Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:41

BMT məruzəçisi ilə görüşdə kim nədən danışacaq


Michel Forst
Michel Forst

BMT-nin xüsusi məruzəçisi Michel Forst-un sentyabrın 14-dən Azərbaycana səfəri başlayır. Bir həftədən çox, sentyabrın 22-dək ölkədə olacaq məruzəçi insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdıracaq.

O, Bakıya hökumətin dəvəti ilə gəlir. Məqsəd vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərlə bağlı «birinci əldən məlumatlar toplamaq və demokratiyanın yayılmasının yollarını araşdırmaqdır».

Rəsmi məlumatda məruzəçinin hökumət təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşəcəyi də deyilir.

HÜQUQ MÜDAFİƏÇİLƏRİ HƏVƏSSİZ GÖRÜNÜRLƏR

Hüquq müdafiəçiləri görüş haqda danışmağa həvəssiz görünürlər. Ümumi ifadələrlə kifayətlənirlər. Onlardan biri Səidə Qocamanlı AzadlıqRadiosuna deyir ki, sentyabrın 20-də baş tutacaq görüşdə hansı məsələləri qaldıracaqlarını dəqiq söyləyə bilmir: «İnsan hüquqlarına aid hər bir məsələni qaldıracağıq, özü də həm müsbət, həm də xoşagəlməz tərəfləri ilə birgə».

Hüquq müdafiəçisi İntiqam Əliyev görüşdə toxunacağı məsələlər haqda bəri başdan danışmaq istəmir. Deyir ki, görüşdə onlara nə qədər zaman ayrılacağını və bu müddətdə hansı məsələləri əhatə edə biləcəklərini söyləməkdə çətinlik çəkir. Buna görə də, görüşdən sonra məlumat vermək istəyir.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

MİRVARİ QƏHRƏMANLI MOLDOVAYA GEDİR

Mirvari Qəhrəmanlı görüşə dəvət alsa da, qatıla bilməyəcək. Buna səbəb hüquq müdafiəçisinin həmin müddətdə Moldovada «Şərq tərəfdaşlığı» Proqramı çərçivəsində bir tədbirə qatılmasıdır. Ancaq ölkədə insan haqlarının durumu ilə bağlı bəzi fikirlərini yazılı şəkildə məruzəçiyə göndərməyi düşünür: «Burda olsaydım, vətəndaş cəmiyyətinin indiki durumundan danışardım. Deyərdim ki, indi bu durum nisbətən yaxşıdır, layihələr buraxılıb, ancaq gələn il fəaliyyət baxımından durğunluq olacaq. Mövcud qanunvericiliyə toxunardım, Konstitusiyaya dəyişikliklərə toxunardım. Çox istəyirdim iştirak edim, amma heyf alınmır».

M.Qəhrəmanlı məruzəçinin tək vətəndaş cəmiyyətinin üzvləri ilə deyil, rəsmilərlə, siyasi fəallarla, radikallarla, liberallarla da görüşməsini istəyir: «O zaman hesabat da obyektiv olacaq».

«HAKİMİYYƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ARASINDA UÇURUM VAR»

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ölkəyə yenicə qayıdıb və adının siyahıya salınıb-salınmayacağından xəbərsizdir. Bununla belə, hüquq müdafiəçisi görüşdə insan hüquqlarına aid bütün məsələlərə toxunmaq istədiyini söyləyir: «Həm sosial hüquqlar, həm siyasi hüquqlarpozulur. Bir də çox vacib bir məqam var. Hökumətlə vətəndaş cəmiyyəti arasında heç bir əlaqə yoxdur. Bax, bu əlaqəni bərpa etmək lazımdır. Vətəndaş cəmiyyəti düşmən deyil. Onu cəmiyyətə düşmən formasında təqdim etmək lazım deyil. Hər bir fəallığa görə həbs edilmək ehtimalı çox böyükdür. Bu olmamalıdır».

Arzu Abdullayeva
Arzu Abdullayeva

A.Abdullayevanın qənaətincə, «üçüncü bir qrup» hakimiyyətlə vətəndaş cəmiyyəti arasında hər zaman uçurum yaratmağa çalışır. «Həmin üçüncü qüvvə xaricdədir və burda emissarları var. Dövlət qurumu daxilində sabotaj qrupu var. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan sonra bəlli oldu ki, dövlət içində bir balaca dövlət də var, onlar hər zaman sabotajla məşğul olublar. İndi aparılan siyasət Azərbaycanın mənafeyinə, imicinə ziddir, elə hakimiyyətin özünə də ziddir. Kimsə ardıcıllıqla bu siyasəti aparır və prezident də bunu qəbul edib. Bu aradan qaldırılsın deyə, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında bərabər səviyyədə danışıqlar olmalıdır», – hüquq müdafiəçisi vurğulayır.

Xüsusi məruzəçi Michel Forst-un yekun hesabatı 2017-ci ilin martında BMT İnsan Hüquqları Şurasına təqdim olunacaq. O, araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini sentyabrın 22-də BMT-nin Bakı ofisində keçirəcəyi mətbuat konfransında ictimaiyyətlə bölüşməlidir.

XS
SM
MD
LG