Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Seymur Baycan Çingiz Hüseynovdan soruşur: 'Mirzə Fətəli haqda hansı yazdığınıza inanaq'


Azeri writers Seymur Baycan and Chingiz Huseynov.
Azeri writers Seymur Baycan and Chingiz Huseynov.

-

"Lütfən aydınlıq gətirin, sizin yazdığınız hansı mətni həqiqət kimi qəbul etməliyik? Mirzə Fətəli haqqında yazdığınız “Fətəli fəthi” əsərinizi yoxsa Mirzə Fətəli haqqında yazdığınız məqaləni? Yoxsa sizin üçün hər iki mətn həqiqətdir? Elə isə iki əks qütbü özünüzdə nece birləşdirməyi bacarırsınız? Bu sintez sizde necə alinir?"

Seymur Baycan

Yazıçı Çingiz Hüseynova açıq məktub

Hörmətli Çingiz müəllim, bir neçə saat əvvəl müəllifi olduğunuz “Fətəli fəthi” əsərini oxuyub bitirdim. Hər şeydən əvvəl sizə öz təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Nə vaxt yazılmağından, kitab şəklində meydana nə vaxt çıxmasından aslı olmayaraq yaxşı əsər görə müəllifə həmişə təşəkkür və minnətdarlıq bildirmək lazımdır. Etiraf edim ki, üslubunuza, çoxsaylı haşiyələrə, gələcəyə və keçmişə səyahətlərə, dialoq içində dialoqlara, çoxsaylı durğu işarələrinə öyrəşmək elə də asan olmadı.

“Fətəli fəthi” əsəri təkcə çar dövründən bəhs etmir, “Fətəli fəthi” əsəri həm də sovet dövründən bəhs edir. Bu heç də mənim şəxsi yozumum deyil.

Müsahibələrinizdən birində bildirmişdiniz ki, özünüz qəsdən, bilərəkdən əsəri belə qəliz yazmısınız, əks halda əsərin nəşr olunması sovet dövründə problemə çevrilə bilərdi. Bu qorxu əsassız deyil. “Fətəli fəthi” əsəri təkcə çar dövründən bəhs etmir, “Fətəli fəthi” əsəri həm də sovet dövründən bəhs edir. Bu heç də mənim şəxsi yozumum deyil, indi, hətta sovet təbliğat maşınına yüzdə yüz xidmət edən əsərlərdə, ən yaltaq sovet yazıçılarının yaradıcılığında belə antisovet məqamların axtarıldığı və tapıldığı bir vaxtda bunu yazmaq asan olmasa da “Fətəli fəthi” əsərinin bəzi yerlərində sovet dövrünün çatışmazlıqlarının, naqisliklərin təsvirini aydın hiss etdim. Görünür bu qorxu, əsərin nəşr olunmamaq qorxusu yazı prosesində bəzən daha da artmış və sizi bəzi məqamları betərindən dolaşıq, qəliz, qarmaqarışıq yazmağa vadar etmişdir. Bu isə əsərin oxunaqlığına ciddi xələl gətirir. Əsərin çətin oxunması isə effektivliyin kəskin aşağı düşməsi deməkdir. Sizin yuxarıda sözügedən qorxunuzu ədalət naminə nəzərə almaqla bərabər düşünürəm ki, biqorafik əsər sadə dildə yazılmalı, sənətkarın həyatının və yaradıcılığının necə, harda uzlaşması, şəxsi həyatda baş verənlərin yaradıcılıqda təzahürü, həyat materiallarının, yaradıcılıq üçün xammalın necə, haralardan götürülməsi və yaradıcılıqa necə çevrilməsi, ümumiyyətlə yaradıcı proses aydın şəkildə göstərilməllidir. Məncə bioqrafik əsərdə hər bir proses, hər bir hadisə, hər bir dönüş, çevriliş, uğur və tənəzzül, kamillik, müdriklik və deqradasiyalar, qorxular, iztirablar, sevinclər, böhranlar, ümidlər, yaradıcılıq, yaratmaq üçün motivasiyalar, həvəsdən düşmələr sadə və anlaşılan bir tərzdə təsvir olunmalı, ən əsası inandırıcı formada əsaslandırılmalıdır. Psevdolirika, süni konfliktlər, süni şəkildə qəribəliklərin yaradılması yalnız diletant oxucuların diqqətini cəlb edə bilər, bir az ədəbiyyat duyumu olan insanları isə süni konfliktlər, əsassız yuxular, psevdoqəribəliklər itələyir və beləliklə əsərin daha uğurla yazılmış hissələrini də gözdən salır. Şəxsən mənə gəldikdə, yuxarıda yazılanları, yəni daha konkret desəm, müxtəlif imitasiyaları hətta çox peşəkarcasına bacaran və yazan müəlliflərə heç vaxt ürəyim qızmayıb və süni qəribəliklərə, əsassız yuxulara, psevdokonfliktlərə aldanan oxucuların halına acımışam.

Buna da bax: Çingiz Hüseynovun "Fətəli fəthi" romanı elektron variantda (Oxu)

Bioqrafik əsərlər həm də haqqında bəhs edən şəxsin, onun məşğul olduğu sahənin təbliğatına xidmət etməlidir. Məsələn, İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri ədəbiyyat nöqteyi nəzərindən o qədər də tutarlı əsər sayılmasa da sənətə, rəssamlığa, Van Qoqun həyatına, yaradıcılığına maraq yaratması baxımından yaxşı nümunədir. Eləcə də Lion Feyxtvangerin “Qəribə adamın müdrikliyi” əsərini uğurlu bir nümunə kimi göstərmək olar. Bu əsəri oxuyan oxucuda Jan Jak Russonun şəxsiyyətinə, yaradıcılığına, həyatına, onun yaşadığı dövrə, həmin dövrdə baş verən hadisələrə marağın yaranacağı şəksizdir. Sonrası, maraq dairəsinin daha da genişlənməsi, yaranan maraqdan yola çıxaraq əlavə mətnlərin oxunması oxucunun öz işidir. Əgər oxucu əsərdən aldığı informasiyalarla kifayətlənsə, tənbəllik edib maraq dairəsini genişləndirməsə bu müəllifin günahı deyil.

Çingiz Hüseynovun"Fətəli fəthi" romanı latın qrafikası ilə.
Çingiz Hüseynovun"Fətəli fəthi" romanı latın qrafikası ilə.

Haqqında bəhs olunan şəxsin həyatına, məşğul olduğu sahəyə oxucuda maraq yaratmasını bioqrafik əsərin başlıca bir təyinatı, əsas göstəricisi kimi qəbul etsək o zaman “Fətəli fəthi” əsərini sırf bioqrafik əsər kimi yaxşı nümunə olaraq göstərməkdə çətinlik çəkirəm. Çünki“Fətəli fəthi” əsərinin haqqında bəhs olunan insanın həyatına, onun yaradıcılığına oxucuda maraq yaradacağı şübhəlidir.

“Fətəli fəthi” əsəri heç də bioqrafik əsər deyil, bu azərbaycan xalqının yaranması, formalaşması, şərq və qərbin fərqlilikləri, cəhalətin nə qədər qorxulu, maarifin nə qədər vacib olması haqqında bir əsərdir

