Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:45

'Ölkəni böhrana salanlar yox, xalq əziyyət çəkir'


Bayraq meydanı
Bayraq meydanı

Azərbaycanın regionda yeri, iqtisadiyyatda kiçilmə, dolların uçot dərəcəsinin qaldırılmasının manata mümkün təsirləri və ölkəyə gələn neft pullarından səmərəsiz istifadə bu gün medianın aparıcı mövzusudur...

CƏNUBİ QAFQAZIN ŞƏRİKSİZ LİDERİ

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan Cənubi Qafqazın şəriksiz iqtisadi lideridir» sərlövhəli məqalədə ölkənin regionda yeri və rolu dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 4, Gürcüstandan isə 2.5 dəfə çoxdur.

Məqalədə qeyd edilir ki, son illər ölkədə bütün sahələrdə uğurlar əldə edilib: «Prezident İlham Əliyev ötən 13 ildə modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirib. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürüdərək inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib».

Müəllif vurğulayır ki, dövlət büdcəsi davamlı inkişafın barometridir. Oradakı göstəricilər həm xalqın yaşayış səviyyəsinin, həm də hökumətin fəaliyyətinin səmərəliliyinin aynasıdır. Onun fikrincə, hətta son 10 ilin ən kiçik büdcəsi sayılan 2017-ci il üzrə dövlət büdcəsinin layihəsi də ölkənin qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsinin təsdiqidir:

«Bütün bunlar həm də onu göstərir ki, prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü islahatlar kursu hər bir vətəndaşın yüksək rifah halının təmin olunmasına yönəlib. Bu siyasət hər bir ölkə vətəndaşı tərəfindən bəyənilir və dəstəklənir».

Nemət Əliyev
Nemət Əliyev

MANATA İKİQAT TƏZYİQ

Azadliq.info-da «FED-in qərarı dolların manata təzyiqini artıracaq» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bu günlər ABŞ-da dolların uçot dərəcəsinin qaldırılması və bunun manata təsiri ilə bağlı ekspert Nemət Əliyevin fikirlərinə yer verilir.

Yazının girişində Azərbaycan Mərkəzi Bankının FED-in qərarı ilə bağlı açıqlaması özünəməxsus şərhi kimi dəyərləndirilir.

Mərkəzi Bankın açıqlamasında deyilirdi: «FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə irihəcmli spekulyativ kapital daxilolmalarına malik ölkə deyil. FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur».

Ekspert isə hesab edir ki, dolların uçot dərəcəsinin artması ilə manata psixoloji təsir yüksələcək. Bununla yanaşı, daxili bazarda dollara tələb daha da artacaq: «Necə ola bilər ki, dolların sahibi uçot dərəcəsini qaldırsın və bu addım valyutalara təsir etməsin. Bunu düşünmək, artıq özü məsuliyyətsizlikdir».

Ekspert qeyd edir ki, manat onsuz da ağır durumdadır. Bu da onun fikrincə, hökumətin yanlış siyasətindən irəli gəlir. İqtisadçının deməsinə görə, artıq manat əlavə təzyiqləri qaldırmaq gücündə deyil.

N.Əliyev hesab edir ki, bu qərar həm də ölkənin ehtiyatlarına ciddi təsir göstərəcək.

O vurğulayır ki, Azərbaycan ehtiyatlarının yarıdan çoxunu dollarla saxlayır. Əslində, bacarıqlı hökumət bu imkandan yararlanmalıdır.

N.Əliyevə görə, indiki halda hökumətin özündə iradə taparaq həmin imkanları Azərbaycan iqtisadiyyatının stimullaşdırılmasına yönəldə bilməsi olduqca vacib məsələdir. Amma ekspert buna o qədər də əmin olmadığını qeyd edir.

Neft buruğu
Neft buruğu

MİLYARDLAR GETDİ, YOXSULLUQ QALDI

«Novoye Vremya» qəzetində isə «Neft dollarları da xərcləndi, amma yoxsulluğun öhdəsindən gələ bilmədik» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkəyə gələn böyük neft pullarından səmərəsiz istifadədən bəhs edilir.

Müəllif yazır ki, artıq ölkədə bütün sadə vətəndaşlar qənaət rejiminə keçib.

Yazıda qeyd edilir ki, 2016-cı ildə əhali ticarət obyektlərindən 26.3 milyard manatlıq istehlak malları alıb. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.

Müəllif qeyd edir ki, bu rəqəm oxucunu aldatmasın. Bu il, hələ rəsmi etiraflara görə, ərzaq malları 14 faiz bahalaşıb. Üstəlik, ötən il manat dollar qarşısında iki dəfə dəyər itirib: «Bu bahalaşma fonunda əhalinin daha çox xərclədiyi görünür, bu heç də belə deyil. Üstəlik, burada əhalinin pulu nəyə xərcləməsi əsas məsələdir».

Yazıda vurğulanır ki, xərclənən pulun yarısı yeməyə-içməyə gedib: «Əhali xərclərin 50 faizini ərzaq almağa yönəldib. Bu ölkə əhalisinin yoxsul olmasından xəbər verir. İnkişaf etmiş ölkələrdə ərzaq xərcləri heç bir halda ailənin istehlak xərclərinin 15 faizindən çox olmur».

Müəllif yazır ki, ölkəyə milyardlar gəlsə də, hakimiyyət nə iqtisadi, nə də sosial sahədə problemləri həll edib: «İndi ölkədəki böhran problemlərin inkar edilməsinin real nəticələridir. Hazırda isə buna görə əziyyət çəkən ölkəni bu istiqamətə aparanlar yox, sadə vətəndaşlardır».

Qubad İbadoğlu
Qubad İbadoğlu

İQTİSADİYYAT KİÇİLMƏKDƏ DAVAM EDƏCƏK

«Yeni Müsavat» qəzeti «Azərbaycan iqtisadiyyatının böyüməyə başlayacağı xeyli çətin görünür» sərlövhəli məqalədə ölkə iqtisadiyyatının durumu ilə bağlı iqtisadçı Qubad İbadoğlunun təhlillərini bölüşür.

Q.İbadoğlu qeyd edir ki, Azərbaycan iqtisadiyyatı rəsmi etiraflara görə, 4 faiz kiçilib. Onun böyüyəcəyi gün isə yaxında görünmür.

Q.İbadoğlu vurğulayıb ki, son bir ayda iqtisadiyyatda tənəzzül dərinləşib, dövlət büdcəsi kəsiri, inflyasiya və işsizlik artıb.

Q.İbadoğlunun fikrincə hələ bu, son deyil. Bu ilin sonu yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin daha da pisləşdiyi üzə çıxacaq.

İqtisadçı qarşıdakı illərdə də Azərbaycanın böhranı tamamilə aradan qaldıracağına şübhə edir. Onun fikrincə, iqtisadiyyatda geriləmə davam edəcək.

O, hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini qaldırması da Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək.

XS
SM
MD
LG