Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:25

Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?


NazLifan avtomobilləri
NazLifan avtomobilləri

Azərbaycanın televizor arzusu daşa toxunub?

“Star” LTD şirkəti 2004-cü ildən bəri Şamaxıda bir neçə istehsal müəssisəsi açıb. Televizor istehsalı üzrə ixtisaslaşan “Star” zavodunda ötən cəmi 788 televizor istehsal olunub. Bu məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Maraqlıdır ki, həmin zavodun illik istehsal gücü 1 milyon 200 min televizordur.

2005-ci ildə ölkədə zavod bumu başlamışdı, Şamaxıda televizor, soyuducu-kondisioner, avtomobil (“Azsamand”), Gəncədə avtomobil, Mingəçevirdə kompüter istehsalına start verilmiş və bu işlərə milyonlarla manat investisiya yönəldilmişdi.

İndi bu zavodlardan nə xəbər var? İstehsal nə yerdədir? Məhsulu kimlər alır? AzadlıqRadiosu kiçik bir araşdırmada həmin sualları cavablamağa çalışıb.

“Rayonun vacib infrastruktur obyektləri”

Şamaxı rayon icra hakimiyyətinin saytında “rayonun vacib infrastruktur obyektləri” adı altında yerləşdirilmiş məlumatlardan oxumaq olur ki, “Star” televizor istehsalı zavodunda hazırda 250 nəfərdən çox adam işləyir.

Buna da bax: `Made in Azerbaijan' brendinin təşviqinə 3 milyon manat ayrıldı

DSK-nın məlumatında Şamaxıda cəmi 25 minik avtomobili buraxıldığı da bildirilir, ancaq bu bilgi 2012-ci ilə aiddir. Şamaxı rayon icra hakimiyyətinin saytında isə bildirilir ki, zavodun tam istehsal gücü ildə 2880 ədəddir: “Həmçinin bu istehsal müəssisəsi tam gücü ilə işləyərkən burada 900-1000 nəfər çalışacaqdır”.

Rayonun digər mühüm sənaye obyekti kimi “Azərelektronika” məişət cihazları istehsalı zavodu göstərilir. Ancaq məlumatdan zavodun işə salınıb-salınmadığı bilinmir: “Zavodda 250 nəfər işçi çalışacaq. Zavod tam gücü ilə işlədikdə 1000 nəfərin çalışması nəzərdə tutulur”.

Statistika Komitəsinin rəqəmlərində görmək olar ki, Şamaxıda 2013-cü ildə 9 min 500 civarında kondisioner hazırlanıb, ancaq iki il sonra rəqəm 180-ə düşüb. Soyuducu ilə də bağlı istehsal göstəriciləri sonrakı illərdə kəskin azalıb: 2013-cü ildə 3min 500-dən çox soyuducu istehsal edilmişdisə, iki il sonra bu rəqəm 80 olub. Buraxılan televizorların da sayı üç il öncə 24 mini aşırdısa, ötən il 800-ə enib.

Buna da bax: Qubad İbadoğlu: ''Made in Azerbaijan' qulağa yaxşı gəlir, amma...'

“Gözətçidən başqa kimsə yoxdur”

“Şamaxıda bu zavodları açanda böyük ümid vardı ki, yeni iş yerləri olacaq, camaat işləyəcək, ancaq televizor zavodu bir ay, o birilərsə ümumiyyətlə işləmədi”, Vəhdət Partiyası Şamaxı təşkilatının sədri Akif Soltanov belə deyir. Onun sözlərinə görə, müəssisələrdə indi gözətçidən başqa kimsə gözə dəymir.

Akif Soltanov: 'O vaxt bu zavodlar görüntü xatirinə tikildi, guya çoxlu iş yeri açılacaq. 100 televizor buraxdılar...'
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00
Direct-ə keçid

Akif Soltanovun sözlərinə görə, işsizlik ucbatından şamaxılıların çoxu iş dalınca Bakıya axışıb: “Əslində, o vaxt bu zavodlar görüntü xatirinə tikildi, guya çoxlu iş yeri açılacaq. 100 televizor buraxdılar, ancaq sonra istehsalı davam etdirə bilmədilər”.

Şamaxı rayonu icra başçısının 1-ci müavini Qasım Qasımov AzadlıqRadiosu-nun günlərlə və ard-arda telefonla müraciətinin birini də cavablandırmağa həvəs göstərməyib.

Buna da bax: H.Abutalıbov:"Yerli maşınlar keyfiyyətli olarsa..."

“Kür”ün son məhsulu 5 monitor və “prosessor” olub

Mingəçevir bir vaxt “Kür” kompüterləriylə gündəmə gəlmişdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” istehsal birliyi ilə “Sinam” şirkətinin birgə müəssisəsi olan “Kür” kompüter zavodunun əsas sifarişçisi Təhsil Nazirliyi idi. Zavodla bağlı ən son məlumat 2015-ci ilə aiddir. AzərTAc bildirir ki, Tayvanın “Acer” şirkəti “Kür” zavodunun portativ və planşet kompüterlərin istehsalı sahəsindəki imkanları ilə tanış olub: “Müəssisədən verilən məlumata görə, bununla yanaşı, Cənubi Koreyanın “LG” şirkəti ilə işıq-diod işıqlandırma mənbələrinin (LED) istehsalına dair danışıqlar aparılır”.

Statistikaya görə, Mingəçevirdə 2015-ci ildə cəmi 5 prosessor və monitor buraxılıb, klaviatura və printer istehsalı qeydə alınmayıb.

