Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

'Ölkənin qızıl dövrü əldən verilib'


İlham Əliyev Naxçıvanda
İlham Əliyev Naxçıvanda

İqtisadi islahatların dəyərləndirilməsi, böhran, İranla əlaqələrin genişlənməsi və Bakıda ağacların qanunsuz kəsilməsi bu gün medianın aparıcı mövzusudur…

YENİ İQTİSADİ ÇAĞIRIŞLAR

«Azərbaycan» qəzetində dərc edilən «İqtisadi modernləşmənin uğur formulu» sərlövhəli məqalədə ölkədə iqtisadi islahatların aparılmasından bəhs olunur.

Müəllif yazır ki, böhran yeni iqtisadi ideyaları həyata keçirməkdən ötrü münbit şərait deməkdir və inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri də məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir: «Bu baxımdan prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaratdı».

Yazıda deyilir ki, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunmasında siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə birləşdirən dövlət proqramlarının qəbulu müstəsna əhəmiyyət kəsb edir.

Müəllifin fikrincə, Azərbaycan post-neft dövrünə yeni iqtisadi modellə daxil olub. Bu model ölkənin qeyri-neft sektorunun inkişafını nəzərdə tutur.
Məqalədə qeyd edilir ki, ölkə iqtisadiyyatı innovativ inkişaf mərhələsinə qədəm qoyub və sənaye parklarının yaradılması bunun təzahürüdür. Müəllifə görə, bu addım həm də artıq yeni iqtisadi çağırışlara verilən reaksiyadır.

Neft buruqları
Neft buruqları

BÖHRANDA BATANLAR

Azadliq.info saytında dərc edilən «Böhranda birgə batanlar» sərlövhəli məqalədə isə ölkə iqtisadiyyatı fərqli baxışdan dəyərləndirilir.

Müəllif yazır ki, ölkədə iqtisadi böhran getdikcə dərinləşməkdədir: «Bəllidir ki, heç bir qabaqlayıcı, yüngülləşdirici tədbir görülmür. Açıq şəkildə böhranla baş-başa buraxılmışıq».

Yazıda qeyd edilir ki, ölkədə getdikcə həm əhalinin gəlirləri azalır, həm də işsizlərin sayı.

Müəllif hesab edir ki, manatın günü-gündən dəyərdən düşməsi özü ilə bahalaşma gətirir. Öz istehsalı olmayan ölkələrdən ötrü də belə böhran qaçılmazdır.

Müəllif bu vəziyyəti yumor hissi ilə «analoqsuz inkişaf» adlandırır.

Yazıda belə bir situasiyada «böhranda insanlar işsiz-gücsüz necə yaşayır» sualına cavab axtarılır: «Bu adi və təsadüfi məsələ deyil. İnsanlar dar günü üçün yığılan pullardan istifadə edir, amma bu müvəqqəti haldır... Hökumət ən başından bu ölkəni, xalqı düşünmədi. Düşünsəydi, ölkənin qızıl dövrü əldən çıxmazdı. Neftdən gələn gəlirləri öz ailə biznesləri üçün mənimsəməzdilər».

Müəllifin fikrincə, ən pisi də odur ki, insanların çoxu baş verənlərə laqeyddir: «Hamı yaxşı bilir ki, böhran hər gün daha da dərinləşərək soyuq külək kimi iliyə qədər işləyəcək. Bunu bilib səssiz qalmaq elə böhranın qarşısını almaq üçün heç bir addım atmayan hökumət kimi davranmaq deyil? Fərq bilirsiniz nədir? Fərq odur ki, onlar bizim taleyimizə, biz isə özümüzün, övladlarımızın taleyinə biganə yanaşırıq».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

İSTİQAMƏT QƏRBƏ OLMALI...

«Exo» qəzetində isə «Avropa ölkələri Azərbaycan iqtisadiyyatını xilas edə bilər, İran yox» sərlövhəli məqalə diqqət çəkir.

Yazının əvvəlində bu günlərdə Bakıda keçirilən İran-Azərbaycan konfransından bəhs edilir. Müəllifin qeyd etməsinə görə, həmin konfransda bildirilib ki, İran Azərbaycana 1.2 milyard dollar həcmində sərmayə yatırıb.

Müəllif bu vəziyyətdən çıxış edərək, İran və Azərbaycan iqtisadi maraqlarını ekspertlərlə müzakirə edir. İqtisadçı-ekspert Oqtay Haqverdiyev qəzetə mövzunu belə dəyərləndirib: «Əgər imkanlardan danışsaq, Azərbaycan üçün Qərblə sıx iqtisadi əlaqələr qurmaq əlverişlidir. İran neftə alternativ olaraq Azərbaycana heç nə təklif edə bilməz. Avropa ölkələri isə Azərbaycana sənayeni elmi əsaslarla inkişaf etdirməyə dəstək olar. Bu da gələcəkdə ölkənin iqtisadiyyatını xilas edə bilər».

Ekspertə görə, İran iqtisadiyyatı da tam şəkildə inkişaf etməyib. Amma bəzi sahələrdə əməkdaşlıq mümkündür: «Bundan əlavə, İran-Azərbaycan münasibətlərində geosiyasi baxışlar daim iqtisadi əlaqələri üstələyəcək. İran Ermənistanı müəyyən məsələlərə qoşmaq istəyəcək ki, bu da problemlər yaradacaq. Bundan irəli gələrək məqsədəuyğunluq və perspektivdən danışırıqsa, Azərbaycan üçün Qərblə iqtisadi əlaqələr qurmaq zərurətdir».

Ağac kəsimi
Ağac kəsimi

CƏRİMƏLƏR ARTIR, ÖDƏNİŞLƏR AZALIR

«Bizim Yol» qəzetində «Bakıda «yaşıl soyqırımı» ilə bağlı şok faktlar» sərlövhəli məqalədə paytaxtda ağacların qanunsuz olaraq kəsilməsindən bəhs edilir.

Yazıda deyilir ki, bir ağac il ərzində atmosferə üçnəfərlik bir ailənin il boyu tənəffüsünə bəs edəcək qədər oksigen buraxır. Atmosferin çirklənməsinin qarşısını alır, havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir.

Müəllif bildirir ki, torpaq sürüşməsinin, zəlzələnin fəsadlarını azaltmaqdan ötrü ağac əkmək ən optimal çıxış yoludur.

Müəllif daha sonra yaşıllıqların qırılmasına görə görülən inzibati tədbirlərdən bəhs edir. O, ötən ilin statistikasına nəzər salır: «910 iş üzrə 1 milyon 294min 30 manat cərimə tətbiq edilib. 419 iş üzrə 847 min 358 manat iddia qaldırılıb. Hüquq-mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, icra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq tədbirlər görülüb».

Yazıda vurğulanır ki, son illər bu sahədə cərimələrin miqdarı artıb. Ancaq cərimələrdən daxilolmalar heç də artmayıb.

Müəllifin fikrincə, bəzi cərimələr heç qeydiyyata alınmır. Bu da yaşıllıqlarının qırılması ilə mübarizəyə ciddi şəkildə xələl gətirir.

XS
SM
MD
LG