Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 12:20

'Şalvarımı soyundurub çəkdilər...'


'Şalvarımı soyundurub çəkdilər, sonra da...'
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00

'Şalvarımı soyundurub çəkdilər, sonra da...'

*Youtube Kanalımıza abunə olun - hadisə ilə bağlı video burda olacaq

“İşgəncələrə birtəhər dözürdüm. Şalvarımı soyunduranda dedim, «gətirin, nəyə istəyirsiz, qol çəkim»”.

Bakı sakini Araz Orucov AzadlıqRadiosu-na məruz qaldığı işgəncələrdən və qanunsuz həbsindən danışır.

“TEZ-TEZ OTAQLARI DƏYİŞİR, DÖYÜRDÜLƏR”

Bakıxanov qəsəbəsindəki “Həyat yolu” şadlıq evində ofisiantlıq edib həm anasını, həm də özünü dolandıran Arazın həyatını kabusa döndəriblər. Gənc həyatının 1 ilini törətmədiyi bir cinayətə görə Kürdəxanıdakı İstintaq təcridxanasında keçirməli olub. Həmin müddətdə həm sağlamlığını, həm də ev-eşiyini itirib.

Buna da bax:​ 'Cibimdə üzvlük kartı görən kimi 10 nəfər məni qan qusana qədər döydülər'

İddiasına görə, onun və anasının həyatını iflic vəziyyətə salansa polislər olub:

"Keçən il mayın 8-də iş yoldaşım zəng vurdu ki, “dur gəl, işdə görüşək”. Evdən azca aralanmışdım ki, mənimlə qarşı-qarşıya gələn beş nəfər üstümə hücum çəkdi. Tutub qollarımı qandalladılar, maşına oturtdular. “Nə baş verir” deyə soruşanda, dedilər, “darıxma, bölməyə çataq, biləcəksən”. Məni 37-ci polis bölməsinə gətirdilər, dedilər, “yaşadığın ərazidə iki evə oğurluğa girmisən, de görək, kiminlə olmusan, nə aparmısan”. Bildirdim ki, başımı aşağı salıb, ofisiantlığımı edib anamla özümü dolandırıram. Oğurluq, narkotika, dələduzluq – ümumiyyətlə, cinayət mənlik deyil. Bölməyə gətiriləndən az sonra işgəncə maşını işə düşdü, qollarımı, ağzımı, gözümü yapışqanla bağlayıb dəyənəklə, yumruq-təpiklə döyməyə başladılar. Tez-tez otaqları dəyişir və döyməyə davam edirdilər. Mən vəkil tələb etdikcə, onlar döydülər. Deyirdilər ki, hər iki evin sahibi üzünə duracaq ki, oğru sənsən. Döyülməkdən bir iş aşmadıqda, başımdan bədənimə cərəyan verdilər. Dedim, «ölsəm də etmədiyim cinayəti boynuma götürməyəcəyəm»”.

“ŞALVARIMI SOYUNDURDULAR”

Həmçinin baxın: Azərbaycanda hansı işgəncə metodları var?

Ancaq deməsinə görə, şəxsiyyətinin təhqirinə keçəndə razılaşmalı olub:

“Şalvarımı soyundurdular, lüt elədilər, məni çəkdilər. Dedilər, “onsuz da əlimizdəsən, sənədləşdirəcəyik, “sroka” gedəcəksən, hansı “zona” gedib düşsən, bu çəkilişdən sonra orada günün qara olacaq”. Dedim, “gətirin, nəyə istəyirsiz, qol çəkim”. Zərərçəkən kişi də Əli adlı polisin sinif yoldaşı idi. Üzümə onu durğuzdular. Dedi, oğru budur”.

“Etirafedici ifadələri” alındıqdan sonra onu Xətai rayon Məhkəməsinə aparıb barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 1 il Bakı istintaq Təcridxanasında saxlanılıb:

“Bu bir ildə heç bir istintaq hərəkəti aparılmadı, mənə psixoloji təsir etmək üçün bir neçə dəfə müstəntiq gəldi, dedi, “onsuz da bu cinayət sənin üstündədir, artıq gecdir” və sairə...”