Mingəçevir icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov deyir ki, “Kür” zavodu fəaliyyətini dayandırıb və “hazırda Yüksək Texnologiyalar Parkı çərçivəsində xarici şirkətlərlə imkanlar araşdırılır ki, orda kompüter və informasiya texnologiyalarına aid başqa məhsullar istehsal edilsin”.

“Kür” zavodunun direktoru Rizvan Osmanov sualları cavablandırmaq istəmədi, yalnız onu dedi ki, “Yüksək Texnologiyalar Parkının “Kür” zavoduna aidiyyəti yoxdur”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məsələni araşdırıb cavab verəcəyini bildirib.

“Nazlifan”ın istehsalı azalıb

Bu ilin yanvarında - prezident dövlət məmurlarına yerli avtomobil minməsini məsləhət görəndən sonra gözlər Naxçıvanın “Nazlifan”ına dikilib.

Buna da bax: «Bu Azərbaycan, bu Türkiyə malıdır: fərq ancaq qiymətdədir»

“Nazlifan” istehsalı 2014-cu ildə artaraq 1800-ü keçib. Ancaq ötən il istehsal yarıdan da aşağı düşüb. Zavoddan bunun səbəbini açıqlamır, yalnız bunu deyirlər ki, yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilədək yüksəldə bilər.

Gəncə Avtomobil Zavodunda ötən il minə yaxın traktor, 395 yük avtomobili istehsal olunub. Əvvəlki illərlə müqayisədə traktor və yük avtomobili istehsalı azalıb. Məsələn, 2014-cü ildə 1220 traktor buraxılıb. Yük avtomobili istehsalında ən yüksək göstərici 2010-cu ilə aiddir.

“Gəncə bəzi detalları özü hazırlayır”

Gəncə Avtomobil Zavodu (GAZ) mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov AzadlıqRadiosuna bildirib ki, son üç ildə müəssisənin satış həcmi 200 milyon manat civarında olub. Onun sözlərinə görə, GAZ-da avtomobillərin şassi komplektləşdiriciləri yığılır: “Şassilərin üzərinə quraşdırılan bütün xüsusi avadanlıqlar müəssisəmizdə istehsal olunur. Traktorlar hissələrinin də 17 faizi müəssisəmizdə hazırlanır”.

GAZ hazırda Belarus, Rusiya, Almaniya və Türkiyə avtomobil zavod və şirkətləriylə əməkdaşlıq edir.

Zavodun əsas alıcılarından biri Kənd Təsərrüfatı Nazirliyidir. Nazirlikdən AzadlıqRadiosu-na bildiriblər ki, 2007-ci ildən bəri zavoddan 6 min 600-dən çox traktor alıblar. “Bu traktorlar aqrolizinq və aqroservis vasitəsilə fermerlərin istifadəsinə verilib”, - nazirliyin mətbuat xidməti belə deyir.

“Bu zavodları dövlət sifarişi saxlayırdı”

İqtisadçı Natiq Cəfərlinin fikrincə, 8-9 il əvvəl açılan və dövlətdən dəstək alan zavodları indiyədək dövlət saxlayıb: “Bu zavodların əsas sifarişçisi dövlət müəssisələri oldu. Yəni zavodlar kommersiya şərtləriylə fəaliyyət göstərmədilər. Ona görə də bəzi illərdə istehsalla bağlı elə yüksək rəqəmlər görürük. Ancaq təbii ki, dövlət sifarişi stabil deyil, buna görə də istehsalın azalması labüd idi”.

Natiq Cəfərli: '8-9 il əvvəl açılan və dövlətdən dəstək alan zavodları indiyədək dövlət saxlayıb...'
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Natiq Cəfərli onu da əlavə edir ki, əslində, “istehsal” sözünü “yığım”la əvəz etmək lazımdır: “Bu müəssisələrin çoxu xaricdən detalları alıb-gətirib yığırdı. O vaxt dolların kursu buna imkan verirdi ki, maya dəyərinə görə müəssisələr rentabelli olsun və keyfiyyətində problemlər müşahidə edilsə də, məhsul buraxılırdı”.

Buna da bax: Neftdənkənar məhsullar: Həvəs və qəfəs qısqacında geriləmə

İqtisadçı deyir ki, həmin müəssisələrin bundan sonra rentabelli olmaq şansı azalıb, çünki xarici valyutanın indiki məzənnəsi detalları bahalandırır. Bu isə az-çox işləyən zavodları da fəaliyyətini tam dayandırmaq təhlükəsi ilə üzləşdirib.

“İmic layihələri”

Natiq Cəfərli yerli sənaye məhsullarının bazara girə bilməməsini keyfiyyət və qiymət baxımından xarici mallarla ayaqlaşmamasında görür: “Alıcı baxır ki, Türkiyə istehsallı televizordur, qiyməti də yerlidən fərqlənmir… Sizcə, hansının keyfiyyətinə inanar? Yerli müəssisələr müştəri qazana bilmədi. Bu zavodlar, əslində, imic layihələri olub”.

Natiq Cəfərli deyir ki, indi hökumət bu səhvini- iqtisadi məntiqə söykənmədən müəssisələr yaratmaq və ya dəstəkləmək siyasətini turizm sektorunda aparır. Onun sözlərinə görə, hökumət turizmi inkişaf etdirmək üçün dəbdəbəli otellərin, istirahət mərkəzlərinin tikintisinə dəstək verir, “halbuki müasir turist artıq dəbdəbəli oteldən çox, gəzib-dolaşmağa üstünlük verir”.

XS
SM
MD
LG