Oxu zalının müsahibi son vaxtlar sorağı tez-tez eşidilən “Müqəddəs inək” sənədli filminin rejissoru İmaməddin Həsənovdur. Bu yaxınlarda Gürcüstanda keçirilən “CineDoc” festivalından qayıdan İmaməddin öz filmindən və əcnəbi fondlarla əlaqə yaratmağın yollarından danışır.
- İmam, sizi daha çox “ODA” teatrının rejissoru və aktyoru kimi tanıyırlar. Amma son vaxtlar həm də kinorejissor kimi tanınmağa başlamısınız. “Müqəddəs inək” filmi festivalları gəzir, artıq Azərbaycanda da bir neçə dəfə nümayiş olunub. Oxucularımıza özünüz haqqında məlumat verə bilərsinizmi? Teatr rejissoru necə kinorejissora çevrildi?
- Mən İncəsənət və Mədəniyyət Universitetinin teatr rejissorluğu fakultəsini bitirmişəm- müəllimim Cənnət Səlimova olub. Fəaliyyətimə Bakı Kamera Teatrında başlamışam- 99-2006-cı illərdə orda həm aktyor kimi çalışmışam, bəzən də rejissorluq eləmişəm. Amma tamaşa qoymurdum, müəyyən tədbirlər hazırlayırdım. Sonra Teatr Xadimləri İttifaqında Yaradıcı Gənclər Mərkəzi yaratdıq və “Əli və Nino” tamaşasına quruluş verdik. Mən həmrejissor idim, yəni iki rejissordan biri. Daha sonra özümü televiziyada sınadım - əvvəlcə “Space” kanalında, sonra dövlət televiziyasında. Ancaq həmişə axtarışda idim. Bir dostumun təsiri ilə dinlə məşğul olmağa başlamışdım, namaz qılırdım. O qədər ciddi inanırdım ki, heç bir qadına baxmırdım.
- Saqqal da o vaxtdan qalıb?
- Yox, saqqal təzədi. Keçmiş sevgilim üçün yas saxlayıram. Sonra kino adamlarının çevrəsinə düşdüm. Hamı baxdığı filmlərdən danışırdı, mən də həvəslənirdim, nəsə eləmək istəyirdim. Teatrda tamaşa qurmaq üçün şərait yox idi, televiziyada sadəcə efiri doldurmaq məqsədilə lazımsız verilişlər haqzırlayırdıq. Bir dəfə bir gənc müğənni onun üçün klip çəkməyi təklif elədi. Özünün kamerası və toyxanadakı kimi böyük mikrofonu vardı. Mənə dedi ki, klipi çək, kameranı havayı verim sənə, get, istədiyini elə. Onun üçün iki klip çəkdim və sonra ilk sənədli filmim üzərində işləməyə başladım - “Bakirənin xoşbəxtliyi”. AzTv-də bir asisstentim vardı, 40-50 yaşlarında qadın idi, heç vaxt ərə getməmişdi. Ruhlarla danışdığını deyirdi. Özü ilə danışıb çəkmək üçün icazə aldım. Onda ssenari, sinopsis, ya da tritmentin nə olduğunu bilmirdim. Çoxlu oxumağa, filmlərə baxmağa, öyrənməyə başladım. Ən çox Sergey Dvortsovoydan, Viktor Kosokovskidən. Mənim üçün Dvortsovoy sənədli kinonun atasıdı. Hətta Manski də onun yanında zəifdi. Ümumiyyətlə, mənə görə, Vitaly Manskinin çəkdikləri konyukturadı, tamaşaçını çox manipulyasiya eləyir. Qayıdım “Bakirənin xoşbəxtliyi”nə. Filmi altı aya çəkmişdim. Finalda qəhrəmanımı psixoloqa aparmaq istəyirdim, amma razılaşmadı, qapını açmadı.
Filmimin sonunda zəncirli bir yelləncək göstərmişdim. Aztv-də başa düşmüşdülər ki, o zəncirli yelləncək Azərbaycandı. Ona görə məni işdən çıxartdılar.
