Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

Həsən bəy Zərdabi Maksim Qorkinin düşüncələrinə necə təsir etmişdi...


Həsən bəy Zərdabi.
Həsən bəy Zərdabi.

Həsən bəy Zərdabi Maksim Qorkinin düşüncələrinə təsir edib

Həsən bəy Zərdabi yazırdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir". Lakin qeyri-adi iradəyə, tükənməz enerjiyə malik olan bu əfsanəvi adam dediklərini də, fikirlərini də həyata keçirə bildi; gəlmək istəməyənlər gəldi, görmək istəməyənlər gördü, eşitmək istəməyənlər eşitdi. Necə? Bax belə: "Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, habelə söz də, ələxsus doğru söz mirur ilə qanmazın başını deşib onun beyninə əsər edir"

…. Zərdabi çoxlarının edə bilmədiyini etmişdir. Bu "öz şəxsi, mənafeyini ictimai mənafeyə qurban vermək kişiliyi" idi. "Həsən bəyin həyatı da, ölümü də cəmiyyətə qurban getmişdir" (Ceyhun Hacıbəyov)

Həsən bəy Məlikov Zərdabi (1837-1907) XIX əsrin ikinci yarısında yetişmiş məşhur Azərbaycan maarifpərvəri, birinci jurnalist və darvinist alim idi. O, keçmiş Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Orta təhsilini rus dilində Tiflis gimnaziyasında aldıqdan sonra Moskva universitetinin təbiət fakultasində oxumuş və 1865-ci ildə bu fakultəni bitirmişdir. Moskvada oxuduğu zaman o, siyasi dərnəklərdə fəal iştirak etmiş, inqilabçı rus tələbələri ilə bir yerdə çalışmış və o zamankı Rusiyanım qabaqcıl ideyalarına yiyələnmişdi.

Həsən bəy Zərdabi İsmayıl Bəy Qaspıralı və Əlimərdan bəy Topçubaşovla birlikdə.
Həsən bəy Zərdabi İsmayıl Bəy Qaspıralı və Əlimərdan bəy Topçubaşovla birlikdə.

Həsən bəy tələbəliyini rus cəmiyyətinin fəal qismi arasında keçirmişdi. Gizli çalışan siyasi dərnəklərin tələb və proqramları ilə tanış olurdu. Tanıdıqları arasında şair Aleksey Nikolayeviç Pleşşeyevlə (1829-1893) yaxından dost olmuşdu. Bu şair fransız sosialistlərinin fəaliyyətini tədqiq edən dərnək başçılarından biri idi. Bu adam sonralar həbs edilərək əvvəlcə öldürülməklə və sonra Sibirə sürgün edilməklə məhkum edilmiş iyirmi dörd nəfərdən birisi olmuşdur. Bundan başqa Həsən bəy rusların məşhur tarixçisi Sulikov (bu soyad səhvdir. Söhbət Moskva Dövlət Universitetinin rektoru olmuş (1871-1877) məşhur rus tarixçisi Sergey Mixayloviç Solovyovdan gedir- Elnur B.) ilə dost olmuşdur. Həsən bəy onun evində möhtərəm qonaq sayılırdı. Həsən bəy Şərq millətləri haqqında ona məlumat verərdi. Bu evdə Sulikovun (Solovyovun) qızı ilə görüşərək ona məhəbbət, xoş münasibət, sevgi göstərərdi. Lakin ilk məhəbbətindən vaz keçir. Bunu da Vətəndən ayrılmaq qorxusu kimi qiymətləndirirlər. Beləliklə, bizə aydın olur ki, Həsən bəy Zərdabinin ilk sevgisi Sergey Mixayloviç Solovyovun qızı olmuşdur.

Sonrakı sevgisi haqqında hörmətli tarixçimiz Cəmil Həsənli yazır: “…1893-cü ildə Əlimərdan bəy Topçubaşovun 30 yaşı tamam oldu və elə həmin il o, tanınmış Azərbaycan maarifçisi, 1875-ci ildə müsəlman dünyasında "Əkinçi" adlı ilk dünyəvi qəzetin bünövrəsini qoyan Həsən bəy Zərdabinin (Məlikovun) Tiflisdə təhsil alan böyük qızı Pəri xanımla ailə həyatı qurmağa qərar verdi. Bu zaman Pəri xanımın artıq 20 yaşı vardı və o, təhsilini başa vurmaq üzrə idi. Həsən bəy 1865-ci ildə Moskva Universitetini bitirən ilk azərbaycanlılardan biri idi və dünyəvi təhsilə böyük əhəmiyyət verdiyindən 1873-cü ilin dekabr ayının 25-də anadan olmuş qızı Pəri xanımı Tiflis gimnaziyasına oxumağa göndərmişdi. Həmin dövrdə Həsən bəyin oğlu Midhət bəy də Tiflisdə təhsil alırdı.

