Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:53

Azərbaycanın MSŞT-da statusu qorundu, amma şərtlə…


MSŞT xəritəsi
MSŞT xəritəsi

Oktyabrın 26-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib.

Qərarda bildirilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli inkişaf əldə edib. Bir neçə fərdi tələb üzrə irəliləyişə nail olub. İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.

«VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İŞTİRAKI» STANDARTI ÜZRƏ VƏZİYYƏT QƏNAƏTBƏXŞ DEYİL

MSŞT üzrə beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlunun deməsinə görə, qurum hesab edir ki, Azərbaycanın MSŞT-nin «Vətəndaş cəmiyyətinin iştirakı» standartı üzrə vəziyyəti qənaətbəxş deyil: «Odur ki, İdarə Heyəti hökumətə və çoxtərəfli qrupa növbəti iclasa qədər islahedici tədbirlər planı təqdim edir. Əgər islahedici tədbirlər planının icrası uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarına görə, fəaliyyəti dayandırılır».

İdarə Heyəti həmçinin katibliyə tapşırıb ki, növbəti toplantıya qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. İdarə Heyəti növbəti addımları qiymətləndirmə hesabatı və MSŞT standartı əsasında müəyyənləşdirəcək.

MSŞT-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının gələn il martın 8-də keçirilməsi planlaşdırılıb.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«VƏTƏNDAŞ CƏMİYYƏTİNİN PROBLEMLƏRİ HƏLL OLUNMASA…»

MSŞT QHT Koalisiyasının üzvü Zöhrab İsmayıl da deyir ki, qurum Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinin həllinə 6 aya yaxın vaxt verib. Bu vaxt müsbət dəyərləndirilməlidir: «Əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, ölkəmizin təşəbbüsdəki statusu dayandırılacaq».

Z.İsmayılın bildirməsinə görə, Azərbaycan hökuməti anlamalıdır ki, bəzi QHT nümayəndələrinin fərdi problemlərini həll etməklə statusun bərpası mümkün olmayacaq.

O, hazırda vətəndaş cəmiyyətinin fəaliyyətini əngəlləyən amillərə də toxunur. «Qanunlar (qrant, QHT və hüquqi şəxslərin qeydiyyatı haqqında qanunlar, İnzibati Xətalar Məcəlləsi və əlaqədar qaydalar) dəyişdirilməlidir. Bakıda və regionlarda tədbirlərə qoyulan qeyri-rəsmi qadağalar aradan qaldırılmalıdır. Üstəlik, yerli və beynəlxalq QHT-lərə qarşı qaldırılmış qondarma cinayət işi ləğv edilməlidir. Fəalların təqib olunması, vergi və başqa sifarişli cəzalar dayandırılmalıdır»,-deyə Z.İsmayıl deyir.

YAXIN TARİXDƏ OLANLAR

MSŞT 13 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

XS
SM
MD
LG