Buna da bax:​ "O idarə daim işgəncə verməklə məşğuldur"

ƏSL OĞRULAR HƏBS OLUNUB

Bu ilin mayında kameranın qapısı açılıb və ona azadlığa çıxması ilə bağlı qərar olduğu bildirilib. Sən demə, Arazın üzərinə yıxdıqları oğurluq faktlarının üstü açılıb və əsl oğrular həbs olunub.

Bu xəbər Arazdan ötrü bəlkə də həyatında eşitdiyi ilk sevindirici xəbər idi. Ancaq ömrü uzun sürməyən bir sevinc hissi... Araz deyir, təhsilsiz, ətrafdan xəbərsiz anasının aldadıldığını, ötən bir ildə ev-eşiklərinin əllərindən çıxdığını biləndə həyatın növbəti və daha ağır zərbəsini alıb:

“İki nəfər anamın çarəsiz durumundan faydalanaraq mənim azad olunmağıma vasitəçi kimi kömək edə biləcəklərini deyib, anamdan pul istəyib. Anam da evimizi qısa müddətdə çox ucuz qiymətə satıb, pulu onlara verib. Aldadıldığını anlayanda isə gec olub”.

POLİS DEYİR, İŞGƏNCƏ OLMAYIB

İndi Araz Orucov işgəncəyə və qanunsuz həbsdə saxlanmaya görə məhkəməyə müraciət etməyə hazırlaşır. O, işgəncə verən polis əməkdaşları barəsində cinayət işi qaldırılmasını, 1 il qanunsuz həbsdə saxlanılmasına görə maddi və mənəvi kompensasiya tələbi qaldırmaq fikrindədir. Bu işdə ona yardımçı ola biləcək vəkil axtarışındadır.

Anası isə evini satdırıb pullarını mənimsəyənlərdən Xətai rayon prokurorluğuna şikayət edib. Hətta onlardan biri həbs olunub.

Xətai rayon polis idarəsinin 37-ci polis bölməsindən “Qaynar xətt”ə bildiriblər ki, Araz Orucova qarşı hər hansı işgəncə olmayıb. Etmədiyi cinayəti boynuna almasına gəlincə, bölmədə belə hesab edirlər ki, əməkdaşlar vətəndaşla yüksək səs tonunda danışdıqlarından o, qorxuya düşərək törətmədiyi cinayəti üzərinə götürüb.

DİN FİZİKİ TƏZYİQİ «ƏSASSIZ» ADLANDIRIR

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə oktyabrın 5-də məsələylə bağlı AzadlıqRadiosuna açıqlama göndərib. Nazirlik rəsmisi bildirir ki, «Araz Orucovun törətmədiyi cinayəti polis bölməsində guya fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur».

Açıqlamaya görə, A.Orucov ötən ilin mayında Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələriylə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. Daha bir şübhəli Elvin Qarayev olub. Xətai rayon Məhkəməsinin qərarı ilə A.Orucov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Lakin istintaqın sonrakı mərhələsində həmin quldurluq faktı üzrə Elvin Qarayevin və Araz Orucovun əməlində cinayət tərkibi müəyyən edilməyib, həmin epizodlar üzrə onlara elan olunmuş ittihamlar sübuta yetirilməyib. Bu səbəbdən baş müstəntiq R.Almazovun qərarı ilə A.Orucov barəsində seçilmiş həbs-qətimkan tədbirinə xitam verilib və o, həbsdən azad olunub. Elvin və Elsevər Qarayev qardaşlarının CM-nin oğurluq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi isə baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

DİN Xətai RPİ-nin baş müstəntiq Raciv Almazovun işdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə vəzifəsindən azad edildiyini bildirir.

«A.Orucovun anası Aygün Rüstəmovanın evini satdıraraq oğlunu guya həbsdən azad etdirəcəyi adı ilə onun 22 min manatını dələduzluq yolu ilə mənimsəmiş Şahin Qulisoy Xətai RPİ əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir», - açıqlamada deyilir.

Həmşinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG