Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:58

İran kinosu bu qadınlara borcludur...


İranlı aktrisa və rejissor Niki Kərimi.
İranlı aktrisa və rejissor Niki Kərimi.

-

Orta Şərqdə İran, qadın kinematoqrafçıların ən çox olduğu ölkədi. İranda qadın kinosunun tarixi islam inqilabından da əvvələ uzanır. Füruğ Fərruhzad (Forough Farrokhzad), Pouran Deraxşande (Pouran Derakhshandeh), Rahşan Bəni Etimad (Rahshan Beni İtimad), Təhminə Milani (Tahmineh Milani), Niki Kərimi (Niki Karimi), Samirə və Hana Mahmalbaflar (Samira Makhmalbaf, Hana Makhmalbaf) bu ölkənin qadın rejissorlarının sadəcə bir qismidi. Adları çəkilən kinematoqrafçılar fərqli dövrlərdə və fərqli rakurslardan qadınların problemlərini filmlərində əks etdiriblər.

Buna da bax: "Ərəb filmində qadın rejissorlar kimlərdir..."

Füruğ Fərruhzad

İranlı şair və rejissor Füruğ Fərruxzad.
İranlı şair və rejissor Füruğ Fərruxzad.

İranın XX əsrdə yetişdirdiyi ən əhəmiyyətli şairələrdən biri olan Füruğ Fərruhzadın 1962-ci ildə çəkdiyi “Ev qaradır” (“Khaneh siah ast”) filmi, bu ölkədə qadın rejissor tərəfindən çəkilmiş ilk ekran əsəridir. Şairə-rejissor 22 dəqiqəlik filmində Təbrizdə cüzam xəstələrinin yaşadığı bölgədə baş verənləri poetik bir dillə təsvir edir.

1967-ci ildə dünyasını dəyişən F.Fərruhzad həm müasir İran şeirinin avanqardı, həm də İran kinosunda “Yeni dalğa” cərəyanının həssas, sadə rejissoru kimi ad qazanmışdı.

Pouran Deraxşande

Pouran Deraxşande 1951-ci ildə İranın kürdlər yaşayan bölgəsində - Kirmanşahda anadan olub, 1975-ci ildə Tehranda Televiziya və Kino Universitetini bitirib. Bir müddət Kirmanşah televiziyasında işləyəndən sonra Tehrana qayıdıb və ordakı telekanallar üçün sənədli filmlər çəkib. 1986-cı ildə “Rabate” adlı ilk tammetrajlı filmini lentə alıb.

Pouran Deraxşande-nin 2013-cü ildə çəkdiyi məşhur "Qadınlar bağırmaz" filmi İranda qadın haqları ilə bağlı ən yaxşı filmlərdən biridir.

2013-cü ildə çəkdiyi sonuncu filmi – “Qızlar bağırmaz” təcavüzə məruz qalan, lakin bunu dilə gətirə bilməyən qadınlar haqqındadı. Filmin qəhrəmanı Şirin, toyu ərəfəsində qəflətən bir kişini öldürür və edama məhkum edilir. Məhkəmə zamanı gənc qızın uşaqlıqda davamlı cinsi təcavüzə məruq qaldığı ortaya çıxır. Rejissor bu filmində cinayət və ədalət anlayışlarının mahiyyətini araşdırır.

“Qadınlar bağırmaz” filmi Müstəqil Qadın Filmləri Festivalında “ən yaxşı aktrisa” və “ən yaxşı film”, Fəcr Film Festivalında “ən yaxşı film” adına layiq görülüb və tamaşaçıların mükafatını qazanıb.

Həmçinin İranda da kifayət qədər tamaşaçı toplamış film, qadınların sosial həyatda yerləri və ədalət anlayışı ilə bağlı ciddi müzakirələrin yaranmasına səbəb olub.

Buna da bax: «İranlı rejissorlar bizi aldadırlar...»

Rahşan Beni Etimad

Rakhshan Bani-Etemad 71-ci Venesiya Film Festivalında məşhur filmi "Ghesseh-ha" ilə iştirak edib.
Rakhshan Bani-Etemad 71-ci Venesiya Film Festivalında məşhur filmi "Ghesseh-ha" ilə iştirak edib.

