Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:17

Devrilmiş, əski prezidentin əski kostyumu...


Azad Qaradərəli.
Azad Qaradərəli.

-

"-Gəncəyə gedəndə, orada bu sirri mənə açdılar. Ən çox istədiyim adam dedi mənə... Bəziləri mənə Keçisaqqal deyirmiş... Ha-haa-haaaaaaaaa-ha!.. – Qəribə bir isterik gülüşlə güldü Bəy. Sonra yarımçıq stəkanına araq süzüb dedi: Demokratiya gözəl şeydir, uşaqlar!​"

Azad Qaradərəli

DEMOKRATİYA HAQQINDA AĞI

hekayə

Andiçməyə on gün qalmışdı. O isə üç il qabaq aldığı, gündəlik geyindiyi kostyumdan çıxa bilməmişdi. Hətta ərki çatanlar eşitdirmişdilər də: “A bəy, belə olmaz axı, təzə bir kostyum al, bunun hay-hayı gedib...”

“Yaxşı” demişdi. Amma almağa nə vaxtı, nə də imkanı olmuşdu. İşlədiyi institutdan isə son ayın əmək haqqını verməmişdilər. “Belə baxanda, düz deyirlər. Maaşımı alan kimi gərək gedim bir babat kostyum alım. Yaxşı deyil. Xaricdən də gələnlər olur axı...”

Neçə gün qabağın sözüdür. Fikir verib görmüşdü ki, Estoniyadan olan jurnalist düz onun yeyilib ipləri çıxmış pencəyinin qollarına baxır. Sövq-təbii qollarını aşağı salıb gizlətmişdi. “Mən bu estonları sivil adam bilirdim. Bunlar da maddiyyatçıymışlar ki... Qadın gözünü pencəyimin qolundan çəkmir. Gizlətmərəm e, görür, görsün, nə var ki burda? Amma xaricidir axı. Niyə desin ki, Azərbaycanın hərəkat rəhbəri nimdaş, köhnə pencəyin içində qalıb...”

Kef isə onda oldu ki, o, eston jurnalistin suallarını ana dilində cavablandırdı. Rus dilində sual verən qız şaşırmış halda köməkçiyə baxdı. O da qıza göz vurdu ki, qorxma mən tərcümə edərəm... Və bütün müsahibə boyu o Azərbaycan türkcəsində danışdı. Nəticədə müsahibəyə ayrılan vaxt iki dəfə uzandı. Köməkçi ilə birgə tərtib etdikləri iş qrafiki pozuldu. (O müsahibənin səhəri Bakıda şayiə buraxdılar ki, Bəy rusca bilmirmiş...)

Buna da bax: "Əli və Nino" bunu təbliğ edib - "Biz respublikaçıyıq, monarxist deyilik"

Günorta kabinetinə girəndə gördü ki, asılqanda bir dəst kostyum asılıb. Yaxınlaşıb əli ilə parçasını yoxladı. “Bahalı maldır. Görək bunu kim gətirib bura? Sən bir cəsarətə bax?!” Hirslə düyməni basmaq üçün əlini uzatdı. Amma zəng düyməsi yerində deyildi. Durub qızı çağırdı (köməkçini harasa özü göndərmişdi, indi onu bu qarayanız qız əvəz edirdi) və hirslə dedi:

-Bəs bu düymə niyə yerində deyil?!

Qız qorxmadan, nəvazişlə soruşdu:

-Hansı düymə, bəy?

-Bu zəng də... Burdaydı, indi yoxdu... Mənə zəng-zad lazım deyil e, belə şeyə örgəncəli deyiləm... amma səni çağırmaq üçün o tay-bu tay durub qışqırım?

Qız qəzetlər və kitablarla basırıq olan stolu bir az qaydaya saldı, qəzetlərin altından yerini dəyişmiş zəngi çıxardıb əlinin altına qoydu:

-Bəy, bu zəng heç yerə bağlı deyil ki? Hara istəsən, ora qoya bilərsən?.. Yəni şunuru-zadı yoxdu...

Kişi əlini saqqalına çəkib gülümsündü:

-Həəə, belə de də... Mən də elə bildim...

Birdən gözü yenə kostyumu aldı, təzəcə durulmağa başlayan qanı yenidən qaraldı:

-Bu kostyumu kim qoyub bura?!

