Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:31

R.Kauzlarich Vaşinqtonun Bakıdakı səfiri geri çağırmasını istəyir (Yenilənib - Video)


ABŞ-ın Azərbaycandaklı keçmiş səfiri Richard Kauzlarich dinləmədə çıxış zamanı
ABŞ-ın Azərbaycandaklı keçmiş səfiri Richard Kauzlarich dinləmədə çıxış zamanı

ABŞ Konqresinin Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair sentyabrın 15-də keçirilən dinləmədə fəallar hökumətin referendum öncəsi jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və insan haqları müfadafiəçilərinə qarşı repressiyaları artırdığı barədə xəbərdarlıq etmiş, Qərbi Bakıya qarşı daha sərt olmağa çağırmışlar.

Beynəlxalq təhlilçilər bildirirlər ki, neftlə zəngin Azərbaycan son illər bu xammalın qlobal qiymətlərinin düşməsindən qaynaqlanan daxili problemlərlə üzləşir.

Belə bir şəraitdə, sentybarın 26-da keçiriləcək referendumla, uzun müddətdir hakimiyyətdə olan İlham Əliyevin prezidentlik müddəti uzadılması və prezidentlik üçün yaş senzinin endirilməsi nəzərdə tutulub.

Dinləmənin video yazısını burada izləyin (Mətnlə məlumat videodan sonra davam edir):

Elitalara nifrət artır

Azərbaycan müxalifətinin liderlərindən biri Əli Kərimlinin oğlu Türkel Kərimli sentyabrın 15-də ABŞ-ın Konqres palatasındakı çıxışında deyib ki, o referendum nəticələrinin saxtalaşdırılacağına əmindir. O bildirib ki, hökumətin fərqli düşüncəyə qarşı repressiyaları güclənməkdə davam edərsə, vətəndaş həyəcanlarının qalxacağından narahatlıq var (Türkel Kərimlinin çıxışının tam mətni burada (ingilis dilində):

“Normal və səriştəli hökumət irəli çıxmalı və ictimai maliyyənin vəziyyətini canlandırmaq üçün islahatlara başlamalı idi. Lakin Əliyevin korrupsiyalı və səriştəsiz rejimi çox güman ki, ictimai narazılıqla üzləşəcəyini bilərək daha çox həbs, daha çox terror, qanunsuz məhbusetmə və az sayda qalan azad media qurumlarını susdurmaq yolunu seçib”.

“Qarşıdan gələn referendum səsverməsinin nəticələri heç şübhəsiz saxtalaşdırılacaq.”

Türkel Kərimli çıxışına ölkədəki problemlər barədə danışmaqla davam edib:

"Keçən seçkidə pullu efir vaxtı o qədər baha idi ki, müxalifət çıxış edə bilmədi. Hazırda "Azadlıq" qəzeti müflis olub. Qəzetin maliyyə direktoru həbs edilib. Odur ki, qəzetin pulunu bankdan ala bilmir. Müxbirlər çox böyük əziyyət çəkirlər.

"Meydan TV" və AzadlıqRadiosu çox mühüm medialardır. "Azərbaycan Saatı" adlı internet televiziya verilişi də var. Onu tənqidi mövqeyinə görə, yayıldığı peyk kanalından yığışdırıblar.

O ki qaldı nümayişlərə, onları ancaq hökumətin seçdiyi yerlərdə keçirmək mümkündür. Amma ən müxtəlif metodlardan istifadə edərək vətəndaşların hətta həmin aksiyalarda da iştirakının qarşısı alınır. Mitinqə gah təyin olunduğu vaxta çox az qalmış icazə verilir, gah da aksiyalara təxribatçılıq edərək İŞİD bayrağı gətirirlər ki, əhalini qorxutsunlar."

Ölkə həbsxanaya çevrilib

Beynəlxalq insan haqları təşkilatlarının hesab etdiyinə görə, AzadlıqRadiosunda və başqa medialarda fəaliyyətinə qisas olaraq 17 ay həbsxanada saxlanmış Xədicə İsmayıl deyib ki, Azərbaycanda hal-hazırda siyasi məhbus sayılmalı 138 nəfər həbsxanalardadır. O bildirib kİ, bunlardan bir neçəsi elə onun özü kimi Əliyev ailəsinin və başqa hökumət rəsmilərinin korrupsiya əməlləri barədə yazmış jurnalistlərdir. (Xədicə İsmayılın çıxışının tam mətni burada (ingilis dilində).

“Ölkə sözün əsl mənasında həbsxanaya çevrilib, - deyib Azərbaycandan videoəlaqə vasitəsi ilə danışan İsmayıl. O, ötən may ayında həbsxanadan buraxıldıqdan sonra ölkədən çıxmasına qadağan qoyulub.