Həsən bəy özü də Pəri xanımın anası həyat yoldaşı Hənifə xanımla Tiflisdə tanış olmuş və Hənifə xanım 1872-ci ildə Tiflis Müqəddəs Nina qız məktəbini bitirən kimi onunla ailə həyatı qurmuşdu. Qəribə də olsa, Azərbaycanda bir çox yeniliklərin bünövrəsini qoyan Həsən bəy XIX əsrin ortalarında ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı idi. Belə ki, "Qafqaz" qəzeti 1872-ci il sayında Tiflis Gimnaziyasını bitirən qızların siyahısını vermişdi. Bu siyahını oxuyan Həsən bəy Tiflisə getmiş və həmin siyahıda adıkeçən tənha müsəlman qızı, balkar türklərindən olan Hənifə xanım Abayeva ilə tanış olmuş, Hənifə xanımın razılığını alan kimi gimnaziyaya "bir molla dəvət edərək məktəbdə nikah əqd etdirmişdi". Hazırda zəmanəmizdə internet üzərindən ailə qurmaq ənənəsinin yaranmasını nəzərə alsaq, hələ XIX əsrin 70-ci illərində mətbuatın vasitəçiliyi ilə ilk uğurlu ailə həyatı quran Həsən bəy Zərdabi olmuşdur”

Zərdabi Moskva universitetini bitirdikdən sonra Azərbaycana qayıtmış, Bakıda "Realnaya gimnaziya" adlanan rusca orta məktəbdə müəllimlik etmiş və 1875-ci ildə "Əkinçi"qəzetini nəşr etməyə başlamışdı.

Azərbaycan dilində ilk qəzeti nəşr edən və bununla da Azərbaycan mətbuatının əsasını qoyan Zərdabidir. 1875-ci ilin iyulundan 1877-ci ilin son aylarına qədər davam edən "Əkinçi" ayda iki dəfə nəşr olunurdu.

Zərdabi böyük bir mütəfəkkir olaraq hər kəsdən daha öncə anlamışdı ki, milli kimliyə gedən yol elmdən, məktəbdən keçməlidir. Ona görə də o hələ "Əkinçi"nin birinci nömrəsində xəbər verirdi ki, qəzetin əsas qayələrindən biri elmi xəbərləri yaymaq olacaqdır. Ticarət və siyasi xəbərlərdən də məlumat verəcəyini Həsən bəy öz oxucularına vəd edirdi. Bu yolda böyük mücadiləyə başlayan Həsən bəy milləti öz kimliyinə tanıtdırmaq üçün ictimai bir çağırış orqanı kimi "Əkinçi"ni qoydu ortaya, hədəfləri göstərdi. XX əsrin böyük teatr tənqidçisi Cəfər Cəfərov yazırdı ki, XIX əsrin ikinci yarısında Azərbaycan cəmiyyəti o qədər geri qalmışdı ki, bu cəmiyyətdə bədii əsər üçün müsbət qəhrəman tapmaq çətin bir məsələyə çevrilmişdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan"ı, N.Vəzirovun "Müsibəti-Fəxrəddin"i, Mirzə Cəlilin "Ölülər"i bunun aydın təzahürü idi. Belə bir cəmiyyətdə Həsən bəy milli kimliyə gedən yolun milli dildən və milli mətbuatdan keçdiyini aydın şəkildə əsaslandırırdı. O deyirdi: "Qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir, məzhəbində qaim edir, ona binaən hamı millətlər səy edib qəzet və jurnallar çap edirirlər ki, qeyri millətlər arasında payimal olmasınlar". Məhz bu xüsusiyyətini nəzərə alaraq amerikalı alim T. Svyatoçovski haqlı olaraq yazır ki, "öz naşirinin Moskvada keçirdiyi tələbəlik illərindən miras qalan xalqçı görüşləri ilə səsləşərək "Əkinçi" kəndli təbəqəsinə xas olan xalq ruhunu oyatmaq niyyəti güdürdü.

"Əkinçi"nin bağlanmasından sonra, 1879-cu ildə Səid Ünsizadənin redaktorluğu ilə Tiflisdə "Ziya", 1880-cı ildə Şamaxıda "Ziyayi-Qafqasiyyə" adlı həftəlik ictimai-siyasi qəzetlər buraxılsa da, onların da ömrü uzun olmadı. 1883-cü ildə Səid Əfəndinin qardaşı, Cəlal Ünsizadənin redaktorluğu ilə "Kəşkül" jurnalı fəaliyyətə başladı və on bir nömrəsi çapdan çıxdıqdan sonra, 1884-cü ildə bu jurnal eyniadlı qəzetə çevrildi. Kiçik istisnalarla "Kəşkül" qəzeti 1891-ci ilə qədər nəşr olundu. Məhz bağlanmazdan az əvvəl "Kəşkül" "Sənin millətin nədir?" sualını ictimai müzakirəyə gətirdi və Arazın hər iki sahilindəki əhali üçün "Azərbaycan türkləri" ifadəsini işlətdi. Lakin qeyd edilən mətbuat orqanları "Əkinçi"nin yerini vermirdi. Bu mətbuat orqanlarını qiymətləndirərkən Ə.Topçubaşov yazırdı ki, müxtəlif vaxtlarda Tiflisdə Ünsizadə qardaşları tərəfindən çap olunan "Ziya" və "Kəşkül" qəzetləri ərəb və fars sözlərinin üstünlük təşkil etdiyi dillə yazılırdı, ideya baxımından isə bu qəzetlər Azərbaycandakı xalq kütlələrinin həyatının gerçək ifadəsindən çox uzaq idi. 1883-cü ildən nəşrə başlayan "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qasprinski "həmişə Rusiyada türk mətbuatının tarixinin "Əkinçi"dən başlandığını etiraf edir, Həsən bəyi isə bu sahənin patriarxı, özünün müəllimi adlandırırdı".