Qız boynunu çiyninin üstünə qoydu:

-Vallah mən görməmişəm... Amma bayaq Taleh bəy girmişdi kabinetinizə... Əlində də nəsə vardı.

Kişi əsəbini sakitləşdirmək üçün qəzetlərə göz gəzdirdi. Xəbər başlıqlarını, bir-iki məqaləni iti-iti oxudu. Saatına baxdı və yəqin etdi ki, köməkçi gəlmiş olar.

Əlini zəngə atıb iki dəfə basdı. Köməkçisi tülyan içər girdi.

Bu yaraşıqlı ağsifət oğlanın əynində bahalı kostyum vardı. Qalstuku bərq vururdu. Kişinin lap hövsələsi tükəndi. “Bunlar hələ hakimiyyətə gəlməmişdən aristokrat olublar ki... ”

-Bu kostyumu kim gətirib?! – hirslə soruşdu. Köməkçi özünü yığışdırdı. Əli ilə boynunun dalını qaşıyıb dedi:

-Bəylər dünən yığışmışdılar... Qərara aldılar ki, inaqurasiyaya qədər sizə bir kostyum alsınlar...

-Hansı pulla?! O kostyum bilirsən neçəyədir?!.

Köməkçi öz əynindəkinə baxıb yerində laxladı, sanki onun əynindəkinin qiymətini soruşurdu.

-Bir də mən yetim-zadam ki, mənə kostyum alırlar? – Köməkçini təpədən-dırnağa süzdü:

-Sən də sabahdan o əynindəkini çıxart, toya gedəndə geyərsən... Bura toyxana deyil... Biz qarşımıza milli-müstəqil hökümət qurmaq məqsədi qoymuşuq, əyin-baş düzəltmək yox... – Nə fikirləşdisə, qalxıb əlini köməkçinin çiyninə qoydu. – Ona da vaxtımız olacaq, tələsmə. Yaxşı geyinəcəyik də, yeyəcəyik də... amma bir on il sonra. Müstəqil olaq, dövlət quraq... İndi isə get Talehi bura çağır...

Taleh dediyi inandığı adamlardan idi. Həm sirdaşı, həm də dostu idi. Çox məsələlərdə onunla dərdləşirdi. Həm də Talehin əlaqələri geniş idi. Paytaxtda, rayonlarda onların quracaqları, qurmaq istədikləri yeni müstəqil dövlət haqqında camaatın nə düşündüklərini yalnız o səhih xəbər verə bilirdi. Həm də yalanla-palanla işi olmazdı. Düz-düzünə qulu adamdı. Yadına neçə gün əvvəl verdiyi müsahibəyə öz doğma rayonlarındakı bir qarının münasibəti düşdü. Bunu da Taleh danışmışdı. Qarı televizorda Bəyin müsahibəsinə baxırmış.

Seçkilərə çox az qalmışdı. İngiltərədən BBC və Fransanın mətbuat orqanları Bəylə seçkiqabağı çəkiliş aparıb müsahibə alırdılar. Çəkiliş bitdikdən sonra ingilis yazarın gözü Bəyin otağında aypara və ulduzların fonundakı Boz qurd şəklinə tuşlanmışdı. Bir az sonra o, Bəyə sual verərək bunun nə olduğunu soruşdu. Bəy dedi :”Boz qurddur, türk millətinin totemidir...” İngilis yazar bir az düşündükdən sonra, ədəblə suala görə əvvəlcədən üzr istəyərək "bəs nə üçün Siz millətinizə belə bir vəhşi və yırtıcı heyvanı totem seçmisiniz?" dedi. Bəy də ədəblə əvvəlcədən verəcəyi cavaba görə üzr istəyərək: "İngiltərənin simvolu olan Aslan (Şir) heyvanların şahı sayılır, deyilmi? Ancaq bu şah dediyiniz heyvan 3 kq sosisə görə sirkdə yanan halqalardan sağa-sola tullanır! Boz qurd dediyiniz yırtıcı-vəhşi heç zaman təlimə gəlməz. O öz azadlığını və qürurunu heç nəyə dəyişməz. Onu zəncirləsən belə, qəfəsə atsan belə ya kədərdən ölər, ya da ki, qəfəsi, zənciri gəmirər gedər. Onu məhv etmək, öldürmək olar, amma tabe etmək, sındırmaq olmaz! Məhz buna görə də türk milləti Boz qurdu özünə totem - mübarizə simvolu seçib", -cavabını verdi.