“Korrusiyanı faş edənlər korrupsiya əməlləri jurnalistlər tərəfindən ifşa olunmuş şəxslərdən daha çox cəzalandırılır, - deyib Xədicə İsmayıl, - Bizim heç birimiz qanunu pozmamışıq, lakin biz rejimin yazılmamış qaydasını pozaraq həqiqəti deməyə cəsarət etmişik. Hökumətin xoşlamadığı bu narahat həqiqət nədir? Bunların hamısı pula, korrupsiyaya görədir”.

"Gənc fəallar Bakıda Heydər Əliyevin heykəlinin üzərinə qraffiti yazmaq ittihamı ilə həbsə atılıb. Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir – deyib jurnalist.

Həbs edilmiş fəalların işləri üzrə keçirilən məhkəmə proseslərində Bakıdakı xarici ölkə səfirliklərindən nümayəndələrin iştirak edib-etməməsi barədə suala cavabında Xədicə İsmayıl ABŞ-ın Azərbaycandakı səfirliyinin o qədər də fəal olmadığını deyib.

“Mənə deyirlər ki, diplomatlar qorxurlar ki, açıq tənqid etsələr, hökumətin onlara münasibəti pisləşər. Necə oldu ki, güclü dövlətlər belə zəiflədi?" – deyə sual edib İsmayıl.

Sakit diplomatiya xeyir vermir

Qərb təhlilçiləri yazırlar ki, əhalisinin əksəriyyəti şiə müsəlman olan Azərbaycan terrorçuluğa və İslam Dövləti silahlılarına qarşı ABŞ-ın rəhbərlik etdiyi mübarizəni dəstəkləyir. Lakin həm ölkənin siyasi fəalları, həm də Qərb hökumətləri var-dövlət toplamış elitalara qarşı ictimai qəzəbin qaynamaqda olmasından narahatdırlar.

ABŞ-ın 1990-cı illərdə Azərbaycandakı səfiri olmuş Richard Kauzlarich Konqresdə keçirilən müzakirədə deyib ki, Birləşmiş Ştatlar və başqa Qərb ölkələri Azərbaycana münasibətdə “sakit diplomatiyadan” əl çəkməli və insan haqları məsələlərini qaldıraraq Əliyev hökumətinə münasibətdə daha sərt mövqe tutmalıdırlar (Keçmiş səfirin çıxışının tam mətni burada (ingilis dilində).

O Vaşinqtona Bakıdakı ABŞ səfirinin geri çağırlmasını, jurnalist və fəalların repressiyalarında iştirak etmiş rəsmilərin aktivlərinin dondurulmasını və onlara viza qadağanının qoyulmasını, ABŞ hökumətinin Beynəlxalq Özəl İnvestisiya Korporasiyası (Overseas Private Investment Corporation) və ya Export Import Bankı vasitəsilə Azərbaycan şirkətlərinin mənfəətləndirilməsinin dayandırılmasını təklif edib.

“Sakit diplomatiya xeyir vermədi. Sakit diplomatiya siyasi məhbusları siyasi alver obyektinə çevirdi” – deyib səfir.

“Fəal diplomatiya məsuliyyətli münasibətlər diplomatiyasıdır. Burada yaxşı münasibətlər ortaq dəyərlər və korrupsiyaya, azadlığın məhdudlaşdırlmasına və sovetsayağı direktiv iqtisadiyyatına qarşı mübarizə tələb edir” – deyib Richard Kauzlarich.

AzadlıqRadiosu Bakı bürosunun işi bərpa edilməlidir

Xədicə İsmayıl isə xəbərdarlıq edib ki, Azərbaycanın daxili problemləri cəmiyyətin getdikcə daha çox radikallaşmasına səbəb olur, bu isə onsuz da təlatümlü olan Qafqaz regionunda təhlükəli nəticələrə gətirib çıxara bilər.

“Bu gün Azərbaycanın daxilindəki problemlər sabah Birləşmiş Ştatların probleminə çevrilə bilər, - deyib İsmayıl, - Birləşmiş Ştatlar bizdən narahat olmalıdır, çünki biz bütün dünya üçün problemə çevrilmək istəmirik”.
Xədicə İsmayıl dinləmələrdə beynəlxalq təşkilatların Azərbaycandakı duruma daha fəal müdaxilə etməli olduqlarını deyib:

"Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk bu iş olmalıdır ki, onlar məsələn, saxtalaşdırılmış seçkini udmuş hökuməti təbrik etməyə tələsməməlidir”.

“AzadlıqRadiosunun işini davam etdirməsinə nail olmağa çalışmaq lazımdır. AzadlıqRadiosu ABŞ-ın Azərbaycanda gördüyü ən yaxşı işdir” – deyib jurnalist.

XS
SM
MD
LG