Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:36

İqtisadçı: 'Ölkə qıtlığa doğru gedir' (Video)


Dollar tapılmır. Topdan satış zəifləyib
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Dollar tapılmır. Topdan satış zəifləyib

Ölkədə idmanın inkişafı, manatın dəyər itirməsi, bahalaşma və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində mağazaların bağlanması bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN İDMANININ UĞURLARI

«Azərbaycan» qəzetində «Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir» sərlövhəli məqalə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinə həsr edilib.

Müəllif yazıya dövlət başçısı İlham Əliyevdən sitat gətirməklə başlayır: «Azərbaycan tarixini nəzərdən keçirsək, ən uğurlu dövrdür. Nəyə görə? Çünki xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini görürlər. İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz müstəqillik dövrünə təsadüf edir».

Müəllifin fikrincə, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilməsinin göstəricisidir. Yazıda vurğulanır ki, Bakıda beynəlxalq yarışların keçirilməsi həm də Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsinin sübutudur. Müəllifə görə, idman sahəsində əldə edilən bu uğurların kökündə keçmiş prezident Heydər Əliyevin siyasi xətti durur: «Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də nailiyyətləri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır».

Yazıda daha sonra Azərbaycan idmançılarının uğurlarından bəhs edilir. Müəllif qeyd edir ki, Azərbaycan idmançılarının mötəbər yarışlarda əldə etdiyi yüksək uğurlar dövlətin idmanın inkişafına dəstəyi ilə bağlıdır: «Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir, inkişaf edən bir ölkə kimi tanıtmışdır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar, idman və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamızın dünya miqyasında nüfuzu artır»,-deyə müəllif yazır.

Nemət Əliyev
Nemət Əliyev

YOXSULLUQ, İŞSİZLİK SÜRƏTLƏ ARTACAQ

Azadliq.info saytında «Ölkə böyük qıtlığa doğru gedir» sərlövhəli məqalə oxumaq olar. Yazıda ölkədəki vəziyyət iqtisadçı Nemət Əliyevlə müzakirə edilir.

İqtisadçı qeyd edir ki, son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiymətləri bahalaşıb. Ticarət mərkəzləri bunu ölkədə dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər. İqtisadçı isə vurğulayır ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda yox, yerli istehsal olan məhsullarda da baş verib: «Bu siyahıda «Azərsun Holdinq»in istehsal etdiyi məhsullar da var».

İqtisadçı deyir ki, qiymət artımı özünü daha çox qida məhsullarında göstərir: «Səkər tozu əvvəl marketlərdə 1 manat 10 qəpiyə satılırdısa, indi 1 manat 30 qəpiyədək bahalaşıb. Gündəlik tələbat məhsulu olan yumurta isə 11 qəpikdən 14 qəpiyə yüksəlib. Kənd yumurtasının qiymətində də artım var - 14 qəpikdən 18 qəpiyə qalxıb. «Westgold» yağının 1 kiloqramının topdansatış qiyməti 6.70-dən 7.01-ə yüksəlib».

İqtisadçının fikrincə, qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. O deyir ki, milli valyutanın sürətlə dəyər itirməsinin bu cür nəticələrə gətirib çıxaracağı gözlənilən idi Çünki daxili bazarın 70-80 faizi idxaldan asılıdır: «Yerdə qalan 20-30 faiz daxili istehsalın da xeyli hissəsini xarici ölkələrdə istehsal olunan xammal və avadanlıq təşkil edir. Manatın xarici valyutalar qarşısında dəyərdən salınması qiymətlərin dəyişməsinə səbəb olacaqdı. Yaranmış vəziyyət sahibkarları tərəddüdlü vəziyyətə gətirib. Sahibkarlar məcbur edilir ki, qiymətləri qaldırsınlar. Əgər onlar qiymətləri qaldırmasalar, ciddi itki ilə üzləşəcəklər. Mərkəzi Bank öz siyasəti ilə ticarət sektorunda bu cür vəziyyət yaradır. Görün hansı vəziyyət yaranıb ki, banklar dollar satışını dayandırıblar. Banklar pulun gələcək taleyi ilə bağlı çox məlumatlı olurlar. Ona görə də bankların bu cür davranışı tam məntiqlidir. Mərkəzi Bank bu bankları məcbur edib ki, onlar xarici valyutanı yığım vasitəsinə çevirsinlər».

N.Əliyev vurğulayır ki, yerli istehsal məhv olduğundan hazırda ərzağın qiymətində artım yaşanır: «Konkret halda siqaretin, şəkərin qiymətində, manatın məzənnəsində baş verənlər iqtisadiyyatın çöküşünün görsənişidir. İstehsalın bütün mərhələlərində çöküş yaşanır. Yoxsulluq, işsizlik böyük sürətlə artacaq. Bütün bu proseslər qıtlığa doğru aparır».

Manat. Karikatura
Manat. Karikatura

NÖVBƏTİ DEVALVASİYA TƏHLÜKƏSİ

«Novoye Vremya» qəzetində dərc edilən «Manat xilas olmağa ehtiyac duyur» sərlövhəli məqalədə milli valyutanın gələcək taleyi gözdən keçirilir.

Müəllif bildirir ki, bank sistemindəki indiki durum insanlara xarici valyuta almaqda problem yaradıb.

Yazıda Bakıda artıq «qara bazar»ların canlanmasına toxunulur. Müəllif bildirir ki, «qara bazar»da 1 dollar 1.83-1.85 manat arasında dəyişir. Ora gələnlər 5 min dollara qədər pul dəyişə bilirlər: «Bütün bunlar mal qıtlığına səbəb ola bilər, odur ki, tənzimləyici qurumlar təcili buna müdaxilə etməlidir».

Müəllifin fikrincə, indiki halda Maliyyə Bazarına Nəzarət Palatası sanki prosesdən kənarda qalıb. Mərkəzi Bank isə təsirli mexanizmə malik deyil. Yazıda qeyd edilir ki, baş verənlər ölkədə bank sisteminin gücsüz hala düşməsinin göstəricisidir: «İş o yerə gəlib ki, insanlar valyuta dəyişə bilmirlər. Bank kreditlərinin olmaması artıq bank sisteminin böhranıdır. Bankların konsolidasiyadansa bağlanmağa razı olmaları bu sektorun yeni keyfiyyətlə qurulmasına iqtisadi şəraitin olmaması deməkdir».

«Sədərək»
«Sədərək»

MÜŞTƏRİLƏR AZALIR, MAĞAZALAR BAĞLANIR...

«Bizim Yol» qəzetində isə «Topdansatış ticarəti dayanmaq üzrədir» başlıqlı yazı ilə tanış olmam mümkündür.

Müəllif yazır ki, «Sədərək» ticarət mərkəzində qiymətlərin artması ilə yanaşı, mağazalara mal verilməsi də məhdudlaşdırılıb. Satışla məşğul olan şəxslər bunu Azərbaycanda dolların manata nisbətən bahalaşması ilə izah edirlər.

Geyim, xalça, tekstil məhsullarının topdansatışı ilə məşğul olan mağazaların sahibləri qəzetə bildiriblər ki, qiymətləri dolların məzənnəsinə uyğun dəyişiblər: «Qiymətlər hər gün dəyişir-bahalaşır. Qiymət artımının süni olmadığını bildirən sahibkarlar bahalaşmanın davam edəcəyinin gözlənilən olduğunu vurğulayırlar. Ona görə də, malların məhdud sayda buraxdıqlarını deyirlər. Onu da öyrəndik ki, qiymət artımı ilə əlaqədar olaraq paytaxtda yerləşən iri ticarət mərkəzlərinə müraciət edən sahibkarların sayı günü-gündən azalır».

Müəllif vurğulayır ki, ticarət mərkəzində yeni tədris ilinin başlanması ilə bağlı məktəbli formalarına tələbat artıb. Bununla belə ümumilikdə əhalinin alıcılıq qabiliyyəti aşağıdır.

Yazıda qeyd edilir ki, son aylar alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən bağlanan mağazaların sayı sürətlə artıb: «İstər ərzaq, istər tikinti, istərsə də məişət avadanlıqları mağazaları alver edə bilmir və bağlanır. Xüsusən paltar mağazaları kütləvi şəkildə boşaldılır. Ticarətçilər bir səbəb kimi də verginin və icarə haqlarının artmasını göstərirlər. Nəticədə «Sədərək»də hər addımda «kirayəyə verilir» elanı yazılmış mağazalara rast gəlmək mümkündür».

XS
SM
MD
LG