Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Nina Simone-yə görə "Azadlığın" tərifi


Cyntia Mortun çəkdiyi "Nina" filmindən bir kadr, 2016-cı il.
Cyntia Mortun çəkdiyi "Nina" filmindən bir kadr, 2016-cı il.

-

Namiq Hüseynli

Nina Simone-yə görə "Azadlığın" tərifi

90-cı illərdən sonra Azərbaycan mədəniyyəti çox şahədə geriyə getdi. Ancaq heç kimin varlığı və yoxluğu haqda narahat olmadığı bir sahə də var. Bu cazz sahəsidir. Adamlardan caz haqda soruşanda ondan nəsə bir yad və düşmən mədəniyyət kimi danışırlar. Çoxları da cazla bağlı yeganə azərbaycanlı Vaqif Mustafazadənin adını çəkə bilir.

Amerikada isə caz çox şey deməkdir. Həm həyat tərzi, həm bərabər haqqlar uğrunda mübarizə vasitəsi, həm bir zamanlar qitəyə kölə kimi gətirilmiş qaradərililərin özünü ifadə üsulu və mədəni yüksəliş yolu. Demək olar əksər amerikalı cazmenlərin irqi, cinsi, ictimai ayrıseçkiliklə mübarizəyə həsr olunmuş mahnıları var. Lois Armstrong, Billie Holiday, Duke Ellington, John Coltrane, Charles Mingus onlardan ən məşhurları idi. Nina Simone isə onların içində bəlkə də əvəzsiz yeri olan müğənnilərdən idi. Bu cazmenin sağlığında böyük şöhrət qazandığını demək çətindir, o şöhrəti daha çox dünyasını dəyişəndən sonra qazanmış sənət adamlarındandır.

Nina Simone Fransadaykən.
Nina Simone Fransadaykən.

Söhbət yetmiş illik ömründə düz 47 musiqi albomu, 400 mahnısı çıxmış, 20 ilə yaxın isə səhnədən tamam uzaqlaşmış, ABŞ şou biznesindən küsüb uzun müddət Fransada könüllü sürgündə yaşamış, ruhi xəstəxanada yatmış, Amerikada qaradərililərin haqları və ümumən insan haqları fəalı, çılğın kaprizləri ilə tanınan, güclü səs və şarm sahibi qaradərili qadın müğənnidən gedir. Bugünki caz musiqisində eşitdiyimiz ən az 4-5 mahnıdan birini ya Nina Simone bəstələyib, ya sözlərini yazıb, ya da mahnı onun üçün yazılıb və ilk dəfə o oxuyaraq məşhurlaşdırıb.

Buna da bax: 'Mənim tanıdığım Vaqif'…

2008-ci ildə ABŞ prezidenti Barack Obama ən çox sevdiyi 10 mahnı siyahısında Nina Simone-nin “Sinnerman”ının da adını çəkəndən, David Lynch “Daxili imperiya” filmini elə həmin mahnıyla bitirəndən, pop müğənnilər Beyonce və Adel onu özlərinə nümunə saydıqlarını dedikdən və Lana Del Rey onun adını öz bədəninə döydürdükdən sonra axır ki, Simone dəbə mindi. Onun mahnıları müxtəlif müğənnilər tərəfindən yenidən canlandırılırdı və 2015-ci ildə Lis Garbus onun haqda “What Happened, Miss Simone?” (Nə baş verib xanım Simone?) sənədli filmini çəkdi və film Oskar mükafatına namizəd oldu. Böyük uğur qazandı. Ardınca 2016-cı ildə rejissor Cyntia Mort əfsanəvi caz müğənnisi haqda növbəti filmi çəkdi və bu film əvvəlkilərdən fərqli olaraq daha çox bədii filmdir.

Film Nina Simonenin uşaqlığında yaşanmış gerçək bir səhnə ilə başlayır altı yaşlı Nina yaşadığı Şimali Karolina ştatında piano konserti verir və o zaman zalda ancaq ağ dərililərin oturmağa icazəsi olduğu üçün Ninanın valideynləri konserti kənardan ayaqüstə izləyir, ancaq Nina valideynlərinin zalda oturmasına nail olmayınca konsertə başlamaqdan imtina edir. Bu səhnə filmin davamını təyin edir. Film başdan-başa müğənninin şəxsi uğursuzluqları, nizamsız həyatı, içki düşkünlüyü, yuxusuzluq və bir də qaradərililərin haqqları uğrunda mübarizəsini əks etdirir. Müğənni xatirələrini danışarkən dəfələrlə vurğulayıb ki, onu qaradərili olduğu üçün daxil olduğu Filadelfiyadakı Curtis Musiqi İnstitundan qovublar və buna görə də klassik musiqi sahəsində təhsil almaq arzusu gözündə qalıb.(Yeri gəlmişkən müğənninin ölümündən iki gün öncə 1951-ci ildə qovulduğu Curtis Musiqi İnstitunun rəhbərliyi müğənnini fəxri doktor adıyla təltif edib).