Tam tərsinə Mirzə Fətəli Axundovun yaradıcılığından, həyatından, yaşadığı dövrdən xəbərsiz olan oxucu əsəri anlamayacaq, hətta deyərdim ki, əsəri oxumaqda çətinlik çəkəcəkdir, bəziləri isə əsəri yəqin ki, axıra qədər oxuya bilməyəcəkdir. Xülasə, “Fətəli fəthi” əsəri hazırlıqlı oxucu üçün yazılmış bir əsərdir və bu əsəri təkcə bioqrafik bir əsər kimi qiymətləndirmək müəllifə qarşı böyük ədalətsizlik olardı. Kitabın təxminən əllinci səhifəsindən sonra çoxsaylı haşiyələr, dialoq içində dialoqlar, keçmişə və gələcəyə səyahətlər, müxtəlif təbəqələrə mənsub sifətlər, obrazlar yavaş-yavaş öz yerini tutmağa başladı və əsərin sonunda gözlərim qarşısında dövrün ab-havasını, şərtlərini, məişətini, ictimai-siyasi həyatini özündə əks etdirən nəhəng bir lövhə yarandı. Başa düşdüm ki, “Fətəli fəthi” əsəri heç də bioqrafik əsər deyil, bu azərbaycan xalqının yaranması, formalaşması, şərq və qərbin fərqlilikləri, cəhalətin nə qədər qorxulu, maarifin nə qədər vacib olması haqqında bir əsərdir və bu əsər bizim niyə bu gündə olmağımız sualına aydın cavab verməkdədir. “Fətəli fəthi” təkcə hisslərlə yazılmış əsər deyil. Əsəri oxuduqda müəllifin öz işinə necə məsuliyyətlə yanaşması dövrün ab-havasını tutmaq üçün çoxsaylı mənbələrlə dərindən maraqlanması hiss olunur.

İsraildə yaşayan azərbaycan yazıçısı Çingiz Hüseynov.
İsraildə yaşayan azərbaycan yazıçısı Çingiz Hüseynov.

Yaxınlarda müxtəlif dövrlərdə yaşamış, müxtəlif mədəniyyətlərə, xalqlara mənsub sənətkarların həyatından bəhs edən xeyli filmlərə baxdım. Ayrı-ayrı təsirli səhnələri çıxmaq şərti ilə tam qane edən film çox az oldu. Həyatı ziddiyyətlərlə dolu adamları bir filmdə göstərmək, ziddiyətlərə aydınlıq gətirmək, suallara, gözləntilərə cavab vermək və hər kəsi, xüsusən məlumatlı adamları razı salmaq asan məsələ deyil. Lakin sənətkarların həyatından bəhs edən filmlərə ayrıca bir vaxt sərf etməyim, filmlərə ardıcıl baxmağım məmurlaşmış sənətkarların, psevdorəssamların, təkcə kresloya deyil müqəddəs hisslərə də sahib olmaq istəyən yazıçıların, bir sözlə murdar və məkrli imitatorların sayəsində xeyli ucuzlaşmış bir sözün həqiqi mahiyyətini, dəhşətini anlamağa kömək etmiş oldu. Sənət doğurdan da qurban tələb edir.

“Fətəli fəthi” əsərini oxuduqda Mirzə Fətəlinin tənhalığı canıma üşütmə saldı.

Özü də elə-belə qurban yox. Dəhşətli qurban. Biz o qurbanlardan danışırıq ki, yaradıcılıqla təmasda olduqda, istər-istəməz həmin qurbanları da xatırlamlı oluruq. “Fətəli fəthi” əsərini oxuduqda Mirzə Fətəlinin tənhalığı canıma üşütmə saldı. Haqverdiyev bu haqda dəqiq yazıb: "Ətraf zülmət və cəhalət, bir nəfər də оlsa dil bilən yоx, camaatı qоyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Mоlla Əhməd оlmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda оlan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər".

Buna da bax: Ç.Hüseynovun "Fətəli fəthi" kitabı nəşr olunub

Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” коmediyasında оnun Mоlla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Mоlla Nuru üzünü mülklərini, evlərini girоv qоyub, Mоlla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”. Bunun cavabında оndan sоruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yоxdur?”

Mоlla Nuru cavab verir: “Bəli, mənim hünərim fil-həqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizat lazımdır ki, оnun təsirini qəbul edə. Habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var. Bu surətdə mənim hünərimdən nə fayda hasil оlacaq, mənim şerim nəyə məsrəfdir?