Əvvəlcə filmin yarımçıq qaldığını düşündüm, sonra əlimdəki materialı montaj elədim və mənə görə film alınmışdı. Filmdə bakirə qadının bir günü göstərilir. O, hazırlaşıb görüşə gedir, amma görüş alınmır. Filmin sonunda zəncirli bir yelləncək göstərmişdim. Aztv-də başa düşmüşdülər ki, o zəncirli yelləncək Azərbaycandı. Ona görə məni işdən çıxartdılar. Dedilər ki, səni nədəsə təqsirləndirib də çıxarda bilərik, özün ərizə yazıb çıxa da bilərsən. Mən də ərizəmi yazıb çıxdım. Mənə deyirdilər ki, sən fransız ermənilərindən pul almısan. Mən heç yuxuda da görməmişəm fransız ermənisini. Deyirdilər ki, qəhrəmanın niyə kasıbdı, niyə varlı qəhrəman tapmamısan. Onlara sənədli kinonun nə olduğunu başa sala bilmirdim. Bəlkə də başa düşürdülər, amma vəzifələrini itirməkdən qorxurdular.
İmam Həsənovun "Bakirənin xoşbəxtliyi" filminin treyleri.
Buna da bax: Bir inəklə azərbaycanlıların yeniliyə münasibətini öyrənmək
- Filmi AzTv üçün çəkmişdiniz?
- Yox, mən özüm üçün çəkmişdim, Aztv-yə dəxli yox idi. Amma premyera olanda hamını dəvət eləmişdim. Premyeradan sonra işlədiyim verilişlərin ikisini bağladılar. Zatən filmə baxanlar da heç nə anlamamışdılar. “Təbrik eləyirəm” sözünü elə deyirdilər ki, elə bil başsağlığı verirdilər. Ümumiyyətlə, bizdə filmi müzakirə eləmək, sual vermək adəti yoxdu. Baxırlar və heç nə demədən çıxıb gedirlər. Gürcüstanda hətta əyalətlərdə belə nümayişdən sonra çoxlu suallar verirlər. Nə isə. Aztv-dən çıxandan sonra dərviş kimi fırlanmağa, çabalamağa başladım. Onda “CalkaDoc” dan xəbər tutdum. Çexiya və Gürcüstanın birgə layihəsi idi. Sənədli filmlərlə bağlı sessiyalar keçirirdilər. Ora iki layihə göndərdim. Biri “Müqəddəs inək” idi. Sonra Rumıniyaya getdim. “Müqəddəs inək” orda “ən yaxşı layihə” kimi qalib gəldi. Ordan bizi Praqaya kinoplatformaya göndərdilər. Bu platforma kino bazarı kimidi – prodüserlərlə görüşürsən, təkbətək, ümumi görüşlər keçirirsən, süjeti danışırsan. Orda bir alman prodüser layihə ilə maraqlandı. Ondan sonra layihəni Avropa fondlarına göndərməyə başladıq. Doha Film institutu 45 min ayırdı bizə. Sonra "Sundance" oldu, sonra bir neçə başqa fond maliyyə ayırdı..
- Yekunda filmin büdcəsi nə qədər oldu?
- 200 min dollara yaxın.
- “Müqəddəs inək” filmi 200 minlik büdcə ilə çəkilib?
- Yox. O 200 minin hardasa 160-170 mini Almaniyada xərcləndi.
- Nəyə? Özünüz xərclədiz?
Filmi çəkməyə 10 maksimum 20 min xərcləyə bilərdim.
- Yox, mən, 10, maksimum 20 minini xərcləyə bilərdim – gedib-gəlməyə, yeməyə, qalmağa, montaja və s. Ora ezamiyyət pulu kimi 15 avro verirdilər, bu isə heç nəyə çatmırdı.
- Bəs filmin əsl büdcəsi nə qədər olub?