1954-cü ildə anadan olmuş Rahşan Etimad İran kinosunun ən sarsılmaz, həyatını bu işə həsr eləyən ilk qadın rejissorudu. O, kinoda fəaliyyətinə ölkədə rejim dəyşməzdən əvvəl, assistent kimi başlayıb. Eyni vaxtda televiziyada da işləyən gələcək rejissor islam inqilabından sonra qadınlara tətbiq olunan qadağalar ucbatından televiziyadakı işindən ayrılmağa məcbur olub. Səksəninci illərin ortalarından yenidən sevimli məşğuliyyətinə qayıdan rejissor, sənədli və bədii filmlər çəkməyə başlayıb. Onun qəhrəmanları həmişə cəmiyyətin yoxsul təbəqəsi olub. Kənddən şəhərə köç, iqtisadi problemlər, gecəqondularda yaşayanların həyatı onun filmlərinin əsas mövzularıdı.

R.Etimad həm də senzura idarəsinə ustalıqla qalib gəlməsilə məşhurdu. Onun filmləri vizual olaraq qaydalara əməl etsə də, mövzu və yanaşma baxımından son dərəcə azad olması və sistemi tənqid etməsi ilə fərqlənir.

Ferial Behzad

1955-ci ildə anadan olmuş Ferial Behzad İran kinosunda Amerikada təhsil alan (Boston Universiteti) istisna rejissorlardandı.

Ferial Behzad İranda qərb təhsilli tək-tük qadın rejissorlardan biridir.
Ferial Behzad İranda qərb təhsilli tək-tük qadın rejissorlardan biridir.

1990-cı ildə lentə aldığı “Kakoli” filmi ilə məşhurlaşan F.Behzad, daha sonra “Darre-ye shaparakha” (1991), “Roozi ke Khastegar Amad” (1996) və “The swallows in love” (2001) filmlərini çəkib.

Buna da bax: "İranlı rejissor Bakıda: "Elə bilirəm başqa bir Təbrizə gəlmişəm""

Təhminə Milani

1960-cı ildə Təbriz yaxınlığında Milan kəndində doğulmuş, azərbaycan mənşəlli Təhminə Milani İranın ən məşhur qadın rejissorlarından biridi. Rejissor 1999-cu ildə çəkdiyi “İki qadın” (“Do zan”) və 2001-ci ildə çəkdiyi “Gizli yarı” (“Nimeh-ye penhan”) filmləri ilə şöhrət qazanıb.

İranlı azərbaycan mənşəlli qadın rejissor Təhminə Milani.
İranlı azərbaycan mənşəlli qadın rejissor Təhminə Milani.

T.Milani hər iki filmində ciddi siyasi metamorfozalar yaşayan İran cəmiyyətini müxtəlif qadın obrazları vasitəsilə açmağa çalışıb.

“İki qadın”, İranda baş verən siyasi hadisələrdən, rejim dəyişəndən sonra solçulara qarşı həyata keçirilən yoxetmə siyasətindən, Musadık dövrünün milli siyasətindən, bütün bunların fonunda ailə içində və cəmiyyətdə qadınlara qarşı təzyiqlərdən bəhs eləyir.

Bu filmi çəkməkdən ötrü yeddi il senzura idarəsi ilə mübarizə aparan Milani, onu bitirəndən sonra da təzyiqlərə məruz qalıb və həbs olunub. Rejissor, İrandakı mövcud rejimin və şəriətin qanunlarını pozmaqda günahlandırılaraq edama məhkum edilib, lakin xarici və daxili ictimai təzyiqlər sayəsində azad buraxılıb.

Bütün yaşadıqlarına baxmayaraq yolundan dönməyən Milaninin “Gizli yarı” adlı növbəti filmi eyni mövzunun davamı idi. Bu filmdə müəllif, islam inqilabından əvvəl solçu qadın hərəkatının üzvü olmuş xanımın, rejim dəyişəndən sonra keçmişini gizlədərək bir hakimlə evlənməsindən danışır. Qəhrəman keçmişi ilə indisi arasında yolunu itirib. Amma günlərin bir günü keçmiş əqidə yoldaşının məhkəməsində ərinin hakimlik edəcəyini öyrənəndə hər şeyi ona danışmaq qərarına gəlir.

Təhminə Milaninin inqilab zamanı solçu İran qadınların həyatından bəhs edən "Gizli yarı" filmindən bir parça.