Bundan böyüк faciə оlarmı? Mirzənin yazdıqlarını, söylədiкlərini nəinki anlayan yоx idi, hətta оnun kоmediyalarını para ilə alıb yandırmağı hər bir “müsəlman” səvab əməl hesab edirdi.

Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü kоmisyоnları çоx tezlikdə işə başladılar. Azərbaycan kоmisyоnunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı.

1849-cu ildə canişin Vоrоnsоvun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç kоmisyоn təşkilinə əmr verdi. Erməni, gürcü kоmisyоnları çоx tezlikdə işə başladılar. Azərbaycan kоmisyоnunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə kоmediyalar yazmağa başladı... Bu da bir faciə.

Mirzə Fətətli Axundov.
Mirzə Fətətli Axundov.

Daha bir faciə. Mirzə Fətəli ömrünün axırına qədər öz əsərlərini Azərbaycan dilində səhnədə görməyə müvəffəq оlmadı. 1873-cü ildə Bakıda birinci dəfə оlaraq Azərbaycan dilində “Hacı Qara” kоmediyasının оynanılmasının xəbərini Həsən bəy Zərdabidən alıb, оna belə bir cavab verdi: “Mən qоcalmışam və qəbr evinə yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün оn sənə daha uzanmasına səbəb оldu”. Оn il yоx, beş il оndan sоnra Mirzə arzuları, əməlləri ürəyində qalaraq, gözlərini həmişəlik yumdu. Mirzənin vəfatı da faciəsiz keçmədi.

Şeyxül-islam Mоlla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: “Mən Mirzə ilə çоx müsahiətdə оlduğumdan оnun əqidələrinə dürüst bələdəm. Bu bələdiyyət, məni оnun namazını qılmaqdan imtina etməyə məcbur edir”. Bu sözü eşidib qalan mоllalar da Mirzənin namazını qılmaqdan bоyun qaçırtdılar. Mirzəyə namaz lazım deyildi. Fəqət bu, оnun əqrəbası üçün bir nisgil оldu. Çоx danışıqdan sоnra Mоlla Hüseyn adlı bir kişi gedib оnun namazını qıldı.

Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik adlandırıb cənazəsini yerdən götürmək istəmədilər.

​Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik adlandırıb cənazəsini yerdən götürmək istəmədilər. Üç gün cənazəsi evdə qalandan sоnra canişin divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristana aparıldı. “Möminlər” оnun cənazəsinin dalınca da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb, оnu qəbrə qоymağa razı оldular..."

Buna da bax: Çingiz Hüseynov: "Heydər Əliyev mənə heç nə eləmədi, elə bilirdi, arxamda kimsə dayanır"

Tərəqqi uğrunda aparılan mübarizə əksər hallarda başqa nümunələrin də yaranmasına, davamçıların meydana çıxmasına da rəvac verir. Bəzən balaca bir cığır sonralar böyük bir yola çevrilir. Mirzə Fətəlinin apardığı mübarizə də nəticəsiz qalmadı. Cəfər Cabbarlı Mirzə Fətəlinin gördüyü işdən bəhs edən məqaləsində yazır: "O, ədəbiyyatı öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi. Buna görədir ki, onun əsərləri müntəzəm bir gedişlə həyatın bu və ya başqa nöqsanlarını göstərir, bu nöqsanların aradan qaldırılmasına çalışdığı yolları göstərdiyi kimi, ömründə tək-tək yazdığı şeirləri də, yenə onun əlifba və bu kimi fikirlərini həyata keçirmək üçün idi. Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən artıq yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə olmaq üzrə götürülmüş isə də hər halda burada Mirzə Fətəli o qədər böyük bir məharət, bir istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır. O, yazdığı pyeslərdə zamanının komediya yazanlarından, tanınmış rus və avropa ədiblərindən geri qalmadığı kimi, şeirlərində də Firdovsiyanə bir məharət göstərmişdir. Bəlli olduğu üzrə Mirzə Fətəlinin mühiti köhnə feodalizmin dağıldığı, əski şərq ənənatının pozulduğu, yeni qərb mədəniyyətinin araya soxulduğu bir dövrün mücəssəməsidir. Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam başqa bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir...

O, “Vəziri – Xani – Sərabi” ("Lənkəran xanının vəziri" pyesinin digər adı ) və “Aldanmış Kəvakib” adlı əsərlərində İran və onun sifətində bütün şərqin əski feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə yendirir ki, bu mənəvi zərbə Səd ibn Vəqqasın qılıncından heç də gücsüz deyildir. O, bütün şahların və onların vəzirlərinin nə qədər bir sərsəm, şüursuz, yaramaz adamlar olduğunu, xüsusilə vəzirlərin ancaq öz ciblərini doldurmaq üçün yaşadıqlarını, öz şüursuzluqlarını bir məharət sanıb fəxr etdiklərini heyrət ediləcək bir açıqlıqla ortaya çıxarır.

Buna da bax: Kanada İnsan Haqları Muzeyində Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundovun Kanada İnsan Haqqları muzeyindəki şəkli.
Mirzə Fətəli Axundovun Kanada İnsan Haqqları muzeyindəki şəkli.

Bu sərsəm və ağılsız, şüursuz adamlar, gülünc bir məxluq kimi ortaya çıxarılan vəzirlər, xanlar, şahlar həqiqətdə isə milyonlarla xalqın həyat və müqəddəratını əllərində saxlamışlardı. Budur, Mirzə Fətəlinin ortaya çıxardığı acınacaq həqiqət bundan ibarətdir. Buradaca Mirzə Fətəli Yusif şahın müvəqqəti hökmranlığında hakimin boynunda nə kimi vəzifələr olduğunu, xalqın nələrə ehtiyacı olduğunu göstərir.

Mirzə Fətəli ruhanilərin və onların həyata soxduqları cadu və tilsim əsaslarının amansız düşmənidir. Burası hər şeydən artıq yenə də “Aldanmış Kəvakib” və xüsusilə onun “Molla İbrahim Xəlil kimyagər”, “Müsyo Jordan və Dərviş Məstəlişah” adlı əsərlərində görünə bilər.

“Molla İbrahim Xəlil kimyagərdə” ruhanilərin nə qədər satqın adamlar olduğunu və xalqı aldadan bir fırıldaqçıya pul ilə qulluq edib, onun xalqı aldatmasına yardım göstərmələrini və “Dərviş Məstəlişah”da İrandan keçmiş bir çayçı şagirdinin Azərbaycanda bir alim və bir həyat hakimi kəsildiyini və biliksiz xalqı aldadıb, ciblərini dolduraraq, qaçdığını açıq göstərir..."

Hörmətli Çingiz müəllim, əlbəttə “Fətəli fəthi” əsərinin müəllifi kimi bu söhbətlər sizə çox aydındır, sadəcə açıq məktubu oxuyacaq gənc dostlara çətinliklə açılan bir cığırın sonra necə yola çevrildiyini, bir nümunənin sonra neçə-neçə nümunələrin yaranmasına səbəb olduğunu göstərmək üçün ədəbiyyat tariximizdə müstəsna rol oyanmış iki böyük azərbaycan ədibindən sitat gətirməli oldum.

Hörmətli Çingiz müəllim, fürsət düşmüşkən çoxdan bəri ürəyimdə qalan bir sualı sizə ünvanlamaq istəyirəm. Sizin BBC Azərbaycan xidmətində bir yazınızı oxumuşdum. Sizə ünvanlayacağım sual da elə həmin yazıyla bağlıdır. “Bir daha Mirzə Fətəli haqqında” adlı yazınızda yazmışdınız:

“Mirzə Fətəlinin dahiliyi onun dərindən dərin olan zidiyyətlərindədir. Və bu təkcə onun yox – xalqın, millətin, bizim hər birimizin zidiyyətləridir.

Yalnız bircəciyi barədə demək istəyirəm: inamla din arasında fəlsəfi münaqişə. Mirzə Fətəlinin “Kəmalüddövlə məktublarında” dinə aid iradlarını obyektiv-qərəzsiz sadalayıb sapa düzəndə görürsən ki, onun dediklərini biz çox zaman səthi izah etmişik, gah ateist kimi tərifləmiş, gah islamın düşməni kimi pisləmişik.

Onun qəbul etmədiyi inam, yəni kökü müqəddəs kitablara, həmçinin Qurana arxalanan mənəvi dəyərlər, əxlaqi-etik qayda-qanunlar yox, Quranı izahatlar və hərəkətlərilə saxtalaştıran rəsmi din adamları idi.

Mirzə Fətəlidə Qurana zidd bir kəlmə də yoxdur, o, əslində yalnız dini təhrif edənləri atəşə tuturdu.

Quran savad-elm-təhsili, maarif işlərini, tərəqqini dəstəkləyir, vahid İlahinin digər dinlərini rədd, inkar etmir, demir qadınları qapalı saxla, yeniyetmə qıza evlən, daşqalaq edamının, terrorla günahsızları vurub-öldurmək cəhdlərin qəti pisləyirdi.

Mirzə Fətəli dinin mövhumatçılar tərəfindən siyasət alətinə çevrilməsinin, insanların avam vəziyyətdə saxlanılmasının əleyhinə idi. Yalnız bu baxımdan Mirzə Fətəli dinləri puç hesab edirdi”

Hörmətli Çingiz müəllim, bu sözləri bəlkə də hansısa bir "Molla Nəsrəddin"çi haqqında demək olardı. Demək olardı ki, filan "Molla Nəsrəddin"çi məsələn tutaq ki, lap Mirzə Cəlilin özü dinə qarşı olmayıb, dindən öz məqsədləri üçün sui-istifadə edən din xadimlərinə, cəhalətə, xurafata qarşı olub. Amma Mirzə Fətəli haqqında bu sözləri demək böyük məsuliyyətdir. "Molla Nəsrəddin"çilərdən birinin Mirzə Fətəli haqqında yazısını oxumuşdum. Təəssüff ki, yazının müəllifinin kim olduğu yadımdan çıxıb. Həmin yazıda qeyd edilmişdi ki, biz indi Mirzə Fətəlinin yazdıqlarını qorxumuzdan yaza bilmirik. Sual oluna bilər. Niyə Mirzə Fətəlinin yaza bildiklərini “Molla Nəsrəddin”çilər o dərəcədə sərt yaza bilmirdilər. Müəllif bu suala kifayət qədər əsaslı cavab verir. Qeyd edir ki, Mirzə Fətəlinin rütbəsi vardı, canişinlikdə işləyirdi, əgər onun rütbəsi olmasaydı, camaat onu parça-parça edərdi.

Növbəti dəfə sizdən sitat gətirməli olacam. “Fətəli fəthi” əsərinin təkrar nəşri ilə əlaqədar olaraq “Azdlıq” radiosuna bildirdiyiniz münasibətdə bu sözləri demişdiniz: "Kiril əlifbasından mexaniki latına köçürüləndə xeyli səhv-təhrif-anlaşılmazlıqlar üzə çıxdı, bir ay düzəliş etməli oldum, amma əsərin əvvəlki variantına heç nə əlavə etmədim və heç nə pozmadım. Həqiqətə nə əlavə oluna bilər?!"

Əgər “Fətəli fəthi”ndə yazdıqlarınızı həqiqət adlandırırsınızsa o zaman Mirzə Fətəli haqqında yazdıqınız yazıda yazılanlara, həmin yazıda göstərdiyiniz mövqeyə nə ad verilməlidir?

