Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:34

Korrupsiya ilə mübarizədə 'Sizif” əməyi'...


Roma Papası və İlham Əliyev
Roma Papası və İlham Əliyev

Roma Papasının Azərbaycana səfəri, bəzi qida məhsulları ilə bağlı gömrük rüsumlarının artırılması, işsizlik və korrupsiya bu gün ölkə mediasının aparıcı mövzusudur.

DÜNYANIN DİQQƏTİ

«Azərbaycan» qəzetində dərc edilən «Dünya mediasının diqqəti Bakıya yönəldi» sərlövhəli məqalədə Roma Papası Francis-in oktyabrın 2-də Azərbaycana səfərindən bəhs edilir.

Müəllif düşünür ki, bu səfər müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında ahəngdar əməkdaşlığın hökm sürdüyü müasir Azərbaycana bütün dünyanın marağını yönəldib: «Elə bunun nəticəsidir ki, ölkəmizdə mövcud tolerantlıq mühitinin xarakterik cəhətlərinin öyrənilməsi istiqamətində artıq çoxsaylı tədqiqatlara start verilib. Eyni zamanda Azərbaycanın bu sahədə təcrübəsinin digər ölkələrdə tətbiqi gündəmə gətirilib».

Müəllif bu xüsusda Roma Papası Francis-in Azərbaycanda katolik icmasına yaradılan şərait barədə nitqindən sitat gətirir: «Katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətlər saxlamasından xüsusi olaraq məmnunam. Arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın».

Müəllifə görə, Roma Papası Francis-in Azərbaycana səfərinin özü də dini tolerantlıq sahəsində örnək olan Azərbaycana yüksək ehtiramın göstəricisi hesab edilə bilər: «Roma Papasının səfəri bir daha göstərdi ki, Azərbaycana Şərqin İslam mədəniyyəti ilə Qərbin katolik kilsəsi tərəfindən mühafizə edilən ənənəvi dəyərlərin ideal sintezinin yaşandığı bir ölkə kimi baxılır».

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

BAHALIĞIN YENİ DALĞASI GÖZLƏNİR...

Azadliq.info saytında «Gömrük rüsumlarının artımı istehlakın aşağı düşəcəyinin və bahalaşmanın anonsudur» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, 2017-ci il büdcəsində də gömrükdən daxilolmaların həcmi artırılıb.

İqtisadçı-ekspert Məhəmməd Talıblı düşünür ki, ölkədə istehlakın kəskin azalması nəticəsində idxalın artımından danışmaq yersizdir. Əksinə, idxalın azalacağı proqnozlaşdırıla bilər. M.Talıblı belə olan halda, bu günlərdə bəzi qida məhsullarına yüksək rüsum tətbiq olunmasını təsadüf saymır: «Açıq etiraf etmək lazımdır ki, buna, hələ, növbəti büdcə ilinə start verməmiş başlanmasını gözləmirdik. Açığı, burada məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir».

Ekspertə görə, bu qərar ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Təkcə idxal mallarında yox, yerli istehsalda da qiymət artımı baş verəcək.

M.Talıblı üstəlik vurğulayır ki, bu qərarın daxili istehsalı stimullaşdıracağına da bir elə inanmır: «Bu ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildəkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq».

M.Talıblı düşünür ki, bu qərar ölkədə manatın daha da dəyərdən düşməsi prosesini bir az da sürətləndirəcək, inflyasiya artacaq. Vətəndaşların pul gəlirlərinin artımı, hətta bazardakı qiymət sürətindən geri qalacaq: «Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq».

Ekspert xatırladır ki, dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir. Onun düşüncəsinə görə, Azərbaycanda əks proses gedir: «İdxal məhsullarını daxili bazarda bahalaşdıran 2 səbəb var: inhisarçılıq və gömrükdəki «korrupsiya vergisi»! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq «Sizif əməyi»dir. Bu səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!».

Əmək yarmarkası
Əmək yarmarkası

İŞSİZLİK VƏ GƏNCLƏRİN MİQRASİYASI

«Novoye Vremya» qəzetində «Yeni iş yerləri açmaq potensialı varmı?» sualına cavab axtarılır.

Yazıda qeyd edilir ki, ölkəyə neft pullarının axını zamanı işsizlik bir xeyli aradan qaldırılmışdı. Neft pullarının azalması bu problemi yenidən bütün çılpaqlığı ilə üzə çıxarıb.

Daha sonra müəllif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkədə işsizliyin 5 faiz olması, açılan iş yerlərinin bağlanan iş yerlərini üstələməsi barədə açıqlamalarına toxunur və buna şübhəsini gizlətmir: «Nazirlikdən fərqli olaraq əhali işsizliyin azalması və yeni iş yerlərinin yaradılması məsələsində o qədər də nikbin deyil. Çünki iqtisadi böhranla bağlı yaranan şoku məhz vətəndaş hiss etdi. Nə üçünsə iri müəssisələrin rəhbərləri çıxış yolunu kadr personalını ixtisara salmaqda gördü».

Müəllif vurğulayır ki, ölkədə ixtisarlar kütləvi xarakter alıb, bir çox müəssisələr bağlanıb, iş adamları ölkəni tərk ediblər: «Nazirlik ya əmək bazarında situasiyanı bilmir, ya da arzu ediləni həqiqət kimi göstərmək istəyir. Gənclərin əksəriyyəti tikintilərdə çalışırdılar, böhran da məhz ilk olaraq bu sahəni vurdu».

Daha sonra müəllif ixtisarların mənzil kommunal idarələrinə, SOCAR, «Azərişıq» ASC, AZAL kimi iri dövlət müəssisələrinə də keçdiyini bildirir: «Neft satışından gələn gəlirlərin kəskin azalması yeni müəssisələr açılması imkanlarını daraltdı, hər şeyə pul lazımdır, o isə yoxdur».

Müəllif sonda da təəssüflə gənclərin miqrasiyasından bəhs edir.

Korrupsiya
Korrupsiya

DANIŞMAQ QORXUSU

«Exo» qəzetində isə «Azərbaycan vətəndaşları korrupsiya haqqında danışmağa qorxurlar» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev qəzetə mövzunu belə dəyərləndirib: «Ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində 171 cinayət işi açılması olduqca az rəqəmdir. İndiyə kimi ölkə vətəndaşları rüşvət faktları barədə susmağa üstünlük verirlər. İndiki böhran şəraitində normal iş tapmaq və orada davam gətirmək asan iş deyil».

Onun deməsinə görə, daimi gəlir naminə vətəndaşlar hətta iş yerlərində haqq verməyə də razı olurlar.

Üstəlik, ekspert vurğulayır ki, qaldırılan cinayət işi, hələ, günahkarın cəzalanacağı anlamına gəlmir. Çoxları müəyyən məbləğ ödəməklə cəzadan canlarını qurtarırlar.

Ekspert Vasif Mövsümov da maraqlı məqama toxunur: «Bu gün hökumətin korrupsiya ilə mübarizəyə nə qədər pul xərclədiyini heç kəs deyə bilməz. Amma beynəlxalq tədqiqatlara əsasən demək olar ki, bu məsələyə sərf edilən hər dollar dövlət büdcəsinə 23 dollar gəlir gətirir».

Onun düşüncəsinə görə, əgər ölkə antikorrupsiya kursu götürsə, büdcəni xalqa qaytarılan vəsaitlərlə doldurmaq olar.

V.Mövsümov deyir ki, vətəndaşların real olaraq təhlükəsizliyi təmin edilərsə, dövlət onları stimullaşdırarsa, bir çox korrupsiya hallarını üzə çıxarmaq olar.

XS
SM
MD
LG