Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Uşaq Evləri idarəsində də maliyyə pozuntuları aşkarlanıb


Uşaq evi
Uşaq evi

Hesablama Palatası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılmış vəsaitlərin istifadəsində pozuntular aşkarladığını bildirilir.

Bu haqda palatanın sentyabrın 6-da açıqladığı məlumatda qeyd edilir. Palatanın məlumatı 2014-2016-cı illər üzrə idarənin auditinin nəticələrinə əsaslanır.

Buna da bax:​ Hesablama Palatası məktəb tikintisində pozuntu tapıb

Məlumatda vurğulanır ki, idarə büdcə vəsaitlərinin bölüşdürülməsində real tələbatı öyrənməyib. Əvvəlki illərdəki vəsaitlərin icrası nəzərə alınmayıb, xərclər əsaslandırılmayıb.

Məlum olub ki, orta təhsillilər ali məktəbi bitirənlərin yerinə işləyib...

Hesabatda həmçinin bildirilir ki, audit zamanı Bakı şəhərinin rayonlarındakı uşaq evlərində ərzaq xərci proqnozu ilə faktiki xərclərin əhəmiyyətli şəkildə fərqi üzə çıxıb. Satın alınan malların ehtimal olunan qiymətləri düzgün müəyyənləşdirilməyib. Fəaliyyətə aid olmayan alışlar həyata keçirilib.

“Sayğacların quraşdırılması, çəkilişi və təmiri ilə əlaqədar vəsait nəzərdə tutulduğu halda 10 məktəbəqədər uşaq müəssisəsində su sayğacları quraşdırılmayıb. Nəticədə su xərclərinin ödənilməsi zamanı büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradılıb”, deyə məlumatda bildirilir.

Yoxlamada habelə, bir sıra hallarda ümumi orta təhsilli, kurs qurtarmış şəxslərin ali və orta ixtisas təhsili tələb olunan vəzifələrə təyin edildiyinin də aşkar edildiyi açıqlanıb.

Buna da bax:​ 'Qaçqınkom'da 'yeyinti' aşkarlandı

Hesablama Palatası nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə müntəzəm bilgi verilir.

Palata bundan əvvəl sonuncu dəfə Biləsuvar və Salyan rayon icra hakimiyyətlərində büdcə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verilməsi barədə bilgi yaymışdı.

Palatanın həmin bilgisində habelə, Şirvan rayon İcra Hakimiyyətində, İmişli, Lənkəran təhsil şöbələrində, Cəlilabad Mərkəzi Xəstəxanasında da nöqsanların olduğu deyilirdi.

Buna da bax:​ Palata: 'Mənzil Departamentində xərclər şişirdilib'

Hesablama Palatası bir qədər əvvəl isə AZAL-da, “Su və Meliorasiya” ASC-də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində, Fizika İnstitutunda və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində də pozuntular aşkarlandığını açıqlamışdı.

Sözügedən qurumlar Hesablama Palatasının hesabatları ilə bağlı, hələlik, etiraz bildirməyiblər.

XS
SM
MD
LG