Həsən bəy Zərdabinin Zərdabdakı evi.
Həsən bəy Zərdabinin Zərdabdakı evi.

"Əkinçi" qəzeti bağlandıqdan sonra, beş il sürgün edildiyi Stavropoldan qayıtdıqdan sonra hakimiyyət orqanları Həsən bəyin quberniya mərkəzi kimi Bakıda yaşamasına müxtəlif yollarla mane olmuşdular. Bakıda iş tapmaq üçün getdiyi bütün qapılar onun üzünə bağlanmışdı.1878-ci ildə Həsən bəyi Stavropol quberniyasına sürgün edərkən bundan sonra ona mətbuat orqanı açmaq qadağan edilmiş, müəllimlik peşəsi ilə məşğul olmaq isə məqsədəuyğun sayılmamışdı. Halbuki o, ömrünün ən yaxşı illərini müəllimlik peşəsinə həsr etmiş, 1869-cu ilin oktyabr ayının 18-dən 1878-ci ilin noyabr ayının 20-nə, yəni Stavropola sürgün edilənə qədər Bakı realnı Gimnaziyasında təbiət elmlərindən dərs demişdi. 1881-ci ildə Həsən bəy doğma Zərdab kəndinə dönmək məcburiyyətində qalmışdı və 1896-cı ilə kimi Zərdab və Ucarda xalqın "sonsuz əzablarını və kəskin ehtiyaclarını" Hənifə xanımla birlikdə öz həyatında yaşamalı olmuşdu.

Sovet dövrünün dərsliklərində isə bu barədə oxuyuruq: “"Əkinçi" bağlandıqdan sonra Həsən bəy Zərdabi uzun müddət öz doğma kəndi olan Zərdabda yaşayır. XIX əsrin 90-cı illərində o, təkrar Bakıya qayıdaraq yenə özünün jurnalist fəaliyyətini davam etdirir. Bu zaman Tiflisdə və Bakıda rusca çıxan qəzetlərdə onun elmi-kütləvi məqalələri çap olunur”.

Həsən bəy Zərdabinin böyük xidmətlərindən biri də 1873-cü ildə Bakıda öz şagirdi dramaturq Nəcəf bəy Vəzirov ilə birlikdə Azərbaycan teatrının binasını qoymasıdır. Zərdabi 1907-ci ildə, dekabrın 11-də Bakıda vəfat etmişdir.

Bəzi tədqiqatçılar yazırlar ki, XIX əsrin sonu- XX əsrin əvvəllərində Bakıda açılan Rus-tatar məktəblərinin əsas təşəbbüsçüsü Həsən bəy Zərdabi idi. Belə məktəblərin birincisi Bakıda 1887-ci ildə açılmışdı. Bu işə əməli xarakter vermək üçün o, 1886-cı ildə özünün keçmiş müəllimlik təcrübəsi barədə realnı məktəbin rəhbərliyindən rəsmi şəhadətnamə də almışdı. Bu fikirlər doğrudur, ancaq birtərəfli yanaşmadır, eyni zamanda da mübahisəyə açıq mövzudur.

Mirzə Fətəli Axundazadə.
Mirzə Fətəli Axundazadə.

Bu işin əsas təşəbbüskarı Mirzə Fətəli Axundzadə olub. M. F.Axundzadə Azərbaycan dilində yeni tipli məktəb açmaq təşəbbüsünə düşərək, Həsən bəy Zərdabiyə bu barədə məsləhət və göstərişlər vermişdir. Məsələn, o, 15 fevral 1877-ci ildə Həsən bəyə göndərdiyi məktubda belə yazır: "...Sən Bakı şəhərində oğlan uşaqları üçün məktəb açmaq haqqında bir kampaniya düzəldib, azərbaycanca (türkcə) qısaca proyekt, yəni layihə yaz. İkinci, vilayətin varlı adamlarından və xalq arasında nüfuzu olan şəxslərdən 12 nəfər seçib, öz mənzilində çay içməyə dəvət et. Qoy ruhanilər məclisinin rəisi Axund Molla Cavad da bu 12 nəfərdən birisi olsun. Üçüncü, orada layihəni həmin şəxslərə göstər və məktəb açmağın vacib bir iş olduğunu ağlın kəsən dəlillərlə həmin şəxslərə aşıladıqdan sonra, ermənilərin təsis etdiyi kimi xüsusi bir kampaniyanın təsis edilməsinə yardım göstərməyi onlara təklif et"

Buna da bax: Həsən bəy və Hənifə xanım dastanı...

Eyni zamanda da bu işdə Əsgər ağa Goraninin adını unutmaq olmaz. "Əkinçi" qəzeti (12 may 1878-ci il) yazırdı: "Moskvadan Əsgər Gorani yazır ki, əgər Badikubədə müsəlman məktəbxanası açmaq üçün icma bina olsa, məni də o icmaya çalış hesab edin. Mən mədyun oluram bu işdən ötrü hər ildə yüz manat göndərim". Əsgər ağa Bakıda Azərbaycan məktəbinin açılması üçün bu pulu əsirgəmirdi. O vaxt Bakı quberniyasında cəmi bir realnı gimnaziya vardı ki, orada cəmi 500 nəfər şagird təhsil alırdl. Onlardab 250 nəfəri rus, 150 nəfəri erməni, 100 nəfəri isə azərbaycanlı idi. Məlumat üçün bildirək ki, çar Rusiyası Azərbaycana sürgün etdiyi malakanlar və digər xristian təriqətlilər üçün məktəb açdığı halda, yerli əhalinin savadlanmasına biganəlik göstərirdi. Göründüyü kimi, Əsgər ağanın məktəb açmaq üçün çalışması M.F.Axundzadənin, Həsən bəy Zərdabinin arzuları ilə üst-üstə düşür.

Hörmətli və dəyərli tarixçimiz Cəmil Həsənli yazır: “Həsən bəy 1896-cı ilin yanvar ayının 19-da Bakı qubernatoruna müsəlman qızlar üçün bir məktəb açılması xahişi ilə ərizə yazdıqda həmin vaxt qubernatorun göstərişi üzrə Həsən bəy haqqında aparılmış polis araşdırmaları ona mənfi cavab verilməsi ilə nəticələnmiş, Bakı quberniyası jandarm idarəsinin apardığı yoxlamalar Həsən bəyin "siyasi cəhətdən etibarlı" olmadığını üzə çıxarmışdı. Bu yoxlamaların nəticəsi olaraq Göyçay qəzasının polis rəisi 1896-cı ilin fevral ayının 29-da Bakı general-qubernatoruna göndərdiyi məxfi məktubda Həsən bəyi "bütün maddələr üzrə siyasi cəhətdən etibarsız və dövlət üçün təhlükəli" adam hesab etmişdi. Həmin vaxt imperator II Nikolayın tacqoyma mərasiminin ildönümü yaxınlaşdığı üçün ölkədə müxtəlif tədbirlər planı həyata keçirilirdi. Məhz bunu nəzərə alaraq Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin müdiri A. Txorjevski 1896-cı ilin mart ayının 22-də Tağıyevə müraciət edərək "bütün Rusiya üçün qarşıdan gələn əlamətdar hadisənin şərəfinə müsəlman qızları üçün məktəb təsis edilməsini" məqsədəuyğun hesab etmişdi. Txorjevski məktəbin böyük knyaginya Olqa Nikolayevanın adına "Olqinski" adlandırmasını təklif etmişdi. Bununla bağlı elə həmin il aprel ayının 24-də Tağıyev Qafqaz Təhsil Dairəsinə müsbət cavab vermiş, məktəbin xərclərini öz üzərinə almış və təhsil müəssisənin II Nikolayın həyat yoldaşı Aleksandra Fyodrovnanın adına verilməsini daha münasib hesab etmişdi. Hacı məktəbin açılması ilə bağlı Tiflisdə olab Məhəmmədağa Şahtaxtinskidən xahiş etmişdi ki, bu məsələdə öz yardımını əsirgəməsin. O yazırdı: "Müsəlman qadınını indi düşdüyü qapalı, fanatik həyat tərzindən tədricən çıxarmağın yeganə yolu məktəb və yenə də məktəbdir". H.Z.Tağıyev bu məktəbin açılmasına razılıq aldıqdan sonra 1898-ci ilin iyun ayında memar İ. Qoslavskinin layihəsi üzrə onun binasının tikintisinə başlamışdı.

Hacı Zeynalabdin Tağıyev bu gözəl təşəbbüsü həyata keçirmək məqsədi ilə Əlimərdan bəy və Həsən bəylə birlikdə Tiflisə getmiş, Bakıda qızlar məktəbinin açılması ilə bağlı Qafqaz canişinliyinin, Qafqaz Təhsil Dairəsinin yüksək rütbəli məmurları ilə danışıqlar aparmışdı. Bu səfər zamanı Qafqaz canişinliyinin müxtəlif idarələrində məktəbin açılması ilə bağlı təşkilati işləri qaydaya sala bilmişdilər”

Azərbaycanlı aktyor, jurnalsit, yazıçı Əsgər Ağa Gorani (1857-1910).
Azərbaycanlı aktyor, jurnalsit, yazıçı Əsgər Ağa Gorani (1857-1910).

Lakin bu fikirlər də məsələyə bitərəfli yanşmadan irəli gəlir. Qız məktəbi açılmasının ilk təşəbbüsçülərindən biri və birincisi Əsgər ağa Gorani olub. Mütləq Əsgər ağa Goraninin adı da qeyd olunmalıdır. Əsgər ağa Adığözəlov Goranini , 1909-cu ildə Gəncədə ilk qız məktəbini öz cibinin puluna açmışdı və vaxtsız ölüm onu 1910-cu ildə 52 yaşında yaxalamasaydı, yəqin,yadigar qoyacağı başqa məktəblər də olacaqmış.
Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyanlardan, Məclis-i Məbusanın - ilk milli parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Ağayeva Əsgər ağa Goraninin açdığı həmin qız məktəbinin direktoru olmuşdu.

Bəzi tədqiqatçılar yazırlar ki, ölümündən az əvvəl Həsən bəy Üzeyir Hacıbəyovdan xahiş etmişdi ki, xalq musiqisindən ibarət bir opera yazsın. Zərdabinin ölümündən az sonra 1908-ci ilin yanvar ayında tamaşaya qoyulan "Leyli və Məcnun" operası belə yaranmışdı.

Bu yalanın ən maraqlı tərəfi ondan ibarətdir ki, bu yalan əvvəldən axıra qədər yalandır.

Buna da bax: Azərbaycan mətbuatının «ən böyük əkinçisi» kimdir? [Dinlə]

Üzeyir Hacıbəyov bu xüsusda yazır:

"Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır.

Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim. Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi.

...Bununla belə, "Leyli və Məcnun" böyük müvəffəqiyyət qazandı. Zənnimcə, bu, müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz sahəsində Azərbaycan operasının gözləyirdi, "Leyli və Məcnun"da isə xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdir. Operanın müvəffəqiyyət qazanmasında artistlərin, xüsusən Məcnun rolunu ifa edən Sarabskinin böyük xidməti olmuşdur. Ümumiyyətlə, ilk Azərbaycan operasının tamaşaya qoyulmasında artist Sarabskinin böyük rol oynadığı qeyd edilməlidir.

Biz gənclər "Leyli və Məcnun" operası üzərində böyük ruh yüksəkliyi ilə işləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmişik. O zaman nə ciddi ifaçılıq mədəniyyətimiz, nə bir müəyyən bir nəzəri hazırlığımız, nə də öz səhnəmiz vardı. Bakıda neft sənayeçilərinin "Nicat" xeyriyyə cəmiyyəti özünü kulturtregerlər və incəsənətin himayəçiləri kimi qələmə verirdi. Ehtiyac məni "Leyli və Məcnun" operasına müəlliflik hüququmu cüzi məbləğ müqabilində həmin cəmiyyətə satmağa məcbur etdi, halbuki o zaman operanın tamaşalarına bilet tapmaq mümkün olmur və böyük gəlir götürürdülər”

İkincisi, 1899-cu ildə 14 yaşı olanda Üzeyir Hacıbəyov Tiflisə, Qori Müəllimlər Seminariyasında oxumağa göndərirlər. Tiflisdə Üzeyir bəy 5 il tələbəlik həyatı yaşayır, dünya elmləri ilə bərabər klassik musiqi ilə tanışlığı da oradan başlayır. İlk dəfə Tiflis Dövlət Teatrında Rossininin "Sevilya bərbəri" operasına tamaşa edir, klassik musiqinin dərinliyi və cazibəzi onu özünə çəkir. Həsən bəy Zərdabi oldu-olmadı Üzeyir Hacıbəyov opera yazacaqdı.

Həsən bəy Zərdabi və Maksim Qorki

Həsən bəy Zərdabinin fikirləri böyük rus yazıçısı Maksim Qorkinin düşüncələrinə böyük təsir göstərmiş və Maksim Qorki Həsən bəy Zərdabinin düşüncələrinin təsirindən çıxa bilməmişdir.

Qəribsultanın xatirəsində deyilir: "Atam o vaxt "Kaspi" qəzetinin redaksiyasında işləyirdi. Bir gün kuryerdən anama xəbər göndərdi ki, Rusiyadan hörmətli qonaqlar gəlmişlər, onları layiqincə qarşılamaq lazımdır... Axşam qonaqlar atamla gəldilər. Anamın rusca təmiz danışmağı onları məmnun etmişdi. Qonaqlar gecəyarıya qədər oturub yeyib içdilər. Atam ancaq səhər bizə dedi ki, qonaqların biri yazıçı Maksim Qorkidir, ikincisi isə müğənni Şalyapin".

Rus yazıçısı Maksim Qorki.
Rus yazıçısı Maksim Qorki.

Bu görüş 1897-ci ildə olmuşdur. Lakin bu görüşə qədər Maksim Qorki 1892-ci ildə də Bakıda olmuş və Həsən bəy Zərdabi ilə görüşmüşdür. Məhz bu görüşdə Həsən bəy Zərdabi ilə Flerovski arasında olan mübahisə gənc Maksim Qorkinin düşüncələrinə təsir göstərmiş və bu görüşü Maksim Qorki heç bir zaman unuda bilməmişdir. Maksim Qorki ilə Həsən bəy Zərdabini Flerovski tanış etmişdir. İlk dəfə oxuculara bu haqda ədəbiyyatşünas alim Şamil Qurbanov məlumat vermişdir. Bəs Flerovski kim idi?

Buna da bax: Zərdabi Ambarsumun duel çağırışına "yox" dedi...

Onun əsl adı və soyadı Vasili Vasilyeviç Bervidir (1829-1918). O, 1849-cu ildə Kazan universitetinin hüquq fakultəsini bitirmiş və çar mütləqiyyətinin qatı düşməni, təhkimli kəndlilərin fədakar müdafiəçisi olmuşdur. Geniş xalq kütləsini müdafiəyə qalxması, ölkədə söz azadlığı, mətbuat azadlığı uğrunda ciddi mübarizə aparması nəticəsində ona "cəmiyyət üçün təhlükəli element" damğası yapışdırılmışdır. Buna görə də 1862-ci ildə o, həbs olunmuş, həyatının məşəqqətli sürgün dövrü başlamışdır. Buna baxmayaraq Flerovski hara sürgün olunurdusa, orada xalqla ünsiyyətə girir, təbliğatından əl çəkmir, insanların gözünü açmağa, hüquqlarını müdafiə etməyə çalışırdı. Bunun nəticəsində də hər dəfə yenidən həbs olunub başqa sürgün yerinə göndərilirdi. O, Həştərxan, Kuznets, Tomsk, Kostroma, Voloqda və.s şəhərlərdə sürgündə olmuş, az qala bütün ölkəni başdan-başa dolanmışdır. O, təbliğatından qalmadığı kimi, publisistlik fəaliyyətini də dayandırmırdı. Lalin məlum səbəblərə görə tez-tez imzasını dəyişməli olurdu. O, ən çox bu imzalarla çıxış edirdi: "B.", "V.", "V.B", "İ.F.", "A.Bervi", "Zemets", "V. Vasilyev", "S.Navalixin", "Flerovski" və s. Qafqaza gələnə qədər onun müxtəlif jurnallarda kənd təsərrüfatına, iqtisadiyyata, aqronomluğa, təbiətşünaslığa, darvinizmə, fəlsəfəyə aid külli miqdarda məqalələri bu imzalarla çap olunmuşdur. Bunlardan əlavə o, 1869-cu ildə "Rusiyada fəhlə sinfinin vəziyyəti" 1871-ci ildə "İctimai elmlər əlifbası" və s.kitablarını çap etdirmişdir. Bunlar o zaman Rusiyada və dünya ictimaiyyəti arasında böyük rəy oyatmış, inqilabçı gənclərin stolüstü kitabına çevrilmişdir. Xüsusən "Rusiyada fəhlə sinfinin vəziyyəti" əsərini K.Marks, F.Engels və V.İ.Lenin çox yüksək qiymətləndirirdilər. K.Marks 1871-ci ildə Z.Meyerə göndərdiyi məktubda yazırdı ki, N.Q.Çernışevskinin iqtisadiyyata dair əsərlərini və Flerovskinin "Rusiyada fəhlə sinfinin vəziyyəti" kitabını oxumaq üçün rus dilini öyrənməyə başlamışam".

M. Qorkinin qeydlərindən o da aydın olur ki, Flerovski ilə Həsən bəy Zərdabi eyni səviyyəli adamlar olmuşdular. Və bu onların ilk görüşü olmamışdı.

Müasirləri Flerovskidən danışanda deyirdilər: "Onun nurlu qafası vardır. O, əqli əmək sahəsində böyük məsələlər həll etmək üçün yaranmışdır. O, əqli həyatın mərkəzində, paytaxtda yaşamalıdır, amma bu bədbəxti ayı komalarında sürüyürlər". Məgər bunlar H.Zərdabiyə də aid deyilmi. Çar çinovniki ona deməmişdirmi "Sənin dilini kəsib başını saxlamaq lazımdır" (?1) O da Flerovski kimi, çar mütləqiyyətinə qarşı düşmən mövqeyi tutduğuna görə "təhlükəli element" hesab edilmiş, qəzeti bağlanmış, müəllimlik hüququ əlindən alınmış və 1880-cı ildə doğma Zərdab kəndinə könüllü sürgün olunmuşdur.

H. Zərdabinin keçmiş jurnalistik və publisistlik fəaliyyəti bir yana dursun, söhbət gedən dövrdə də onun yeganə məşğuliyyət forması, mübarizə silahı ancaq qələmi idi. O, gizli imzalarla Bakı və Tiflisdə nəşr olunan bütün kütləvi qəzetlərdə, Moskva və Peterburqun bəzi mətbuat orqanlarında fəal iştirak edirdi. O da təsadüfi deyildir ki, H.Zərdabi o zaman Peterburqda nəşr olunan "Zemledelçeskaya qazeta"nın Qafqaz şöbəsinə rəhbərlik etməyə dəvət olunmuşdur. Bundan əlavə o, Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin üzvü idi və bu barədə 1889-cu ildə ona diplom da verilmişdir.

Ceyhun Hacıbəyov 1912-ci ildə müəllimi və böyük sələfi Həsən bəy Zərdabinin ölümünün beş illiyi münasibətilə yazdığı məqaləsində göstərirdi ki, 30 il əvvəl Həsənbəyi Bakıdan uzaqlaşdırmaq üçün ona belə bir təklif edilmişdir: o ya Şimali Qafqaza- Yekaterinodara qulluğa getməli, ya da istefaya çıxmalıdır. C. Hacıbəyov fəxrlə yazırdı ki, Həsən bəy ikincini seçmişdir, çünki "o, həyatını xalqdan kənarda təsəvvür edə bilmirdi".

Ədəbiyyatşünas alim Şamil Qurbanov yazırdı: “Flerovski ilə H.Zərdabinin həyatında, taleyində, hökumətə qarşı mübarizədə və hakim dairələr tərəfindən təqib olunmalarında, xüsusən kəndlilər arasında apardıqları təbliğat formalarında çox böyük yaxınlıq, analoji oxşarlıq vardır. Flerovski xatirələrində kəndlilər arasında necə iş aparmağı haqqında danışarkən yazırdı: "Mən özümlə kitab götürür və kəndin kənarına çıxırdım. Əgər əlimdə tüfəng olsaydı, kəndlilər mənə diqqət yetirməzdilər. Amma əlimə kitab alırdım, yeriyə-yeriyə oxuyur, sonra bir daş üstündə otururdum. Ətrafda kəndlilər sahədə çalışırdılar. Nahar zamanı maraqlılar ətrafıma yığılır və söhbət başlayırdı. Mən onların başa düşəcəyi açıq sadə dildə konstitusiyalı monarxiyanın və demokratik respublikanın nə demək olduğunu onlara başa salırdım. Şübhəsiz ki, onlar bütün bu şeylər haqqında birinci dəfə eşidir və diqqətlə qulaq asırdılar".

Buna da bax: Azərbaycanda ilk feministlər kişilər olub

Eyni hadisələri H.Zərdabi də edirdi. O, Bakıdan öz doğma kəndi Zərdaba sürgün ediləndə 16 il burada kəndlilər arasında olmuş, onların mənafeyini müdafiə etmiş, onların gözlərinin açılmasında, dostu ilə düşmənini seçməkdə misilsiz rol oynamışdır. Həsən bəyin arvadı Hənifə xanım xatirələrində yazırdı: "Həsənbəy boş vaxtlarında dəlləkxanaya, çayxanaya, dəmirçixanaya, bir sözlə, kasıb-kusubun toplaşdığı yerə gedir, onlarla uzun-uzadı söhbətlər edir, teatrın, məktəbin xeyrindən danışır, rus dilini bilməyən kəndlilərə vətəndaşlıq hüquqlarını başa salırdı". Əgər keçən əsrin 80-90-cı illərində "Kafkaz", "Kaspi" və "Novoe obozrenie" qəzetlərində Həsən bəyin çap olunmuş məqalələrini (onları mərhum professor Z.Göyüşov toplayıb 1962-ci ildə çap etdirmişdir) diqqətlə nəzərdən keçirsək, bu "başa salma" ruhunu da görə bilərik. Bundan əlavə onu da görərik ki, Həsənbəy də Flerovski kimi geniş xalq kütləsinin mənafeyini müdafiə edən, onların maariflənməsini tələb edən qorxmaz və cəsur bir adam idi. Flerovskinin tədqiqatçıları onun müddəalarının yaxşı və zəif cəhətlərini qeyd edərkən bir şeyi də xüsusilə nəzərə çarpdırırlar: "Flerovski bütün həyatı boyu xalqın mənafeyini dönmədən və inamla müdadiə etmişdir". Bütün tədqiqatçılar bunu H.Zərdabi haqqında da deyirdilər və haqları da var. Çünki müasirlərinin birinin dediyi kimi, o zaman ziyalıların çoxu Bakıya varlanmaq ehtirası ilə gəlirdi, amma "Zərdab milyonlar Bakısına yoxsul gəldi, dünyadan yoxsul da getdi". Onun qazancı, varı-dövlətu xalqın qəlbində ucaltdığı abidə oldu”

Azərbaycan publisistini rəğbətlə xatırlayan M.Qorki onu qeyd edirdi ki, o zaman rus inqilabçı gəncləri arasında böyük hörmət və nüfuz qazanmış Flerovski iştirak etdiyi məclislərdə ona yox, başqasına maraq göstərilməsinə adət etməmişdi. Belə hallarda o, çox "dözümsüz və kobud" olurdu. Bu dəfə də belə olmuş və azərbaycanlı publisistin tarix haqqındakı maraqlı və şirin söhbətini o, kobud surətdə kəsib demişdi: "Bütün bunlar əfsanədir! Keçmişi unutmağı öyrənmək və öyrətmək lazımdır". Onda azərbaycanlı müsahib təmkinini qətiyyən pozmadan ona nəzakətlə belə cavab vermişdi: "Mən Sizin indicə dediyinizi unuda bilmərəm, bunlar isə artıq keçmişə aiddir. Əgər mən dünən kim olduğumu və atamın kim olduğumu və atamın kim olduğunu bilməsəm, bu gün özümü necə tanıya bilərəm?".

Bakıda Zərdabinin dəfni 1907-ci il.
Bakıda Zərdabinin dəfni 1907-ci il.

Məhz 1892-ci ildə Flerovski və Həsən bəy Zərdabi arasında baş verən mübahisədən sonra Həsən bəyin son sözləri yaradıcılığa təzəcə başlamış gələcəyin böyük sənətkarı M.Qorkinin hafizəsinə həkk olunmuş və onu bütün sonrakı fəaliyyəti boyu tərk etməmişdir. Yazıçı "Sovetlər İttifaqında" əsərində özü də etiraf edirdi ki, onun tez-tez tarixə müraciət etməsi məhz vaxtilə azərbaycanlı publisistin dediyi həmin məqsədi daşıyır və müasir gənclərə inqilabi keçmişi öyrətmək üçün o, "bunu qəsdən" edir.

Məlumat üçün qeyd edim ki, bu əhvalat baş verəndə M.Qorkinin cəmi 24 yaşı vardı. 1892-ci ildə fəhlə dostu F. Afanasyevlə Bakıya iş axtarmağa gələn (H.Zərdabinin məsləhəti ilə) və mədənləri gəzərkən dostunun "Acından ölsəm də bura işləməyə gəlmərəm" sözlərini eşidib geri qayıdan M.Qorki beş il sonra yenidən Bakıya gəlmişdir. 1928-ci ildə isə bütün bu hadisələri qələmə almış və öz əsərində göstərmişdir.

Həsən bəy Zərdabi ilə Flerovskini yaxınlaşdıran isə yuxarıda adını qeyd etdiyimiz Aleksey Nikolayeviç Pleşşeyev idi. Zərdabinin Pleşşeyevlə dostluq əlaqəsindən başqa, o, həm də rus inqilabçı demokratların ideyaları ruhunda formalaşmış adam idi. Onun mənəvi övladlarından və jurnalist həmkarlarından biri N. Bayzdrenko yazırdı: "Həsən bəy Çernışevskinin qəhrəmanlarına bənzəyirdi. O, "Nə etməli?!" romanının resepti üzrə fəaliyyət göstərirdi".

Buna da bax: Seyid Əzim Şirvaninin ailəsinin qürbətdəki taleyi [Yeni araşdırma]

1907-ci ilin noyabr ayının 28-də yeni Azərbaycanın bünövrəsini qoyan Həsən bəy Zərdabi vəfat etdi. Əlimərdan bəy Peterburqda olduğu üçün noyabrın 30-da keçirilən dəfn mərasimində iştirak edə bilmədi. Qeyri-rəsmi olaraq böyük mütəfəkkirin dəfn mərasiminə Əlimərdan bəyin yaxın dostu Əhməd bəy Ağayev rəhbərlik etdi.

Ceyhun Hacıbəyov Həsənbəyi şəxsən tanıyır, onu özünün mənəvi müəllimi hesab edirdi. 1911-ci ildə öz kitabını Hənifə xanım Məlikovaya həsr edərək yazmışdı: "Müəllif öz kiçik əsərini əziz müəlliminin həyat yoldaşı Hənifə xanın Məlikovaya həsr edir" Bu yaxınlıq və ülfət nəticəsində o, Həsən bəyin bütün kəşməkeşli həyatını, keçdiyi mübarizə yolunu öyrənmiş, xalq qarşısındakı xidmətlərini düzgün qiymətləndirmişdir. O, yazırdı ki, Həsənbəyin xidmətlərindən üçünü xüsusilə qeyd etmək lazımdır; bunlar milli teatrın, milli mətbuatın və milli cəmiyyətlərin yaradılmasıdır. Onun fikrincə, bunların yaradılmasında Həsənbəyin əzablarını, maddi sıxıntılarını təsəvvürə gətirəndə bu böyük insanın xatirəsi qarşısında səcdə etməli olursan. Onu da əlavə edirdi ki, Həsən bəyin hər addımı, hər təşəbbüsü xahişlə, minnətlə, dil töküb yalvarmaqla başa gəlir. Əgər təsəvvür etsək ki, o, "feodal quruluşunun adamları tərəfindən xoş üz görmür, çox vaxt nifrətlə qarşılanırdı, çünki varlıların nəzərində bütün yalvarışlar dilənçilər tərəfindən edilirdi, onlar da ağalardan çox-çox aşağı səviyyədə dayanan adamlar idi. Amma Həsən bəy bu yalvarışlara gedirdi. O, əsl ziyalı kimi başa düşürdü ki, onun yalvarışlarına hər bir etiraz, hər bir soyuq münasibət, rişxəndli təbəssümlər onun özünün mənliyini təhqir etmirdi, necə ki, indi də bunu belə başa düşürlər, əksinə bunlar cəhalət qurbanı olan həmin ağaların özlərinin gələcək əzabına səbəb olurdu"

Çox təəssüflər olsun ki, Azərbaycan müstəqillik qazanandan sonra Həsən bəy Zərdabi səviyyəsinə qalxacaq bir jurnalistimiz olmadı. Çox təəssüf!

Tədqiqatçı Elnur M. Bədəlov.
Tədqiqatçı Elnur M. Bədəlov.

Elnur Musayev Bədəl

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG