-
Azərbaycan rejissoru İmam Həsənovun sənədli filmi "Müqəddəs inək" filmi Gürcüstanın şəhərlərində göstərilməyə başlayıb. Filmin premyerası da elə oktyabrın 22-də Tibilisidə dördüncüsü keçirilən "CineDOC-Tbilisi" sənədli filmlər festivalında göstərilib. Bu haqda filmin facebook səhifəsində məlumat verilib.
Buna da bax: Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır
Filmin sujeti Azərbaycanın dağ kəndində yaşayan Tapdıq adlı fermerin həyatından bəhs edir. Tapdıq özünə avropa cinsindən inək almaq istəyir, amma kənd ağsaqalları və Tapdığın öz ailəsi bu yeniliyə qarşı çıxır. Ancaq fermer heç kimin sözünə baxmayıb axır ki, avropa cinsli inəyi alır və ona Madonna adı verir.
"Müqəddəs inək" - bir insanın yeniliklərlə, yaşadığı cəmiyyətin ənənələri arasında balans yaratmaq cəhdini göstərir. Film indəyədək bir neçə beynəlxalq festivalda iştirak edib, onlar arasında IDFA, Amsterdamda keçirilmiş "First Appearance Competition", Torontoda keçirilmiş "Hot Docs –World Showcase" və Praqada keçirilmiş "One World" film festivalları var.
Buna da bax: Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'
İmam Həsənovun filmi Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ və Gəncə şəhərlərindən sonra Gürcüstanda göstərilməyə başlayıb. Film "CineDOC-Tbilisi" festivalından sonra Tibilisidəki "Qafqaz evi"ndə, bunun ardınca isə Gürcüstanın Kvemo-Karti, Kaxetiya və Acariya vilayətlərində də göstəriləcək.