Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:23

Daha 85 dövlət əmlakı hərraca çıxarılır


Foto illüstrasiya
Foto illüstrasiya

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı oktyabrın 11-də yeni hərrac keçiriləcəyini elan edib.

Komitənin yaydığı xəbərə görə, hərraca 85 dövlət müəssisə və obyekti çıxarılacaq.

Hərraca çıxarılan dövlət əmlaklarının 30 faizi Açıq Səhmdar Cəmiyyətləridir.

Bunlar Yevlaxda, Salyanda, Bakıda, Ucarda, Gəncədə və başqa şəhərlərdə yerləşir.

Komitə qeyd edir ki, həmin qurumlar kənd-kimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye və emal sahələrini əhatə edir.

Bununla yanaşı, hərraca 30 kiçik dövlət müəssisə və obyektinin də çıxarılacağı gözlənilir. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, ictimai iaşə və ticarət müəssisələri var.

Hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də var.

BUNDAN ƏVVƏL 65 OBYEKT

Əmlak Məsələləri Dövlət Komitəsi bundan əvvəl 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan etmişdi.

Həmin əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 10-u nəqliyyat vasitələri, 28-i də digər dövlət əmlak və obyektləri idi.

Bu il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Sənəddə qeyd olunur ki, fərmanın məqsədi ölkədəki iqtisadi fəallığı gücləndirmək, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatın şaxələndirilməsini təmin etmək və sağlam rəqabət mühiti formalaşdırmaqdır.

Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin azalması bu ildən özəlləşdirmə mövzusunu Azərbaycanda yenidən gündəmə gətirib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

XS
SM
MD
LG