Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:40

Nardaran işi: Peşəkar futbolçular da dindirilib...


Nardaran məhbusları (illüstrasiya)
Nardaran məhbusları (illüstrasiya)

Nardaran hadisələrinə görə həbs olunan şəxslər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı təhqir edən polislərin cəzalandırılmasını tələb edir.

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işində təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov bu barədə vəsatət qaldırıb. Deyib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Mehriban Əliyevanın ünvanına təhqiramiz ifadələr səsləndirən şəxslərin kimliyini, ifadələrini məhkəmənin nəzərinə çatdırsalar da, nədənsə, məhkəmə heç bir tədbir görmür:

"Biz burada dəfələrlə demişik ki, "Bandotdel"də bizə işgəncə verən Kərim Əlimərdanov, İbrahim Kazımov Mehriban Əliyevanın ünvanına söyüş söyüblər. Mən vəsatət verirəm ki, həmin şəxslərin barəsində tədbir görəsiniz. Əgər bundan imtina etsəniz, İlham Əliyevə məktub yazacam ki, xanımının təhqir olunması məsələsini ört-basdır edirsiz. Bizə verilən işgəncələri araşdırmırsız, heç olmasa, bunu araşdırın".

Buna da bax:​ Nardaran işi: ‘Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?’’

“ŞAHİDLƏR ALDADILIB”

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, məhkəmənin sonunda bütün məsələlərə, o cümlədən bu məsələyə münasibət bildiriləcək.

Daha sonra məhkəmədə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Fərid Səlimov və Samir Əzimov dindiriliblər. Onlar 2015-ci il noyabrın 5-də həbs olunan Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması tələbi ilə Sabunçu RPİ-nin qarşısında keçirilən aksiya ilə əlaqədar şahid kimi tanınıblar. Polislər məhkəmədə deyiblər ki, onlar istintaq zamanı ifadə verməyiblər, sadəcə, onları çağırıb yazılı sənədə imza atmalarını istəyiblər, onlar da imzalayıblar.

Təqsirləndirilən şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov bu cür üsullarla şahidlərin aldadıldığını vurğulayıb.

Vəkillər isə adları çəkilən polislərin şahid statusuna xitam verilməsi, onların imzaladıqları ifadələrin iş materiallarındakı sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıblar. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, məhkəmə sonda bütün bu məsələlərə qiymət verəcək.

Buna da bax:​ ’Bu, işgəncə verməyə görə ad çıxarmış 'skoç Ədalət'in şəxsi kadrıdır'

FUTBOLÇULAR DA DİNDİRİLİB

Məhkəmədə o da bəlli olub ki, 2015-ci ilin avqustunda Müsəlman Birliyi Hərəkatının (MBH) təşkil elədiyi futbol turnirində iştirak edən adamları, o cümlədən peşəkar futbolçuları da istintaq zamanı çağırıb dindiriblər. Onlardan bu qurumu hardan tanıdıqlarını, futbol turnirinə necə qatıldıqlarını soruşublar. Həmin şəxslərin adları məhkəmədə dindiriləcək ittiham tərəfin şahidlərinin siyahısına da salınıb. Onlardan biri – Fuad Həsənov bugünkü məhkəmə iclasında dindirilib. O bildirib ki, özü peşəkar futbolçudu. Həmkarından bu turnir barədə eşidib və komanda olaraq, iştirak eləyiblər. Amma ilk oyunda məğlub olduqlarından növbəti mərhələyə çıxa bilməyiblər. Ona görə MBH-nın keçirdiyi turnirdə cəmi bir oyunda iştirak ediblər.

Bundan əlavə, məhkəmədə hakim tərəflərə məlumat verib ki, çağrılan şahidlər gəlmədiklərindən onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.

Buna da bax:​ 'Nardaran işi'ndə cəmi həbs olunanların siyahısını açıqlandı

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi Hərəkatı»nın 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran İşi”ndə həbs edilənlərə işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG