Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:28

Daşqalaqdan yazanı 'daşqalaq edirlər'


Golrokh Ebrahimi İraee və əri Arash Sadeghi
Golrokh Ebrahimi İraee və əri Arash Sadeghi

İranlı yazıçı və hüquq müdafiəçisi Golrokh Ebrahimi İraee çap olunmamış bədii hekayəsinə görə altı il həbsdə yata bilər.

Hekayədə daşqalaq cəzasından söz açılır. "İran hökuməti Golrokh Ebrahimi Iraee-yə irəli sürülmüş ittihamı və hökmü dərhal ləğv etməlidir", “Amnesty International” insan haqları təşkilatı oktyabrın 7-də bəyan edib.

"Golrokh Ebrahimi Iraee-yə ittihamlar absurddur. Onu heç çap olunmamış hekayəyə görə illərlə davam edəcək həbs cəzası gözləyir. Faktiki olaraq, onu təxəyyülünə görə cəzalandırırlar", "Amnesty International"ın Yaxın Şərq və Şimali Afrikada tədqiqat və hüquq müdafiəçiliyi üzrə direktoru Philip Luther qeyd edib.

"Daşqalaq cəzası ilə razılaşmadığını ifadə etmək hüququndan dinc şəkildə yararlanan gənc qadını həbsxanaya salmaqdansa, İran hökuməti işgəncəyə bərabər bu cəzanın ləğvi istiqamətində addımlar atmalı idi. İranda hələ də daşlanma cəzasına icazə verilməsi, üstəlik ona mənəviyyatı qoruma bəhanəsi ilə haqq qazandırılması dəhşətlidir".

Buna da bax:​ Şairə Məsum Cabbarpur: Şəriət qadının hər hərəkətini nəzarətdə saxlayır

HEKAYƏ BİR QADIN BARƏDƏDİR

Oktyabrın 4-ü Golrokh Ebrahimi Iraee-yə cəzaların icrası idarəsindən zəng olunub. Ona həbs müddətinin başlanmasından ötrü "Evin" həbsxanasına gəlmək əmr olunub. Yazıçı "islamı təhqir etməkdə" və "dövlət quruluşuna qarşı təbliğatda" ittiham olunur.

Beş il həbs cəzası nəzərdə tutan birinci ittiham yazıçıya çap olunmamış bədii hekayəsinə görə irəli sürülür. Hekayədə "Soraya M-in daşqalaq olunması" filminə baxaraq qəzəbindən “Quran”ı yandıran qadından söz açılır. "Soraya M-in daşqalaq olunması" filmi ərinin yanlış ittihamları əsasında xəyanətdə təqsirləndirilərək daşqalaq edilən qadın barədədir.

Hökumət bu hekayədən 2014-cü ilin sentyabrında xəbər tutub. 2014-cü il sentyabrın 6-də Golrokh Ebrahimi Iraee Tehranda əri Arash Sadeghi ilə birlikdə Bəsic (İnqilab keşikçiləri) üzvü olduqları ehtimal edilən kişilər tərəfindən həbs edilib. Onlar həbs üçün order təqdim etməsələr də cütlüyü evlərinə aparıblar. Evdə axtarış apararaq onların noutbuklarını, qeyd dəftərçələrini və kompakt disklərini götürüblər.

Buna da bax:​ İranda ideologiyadan ədəbiyyatın köməyilə necə qorunurlar?

ÜZÜDİVARA SAATLARLA DİNDİRİLİB

Bundan sonra onlar Arash Sadeghi-ni "Evin" həbsxanasına, Golrokh Ebrahimi Iraee-ni isə gizli bir yerə aparıblar. Sonra onu da Bəsicin nəzarətində olan "Evin" həbsxanasına köçürüblər.

Yazıçı 20 gün məhkəməsiz və vəkilsiz həbsxanada qalıb. Golrokh Ebrahimi Iraee bu müddətdə gözü bağlı və üzüdivara oturdulmuş vəziyyətdə saatlarla dindirildiyini deyib. Müstəntiqlərsə ona dönə-dönə "islamı təhqir etdiyinə görə" edam oluna biləcəyini deyiblər. O, qonşu otaqda müstəntiqlərin onun ərini hədələdiklərini və təhqir etdiklərini eşidirmiş. Hüquq müdafiəçisi Arash Sadeghi deyib ki, saxlanıldığı müddətdə ona işgəncə verilib. Onun üzünə və başına zərbələr endirilib, onu təpikləyiblər və boğublar.

Golrokh Ebrahimi Iraee Tehranda İnqilab məhkəməsinin iki iclasında mühakimə olunub. Bu müddətdə o, vəkil xidmətlərindən faydalana bilməyib. Onun seçdiyi birinci vəkilə təzyiq göstərilib və o, işdən imtina edib. İkinci vəkilə isə işi oxumağa imkan verilməyib. Yazıçıya özünü müdafiə üçün çıxış imkanı verilməyib.

Buna da bax:​ İranlı yazıçı: "Həmişə Azərbaycan dilində yazmaq istəmişəm"

“İNSAN HAQLARINA HÖRMƏTSİZLİYİN NÜMUNƏSİ”

"Golrokh Ebrahimi Iraee-nin məhkəməsi saxta idi. Onu müdafiə hüququndan məhrum ediblər. Qərar isə əvvəlcədən müəyyən olunmuşdu. Bizim qarşımızda İran hökumətinin ədalət və insan hüquqlarına tam hörmətsizliyinin daha bir nümunəsi dayanır", Philip Luther bəyan edib.

"Biz hökuməti ...Golrokh Ebrahimi Iraee və onun əri Arash Sadeghi-nin üzərindən ittihamları götürməyə çağırırıq. Belə davam edərsə, amansız repressiya metodlarına əl atan İran hökuməti gənc fəalların bütöv bir nəslini məhv edəcək", deyə o bildirib.

Arash Sadeghi hazırda "Evin" həbsxanasında 15 illik həbs cəzasını çəkir. Ona qarşı "dövlət quruluşuna qarşı təbliğat", "milli təhlükəsizliyə ziyan vurmaq məqsədilə yığıncaqların keçirilməsi, sui-qəsdin təşkili" və "İslam respublikasının banisini təhqir etmə" ittihamları irəli sürülüb. Ona da vəkil xidmətlərindən istifadə hüququ tanınmayıb. Müstəntiqlər onun “BBC” fars xidməti və digər KİV-lərin jurnalistləri ilə yazışmalarından "dəlil" kimi istifadə ediblər.

XS
SM
MD
LG