Nina Simone haqda çəkilmiş "Nina" filminin treyleri.

1960-cı illərdə Nina Simone Amerikanın müxtəlif ştatlarında restoranlarda və teatrlarda səhnəyə çıxmağa başalyıb. O dövrdə Amerikada qaradərili müğənnilərin zəhmət haqqlarının verilməsi və müəlliflik hüquqları tez-tez pozulması faktı filmdə əks olunub, belə ki, Nina Simone musiqi albomuna görə alacağı qonorardan məhrum edildiyi üçün musiqi şirkətinin sahibini silahla hədələyir və buna görə psixiatrik xəstəxanaya salınır, bunun ardınca o ard-arda siyasi motivli musiqilər yazmağa başlayır və tezliklə səsyazma studiyaları tərəfindən baykot olunmağa başlayır. 70-ci illərin əvvəllərində Nina Simone ABŞ şou biznesində qaradərililərə olan mənfi münasibətə etiraz əlaməti olaraq Fransaya köçür və ömrünün axırına kimi orda yaşayır. O Fransanın gecə barlarında çıxış edərək həyatını təmin edir, amma gecə barlarının varlı, musiqi duyumu olmayan, özündənrazı müştəriləri onu qıcıqlandırır. Dəfələrlə ifası zamanı haqqı olan diqqəti görmədiyi üçün tamaşaçılarla dalaşır, hətta o oxuyarkən başı şıdırğı söhbətə qarışmış bir tamaşaçını bıçaqla yaralayır. Əslində isə çılğın istedad və güclü səsə sahibi müğənni bütün həyatı boyu əziyyət çəkdiyi bipolyar pozğunluq adlı psixoloji pozuntusuna heç fikir vermədən yaşayıb. O 1991-ci ildə fransız jurnalistinə müsahibəsində problemlərinin səbəbini qismən də olsa izah edir.

Buna da bax: Caz- sərhədləri asanlıqla keçən musiqi

“Sizin mahnılarınızın bir qismi gözəl və zərif sevgi mahnılarıdır, bir qismi isə qəzəbli siyasi mahnılardır, bu iki ucda balansı necə qoruyursunuz?” – deyə jurnalist ondan soruşur.

Nina Simone isə cavab verir: “Çünki uşaqlıqdan sevgi görməmişəm, sevgi mənim üçün ehtiyacdır və mən qaradəriliyəm, bu haqda da oxumalıyam”.

Nina Simone ABŞ-da qaradərililərin hüquqları uğrunda mübarizə aparan Martin Luther Kingi şəxsən tanımış, onun və başqa qaradərili siyasi fəal Medgar Everstin qətlə yetirilməsindən sonra Nina Simone bu hadisələrdən xeyli sarsılır və“Mississippi Goddam” mahnısını yazır, bir az sonra onun elə bu mövzuda daha bir mahnısı “Pirate Jenny” ortaya çıxır. Ümumiyyətlə Nina Simonenin həm qaradərililərin haqqları, həm insan və vətandaş hüquqları, həm qadın haqqlarına həsr olunmuş onlarca mahnısı var. O müsahibələrində tez-tez özünü xoşbəxt hiss etmədiyini və azad olmadığını deyir. “Azadlıq” anlayışını o belə izah edir: “Mənimçün azadlıq qorxusuz yaşamaqdır. Həqiqətən qorxusuz”.

"Nina" filmində Clifton Henderson və Nina Simone, 2016-cı il.
"Nina" filmində Clifton Henderson və Nina Simone, 2016-cı il.

Nina Simonenin həyatında mühüm yerə sahib olan Clifton Henderson obrazı haqda filmdə xüsusi bəhs olunur. Bu qaradərili oğlan müğənninin yatdığı psixatrik xəstəxanada onun baxıcısı olub, Cliftonun dürüstlüyü və mehribanlığı Ninanın xoşuna gəldiyi üçün bu oğlanı özünə menecer götürür. Clifton bəzən Ninanın ifrat içki düşkünlüyü, gecə həyatı və eşq macəralarından bezib onu tərk etsə də müəyyən aradan sonra yenidən onun yanına qayıdır və demək olar ki, Nina Simonenin ayaqda qalıb, həyata tutunmasında böyük rol oynayır.

Nina Simone nizamsız həyat tərzi və zərərli vərdişləri üzündən bütün həyatı boyu müxtəlif xəstəliklərdən əziyyət çəkərək yaşayıb və belə görünür ki, həkimlərə elə də ehtiram duymayıb. O 21 aprel 2003-cü ildə süd vəzi xərçəngindən yaşadığı Fransada dünyasını dəyişib.

Buna da bax: Əzizə Mustafazadə: «Uşaq insanın ən böyük uğurudur»

Müğənni dünyada “Feeling Good”, “Don't Let Me Be Misunderstood”, “I put spell on you” və “My baby just cares for me” mahnıları ilə məşhurdur və bu mahnılar Nina Simonedən sonra minlərcə dəfə yeni səs və ifa tərzlərində oxunub.

XS
SM
MD
LG