- O 200 mini mənə yox, prodüserlərə veriblər. Film təkcə çəkiliş prosesindən ibarət deyil- ssenarinin developmenti var, hazırlıq mərhələsi –pre-production, çəkilişdən sonrakı mərhələ- post-production var. Digər tərəfdən Almaniyada bürokratik işlər də çoxdu. Məsələn, mənə bir kağıza beş dəfə qol çəkdirirdilər. Kifayət qədər təcrübəm olmadığına görə bütün proseslərə nəzarət eləyə bilmirdim. Ən azından, ingilis dilini mükəmməl bilməlisən ki, müqavilədə yazılanları oxuyub anlayasan. Məsələn, filmin festivallarda nümayişindən də pul gəlir. Filmi televiziyalara satışından da həmçinin. Mənim bunların hamısından faizim olmalıdı, amma yoxdu. Halbuki film 25-dən çox festivalda iştirak edib və proses davam eləyir. Məsələn, bu gün Ankara Film Festivalından dəvət almışam. Mənim işlədiyim prodüserlərin öz satış agentləri var, festivallarla məşğul olurlar. Onları daha çox tanıyırlar, nəinki məni. Filmi onlar göndərəndə daha çox diqqət çəkir, nəinki adi İmam göndərəndə. Ona görə də bütün bu işlərlə onlar məşğul olurlar, maliyyəni də onlar idarə edirlər. Ona görə də rejissorların əksəriyyəti iki-üç filmdən sonra özləri öz prodüserləri olurlar. Artıq onu tanıyırlar, o da bütün işləri artıq öyrənmiş olur.
- Yenə də 200 min çox böyük məbləğdi. Yaxşı, filmi üç il ərzində çəkmisiniz. Bu üç ildə nə qədər vəsait sərf eləmisiniz?
- Doha film İnstitundan aldığımız bütün vəsaiti. Komanda iki-üç nəfərdən ibarət olurdu. Orda yemək, qalmaq, sürücü və s xərcləri vardı. Hamının haqqını artıqlaması ilə verirdim.
- İmam, “Müqəddəs inək” Azərbaycanda bir neçə dəfə nümayiş olundu, sonra Gürcüstana sənədli filmlər festivalına getdi. Burda necə qarşılandı, Gürcüstanda necə qarşılandı?
- Mən bir az əvvəldən başlayacam. İDFA-dan. İDFA- Amsterdamda keçirilən Beynəlxalq Sənədli Filmlər Festivalıdı və nüfuzuna görə sənədli kino sahəsində “Oskar”a bərabərdi. “Müqəddəs inək” birinci dəfə orda nümayiş olunub. Bütün nümayişlər zamanı –yəni altı dəfə - biletlərin hamısı satılmışdı. Orda insanlar böyük sevgi, maraq göstərirdilər, çox müsbət rəy verirdilər. Kanadada keçirilən “HotDoc” festivalında da həmçinin. Eləcə də iştirak elədiyimiz digər vacib festivallarda..
- Bu festivallara düşmək üçün ödəniş eləmək lazımdı?
- Yox, onlar sizə ödəniş eləyirlər.
Buna da bax: Azərbaycanlı rejissorun filmi Gürcüstanın şəhərlərində göstərilir
- Azərbaycanda tez-tez hansısa filmlərin festivallarda iştirak elədiyi barədə xəbərlər alırıq. Sonra məlum olur ki, həmin festivallara düşmək elə də çətin deyil. Sadəcə müəyyən məbləğ ödəmək kifayətdi. Hətta adınızı kataloqa da salırlar.
Elə festivallar var ki, sadəcə rejissoru dəvət eləyirlər. Elə festivallar var ki, nə prodüseri, nə də rejissoru dəvət eləmir, amma filmi nümayiş etdirdiyi üçün sənə pul ödəyir.
- Festivallarda rəsmi proqram, əsas müsabiqə - official selection- olur. Rəsmi proqrama düşən filmlər üçün heç bir ödəniş tələb olunmur. Ödənişli iştirak festivallarda əlavə, necə deyərlər, yan bölmələrdi. Məsələn, adı olur “Qafqaz filmləri” bölməsi, və ya buna bənzər başqa bölmə. Məsələn, ən böyük kino bazarlarından biri İDFA-dadı. İnvestorlar, prodüserlər gəlirlər, filmlərə baxırlar, bəyəndiklərini alırlar. Üstəlik iki gündən bir festival çərçivəsində baş verən yeniliklər barədə broşürlər dərc olunur. Həmin broşürlərdə hansı filmlərin daha çox diqqət cəlb elədiyi yazılır. Beləcə digər festivalların nümayəndələrinin, prodüserlərin maraqlı filmlərdən xəbəri olur. Elə festivallar var ki, sadəcə rejissoru dəvət eləyirlər. Elə festivallar var ki, nə prodüseri, nə də rejissoru dəvət eləmir, amma filmi nümayiş etdirdiyi üçün sənə pul ödəyir. Məsələn, Koreyada üç min dollar ödəmişdilər buna görə. Üstəgəl, mükafat almışdım, məbləğ beş min olmuşdu. Bu məbləğ rejissora verilir, amma mən bütün heyət arasında bölüşdürürəm. Onlar da rahatdı, mən də.
- Qayıdaq tamaşaçıların reaksiyasına...
- Gürcüstanda- “CineDoc” festivalında birinci dəfə iştirak eləyirdim. Amma əsas müsabiqədə yox, Qafqaz filmləri bölməsində. Çox yaxşı qarşılandı orda, maraq çox idi. Hərçənd “EroticDoc” bölməsindəki filmlərə daha çox maraq vardı. Zal dolu olurdu.
- “Müqəddəs inəy”i sənədli film kimi təqdim eləyirsiniz. Amma quraşdırma, öz sözünüzlə desək, barmaq edilmiş epizodlar çoxdu və o barmağın təsiri aydın hiss olunur. Məsələn, qoca kişilərin yanında onlara nə deyəcəklərini diktə eləyən adam var.
Filmdəki yaşlı kişilər də orda oturmuşdular. Özümü təqdim elədim, adımın İmam olduğunu eşidəndə çəkilməyə razılıq verdilər.
- Onları mən bilə-bilə qoymamışam ora. Birinci dəfə Lahıca reportaj hazırlamaq üçün getmişdim. Orda bir dostum avropa cinsli inək almaq istəyən adam haqqında danışdı mənə. Ondan əvvəl televiziyada xaricdən inək gətirilməsi haqqında dövlət proqramı barədə eşitmişdim. Həmin adam da qəzetdə oxuyub, ya televizorda görüb ki, belə bir proqram var, inək gətirirlər, o inəklər daha çox süd verir və s. Və elə bir inək almağı arzulayır. Həmin adamla tanış oldum, evini gördüm və o inəyi niyə arzuladığını başa düşdüm. Bu mənim üçün çox vacib idi. Filmdəki yaşlı kişilər də orda oturmuşdular. Özümü təqdim elədim, adımın İmam olduğunu eşidəndə çəkilməyə razılıq verdilər. Onların yanındakı adam da bizi tanış eləyən dostumdu.
"Müqəddəs İnək" filminin treyleri.
- Yəni filmin əvvəllindən sonuna qədər siz onlara heç nə diqtə eləmirsiz? Bütün dedikləri öz fikirləridi?
- Mən təkcə “Avropadan inək gəlsə, necə olar” deyə soruşmuşam. Onlar da danışıblar. Konkret olaraq “burda etiraz eləyin, orda razılaşın” deməmişəm. Amma həqiqətən, barmaq elədiyim səhnələr var. Məsələn, ilk epizodlarda dağın başında qəhrəmanın telefonla danışdığı səhnədə demişdim ki, gözlə, mən gedim, kameranı qurum, sonra gələrsən. Hərçənd oralarda şəbəkə həqiqətən pis işləyir, qışda da xüsusilə. Ya da məsələn, uşaqların dalaşdığı sənə. O səhnədə kənar müdaxilə olduğu aydın görünür, məncə.
- Ümumiyyətlə, o cür müdaxilə olunmuş səhnələr az deyildi. Amma filmdə qurama epizodlarla, dialoqlarla real səhnələr arasında balans yaradılıb. Buna görə də quraşdırma epizodlar “itələmir”. Məsələn, uşaqların şəkil çəkdikləri səhnədə biri deyir ki, inək çəkirəm, çünki çox süd verir və s. Öyrədildiyi hiss olunur.
