Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:54

‘Nardaran dustağı’ ilə Cahangir Hacıyev eyni kamerada olublarmış


Nardaranda xüsusi polis əməliyyatı keçirilən zaman
Nardaranda xüsusi polis əməliyyatı keçirilən zaman

"Nardaran işi" üzrə həbs olunanlardan biri Abbas Hüseynov Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarından məhkəməyə şikayət edib. Söhbət Abbas Hüseynovun həbs olunarkən və sonrakı günlərdə məruz qaldığı işgəncələrlə bağlı Baş Prokurorluğa ünvanladığı müraciət barədə çıxarılmış qərardan gedir. Rüstəm Usubovun qərarına əsasən, işgəncə iddiaları ilə əlaqədar cinayət işi başlanması rədd olunub.

Sentyabrın 5-də Səbail Rayon Məhkəməsində A.Hüseynovun şikayətinə baxılıb. Hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə iclasında həbsdə olan A.Hüseynovun özü də iştirak edib. O, 2015-ci il noyabrın 26-da Nardaranda saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən maşında, ardınca da idarədə məruz qaldığı işgəncələrdən danışıb.

Cahangir Hacıyev "bandotdel"də saxlanıldığı vaxt Abbas Hüseynovun kamera yoldaşı olub.

A.Hüseynovun vəkili Fariz Namazlı məhkəmədə müəyyən şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıb. Müdafiəçi Nardaran əməliyyatı zamanı həbs olunmuş və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində A.Hüseynovla birlikdə mühakimə olunan 16 nəfərin dindirilməsini istəyib. Bildirib ki, həmin şəxslər Abbasa verilən işgəncələrin şahidi olublar.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

KAMERA YOLDAŞI OLUBLAR

F.Namazlının daha bir vəsatəti Beynəlxalq Bankın keçmiş rəhbəri, həbsdə olan Cahangir Hacıyevin şahid qismində dindirilməsi barədə olub: "Çünki Cahangir Hacıyev "bandotdel"də saxlanıldığı vaxt Abbas Hüseynovun kamera yoldaşı olub. O, Abbasın kameradan hansı vəziyyətdə çıxarılıb, sonradan hansı vəziyyətdə geri qaytarıldığını görüb".

Dedi ki, "Əbülfəzin gününə düşmək istəmirsənsə, qol çək".

Vəkilin vəsatətlərinin heç biri təmin olunmayıb.

Bu iş üzrə cavabdeh kimi qarşı tərəfi Bakı şəhər prokurorluğunun əməkdaşı Ehtiram Baxşəliyev təmsil edib. O, A.Hüseynovun iddiasının əsassız olduğunu bildirib və təmin olunmamasını xahiş edib.

Hakim qısa müşavirədən sonra iddianın təmin olunmadığını elan edib.

F.Namazlı AzadlıqRadiosu-na açıqlamasında bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

Buna da bax: Taleh Bağırov: «Kimdənsə 1 manat aldığımı sübut eləsələr...»

PROKURORLUQ HESAB EDİB Kİ, CİNAYƏT TÖRƏDİLMƏYİB

Dedi ki, "ömürlük gedəcəksən, biz səni burada saxlasaq da, heç kimin xəbəri olmaz. Bura Azərbaycanın Quantanamosudur".

A.Hüseynov işgəncələrlə əlaqədar Baş prokuror Zakir Qaralova müraciət edib. Baş prokuror müraciətin araşdırılmasına göstəriş verib, Qaralovun köməkçisi A.Hüseynovla görüşüb, şikayətini dinləyib. Lakin araşdırmaların nəticəsi olaraq, Baş prokurorun I müavini Rüstəm Usubovun 16 iyun 2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. Prokurorluq hesab edib ki, A.Hüseynova qarşı hər hansı cinayət törədilməyib.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. T. Bağırov və daha 17 nəfərin məhkəməsi hazırda davam edir. Onlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax: Karserə salınmış partiya liderindən xəbər yoxdur

“Polis mənə deyirdi ki, "məhv olacaqsan, sən ölü kimi şeysən, valideynlərin səndən imtina ediblər".

Abbas Hüseynov məhkəmə proseslərinin birində deyirdi ki, danışdıqları məruz qaldıqları işgəncələrin heç zərrəsi də deyil: “Polis mənə deyirdi ki, "məhv olacaqsan, sən ölü kimi şeysən, valideynlərin səndən imtina ediblər". Dedi ki, "ömürlük gedəcəksən, biz səni burada saxlasaq da, heç kimin xəbəri olmaz. Bura Azərbaycanın Quantanamosudur". Mənə işgəncə veriblər. Döyüb, dubinka ilə çırpıblar. Dedi ki, "Əbülfəzin gününə düşmək istəmirsənsə, qol çək. Elə eləmə ki, həbsxanaya şikəst gedəsən. 21 gün "bandotdel"də qalmışam. Hər gecə saat 3-4-də qaldırıb məni döyürdü. Deyirdi ki, "mən bezdim döyməkdən, sən bezmədin döyülməkdən?" Başıma maska keçirib, əllərimi bağlayıb döyürdülər. Elə bil erməni əsirliyindəydik”.

Məhkəmədə zərərçəkmiş kimi dindirilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə deyilənləri “yalan” adlandırırdılar.

Buna da bax:

XS
SM
MD
LG