Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

'Qara etiraflar' ölkəsi


Büdcə
Büdcə

Gələn ilin büdcə layihəsi, ölkənin müxtəlif nazirliklərində korrupsiya qalmaqalları, islahatların yubanması və istifadəsiz torpaqlar bu gün medianın aparıcı mövzusudur…

SOSİALYÖNÜMLÜ BÜDCƏ

«Azərbaycan» qəzetində «Sosial yönümlülük dövlət büdcəsində yenə prioritetdir» sərlövhəli məqalə dərc edilib.

Müəllifin fikrincə, 2017-ci ilin dövlət büdcəsinin layihəsi bir tərəfdən

ölkənin inkişafından ötrü möhkəm bazadır, digər tərəfdən isə əhalinin sosial müdafiəsinə xidmət edəcək.

Məqalədə qeyd edilir ki, iqtisadi sahədə həyata keçirilən siyasətdə ən önəmli cəhətlərdən biri sosial amilin ön planda olmasıdır: «Bu baxımdan aparılan məqsədyönlü siyasət nəticəsində ötən 12 ildə inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasını təmin edib».
Məqalədə vurğulanır ki, ölkədə yeridilən siyasətin mərkəzində insan amili dayanır. Müəllif vətəndaşların baş verən neqativ halların mənfi təsirlərindən qorunmalarını əsas vəzifələrdən biri hesab edir: «Bu ilin əvvəlindən həyata keçirilən yeni iqtisadi islahatların da mahiyyətində dayanan əsas prioritetlərdən biri də məhz sosial məsələlərdir. Təsadüfi deyil ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi də sosialyönümlüdür».

Müəllif yazır ki, artıq, neçə illərdir Azərbaycanın dövlət büdcəsi təsdiq olunarkən sosial məsələlər prioritet olaraq qalır. Onun fikrincə, bu da təsdiq edir ki, ölkə rəhbərliyinin sosial siyasətinin hədəfi hər bir vətəndaşın şəraitinin yüksəldilməsidir.

Məqalədə vurğulanır ki, gələn ilin büdcə layihəsində sosial xərclərin xüsusi çəkisi 40.3 faiz təşkil edir. Bu 6 milyard 686 milyon manata bərabərdir.

Kino
Kino

YAXŞI KİNO MÖVZULARI…

Azadliq.info-da «Üzə çıxan cinayət faktları bərbad idarəçiliyin etirafıdır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazının əvvəlində ölkədə baş verənləri kino gözü ilə dəyərləndirir: «Bu ölkəyə nəzər salmaq kifayətdir ki, istənilən janrda ssenari yazasan, film çəkəsən. Fantastika, triller, komediya, faciə - nə istəsən ölkəmizdə var, hansı qurumun altını qaldırırsan zibil çıxır».

Yazıda deyilir ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi ətrafında cinayət işi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində korrupsiya iddiaları və Beynəlxalq Bankda kredit qalmaqalları bərbad idarəçiliyin nəticəsidir.

Məqalədə qeyd edilir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində korrupsiya iddialarından öncə bu nazirlik cəmiyyətdə nisbətən ən müsbət dövlət qurumlarından biri kim tanınırdı: «Deməli, ən az korrupsiyaya bulaşdığını düşündüyümüz strukturda yüz milyonluq talançılıqlar hökm sürüb. Bu isə onu deməyə əsas verir ki, digər qurumlarda vəziyyət daha dəhşətlidir».
Məqalədə vurğulanır ki, əgər gömrükdə, vergidə eyni əməliyyatlar aparılsa, təhsildə, səhiyyədə şəffaflıq təmin edilsə, daha böyük məsələlər üzə çıxar.

Müəllif son vaxtlar çoxsaylı korrupsiya hallarının aşkarlanmasını hakimiyyətin özünə hökm oxuması kimi xarakterizə edir: «Qara mantiyalı hakimlər cəsarətli hökm çıxara bilməsə də, «qara etiraflar» öz hökmünü verir. Bu qədər çirkabın üzə çıxmasıyla hökumət özünə hökm oxudu və ölkədə hansı idarəçiliyin hökm sürdüyü, vəzifə başında oturanların mahiyyəti aydın göründü».

