyim hələ də başımdan çıxmayıb. Hərdən yazı yazmaq həvəsim gələndə Bakı küçələrini dolaşıram.

Çoxdan idi ki, sevgi hekayəsi yazmaq istəyirdim, yaza bilmirdim. Axı həmişə sevgi şeirləri yazmışam, hekayəçilik sövdasında olmamışdım. Necə oldusa, birdən-birə könlümdən sevgi hekayəsi yazmaq keçdi və mən süjet barədə düşünə-düşünə bilmədim ha vaxt gəlib çatdım Konservatoriyanın qabağına. Üzeyir bəyin heykəlinə baxdım, o darısqal sinif otağını xatırladım, divardan asılmış portretləri, boş güldanı və Sevil müəlliməni gözlərim önünə gətirdim. Üzeyir bəyin heykəlinin böyründəki oturacaqların birində əyləşdim, Konservatoriyadan çıxan cavan qız və oğlanlara tamaşa etdim. Necə bəxtəvər görünürdülər! Düşünürdüm ki, nə olaydı, Sevil müəlliməni bir də görəydim, ona deyərdim ki, bax, mən o vaxt sizin tapşırığınızı yerinə yetirdim, Şopenin sonatasını diri çaldım... indi isə o barədə hekayə yazmaq istəyirəm... Heç özüm də bilmirəm niyə belə düşünürdüm.

Bu nə sirdi, bilmirəm, bəlkə Allah da bu sirdən xəbərsizdi: bir də onda gördüm ki, o qapıdan bir qadın çıxdı, qara şalvar, ağ kofta geyinmişdi, çiynindən tünd qəhvəyi çanta asmışdı. Bu, o, idi, Sevil müəllimə! Əvvəlcə gözlərimə inanmadım, qeyri-ixtiyari yerimdən sıçradım. İşə bir bax, bayaqdan onun barəsində düşünürdüm. Gör neçə illər keçib! Zalım qızı heç dəyişməyib! Qırx beş il əvvəl necə görmüşdümsə, eləcə qalıb! Bəlkə o, deyil? Yox, odur, odur, eynəyi də elə həminki eynəkdir! Heç dəyişməyib! İnsan əbədi cavan qala bilərmi? Yenə tərəddüdlər, yenə şübhələr içində çaşıb qaldım. Yaxınlaşmaq istədim, dayandım. Uzaqlaşmaq istədim, yenə dayandım. Aman Allah, o, mənə tərəf gəlir! Hə, özüdür - yerişi, duruşu, oyan buyana nazlı-nazlı baxması... Vallah, bu, möcüzədir! Billah, bu sehirdi!

Yenə ürək eləmədim yaxınlaşmağa. O, mənim yanımdan ötüb keçdi, gözücu da olsa, mənə tərəf baxmadı. Düşdüm dalınca. Yenə fikir vermədi mənə. Yolu adlayıb o biri səkiyə keçdik. O qabaqda, mən də onun dalınca. Ürək-göbəyimi yemişdim, qorxurdum çağırmağa... Bizim aramızda cəmi üç-dörd metr məsafə vardı. Birdən çantasını açdı, əl telefonunu götürüb qulağına apardı, görünür, kimsə yaxın adamdı, zəng vurmuşdu, gülə-gülə danışmağa başladı. Doymuş qadın gülüşüydü bu! Ah, mən necə amansız söz işlətdim! Qadın heç vaxt, heç nədən doymur! Qadın heç vaxt qocalmır! Qadın hər yaşda gözəldi! Səsini də eşitdim, həmin səs idi, ilahi! Yox, yüz faiz Sevil müəllimədir. Axı mənim hesablamalarıma görə, indi Sevil müəllimə məndən təxminən on yaş böyük olmalıdır! Bəs hanı dizdən yuxarı, dalı kəsik yubkası? Qara şalvar geyinib! Görəsən o gözəl, ağ baldırlarını kimdən gizlədir? Ah! Yenə o ağ krujevalı ipək kofta! Bəs o qara lifçik niyə görünmür? Görəsən nə üçün belə geyinib? İndi özünü kimə göstərmək istəyir, hə? Yox, bu, o, deyil! İstədim geri dönəm, özümü qovaq ağaclarının arasına verəm, ürəyim dözmədi, elə bil kimsə mənə pıçıldadı ki, onu çağır.

-Sevil müəllimə!!!- qeyri-ixtiyari qışqırdım.

Qadın qəflətən mənə sarı döndü. Onun uzun, ağ barmaqları arasında tutduğu telefon əsdi, eynəyinin altında görünən iri, həyalı gözlərini təəccüblə (həm də bir qədər soyuq-soyuq!) mənə dikdi.

-Sevil müəllimə! Tanımadız?... Mən....Şopenin sonatası!.. Şooo.....

Nitqim tutuldu.

Eynək iriydi, altındakı gözəl gözlər də dipdiriydi. Qadının bəbəkləri daha da böyüdü, azca sezilən qırışları bir qədər də büküldü; yanaqlar, dodaqlar, burun, çənə, sarışın saçlar həminkiydi. Bəli, bu, odur! Özüdür ki, var! Lap ürəkləndim. O, qırx beş il əvvəl mənim yuxularımı qaçıran uzun, nazik barmaqları arasındakı telefonunu qulağından azca araladı, məni ehtiyatla süzdü, sonra telefonu yenə qulağına dayadı, gülə-gülə (bircə bu gülüşü xatırlaya bilmədim! Sən demə, qadının yalnız gülüşü dəyişirmiş!) dedi:

-Azzz... heç kimdi! Yoldan ötən yaşlı kişidi... Məni çağırdı. Dönüb baxdım, dedim, görəsən məni hardan tanıyır?... Nəsə Şopen-filan dedi elə bil... Hə... həəə... (daha bir amansız gülüş qopdu!) Görünür, elə bilib Jorj Sandam...

Daha heç nə eşitmədim. Çünki mən artıq orda yox idim.

2016.

XS
SM
MD
LG