Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

'Nardaran işi'ndə şahidlər yenidən polisə aparılır


Polad zavodu
Polad zavodu

Azərbaycanda sənaye parkları, «Nardaran işi»ndə şahidlərə təzyiqlər, bankların borclu vətəndaşları məhkəmələrə çəkmələri və ölkədə bank sektorunun inkişaf yolları bu gün medianın aparıcı mövzusudur...

AZƏRBAYCANDA SƏNAYE PARKLARI...

YAP.org saytı ölkədə sənayenin inkişafı ilə bağlı deputat Tahir Mirkişilinin fikirlərinə yer verib.

Deputat sayta deyib ki, ölkədə qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi formalaşmaqdadır: «Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda 5 sənaye parkı və 1 sənaye məhəlləsi yaradılıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir Pirallahı sənaye parkları və Neftçala Sənaye Məhəlləsidir».

T.Mirkişili bildirib ki, Azərbaycanın bir çox bölgələrində sənaye məhəllələri yaratmaq potensialı mövcuddur: «Məhəllələr yaradılarkən sənaye istehsalı, infrastruktur və bazar imkanları təhlil olunaraq qərar verilir. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcək. Bu həm də dövlət siyasətidir. Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur».

Deputat deyib ki, Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. «Bu həm də yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə dəyər imkanları deməkdir»,- deyə T.Mirkişili vurğulayıb.

Nardaran məhbusları
Nardaran məhbusları

«NARDARAN İŞİ»NDƏ HAKİMİN ACİZLİYİ

Azadliq.info saytında «Əlövsət Abbasovun acizliyi və ya…» sərlövhəli məqalə dərc edilib.

Müəllif Zümrüd Yağmur yazır ki, «Nardaran işi» ilə bağlı məhkəmə prosesi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin («Bandotdel») iradəsindən asılıdır.

Yazıda qeyd edilir ki, məhkəmədə dəfələrlə şahidlərə təzyiqlər məsələsi gündəliyə gəlib. Bir neçə şahid bildirib ki, məhkəmədə düzgün ifadə verdiyinə görə ona həmin idarədə təzyiqlər edilib. Vəkillər bununla bağlı məsələ qaldırsa da, hakim Əlövsət Abbasov acizlik göstərir:

«Keçən həftə istintaqa işgəncə altında verdikləri ifadədən imtina etdiklərinə görə yenidən təhdidlərə məruz qalanları guya qorumaq niyyəti ilə Əlövsət Abbasovun məhkəməni bir həftə təxirə salması bir hakimin, sadəcə, yalana sığınması deyildi. Heç Azərbaycandakı məhkəmə sisteminin ədalətsizliyi və ya sifarişlə işləməsinin sübutu da deyildi (bunu sübut etməyə lüzum da yox zatən). Bir şəxsin öz peşəsini kimlərinsə hikkəsinə belə asanlıqla tabe etməsinin, acizliyinin ürəkvuran mənzərəsi idi. Çünki bu fasilənin əsl amacı heç də şahidləri işgəncədən qorumaq deyilmiş, məhkəmə zalındakı dəmir barmaqlıqların akvarium tipli qəfəslə əvəz olunmasına zaman qazanmaqmış».

Manat
Manat

BANKA BORCLU OLANLARIN MAAŞLARININ 50 FAİZİ

«Yeni Müsavat» qəzetində isə «Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, borclu vətəndaşlar bu məhkəmələrdə özlərini müdafiə edə bilmədiklərindən əksər hallarda uduzurlar: ««DəmirBank»ın Ağsu filialı demək olar ki, rayon sakinlərinin böyük əksəriyyətini məhkəməyə verib. Hər gün keçirilən məhkəmə proseslərinin çoxunda bu bankın iddialarına baxılır. İnsanların sosial durumunun ağır olduğu bir zamanda işləyən borcluların maaşlarından 50 faiz tutulur».

Yazıda qeyd edilir ki, onsuz da ağır durumda yaşayan borcluların ailə üzvilərini düşünən yoxdur. Ekspert Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edib: «Əksər hallarda vətəndaşlar özlərini müdafiə edə bilmirlər. İstənilən halda vətəndaşın banka borcu varsa, ödəniş etmirsə, bank məhkəməyə verib udacaq. Amma söhbət ondan gedir ki, hansı məbləği tələb edəcək».

Ekspert vurğulayır ki, məhkəməyə verilən vətəndaşlar əksər hallarda özlərini müdafiə etmirlər və bu səbəbdən də məhkəmədə məğlub olurlar: «Daha aktiv olanlar sahibkarlardır ki, özlərini məhkəmədə müdafiə edirlər və udurlar».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

BANKLARIN BATMASININ SƏBƏBLƏRİ...

«Exo» qəzetində «Əgər Azərbaycanın bank sektoru dağılsa,...» sərlövhəli məqalə oxumaq olar.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev mövzunu qəzetə belə dəyərləndirib: «Azərbaycanın bank sistemi tamamilə dağılarsa, onun bərpasına haradasa 10 ilə yaxın vaxt lazım gələcək. Yalnız iqtisadiyyatın real sektorunun inkişafı bank sahəsini xilas edə bilər».

Ekspert düşünür ki, hətta hökumət bank sahəsinin problemlərini həll etmək gücündə olsa belə, dövlətin kommersiya müəssisələrinin işinə müdaxiləsi düzgün deyil. Onun fikrincə, hökumətin bank sisteminə ən böyük və səmərəli dəstəyi iqtisadiyyatın inkişafı ola bilər.

O.Haqverdiyev hazırda bank sisteminin fəaliyyətinin doğru olmadığı qənaətindədir: «Bank sistemi valyuta alqı-satqısı üçün yaradılmayıb. Kommersiya banklarının əsas vəzifəsi kreditləşdirmə yolu ilə iqtisadiyyatın real sektoruna xidmət etməkdir. Əgər banklar bunu etmək durumunda deyillərsə, o zaman iqtisadiyyatın real sektoru tam gücü ilə işəyə bilmir. O zaman iqtisadiyyatın şaxələnməsi, yeni müəssisələrin açılması və yerli məhsulların siyahısının genişləndirilməsi təmin edilməlidir».

Ekspert deyir ki, neftin qiyməti yüksək olanda, hökumət reallıqda qeyri-neft sektorunun inkişafını gözardı edib. Bu da bankların indiki vəziyyətə düşməsinin başlıca səbəbidir: «Büdcəni iqtisadiyyat yaradır, əksinə yox. Əgər iqtisadiyyat yoxdursa, xəzinəyə pul haradan daxil olacaq? Odur ki, öncə bu məsələlər həllini tapmalıdır və daha sonra bank sisteminə yardım etmək olar».
Ekspert deyir ki, ölkə iqtisadiyyatının inkişafını təmin etmədən ayrılıqda bankları tənəzzüldən çıxarmaq mümkün deyil.

XS
SM
MD
LG