Taleh deyirdi ki, bu söhbətə qulaq asan qarı əvvəl bir salavat çevirib, sonra fəxrlə deyib:

-Adam gərək özünün qurdunu-quşunu da ayağa verməsin... Halal olsun...

Köməkçi içəri girdi. Hələ pərtliyi keçməmişdi. İstədi könlünü ala, düşündü ki, qoy bir az özü özüylə qalsın bu məsələdə. Qarışmaq istəmədi. Oğlanın qızarmış üzünə baxdı.

-Bəy, maaşınızı gətiriblər...

-Mən özüm ora getmək istəyirdim... Köhnə iş yoldaşlarımla vidalaşmalıydım axı... Amma vaxt hanı ki? Qoy gəlsin...

Yaşlı qadın idi mühasib. “Salam” verib maaş cədvəlini qoydu Bəyin qabağına.

-Əyləş, - dedi. –Ayaqda qalma. Otur görüm... Mən qol çəkincən, sən danış görək necədi vəziyyət? Camahat bizim işlərə necə baxır? İnanırlar bizə? Bacaracağıq?

Qadın şəfqətlə gülümsündü. Bilmədi nə desin. Üzündən “Düzünümü deyim?” kimi ifadə oxudu bəy.

-Hə, düzünü de. Mənə çox vacibdir sənin deyəcəyin... Sən xalqsan bu sahatları mənimçün...

Qadın, nəhayət ki, rahat nəfəs alıb:

-Bəy, deyirlər ki, sizi idarə edirlər... Özünüz yaxşısınız, təmizsiniz, amma ətrafınız... İndidən rüşvət alan da var... Bir də deyirlər ki.... – Qadın tərəddüdlə susdu. Bəy ona ümidlə baxdı:

-Hə, danış, nə olar, xahiş edirəm... – Az qala yalvaracaqdı.

-Deyirlər ki, siz zəif adamsınız... Sərt deyilsiniz... Dəmir əl istəyirlər...

-Bəs sən nə düşünürsən? Mən həqiqətənmi zəifəm? Axı neçə illər bir yerdə işləmişik?

-Yoooxxx... – Qadın uzada-uzada cavab verdi. – Amma bəy, sərt olmaq lazımdır məncə...

-Bəs sən istəmirsənmi azad olasan? Məsələn, mənim kimi birinci adamın yanında sıxılmadan, çəkinmədən həqiqəti deyə biləsən ?

-İstiyirəm, bəy... Mən istiyirəm... Amma xalq buna hazır deyil... Bir də...

-Xahiş edirəm, çəkinmə... Danış...

-Bəy, siz bəlkə saqqalınızı qırxasınız?

Ucadan şaqqa çəkib güldü.

-Niyə axı? Bu mənim bir etirazım idi cəmiyyətə... Sonrası da... Məni belə tanıyıblar... İndi birdən durub bunu qırxsam... – Hiss elədi ki, söhbətin səmti istədiyi məcraya yönəlmir. Bu vaxt köməkçi içəri girib bəyin qulağına nə isə dedi. O qalxıb qadının əlini sıxdı, verdiyi pulu sayıb yarısını köməkçiyə verdi.

-Bu kostyum üçündür. Talehə verərsən... Özü babat bir şey bəyənib alsın... Bu asılqandakını da aparsın qaytarsın, parıltısı göz qamaşdırır. – Sonra yola saldığı qadına döndü. – Sənə isə təşəkkür edirəm. Mənə deyəcəyin bir söz yoxdu ki?

Qadın duruxa-duruxa, bir az da inamsız halda:

-Var, əslində, - dedi. – Akifi tanıyırsınız da... Bizim uşağı deyirəm... Sizin gözünüzün qabağında böyüyüb, uşaq vaxtı işimə gələrdi hərdən... Tarbazada işləyirdi... İşi də yaxşıydı... Sırayn gün işdən atıblar ki, niyə cəbhəçi deyilsən?.. – Qadın doluxsundu.