Solçu qadınların da bütün digər qadınlar qədər əxlaqlı olduqlarını göstərən Milani, bu filmi ilə solçu qadınlara, ümumiyyətlə, solçulara qarşı aparılan əks-təbliğata etirazını bildirir.

Niki Kərimi

1971-ci ildə Tehranda anadan olmuş Niki Kərimi İran kinematoqrafiyasının ilk ulduz aktrisası kimi tanınıb. Karyerasına 1990-cı ildə çəkildiyi “Vəsvəsə” filmiylə başlayan və 50-ə yaxın filmdə rol alan N.Kərimi həm öz ölkəsində, həm də bir çox beynəlxalq festivallarda dəfələrlə “ən yaxşı aktrisa” adına layiq görülüb. 2005-ci ildə isə rejissor kimi “Bir gecə” adlı ilk filmini, bir il sonra da “Bir neçə gün sonra” filmini çəkib.

Niki Kəriminin aktrisa kimi oynadığı "Mən onun arvadıyam" (2014) filmi.
Niki Kəriminin aktrisa kimi oynadığı "Mən onun arvadıyam" (2014) filmi.

Yaradıcı fəaliyyətinə daha çox aktrisa qismində davam edən Niki, 2011-ci ildə yenidən “Sonuncu fit” filminin rejissor kürsüsünə oturub. Kəriminin hələlik sonuncu filmi 2015-ci ildə lentə alığı “Gecə növbəsi”dir.

Niki Kerimi həm aktrisa kimi çəkildiyi, həm də rejissor kimi çəkdiyi filmlərdə qadın həssaslığını qabartmağa çalışır. Onun, öz ayaqları üzərində dayanmağı bacaran güclü qadın obrazları İran cəmiyyətində sevilən və rəğbət görən qadın modellərindən sayılır.

N.Kərimi həmçinin aktyorluq dərsləri də verir.

İda Panahandeh

1979-cu ildə anadan olmuş İda Panahandeh yaradıcı fəaliyyətə 2005-ci ildə başlayıb. Çox sayda qısametrajlı bədii və sənədli filmlərə imza atan rejissorun 2015-ci ildə çəkdiyi ilk tammetrajlı bədii filmi – “Nahid”, Beynəlxalq Kann Kino Festivalının “Xüsusi baxış” bölümündə iştirak edib və “Avenir” mükafatına layiq görülüb.

Ida Panahandeh-in Kann festivalının mükafatını qazanmış, İranda qadınların boşanmasına həsr olunmuş "Nahid" filminin treyleri.

“Nahid” filmi boşanmış qadın olan Nahidin dövlətin qoyduğu qadağalar və öz hissləri arasında qalmasından, bu daxili mübarizənin nəticələrindən bəhs edir. Nahidin 10 yaşlı oğlu atası ilə qalır. Qadın övladının vəlayətini yalnız bir şərtlə ala bilər: o, təkrar ərə getməməlidi. Nahid övladı və sevgisi arasında seçim eləməyə məcburdu.

Film, İran cəmiyyətində qadınların öz həyatları uğrunda apardıqları mübarizəni, analıq və qadınlığın ayrılmaz olduğunu son dərəcə realistik və təsirli kino dili ilə göstərir.

Buna da bax: "Füruğ Fərruxzad. Quş ölür, sən uçuşu xatırla"

Marziya Meşkini Makhmalbaf

Məşhur Iran rejissoru Möhsün Mahmalbafın ikinci xanımı olan Mərziyə Meşkini kinoda ilk addımlarını Mahmalbaf Film Evində atıb. Bütün ailəsini kinematoqrafiya ilə doğmalaşdıran Möhsün Mahmalbaf həyat yoldaşına da xeyli kömək edib. Karyerasına çəkiliş meydançasında digər ailə üzvlərinin filmlərində assistenlik etməklə başlayan Mərziyənin rejissor kimi ilk təcrübəsi 2000-ci ildə lentə aldığı “Qadın olduğum gün” filmidi. Müəllif, bu filmində müxtəlif dövrlərdə yaşamış, fərqli yaşlarda və fərqli sosial təbəqələrdən olan qadınların həyatlarını göstərməyə çalışıb.

Mərziyə Meşkini Maxmalbafın Venesiya və Toronto film festivallarında nümayiş olunmuş məşhur "Mən qadın olduğum gün" filminin treyleri.