- Doğrudu, o uşağı öyrətmişdik.
- Amma o, sözünü bitirməmiş qardaşı onlara yaxınlaşan pişiyi vurub qovur. Bu kadr birincinin quramalığını kompensasiya eləyir. Və filmdə bir neçə belə səhnə var.
- Ancaq uşaqların Allah sözünü yazdıqları səhnəyə müdaxilə eləməmişəm. Hər şey olduğu kimi çəkilib. Biz kameranı açıq qoyub uzanmışdıq, siqaret çəkirdik. Son anda bizim baxdığımızı hiss elədilər və həmin anda kəsdik. Filmdəki kadrların, demək olar ki, hamısı bir dəfəyə çəkilib. Ona görə də qəhrəmanların kameraya necə alışdıqlarını da görə bilərsiniz. Məsələn, ilk epizodlarda qəhrəmanın həyat yoldaşı “inəyin şəklinin divara asma” deyəndə gülür. Çünki hələ alışmayıb kameraya.
Buna da bax: Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır
- Deməli, qəhrəman inəyi əzizləyəndə həyat yoldaşının gizlincə ona baxması və qısqanması quraşdırma deyil?
- Yox, o montajdı. Başqa-başqa vaxtlarda çəkilib, montajda birləşdirmişik.
- Həmkəndlilərinin qəhrəmana münasibəti, xarici inək almaq istədiyini görə onu çıxdaş eləmələri də real idi?
- O adam kənddən uzaqda yaşayır. Lap ucqarda. Amma o mənfi münasibət qismən realdı, bəli.
- Eşitdiyimə görə filmin sorağı Azərbaycana çatanda sizi Mədəniyyət və Turizm Nazirliyinə çağırıb danlayıblar.
- Zəng vurub soruşdular ki, kimsən, nəçisən. Sonra filmdə işləyən operatorları Aztv-də işdən çıxardanda özüm getdim nazirliyə ki, bəlkə onları müdafiə eləyərlər. Çünki o operatorlar cəmi bir, ya iki dəfə çəkilişə getmişdilər.
- Film festivalda iştirak eləyəndən sonra onları işdən çıxartmışdılar?
- Amsterdam və Kanadada festivalda olandan sonra. Nazirlikdə mənə dedilər ki, festivaldan onlara zəng vurublar. Mən də filmin diskini nazirin köməkçisinə verdim ki, özləri baxsınlar. Nazirin qızı da baxıbmış. “Yarat”da filmi göstərəndə dedi ki, mən bu filmə baxmışam, çox xoşuma gəlib. Filmi qeydiyyatdan keçirmək üçün gedəndə nazir də dedi ki, yaxşı filmdi, amma orda başqa məsələlər də var. Buna baxmayaraq, Azərbaycanda nümayişinə icazə verdilər.
Filmi qeydiyyatdan keçirmək üçün gedəndə nazir də dedi ki, yaxşı filmdi, amma orda başqa məsələlər də var.
Bakıda nümayişində heç bir problem olmadı, amma bölgələrdə qorxurdular, məmurlar filmə əvvəlcə özləri baxmaq istəyirdilər. Şəki, Mingəçevir, Gəncə, Sumqayıtda nümayiş olunub. Təxminən, 7-8 yerdə göstərmişik.
- Necə qarşılanırdı?
- Lənkəranda tamaşaçıların bir hissəsi filmin yarısından çıxdı. Axıra iki-üç nəfər qalmışdı. Bir neçə nəfər də soruşdu ki, siz inəyin reklamı ilə məşğulsuz? Maraqlı bir şey deyim. Gürcüstanda bir fermada göstərmişik. Fermanın başçısı çox sevinirdi. Deyirdi ki, bizdə də eyni problem var, heç kim xarici inək almır, olar ki, beş-altı disk verəsiniz, camaata paylayım, baxsınlar, görsünlər ki, xeyirli inəkdi. Cavab verdim ki, problem yoxdu, nə qədər istəyirsiniz, götürün. Sonra bizə bütün fermanı gəzdirdi, alətləri, heyvanları göstərdi.
- Necə oldu ki, filmi fermada nümayiş etdirdiniz?
- Özləri istəmişdilər. Bir çox bölgələrdə tamaşaçılar, əsasən, kişilər olurdu və filmin sonuna çox az adam qalırdı. Axırıncı nümayişdə film qalmışdı bir yana, deyirdilər ki, gəlin, bizi də çəkin, bizdə də yaxşı inəklər var.
- Bu nümayişlər CineDoc festivalı çərçivəsində keçirilirdi?
- Yox, özləri istəyirdilər. Amma festival çərçivəsində martda olacaq. CineDoc-un belə ənənəsi var. Hər festivaldan sonra filmlərin regionlarda nümayişlərini təşkil eləyirlər. Bizim film də ordadı.
Buna da bax: Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'
- Azərbaycanda müstəqil olmaq istəyən rejissorların əksəriyyəti fondlarla işləməyi bacarmır, ölkədə də maliyyə tapa bilmirlər və dövlət sifarişi ilə çəkməyə məcbur olurlar. Amma sizin artıq təcrübəniz var. Xarici fondlarla işləmək üçün neynəmək lazımdı?
Kann Film festivalının nümayəndəsi deyirdi ki, səkkiz minə yaxın film gəlir, ona görə də hər filmin iki dəqiqəsinə baxırıq, bəyəniriksə, keçir. İDFA-da filmin 20 dəqiqəsinə baxırlar, yaxşıdısa, götürürlər.
- İndi internet sayəsində hər şey çox rahatdı. Sadəcə layihələrini həmin fondlara, institutlara göndərməlidilər. Orda şərtlər, bölmələr var: məsələn, inkişafda olan ölkələr üçün, bədii filmlər üçün, sənədli filmlər üçün və s. Təbii ki, birdən-birə heç kim heç nə vermir. Müsabiqələrdə, layihələrdə, ustad dərslərində iştirak eləməlisən. Məsələn, mənim üçün öz dövlətimin yardımı olmadan çəkmək çətin idi. Çünki öz dövlətinin payı olmayanda layihəyə şübhə ilə yanaşırlar. Yəni çətindi, amma mümkündü. Qəhrəmanımın arzusu inək almaq idi, mənim arzum film çəkmək. Eyni şeydi. Mübarizə aparmaq lazımdı, qaydaları öyrənmək, prodüser tapmaq lazımdı. İngilis dilini yaxşı bilməlisən, əlaqələr qurmalısan. Kann Film festivalının nümayəndəsi deyirdi ki, səkkiz minə yaxın film gəlir, ona görə də hər filmin iki dəqiqəsinə baxırıq, bəyəniriksə, keçir. İDFA-da filmin 20 dəqiqəsinə baxırlar, yaxşıdısa, götürürlər. Çünki bütün filmlərə baxmağa vaxt yoxdu.
- Ümumiyyətlə, kinofondlarda iş necə qurulur? Onların Azərbaycana maraqları varmı, yoxsa ölkənin fərqi yoxdu, layihəyə baxırlar?
- Ölkənin heç bir fərqi yoxdu. Bir fərq var- onlar Azərbaycandan normal film görməyiblər. Gördükləri turizm, təbiət haqqında və s. bu tip mövzularda filmlərdi. Onlar isə reallığı, problemləri görmək istəyirlər.
- İmam, hazırda kinostudiya uğurlu işləri olan gənc rejissorları dəvət eləyib film verir. Siz də belə təklif almısınız?
- Yox. Amma özüm müstəqil şəkildə təzə ssenari üzərində işləyirəm. Bir də Zəki Demirkubuz tərzində bir film çəkmək istəyirəm. Başqa ideyalarım da var. Sadəcə oturub yazmalıyam, amma bilmirəm, burda mənimlə işləmək istəyən olar, ya yox, çünki təhlükəli hesab olunuram. Hər halda burda alınmasa, Gürcüstan Milli Kino Mərkəzində deyiblər ki, yardım eləyə bilərlər. Yəni mübarizə davam eləyir. Dayanmaq, ruhdan düşmək istəmirəm.