Amnesty İnternational təşkilatı yazılı məktublar marafonu başladıb. Təşkilatın bildirdiyinə görə, haqsız yerə həbs edilmiş hesab etdiyi məhbuslarla bağlı öz ölkələrinin rəhbərliyinə məktublar yazılır. Dekabrın 10-da dünyanın bir çöx şəhərində keçirilən tədbirdə isə həm də Azərbaycan prezidentinə məktublar yazlıb. İlham Əliyevdən siyasi məhbuslar- Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığa buraxılması istənilib.
Çexiya paytaxtı Praqada keçirilən marafon haqda Amnesty İnternational təşkilatının direktoru Mark Martin deyir:
«Bu iki şəxsin işi bizə çox maraqlıdır. Onlar söz azadlıqlarından istifadə ediblər. Ancaq həbs olunublar, döyülüb, işgəncə görüblər. Azərbaycanda insan haqları ilə bağlı bir çox problemlərin şahidi oluruq. İfadə və digər azadlıqlarla bağlı problemlər var. Siyasi məhbuslar var. Hökümət öz gücündən tənqidi səsləri boğmaq üçün istifadə edir».
Tədbirdə çıxış edən gənc fəal Nəcmin Kamil də Azərbaycandakı insan haqlarının durumundan, siyasi məhbus problemindən danışıb.
Amnesty İnternational təşkilatı Write for Rights adlı kampaniyanın bütün dünyada keçirir. 2016-cı ildə kampaniyaya 11 ölkədən olan fəallar, jurnalistlərin adları daxil edilib.
Hazırda Qiyas və Bayramın fotoları Niderlandın müxtəlif şəhərlərində asılıb. Amnesty İnternational insan haqları təşkilatı bu fotoları azı 400 məntəqədə - avtobus dayanacaqlarında, məktəblərdə, şəhər bələdiyyələrinin binalarında asdığını deyir.
Posterlər adamları Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb Qiyası və Bayramı azadlığa buraxmağa çağırmağa dəvət edir.
Hazırlanan sonuncu siyahıya görə Azərbaycanda 100-dən artıq siyasi məhbus var.
Azərbaycan hökuməti «siyasi məhbus» anlayışını qəbul etmir. Tutulanların konkret cinayət əməlinə görə həbs olunduqlarını bildirir.