Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:28

IMF: Azərbaycan qısa zamanda bank sistemini təmizləməlidir


Xəzər
Xəzər

- Neftin qiymətinin düşməsi, regional inkişafın zəifliyi iqtisadi perspektivləri korlayır.

- Hakimiyyət inflyasiyanın qarşısını almaq üçün monetar siyasətini sərtləşdirir.

- Qeyri-neft sektorunun inkişafını gücləndirmək və şaxələndirmək üçün struktur islahatlara ehtiyac var.

2015-ci ildə Azərbaycanda artım 1.1%-ə düşüb. 2016-ci ildə bu rəqəmin daha da azalacağı gözlənir, çünki neft ucuzlaşır, infrastruktura qoyulan sərmayə kəsilir, manat dəyərini itirir, ölkənin ticarət tərəfdaşlarının iqtisadiyyatı zəifləməkdədir. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirməsində belə deyilir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrəmissiyasının rəhbəri Mohamed El Gorchi də «IMF News»a müsahibəsində Azərbaycanın indiki iqtisadi mənzərəsi haqda danışıb.

- Azərbaycan iqtisadiyyatının indiki vəziyyəti haqda nə deyə bilərsiniz?

- Artım göstəricisinin neqativ tərəfə keçəcəyi, 2016-ci il üçün -2.4% olacağı gözlənir. Çünki infrastruktura qoyulan sərmayə azalır, kredit fəallığı çox zəifdir, neft istehsalı aşağıdır. İnflyasiya 2015-ci ildə 4.1% olub, 2016-cı ildə bu göstəricinin 10%-ə yüksələcəyi gözlənir.

Buna cavab olaraq hökumət müxtəlif siyasi tədbirlər görüb, inflyasiyanın qarşısını almaq və manatı qüvvədə saxlamaq üçün ötən il ərzində monetar siyasəti kəskin şəkildə sərtləşdiriblər. Eyni zamanda artımı stimullaşdırmaq üçün xərcləri ödəmək, zəif təbəqəni qorumaq məqsədilə fiskal siyasət bir qədər yumşaldılıb.

Əsas məsələ bank sektorudur. Devalvasiya, iqtisadi böhran bankların gəlirinə zərbə vurdu, borc kütləsini artırdı. Xoşbəxtlikdən hökumət artmaqda olan problemli kreditlərin qarşısını almaq üçün addımlar atır. Vəziyyətə davam gətirməyən banklar bağlanıb.

- Neftin qiymətinin düşməsinin Azərbaycana təsiri haqda bir qədər ətraflı danışa bilərsiniz?

- Neftin dəyərinin yüksək həddə olduğu illərdə ÜDM-in və dövlət gəlirlərinin ¾-ü, ixracatın isə 90%-i neft sektorunun payına düşürdü.

Neftin qiymətinin kəskin düşməsi ixracatdan gələn, eləcə də karbohidrogen ehtiyatları hesabına əldə olunan gəlirlərin, xarici investisiyaların, Azərbaycanın əsas müstəqil fondundan dövlət büdcəsinə köçürülən vəsaitin və infrastruktura qoyulan sərmayənin sürətlə azalmasına səbəb olur. Neftin ucuzlaşması həmçinin, valyuta kurslarına, eləcə də valyuta rezervlərinə təzyiq göstərir.

2015-ci ildə devalvasiyalar bank balanslarına mənfi təsir göstərərək, dollarlaşmanın artmasına (vətəndaşlar yerli valyutanı dollarla əvəzləməyə başladılar) səbəb oldu. Bu da son nəticədə qeyri-neft sektorunda artımı azaldaraq, dolayısı ilə iqtisadiyyata ikinci neqativ təsirini göstərir

- Valyuta kursları Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində nə kimi rol oynaya bilər?

- Neftin qiyməti düşəndən sonra valyuta kurslarının nizamlanması iqtisadiyyatın möhkəmləndirilməsi üçün mühüm rol oynadı. Manatın devalvasiyası (bu, birbaşa neftin qiyməti ilə bağlı gedirdi) ödəmə balansında defisitin həddən artıq böyüməsindən yayınmağa imkan verdi, rəqabətliliyi bərpa etdi və valyuta ehtiyatlarının azalmasının qabağını aldı.

2016-cı ildə rəsmilər təkana davam gətirmək üçün valyuta məzənnəsinin daha çox dəyişməsinə imkan verdilər.

- Dövlət «2020-ci il İnkişaf Strategiyası» üzrə bəzi sahələrdə--tikinti tenderlərinin nizamlanması, kənd təsərrüfatı və biznes mühitində islahatları artırmaqla irəliləyişə nail olub. İqtisadiyyatı şaxələndirmək üçün daha hansı islahatlara ehtiyac var?

-Yeni, daha çox qeyri-neft sahələrinin inkişafına əsaslanan iqtisadi modelə keçid geniş əhatəli struktur islahatlar tələb edir. Şirkətlər arasında rəqabəti gücləndirmək, biznes qurmağı, kadr resurslarına və təhsilə sərmayə qoymağı asanlaşdırmaq, işə götürmək və işdən çıxarmaq qaydalarını dəyişmək və s. kimi çox müxtəlif ölçülər götürmək olar. Hazırda ən çox ehtiyac olan şey yəqin ki, bank sisteminin təmizlənməsidir. Bu iş yaxşı təşkil olunmalı və mümkün qədər sürətlə yerinə yetirilməlidir.

BVF ilkin dövrdə hökumətlə birgə işləyə, islahatların həyata keçirilməsi üçün vacib olan mərhələlərdə--birinci dərəcəli makroiqtisadi institutların, çərçivələrin müəyyənləşdirilməsi, uyğun siyasətin həyata keçirilməsi işində Azərbaycan hökumətinə yardım edə bilər.

XS
SM
MD
LG