Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:52

Qubad İbadoğlu: ''Made in Azerbaijan' qulağa yaxşı gəlir, amma...'


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan prezidenti İlham Əliyev «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqinə dair fərman imzalayıb. Məqsəd xarici ölkələrə «ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılmasıdır» və bunun üçün 3 milyon manat vəsait ayrılıb.

İqtisadçı Qubad İbadoğlu ilə bu haqda danışırıq.

Qubad İbadoğlu: «Prezidentin önünə nə gətirirlər, imza atır»
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00
Direct-ə keçid

- Qubad bəy, Azərbaycanın dünya bazarına çıxarılası brend malları varmı?

- Xaricə bazara çıxmaq üçün ən vacib olan bilik iqtisadiyyatının məhsuludur. Bu gün rəqabətli bazarda əsas yer tutan, bazar payına malik olan innovativ məhsullardır. Azərbaycan iqtisadiyyatı o qədər modernləşməyib, o qədər inkişaf etməyib ki, həmin tip məhsulumuzla xarici bazarlara çıxaq. Ona görə məcburuq ki, dünya bazarına ənənəvi məhsulumuzla çıxaq. Ənənəvi məhsullarla xarici bazarlara çıxmağın da indiki halda yeganə alternativi odur ki, sovet dövründə mövcud olmuş kənd təsərrüfatı sahələrini bərpa etməliyik. Tutalım, pambıqla, tütünlə, ipəklə Azərbaycanı tanıda bilərik. Amma bunlarla da böyük pullar qazanmaq mümkün deyil. Çünki bu məhsulların bazarı çoxdan bölüşdürülüb, artıq yeni bazarlara girmək lazımdır. Bunun üçünsə beyin məhsulu lazımdır, innovativ məhsul lazımdır. Məsələn, 2012-ci ildə «Samsung» şirkəti «Galaxy» mobil telefonlarının satışından 35 milyard dollar əldə etmişdi. Azərbaycan Neft Fondunun aktivləri isə 33 milyard dollardır. Bir ölkə 15 ildə 33 milyard dollar aktivə malik olur, amma bir şirkət cəmi bir ildə bir model telefondan 35 milyard dollar qazanır. Belə fərqlər var. Ona görə də indiki halda «Made in Azerbaijan» qulağa yaxşı gəlir, amma... Mən də istərəm ki, Azərbaycanın məhsullarını dünya bazarlarında görüm, amma çox nadir hallarda rast gəlirik. Adətən, rast gəldiyim spirtsiz içkilər olub, nardan və başqa meyvələrdən kompotlar olub. Xarici bazarlara hələlik meyvə-tərəvəz, pambıq, neft, alüminium, bəzi spirtli-spirtsiz içkilər, heyvan və bitki mənşəli məhsullardan (bunları da «Azərsun» istehsal edir) savayı mal çıxara bilmirik.

- Siz «beyin məhsulu»ndan, «innovativ məhsullar»dan danışdınız. Bundan ötrü Azərbaycanda potensial varmı, nə qədər real və ciddi səslənir Azərbaycanın bu bazara girmə ehtimalı?

- Bundan ötrü Azərbaycana, ilk növbədə, elmini, təhsilini inkişaf etdirmək lazımdır. Xüsusən də ali məktəblərin təmayüllü məzunları, kadrları beynəlxalq standartlara cavab verməlidir. Amma 2017-ci ilin büdcəsinə baxırsan, elm xərcləri 125 milyon manat nəzərdə tutulub ki, bu da ötən ilkindən 10 milyon manat azdır. Yəni sözügedən sahəyə investisiya qoymaq lazımdır ki, məhsul götürə bilək. Birinci növbədə, elmin, təhsilin problemləri həll olunmadan bilik iqtisadiyyatının yaradılmasından danışmağa dəyməz. Kadr lazımdır! Bu yerdə hər şeyi kadr həll edir, bundan ötrü isə təhsildə, elmdə islahatlara ehtiyac var.

- Belə çıxır ki, ölkə, istər-istəməz, yenə də kənd təsərrüfatı məhsullarının ümidinə qalır. Brend mal yenə də pambıq, ipək olacaq.

- Kənd təsərrüfatı məhsulları mövsümi amillərdən, torpağın münbitliyindən asılıdır. Yəni yetərincə problemli sahəni seçmişik. O demək deyil ki, hər il məhsuldarlıq olacaq. Deyir: «Yağmadı yağış, bitmədi qamış». Bir dəfə yağış yağacaq, məhsul olacaq, bir dəfə də il quraqlıq keçəcək, məhsul olmayacaq. Camaat ac qalmalı deyil. Alternativlər olmalıdır. Təəssüf ki, alternativləri indi yaratmaq çətindir. Bu həm zaman, həm də vəsait tələb edir. Buna da nə vaxtımız qalıb, nə də maliyyəmiz. Vaxtında maliyyəmiz olanda iş görmək olardı, amma o zamanı da hamının başı qarışmışdı neftdən gələn pulları dağıtmağa. Dağıtdılar da. İndi iqtisadi rəqəmlər həyəcan təbili çalır. Ciddi geriləmələr var.

- Bəs son günlərdə prezidentin verdiyi fərmanları, sərəncamları necə dəyərləndirmək olar? Məsələn, elə «Made in Azerbaijan» brendinin təşviqi və ya...

- Yaxşı təşəbbüsdür, amma gecikib.

- Bəs hökumətin xaricdən gələn bəzi məhsullara qoyulan rüsumları artırması?

- Daxili bazarı qorumaq istəyirlər, ancaq digər tərəfdən də rəqabətin qarşısını alırlar. Ölkəyə yeni məhsul, idxal məhsulu gəlməyincə, yerli məhsulu müqayisə etmək olmur. Xarici mal, xarici brend olmayanda pis təsərrüfatçılıq ənənəsi formalaşır, bu da rəqabəti zəiflədir, aşağı keyfiyyətli məhsul ortaya çıxır. Aşağı keyfiyyətli məhsulu isə dünya bazarına çıxarmaq olmur, alıcısı yoxdur çünki.

- Son zamanlar hökumətin atdığı addımlar sistemli şəkildə islahatın başlanmasıdır, ya böhranın təsiri altında verilən xaotik qərarlardır?

- Yox, xaotiklik var. Bəzən görürsən, eyni sahədə verilən sərəncam iqtisadiyyatın liberallaşmasına yol açır, o biri sərəncam iqtisadiyyatın mərkəzləşməsinə gətirir, yəni inzibatçı təsərrüfatçılığa şərait yaradır. Məsələn, bugünlərdə tədarük şirkətinin yaradılması ilə bağlı qərar verildi. Tədarük şirkətini dövlət yaratmalı deyil. Dövlət bu şirkətlərin yaranmasına imkan verməlidir, bunların arasında rəqabəti təmin etməli və dəstəkləməlidir. Hiss olunur ki, prezidentin önünə nə gətirirlər, imza atır. O, indiki halda əlaqəli olan sənədləri deyil, bəzən ziddiyyətli sənədləri də imzalayır. Sistemli yanaşma yoxdur. Bunun məsuliyyətini üzərinə götürən qurum, ya institut olmalıdır. Amma koordinasiya və dediyim kimi, sistemli yanaşma yoxdur.

XS
SM
MD
LG