Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

C.Hacıyev və yaxınları ABB-nin 184 milyonluq səhmlərini qaytarıblar


Cahangir Hacıyev
Cahangir Hacıyev

Cahangir Hacıyevin vəkilləri narazıdır

«Beynəlxalq Bank sədri Cahangir Hacıyevə qarşı cinayət işi kobud prosessual pozuntularla araşdırılıb. Bu, məhkəmədə də davam edir».

Bu barədə sentyabrın 8-də keçirdikləri mətbuat konfransında sabiq bankirin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov bildiriblər.

F. Mehdiyev istintaqın Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (DİN-in BMCMİ) aparılmasının qanunsuz olduğunu bildirib.

«2005-ci ildə DİN-in yüksək vəzifəli məmurlarının Beynəlxalq Bank sədrinin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasında əli olub. Buna görə istintaqın DİN strukturu tərəfindən aparılması araşdırmanın qərəzsizliyini şübhə altına qoyur. Bundan başqa, ittiham maddələrindən biri - 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) prokurorluğun səlahiyyətlərinə aiddir. Qanuna zidd olaraq, Hacıyev 38 gün BMCMİ-nin təcridxanasında saxlayıblar. Müdafiə tərəfin bu prosessual pozuntularla bağlı bütün şikayətləri diqqətdən kənar qalıb», o, bildirib.

Buna da bax:​ Beynəlxalq Bank işi: 2 günə 17 milyonluq kredit götürülüb

Doğmalarının hüquqları pozulur

«Xəzər adaları» layihəsi ittiham materiallarında yoxdur.

F. Mehdiyev deyib ki, C. Hacıyevin doğmalarının hüquqları pozulur, onun bacısı Əminə Hacıyevanın ölkədən çıxışı qadağan edilib. Onun anasının mənzilini varisinin almasına imkan verilmir. Hacıyevin özünün yanına notarius buraxmırlar ki, bu da onun vətəndaş hüquqlarını pozur.

Vəkil A.Layıcov isə bildirib ki, 2010-2014-cü illərdə Azərbaycan Beynəlxalq Bankının (ABB) fəaliyyətini vergi idarəsi və prokurorluq yoxlayıb. Cinayət faktları olmadığına görə, cinayət işi bağlanıb.

Müdafiə tərəfinin bildirməsinə görə, ABB-də bütün yoxlamaların təşəbbüskarı maliyyə naziri Samir Şərifov olub. Vəkillər Şərifov və Hacıyev arasında intriqa olduğunu deyib.

Buna da bax: Cahangir Hacıyevin müavini onun əleyhinə ifadə verdi

«Xəzər adaları» layihəsi...

Vəkillər: «ABB-də bütün yoxlamaların təşəbbüskarı maliyyə naziri Samir Şərifov olub».

«Turan» İnformasiya Agentliyinin «Xəzər adaları» layihəsinin həyata keçirilməsi ilə bağlı (dənizdə şəhər salınması) sualına cavabda vəkillər deyib ki, bu layihə ittiham materiallarında yoxdur. Vəkillərin sözlərinə görə, istintaq Hacıyevi yalnız 35 milyon manatı mənimsəməkdə ittiham edir ki, o, bununla razı deyil. Üstəlik, vəkillər bildirirlər ki, Hacıyev, onun ailə üzvləri, yaxınları ABB-nin 184 milyon manat dəyərindəki səhmlərini qaytarıblar.

5 milyard...

«Məhkəmə Hacıyevi 5 milyard dollara yaxın vəsaiti ofşor zonalara çıxarmaqda ittiham edən Maliyyə Nazirliyinin nümayəndəsini prosesə çağırmaqdan da imtina edib. Maliyyə Nazirliyində belə məlumat var idisə, niyə onlar bu məlumatı istintaqa vermirdilər?» - deyə vəkil Fəxrəddin Mehdiyev sual edib.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Məhkəmə Hacıyevi 5 milyard dollara yaxın vəsaiti ofşor zonalara çıxarmaqda ittiham edən Maliyyə Nazirliyinin nümayəndəsini prosesə çağırmaqdan da imtina edib.

Müdafiə tərəfi Hacıyevə bəraət verilməsində israr etmək niyyətindədir və artıq Avropa İnsan Haqları Məhkəməsinə keçmiş ABB sədrinin həbsi ilə bağlı şikayət göndəriblər.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur. Üstəlik, bu günlər Maliyyə Nazirliyinin rəsmisi Cahangir Hacıyevi 5 milyard dollara yaxın bir vəsaitin ölkədən çıxarılaraq ofşor zonalarda yerləşdirilməsində ittiham edib.

XS
SM
MD
LG