Traktor
Traktor

TORPAQLAR İSTİFADƏSİZ QALIR

«Exo» qəzetində isə «Azərbaycanda məhsuldar torpaqlar boş qalıb...» sərlövhəli məqalə diqqət çəkir.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə şərh edib: «Azərbaycanda məhsuldar olan sahələr boş qalıb. İşçi qüvvəsi isə regionları tərk edir. Məhsuldar sahələrin bir hissəsi daşınmaz əmlak tikintisinin altında qalıb ki, bu da yolverilməzdir».

Ekspert xatırladır ki, aqrar sektor Azərbaycandan ötrü prioritet istiqamətlərdən biridir və bu barədə dövlət orqanları bəyanatlar səsləndiriblər.

N.Ağayev vurğulayır ki, işlər bəyanat verməkdən o yana getmir. O, torpaqların boş qalmasının səbəblərinə də aydınlıq gətirməyə çalışır: «Əsas səbəb əksər işçi qüvvəsinin iri şəhərlərə axışmasıdır. Kəndlərin boşalması baş verir. Əgər məmurlar bu sahəyə yetərli diqqət yetirib düzgün stimullaşdırma aparsaydılar, bu sektor dövlət büdcəsinə irihəcmli pullar gətirə bilərdi».

Daha sonra müəllif torpaqdan səmərəli istifadəni təmin etmək məqsədilə ölkədə qanunvericilik qaydasında tətbiq edilən cərimələrə toxunur. Məqalədə vurğulanır ki, bu məqsədlə 2015-ci ilin mayında mülkiyyət, icarə və torpaqdan istifadə ilə bağlı hüquqların pozulmasına görə Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, torpaq sahələrinin qanunsuz hasarlanmasına, tikinti-montaj işlərinin aparılmasına görə 1500-3000 manat cərimə və ya 1 ilə qədər həbs müəyyən olunub. Üstəlik, torpağın istifadəsiz qalması ilə bağlı cərimələr kəskin artırılıb.

Müəllif hesab edir ki, aparılan cəza siyasəti uğurlu nəticələr verməyib.

Rüşvət
Rüşvət

YUXARILARDA KORRUPSİYA, AŞAĞILARDA...

«Novoye Vremya» qəzetində «Yuxarılardakı korrupsiya aşağılarda rüşvət doğurur» sərlövhəli məqalədə müəllif ölkədə rüşvət hallarının artmasını müzakirə edir.

Məqalədə qeyd edilir ki, insanlar tək özəl klinikalarda xərc çəkmirlər. Pulsuz dövlət xəstəxanalarında rüşvət baş alıb gedir. Bu isə Azərbaycanda səhiyyənin pullu olduğunun göstəricisidir: «Tibb sahəsində vəd edilən islahat başlamadı. Azərbaycanda 30 mindən çox həkim olsa da, tibbi xidmətin səviyyəsi çox aşağıdır. Buna baxmayaraq, bu sahədə rüşvət və korrupsiyanın miqyası artır. Amma rüşvətin və korrupsiyanın varlığını aşağı maaşların olması ilə əlaqələndirmək düzgün deyil».

Müəllifə görə, Azərbaycanın istehlak bazarında qiymətlər sürətlə artır, maaşlar inflyasiyadan geri qalır. Amma bütün bunlar nə rüşvətə, nə də korrupsiyaya haqq qazandıra bilər. Yazıda vurğulanır ki, korrupsiya və rüşvət xərçəng kimi dövlət hakimiyyətini yeyir. Ona görə də, sosial sahədə hər hansı yaxşılaşmanı görmək, hələ, uzun çəkəcək.

Müəllif hesab edir ki, korrupsiyaya ilə mübarizə ancaq yerində sayır: «Heç kəsə sirr deyil ki, tenderlərin nəticələri həmişə əvvəldən məlum olur. Bu tenderlərin qalibləri də, adətən, hakimiyyət orqanlarının rəhbərlərinə yaxın şəxslərdir».

Müəllif yazır ki, yuxarılarda korrupsiyaya ilə qəti mübarizə aparmadan aşağılarda rüşvəti aradan qaldırmaq mümkün olmayacaq.

XS
SM
MD
LG