Mahmalbaflar ailəsi Əfqanıstana köçəndən sonra hamısı eyni vaxtda film çəkəndə Mərziyə Meşkini “Çaşqın köpəklər” filminin rejssor kürsüsünə oturub.

Film, Amerika cinsindən olan balaca bir köpəklə sahiblərinin – atası Qvatemalada, anası Əfqanıstanda həbsdə olan iki qardaşın həyat uğrunda mübarizəsindən bəhs edir.

Rejissorun, 2009-cu ildə həyat yoldaşı Möhsün Mahmalbafla birlikdə çəkdiyi “Qarla gələn adam” filmi isə klassik İran kinosunun qəliblərini sındıran ekran əsəridi. Burda Rusiya əyalətlərindən birində yeməkxanada baş verən hadisələr əcnəbi qonağın gözü ilə təsvir olunur.

Samirə Mahmalbaf

Möhsün Mahmalbafın böyük qızı olan Samirənın uşaqlığı çəkiliş meydançalarında keçib. O, 8 yaşında atasının “Velosipedçi” filmində çəkilib, 17 yaşında isə Möhsün Mahmalbafın ssenarisi əsasında ilk tammetrajlı filmini - “Alma”nı çəkib və Kann festivalında iştirak edən ən gənc rejissor olub. Dahi fransız rejissoru Jan-Lyuk Qodarın da çox bəyəndiyi “Alma” filmi 100-dən çox festivala qatılıb, 30 ölkədə nümayiş olunub.

İranlı rejissor Samirə Mahmalbaf.
İranlı rejissor Samirə Mahmalbaf.

İlk filmi ilə böyük uğur qazanan Samirənin ikinci filmi - “Məktəb lövhəsi” İran kürdlərinin həyatından bəhs edir. Kann Kinofestivalında Münsiflər Heyətinin Xüsusi mükafatına layiq görülən bu filmdə baş rolu iranlı rejissor Bəhmən Qobadi oynayır.

Samirənin növbəti işi 11 sentyabr terroruna həsr olunmuş “11 sentyabr” filminə olub. O, bu layihədə Ken Loach, Shohei İmamura, Shonn Penn, Yusuf Shahin kimi məşhur rejissorlarla birlikdə çalışıb.

Rejissor, “İki ayaqlı at” adlı növbəti filmini Əfqanıstanda lentə alıb. Taliban rejimi dağılandan sonra Əfqanıstanda çəkilən və əfqan uşaqlarının taleyindən danışan “İki ayaqlı at” filmi Samirəyə ikinci dəfə Kann festivalında münsiflər heyətinin xüsusi mükafatını qazandırıb.

Gənc olmasına baxmayaraq Samirə Mahmalbaf 2004-cü ildə “Guardian” qəzetinin apardığı sorğuda dünyanın ən yaxşı rejissorlarından biri seçilib.

Hana Mahmalbaf

Mahmalbaf ailəsinin ən kiçik üzvü, 1988-ci ildə anadan olmuş Hana da atası və bacısının yolunu davam etdirir. O da ilk kino təhsilini Mahmalbaf Film evində alıb, bacısının filmlərində assistent kimi çalışıb.

Yaradıcı fəaliyyətə birbaş uzunmetrajlı filmlə başlayan Hana, “Budda utandığından dağıldı” adlı ilk filmini Əfqanıstanda çəkib. Film, müharibə şəraitində, bombaların altında yaşayan 6 yaşlı Baktay adlı qızın məktəbə getmək, oxumaq üçün apardığı mübarizədən son dərəcə realist bir tərzdə bəhs edir.

Hana Makhmalbafa ən böyük uğuru gətirmiş "Budda utandığından dağıldı" sənədli filmi Əfqanıstanda qadın-kişi bərabərliyinin pozulmasına həsr olunub.

Hananın 2009-cu ildə prezident seçkiləri ərəfəsində lentə aldığı, İranda qadınların və ümumiyyətlə, gənclərin hüquqlarından danışan növbəti filmi “Yaşıl günlər”in İranda nümayişinə qadağa qoyulub. Bu filmə və eyni dövrdə atası da İran hökuməti əleyhinə çıxış etdiyinə görə Mahmalbaf ailəsi İrandan çıxmağa məcbur olub.

Mənbə: Kinoşünas Rza Oylumun "Orta Şərqin kinematoqrafiyası" kitabından.

XS
SM
MD
LG