​İnsan yaşa dolduqca onu gözləyən məchulluq ruh və düşüncə tarazlığnı pozur. Birdən-birə yox olmaq, itmək həqiqətini qəbul etmək çətindir. Yalnız xaraktercə möhkəm, mətin, öz həqiqətinə dərindən inanan insanlar məchulluq qorxusunun qarşısında sona qədər ruh və düşüncə sağlamlığını qorumağı bacarirlar. Yəqin elə buna göre Əziz Nesin özünü hər cürə dönmələrdən əvvəlcədən sığortalamaq üçün “nə vaxtsa dilimə allah kəlməsi gəlsə bilin ki, ağlım başımda deyil” sözünü işlətmişdi. Əgər bir insanın düşüncəsində, mövqeyində tarazlıq pozulubsa başqasının mövqeyini, yazdıqlarını təhrif edərək vasitəyə çevirmək onunla allah arasında barışdırıcı rolunda elçilik etmək nə dərəcədə düzgündür? Əgər Mirzə Fətəli bütün dinləri puç və əfsanə hesab etməsəydi xristian dinini qəbul edərdi və öz mövqeyini daha da mökəmləndirərdi. Axı siz özünüz də “Fətəli fəthi”ndə bu haqda yazmısınız? Əgər “Fətəli fəthi”ndə yazdıqlarınızı həqiqət adlandırırsınızsa o zaman Mirzə Fətəli haqqında yazdıqınız yazıda yazılanlara, həmin yazıda göstərdiyiniz mövqeyə nə ad verilməlidir? Sizə qarşı olan hörmətimə görə konyuktura sözünü dilə gətirə bilmirəm. Siz “Kəmalüddövlə məktubları” əsərini əzbərdən bilirsiniz. “Fətəli fəthi” əsərində “Kəmalüddövlə məktubları”nın necə, hansı şəraitdə yazılmasını kifayət qədər geniş təsvir etmisiniz. “Kəmalüddövlə məktubları”ndan bəzi hissələri “Fətəli fəthində təzədən tirajlamısınız. Uzağa getməyə ehtiyac yoxdu, elə məhz “Kəmalüddövlə məktubları"ndan “Fətəli fəthi”ndə tirajladığınız yerlər Mirzə Fətəli haqqında yazdığınız yazının mahiyyətinə, yazıda tutduğunuz mövqeyə açıq-aşkar ziddir. Etiraf edim ki, məsələ lap aydın olsun, işimiz asanlaşsın deyə tutarlı arqument kimi “Kəmalüddövlə məktubları”ndan “Fəthəli fəthi”ndə istifadə olunan yerləri indi burda təkrar yaza bilmirəm. Başqa işlərim var, davalıq-şavalıq halım yoxdu. İlin-günün bu vaxtı bir çox adamlara o sözlərin mənə aid olmadığını başqa bir əsərdən sitat gətirdiyimi başa sala bilməyəcəm. Başına gələn başmaqçı olar. Bir dəfə belə bir hadisə baş vermişdi. Yazımda başqa adamdan sitat gətirmişdim, o sözlərin mənə aid olmadığını, başqasından sitat gətirdiyimi ümumiyyətlə belə bir şeyin, yəni başqasından sitat gətirmək kimi bir şeyin mövcud olduğunu xeyli adama başa sala bilmədim.

Lütfən aydınlıq gətirin, sizin yazdığınız hansı mətni həqiqət kimi qəbul etməliyik? Mirzə Fətəli haqqında yazdığınız “Fətəli fəthi” əsərinizi yoxsa Mirzə Fətəli haqqında yazdığınız məqaləni? Yoxsa sizin üçün hər iki mətn həqiqətdir? Elə isə iki əks qütbü özünüzdə nece birləşdirməyi bacarırsınız? Bu sintez sizde necə alinir?

Vaxtınızı aldığım üçün sizdən dəfələrlə üzr istəyirəm və sizə həyat və yaradıcılığınızda uğurlar arzulayıram.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG