Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

Marcello Mastroianni - filmdə uğurlu, sevgidə uğursuz aktyor


Marcello Mastroianni 1960-cı ildə.
Marcello Mastroianni 1960-cı ildə.

"Catrine Deneuve-ün növbəti rədd cavabından sonra Marcello Mastroianni arvadına zəng vuraraq: “Flora, o, yenə yox dedi. Hətta sən də onunla evlənməyimə razılıq vermişdin, amma o, yox dedi. Mən ölmək istəyirəm”, - deyir".

Yaraşıqlı italyan aktyoru Marcello Mastroianni və onun uğursuz eşq macəraları

Marcello Vincenzo Domenico Mastroianni – “italyan sevgili”, “italyan nişanlı” təxəllüslü məşhur aktyor, dahi Fellininin alter-eqosu, Sofi Lorenin daimi tərəf müqabili, aktyor Marcello Mastroianni 1924-cü ilin 28 sentyabrında İtaliyada, Fontana-Liri adlı dağ kəndində xarrat ailəsində anadan olmuşdu. Atası Ottorino Mastroianni kasıb xarrat, anası, yəhudi mənşəli Ida Irolle (İdolson) isə evdar qadın idi. Bir qədər sonra ailə Turinə köçmüş, ailənin ikinci aktyoru, Marcellonun kiçik qardaşı Rudjero da orda doğulmuşdu.

Mastroiannilər ailəsi çox kasib idi. “Mən uzun müddət anamla eyni çarpayıda yatmışam, çünki otaqda yer yox idi. Qardaşlarım bizim yanımızda döşəmədə yatırdılar, atam isə dəhlizdə. Ancaq mən bunda pis heç nə görmürdüm, çünki yaşıdlarım da eyni vəziyyətdə idilər” – Mastroianni uşaqlığını xatırlayanda deyirdi.

Gələcək aktyorun uşaqlıq və gənclik illəri nasizm dövrünə düşmüşdü. Hətta Marcello faşistlər tərəfindən Almaniyanın şimalındakı əsir düşərgələrindən birinə deportasiya olunmuş, bir müddət orda işləmişdi. Düşərgədən qaçmağı bacarmış Mastroianni bir neçə ay Venesiyada gizlənmiş, müharibə başa çatandan sonra Romaya köçmüş, kino şirkətlərinin birində mühasib işinə düzəlmişdi. Bu vəzifədə işləyə-işləyə Roma universitetində inşaat və memarlıq fakultəsinə daxil olmuşdu. Universitetdə dərslərinə hazırlaşmaqla paralel tələbərin hazırladıqları tamaşalarda da iştirak eləyirdi. Elə Giulietta Masina ilə də orda tanış olmuşdu. Hərçənd bir qarnı ac, biri tox yaşamaqdan yorulmuş Marcello aktyor yox, memar olmaq istəyirdi, çünki bu peşədə yaxşı pul qazanacağına inanırdı.

Marcello Mastroianni, ilk epizodik rolunu "Avqustda bazar günü" filmində oynayıb, 1950-ci il.
Marcello Mastroianni, ilk epizodik rolunu "Avqustda bazar günü" filmində oynayıb, 1950-ci il.

Ancaq Marcellonun memar olmaq arzusu “gözündə qalır”. Luchino Viscontinin ucbatından. Universitetin tamaşalarından birində onun ifasını bəyənən Visconti, Mastroiannini “Elizeo” teatrının truppasına dəvət eləyir.

Mastroianni Viscontinin diqqətini niyə cəlb elədyini anlamırdı. O, zahiri görkəmini – 176 sm-lik boyunu, kobud formalı burnunu, dolu dodaqlarını və nazik əllərini bəyənmirdi. Lakin Visconti onun rola girməyi bacardığını, qəhrəmanlarının ən incə duyğularını belə çatdıra bildiyini düşünürdü. Yəqin elə buna görə bir neçə tamaşadan sonra onu özünün “Bəyaz gecələr” filmində baş rola dəvət eləmişdi. Bu filmdə Mastroianni ilk dəfə melanxolik intellegent obrazını yaradır. Onun ifası Fellininin o qədər xoşuna gəlir ki, gənc aktyor “Şirin həyat” filmində baş rolu alır. Beləcə, onların birgə fəaliyyətlətinin əsası qoyulur. Hərçənd Fellini Marcellonu təkcə aktyorluğuna görə bəyənmirdi: “O, həmişə çox yeyirdi. Bu cəhəti diqqətimi çəkmişdi, çünki yaxşı iştahası olan insanlara simpatiya duyuram. Odur ki, Marcello ilk dəfə diqqətimi oyunu ilə yox, yeməyi ilə cəlb eləmişdi. O, əsl qurman idi” – özü də dadlı yeməkləri sevməyi ilə məşhur olan Fellini M. Mastroianni haqqında deyirdi.

Buna da bax: Fellini bu filmiylə dünyaya səs salmışdı - bir obrazın tarixçəsi

Əslində Fellini “Şirin həyat” filminə Marcellonu yox, amerikalı Paul Newmanı çəkmək istəyirdi. Amma Newman özünü “yuxarıdan aparıb” şərtlər qoymağa başlayanda rejissor rolu adi zahiri görkəmə sahib, tanınmamış aktyora vermək qərarına gəlir.

“Şirin həyat” 1960-cı ildə Kann Kinofestivalında baş mükafata layiq görülür. Marcello Mastroianniyə isə vətənində ilin ən yaxşı aktyoru adı verilir. Bundan sonra Mastroianni Fellininin “Səkkiz yarım”, “İntervyu”, “Cincer və Fred”, “Qadınlar şəhəri” filmlərində də çəkilir.

Marcello Mastroianni, Federico Fellini və Sophia Loren.
Marcello Mastroianni, Federico Fellini və Sophia Loren.

Deyəsən, mən Fellininin ruhunun vizual təcəssümü idim, - Marcello deyirdi, - Fellininin alter egoya, öz zəifliklərini yükləyə biləcəyi personaja ehtiyacı vardı. “Səkkiz yarım” filmində mən içimdəki antiqəhrəmanın mahiyyətini üzə çıxartmışam. Ümumiyyətlə, Fellininin filmlərində oynadığım bütün personajlar bəxtsiz insanlardı. Və onlardan çox xoşum gəlirdi, çünki ruhən mənə yaxındılar”...

Aktyorun yaradıcılığında xüsusi yeri olan daha bir rejissor vardı - Vittorio de Sica.

O, aktyorun Sofi Lorenlə duetinin “dirijoru” idi. “İtalyansayağı nigah”, “Dünən, bu gün, sabah” filmləri tənqidçiləri də, tamaşaçıları da səmimiyyəti və ehtirası ilə heyran eləmişdi və dünya kinosunun şedevrləri heab olunurdu.

Sözügedən filmlər Mastroiannini bütün Avropada məşhurlaşdırır.

1961-ci ildə tənqidçilər Mastroianninin digər bir dahi italyan rejissoru M. Antonioninin “Gecə” filmində oynadığı rolu da çox bəyənirlər. Onun soyuq ifası rejissorun vermək istədiyi “müasir cəmiyyətdə yadlaşma” ideyasını dəqiq çatdırırdı.

70-80-ci illərdə aktyor əvvəlkindən daha çox çəkilməyə başlayır. Hər il ekranlara onun iştirakı ilə bir neçə film buraxılır. Onlar tamaşaçılar arasında o qədər də uğur qazanmasalar da, Mastroianni əvvəlki kimi kinotənqidçilərin sevimlisi idi.

1986-cı ildə aktyor, Nikita Mixalkovun “Qara gözlər” filmində oynadığı rola görə üçüncü dəfə “Oskar”a namizəd olur.

Aktyor sonuncu rolunu rejissor Robert Altmanın “Pret-a-porte” filmində oynayır. Bu filmdə Sofi Lorenlə tərəf müqabili olan M. Mastroianni Rusiyadan vətəninə qayıdan və Lorenin personajına aşiq olan italyanı canlandırır.

Buna da bax: Soyuq cazibəli ingilis - Jude Law

Marcello Mastroianni ölümündən bir qədər öncə.
Marcello Mastroianni ölümündən bir qədər öncə.

Mədəaltı vəzinin xərçəngindən əziyyət çəkən Mastroianni “Pret-a-porte” filmindən iki il sonra dünyasını dəyişir. Aktyorun dəfn mərasimi ərəfəsində Romada yerləşən, “Şirin həyat” filmi ilə məşhurlaşmış Trevi fəvvarəsi aktyorun xatirəsinə hörmət əlaməti olaraq söndürülür və üzərinə qara örtük salınır.

Marcello Mastroianni öz sənət fəlsəfəsini belə ifadə eləyirdi: “Mən çox tənbəl, passiv insanam. Mən- hərəkət adamı deyiləm, müşahidəçiyəm. Mən- pəncərə qarşısında dayanıb başqalarına baxan insanam. Fəlsəfəm də italyan fəlsəfəsidi – hər şeyi sabaha saxla. Gecələr mənə bir boşqab spaqetti, bir şüşə şərab və dostlarım lazımdı. Yaxşı filmlərimin hamısında da hərəkət eləyən yox, reaksiya verən personajları oynamışam. Belə rollarda özümü daha rahat hiss eləyirəm...”.

***

1950-ci ildə, teatr karyerası təzə başlayanda, hələ qadınların üzünə baxmadığı vaxtlarda Mastroianni italyan bəstəkarı Ezio Corabellanın qızı, aktrisa Flora Carabella ilə evlənir. Bir il sonra onların Barbara adlı qızı dünyaya gəlir.

Flora Marcellonun qanuni nigahla evləndiyi yeganə qadın olur. Aktyor uzun, qısa, bütün sevgi macəralarından sonra onun yanına qayıdır. Harda, kiminlə olur-olsun, hər il toylarının ildönümündə Floraya zəng vurur və qızılgül buketi göndərirdi.

“Əvvəllər onun macəralarından xəbər tutanda dəli olurdum, evdə mebelləri sındırır, qışqırıb-bağırırdım. Amma sonra Visconti mənə həyati-vacib bir məsləhət verdi. Dedi ki, “əgər o azad olsa, həmişə sənin yanına qayıdacaq. Marcellonun təbiəti belədi – o, pərvanə kimidi, şamdan şama uçur”- deyə Flora müsahibələrinin birində deyirdi.

“İtalyan sevgili”nin tərəf müqabili olduğu hər aktrisa ilə macəra yaşadığı deyilirdi, hətta Sofi Lorenlə də. Lakin hər ikisi bu şayiələri inkar eləyir, israrla “sevgi münasibətlərinin” ekrandan kənara çıxmadığını, həyatda yalnız yaxşı dost olduqlarını təkrarlayırdılar.

Əvəzində aktyorun amerikalı aktrisa Faye Dunawaylə münasibəti daim mətbuatın gündəmində idi. Onlar çəkiliş zamanı tanış olmuşdular, dərhal da aralarında “elektrik” yaranmışdı.

“Bizim münasibətimiz çəkiliş meydançasında öpüşlə başlamışdı. Ssenariyə görə mən onu qucaqlayıb öpməli idim. Elə həmin öpüşdən sonra məhv olduğumu başa düşdüm. O, şimşək kimi gəlmişdi”, - deyə M. Mastroianni deyirdi.

Onların qitələrarası “gizli” sevgisi üç il davam eləyir və Faye Mastroiannidən boşanmasını tələb eləyəndə hər şey bitir.

Ayrılıqlarından bir həftə sonra Faye ictimai şəkildə “Marcello ana uşağıdı, müstəqil qərar verməyə qadir deyil”, - deyə bəyan eləyir.

Marcellonu isə bu ayrılıq çox pis yaralamışdı. “Mən Faye-i çox sevirdim, ancaq hər şey ağrılı bitdi və biz bir daha danışmadıq. Mən bir də onu görmək istəmirdim”, - deyə aktyor sonralar etiraf eləyirdi.

Marcello Mastroianni filmdə sevimli tərəf müqabili Sophia Lorenlər birlikdə.
Marcello Mastroianni filmdə sevimli tərəf müqabili Sophia Lorenlər birlikdə.

Bir sevgi yarasını nə sağalda bilər? Başqa bir sevgi. Mastroiannidə də belə olur. “Bu yalnız başqalarının başına gələ bilər” filminin çəkilişlərində tanış olduğu 27 yaşlı Catherine Deneuve 46 yaşlı aktyora keçmiş sevgilisini nəinki unutdurur, hətta onun həyatının ən vacib qadınına çevrilir.

Buna da bax: İtalyansayağı gözəllik - Sofi Loren və onun 50 il sevdiyi Carlo Ponti...

Floranın nifrətlə “o əcnədi” adlandırdığı Catherine-lə Marcellonun münasibətləri bir neçə il davam eləyir. Bütün bu ərzində aktyor Parislə Roma arasında yaşayırdı. O, dəfələrlə Catherine-ə evlənmək təklif eləsə də, hər dəfə rədd cavabı alırdı. Bir tərəfdən onun ailəsini dağıtmaq istəməyən Catherine digər tərəfdən ailə institutuna inanmırdı. Ümumiyyətlə, deyilənə görə, fransız aktrisası Mastroianni ilə soyuq və qapalı davranırmış.

Ancaq Marcello onun soyuqluğuna inanmırdı.

Müsahibələrinin birində münasibətləri haqqında soruşan jurnalistlərə “Sevir! O mənim sevimli yeməyimi bişirir- lobya! Təsəvvür eləyirsiz, Catherine və lobya!”, - demişdi.

Həqiqətən də, yemək bişirməkdən zəndeyi-zəhləsi gedən Catherine lobya bişirməyin 34 üsulunu öyrənmişdi.

Ancaq 1972-ci ildə doğulan qızları Chiara da Catherine-in evliliklə bağlı fikrini dəyişmir. Hətta Marcellonun Flora ilə boşanması da ona təsir eləmir.

Deyilənlərə görə, bunu eşidən Giulietta Masina ərinə “Yazıq Marcello fransız müstəqilliyinin sarsılmaz qalasını almaq sonuncu vasitəni də istifadə elədi” söyləyibmiş.

Deneuve-ün növbəti rədd cavabından sonra Marcello arvadına zəng vuraraq: “Flora, o, yenə yox dedi. Hətta sən də onunla evlənməyimə razılıq vermişdin, amma o, yox dedi. Mən ölmək istəyirəm”, - deyir və tezliklə İtaliyaya Floranın yanına qayıdır.

Ancaq o, sevdiyi qadını və qızını görmək üçün tez-tez gizlincə Parısə gedir. Chiara onun sevimlisi idi.

Sonralar Chiara Mastroianni valideynlərinin yolunu davam etdirir və aktrisa olur, hətta anası ilə birlikdə Claude Lelouchun “Yalnız ikimiz” filmində çəkilir.

Ancaq Marcello Mastroianni ölümlə əlləşdiyi günlərdə həyat yoldaşı Flora ilə birlikdə Catherine Deneuve qızı Chiara da onun yanından ayrılmır.

2014-cü ildə 67-ci Kann Film Festivalında Marcello Mastroianninin nəhəng portereti asılaraq xatirəsi yad edilmişdi.
2014-cü ildə 67-ci Kann Film Festivalında Marcello Mastroianninin nəhəng portereti asılaraq xatirəsi yad edilmişdi.

Aktyorun sonuncu sevgisi rejissor Anna Maria Tato olur. Onlar Parisdə yaşayırdılar, aktyor artıq xərçəng olduğunu bilirdi. Buna görə də ömrünün son günlərində ürəyini boşaltmaq qərarına gəlir. Anna Maria onun yeddi saatlıq etirafını lentə yazır.

Buna da bax: Kinonun sərtlik simvolu Gabin və onun sevgisi Marlene Dietrich

Ancaq aktyorun ölümündən bir il sonra lent yazısını kitaba çevirmək istəyəndə əməmlli-başlı qalmaqal başlayır. Mastroianninin qadınlarından heç biri etirafın çap olunmasını istəmir, Anna Marianı aktyorun adından yararlanmaqda ittiham edirlər.

“Mən heç vaxt birlikdə olduğum qadınları saymamışam – sadəcə sevmişəm! Onlar bu həyatda mənə çox şey veriblər. Bəlkə də mən onlara daha az şey vermişəm”, deyə Marcello müsahibələrinin birində etiraf eləyirdi.

XS
SM
MD
LG