Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 09:42

Müxalifətin geniş spektrindən Milli Şuranın mitinqinə dəstək


Mitinq
Mitinq

Müxalif qüvvələrin geniş spektrinin nümayəndələri Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 11-nə təyin olunan mitinqində iştirak etmək niyyətindədir.

NİDA Vətəndaş Hərəkatı bu mitinqdə iştirak etmək qərarını elan edib.

«Müsavat Partiyasının İdarə Heyəti də avtoritarizmin güclənməsinə qarşı bütün tədbirlərdə iştirak etməyi qərara alıb», - deyə partiyanın aparat rəhbəri Gülağa Aslanlı bildirib. «Partiya Milli Şuranın mitinqinin şüarlarını və məqsədini təqdir edib və Müsavat üzvlərinin bu aksiyada iştirakını məqsədəuyğun hesab edib», - deyə o, əlavə edib.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, D-18 hərəkatı və Liberal-Demokrat Partiyası da bu mitinqdə iştirak etməyi qərara alıblar.

Buna da bax-Şəhər rəhbərliyi Milli Şuranın mitinq istəyinə 'hə' dedi

REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı isə agentliyə deyib ki, hərəkat üzvləri aksiyada iştirak haqqında şəxsən qərar qəbul etməkdə azaddırlar.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasından da eyni mövqeyi bildiriblər. «Biz partiya olaraq təşkil etmədiyimiz mitinqlərdə iştirak etmirik. Amma partiya üzvləri 11 sentyabr mitinqində iştirak etməkdə azaddırlar», - deyə AKXCP lideri Mirmahmud Mirəlioğlu bildirib.

Milli Şura sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma etiraz edir.

Aksiya Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılıb. Ancaq Bakı şəhər Baş Polis İdarəsi aksiyanın vaxtının bir qədər önə çəkilməsini istəyir. Milli Şura təmsilçiləri isə bir qədər əvvəl bunun mümkün olmadığını bildiriblər.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-na təyin olunub.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot etmək qərarı verib.

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişikliklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

XS
SM
MD
LG