-Nə danışırsan?! Elə şey olar?!. – Bəy hirslə telefonu qapdı. – Soyadı nəydi Akifin?! Hansı bazada işləyirdi?!

Buna bax: Elçibəy: Heydər Əliyevi gətirməkdə mənim təqsirim var [video]

Qadının dediklərini kağıza yazıb hirslə nömrələri yığdı. Təxminən iki dəqiqə nömrəsini yığdığı adamla əsəbi tərzdə danışdı və birdən “Yaxşı görək, Əliyevçidir? Nolar, demokratiyadır də... Dəyməyin. Qəti qadağan edirəm sizə... adamların şəxsiyyətinə, əqidəsinə, məsləkinə toxunmaq olmaz... Qaytarın işinə...”

Sonra fikirli-fikirli qadına sarı döndü:

-Sağ olun ki, mənə bu məlumatı verdiniz... gedin. Arxayın olun...

* * *

Bulaq başında oturmuşdular. Köməkçi, Taleh və Bəy özü. Siqaret çəkə-çəkə Talehə sarı əyildi:

-Taleh, cənab xalq! Yadındadır o qadın? Mənim iş yerimə maaşımı gətirmişdi e... Köhnə işimdəki – institutdakı mühasib xanımı deyirəm... Mənə demişdi ki, saqqalınızı qırxın... hamınızdan soruşdum, qadının bu təklifinin səbəbini mənə deyən olmadı... Amma mən bilirdim onu...

(O, zarafatla Talehə “xalq” deyərdi. Özünü də, dostu Talehi də qara camaatdan, xalqdan hesab edirdi. Ona görə “biz – xalqıq” deyərdi.)

İkisi də şaşqınlıqla Bəyə baxılar. Elə bil dövlət sirri açılacaqdı.

-Gəncəyə gedəndə, orada bu sirri mənə açdılar. Ən çox istədiyim adam dedi mənə... Bəziləri mənə Keçisaqqal deyirmiş... Ha-haa-haaaaaaaaa-ha!.. – Qəribə bir isterik gülüşlə güldü Bəy. Sonra yarımçıq stəkanına araq süzüb dedi:

-Demokratiya gözəl şeydir, uşaqlar! Rəsulzadə azadlıq tamını daddırdı bu millətə, mən demokratiya tamını... bunnan gözəl şeymi olar?! O şərəfə! Demokratiyanın şərəfinə! Şair necə demiş?

Yol onun, varlık onun, gerisi hep angarya;
Yüzüstü çok süründün, ayağa kalk, Sakarya!..

Taleh bəy stəkanını Bəyinkinə vurub inamsız halda dedi:

-Prezidentin şərəfinə!

-Devrilmiş, əski prezidentin...- Bunu da Bəy dedi. Və gözü əlinin iç tərəfinə yaxın yerdən qollarının uc hissəsi yeyilib ipləri çıxmış pencəyinin qollarına sataşdı. Qəribə bir mistika çuğladı onu: ”Əcaba, bu inaqurasiyadan əvvəlki kostyumdurmu? O deyilsə, bəs təzəsi nə tez bu günə qaldı?”

Yadına düşəndə ki, andiçmə mərasimindən bir ildən artıq vaxt keçib, gülümsündü. “Pencək neyləsin? Bir ildən çoxdur sürtürəm bunu. Devrilmiş, əski prezidentin əski kostyumu.”

***

Taleh, (ən yaxın adamı olsa da, onun prezidentliyi dövründə heç bir vəzifə tutmamışdı) Bəyin ölümündən sonra ailəsini də götürüb doğulduğu kəndə qayıtdı. “Bakı torpağı bizi sevmədi. Bəyin ayağı dəyməyən yer mənimçün zindandır. Onun yoxluğunu sinirə bilmirəm. Prezident kimi qəbul etmədilər, hərəkat başçısı kimi sevmədilər, bir insan kimi, Bəy kimi yaşamasına nə söz? Hətta inandığı, sevdiyi Allah da onun tərəfində olmadı?”

Taleh bu sualları özünə verə-verə kəndə dönmüşdü. Bəy necə deyərdi: “Kəndinə gəl, “Xalq”!

Amma tanıyanlar and-aman edirlər ki, Bəyin Taleh adlı dostu-zadı olmayıb.

12.10.2016

XS
SM
MD
LG