Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Şəhriyar del Gerani: 'Müxalifət nazirliyindən xahiş edirəm gəncliyi bu günə qoymasınlar'


Şair Şəhriyar Del Gerani.
Şair Şəhriyar Del Gerani.

Şair Şəhriyar del Gerani son aylar ictimai mövzularda səsləndirdiyi fikirləri ilə gündəmdədir. Oxu Zalın şairə ədəbiyyat və ictimai mövzularda suallarını ünvanlayıb.

- Şəhriyar bəy, son aylarda Azərbaycan ədəbiyyatında şeiriyyatdakı durumu necə görürsününüz, sizcə ədəbiyyatda bir soyuma və geriləmə varmı?

- Azərbaycan poeziyası dünya ədəbiyyatı kontekstində təhlil olunmalı. Çağdaş dünya şairlərilə, onların mətnlərilə sıx, ardıcıl ünsiyyətim bunu deməyə əsas verir. Ki, bizdə yaranan şeir nümunələri heç də başqa millətlərin yaratdığı şeir nümunələri ilən müqayisədə geridə, ali bədii şkalada ilən desək, aşağıda qalmır. Çağdaş Azərbaycan şeiri dünya poeziyasının mərkəzində dayanır. Sadəcə təqdimat ədalətli olmalı. Ciddi bədii zövq, ədalət sahibləri təqdim etməlidir Azərbaycan şairini dünyaya. Bir gün dünya oxucusu Azərbaycan poeziyasını gec tanıdığına görə peşiman olacaq. Burda zərrə qədər də pafos, milli təəssübkeşlik-filan yoxdur. Mətni bilən adam kimi deyirəm bunları.

Buna da bax: "Mənə deyənlər var ki, YAP-a keçib “xalq şairi” olacaqsan"​

- Əvvəl şairlər şeirləri ilə gündəmə gəlirdilər, şeirlər kitabları yaxud şeirlərinə yazılan mahnılardan bəhs olunurdu, indi isə statusları ilə gündəmə gəlirlər. Elə siz də bu günlərdə statusunuzla gündəmi məşğul etdiniz, bu şairlərin ictimiyyətdə söz sahibi olmaq cəhdidir, yoxsa yeni şeirlər artıq cəmiyyətə maraqlı deyil, ictimai mövqe daha maraqlıdır?

Boynumu kəndirdən xilas edən prezidenti 40 dəfə tənqid etmişəm, bircə dəfə də başqaxıncı etməyib ki, bəs mən sənin həyatını xilas etmişəm, niyə belə edirsən?

- Üzr istəyirəm, sualda qeyri-dəqiqlik var. Biz həmişə şeirlərimizlə gündəmdə olmuşuq. Son 20 ilin ədəbi mənzərəsinə baxsanız, aydın görərsiniz kimlər var, hansı imzalar ədəbiyyatdan iraq düşmüş oxucuları kitaba qaytarıb. Ali məktəb tələbələri bizdən kurs işləri, diplom işləri hazırlayırlarsa, gəncliyin bədii zövqü bizim yaratdığımız mətnlərlə formalaşırsa, məsələ aydındır. O ki qaldı sosial şəbəkələrdəki müzakirlərə, elə sizin sualınız olan son günlərdəki polemikaya. Bu, onu göstərir ki, şair, yazıçı, ümmiyyətlə qələm adamı hələ də söz sahibidir. Baxmayaraq bir neçə dairə tərəfindən şairə, yazıçıya qarşı hücumlar var. Ümumiyyətlə şairin, yazıçının varlığından narahat olan adamlar var. Olsun. Onların da komplekslərini başa düşürük. Bu kimi ictimai yüklü polemikalarda isə cəmiyyətin “yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. Bu “dinqilabçı” toplum elədiyi yaxşılığın intiqamını həmişə alıb məndən. 2012-ci ildə İranda həbs olunanda bir-iki dəfə aksiya eləyib, piket keçiriblər. Təsəvvür edin, 40 dəfə təşəkkür etmişəm, təqdir etmişəm, amma yenə də başıma qaxırlar fürsət düşən kimi. Elə sonuncu polemikada da. Hamıya aydındır ki, ordan bizi – məni və şair dostum Fərid Hüseyni tam olaraq prezident İlham Əliyevin şəxsi iradəsi azad etdi. Təsəvvür edin, boynumu kəndirdən xilas edən prezidenti 40 dəfə tənqid etmişəm, bircə dəfə də başqaxıncı etməyib ki, bəs mən sənin həyatını xilas etmişəm, niyə belə edirsən? Bunlar isə iki aksiyanın, üç piketin intiqamını 4 ildir alırlar məndən. Bunları ona görə deyirəm ki, qoy oxucular özləri müqayisə etsinlər kimin kim olduğunu. Mən sadəcə həqiqəti deyirəm, analogiya aparıram.



- Sizi "heykəl məhbusları", Bayram və Qiyasla bağlı fikirləriniz üzündən qınayırlar, böhtançılıq və təhqirdə ittiham edirlər, halbuki siz alternativ fikir ortaya qoyduğunuzu deyirsiniz. Kəskin reaksiyalardan sonra ifadə etdiyiniz fikrə redaktə etmək ya da fikrini fərqli ifadə etmək istərdinizmi?

"Heykəl məhbuslarından" biri Bayram Məmmədov
"Heykəl məhbuslarından" biri Bayram Məmmədov

- Çox üzr istəyirəm, yenə də sualda qeyri-dəqiqlik var. “Heykəl məhbusları” ifadəsi uydurulmuş qəhrəmanlıq düsturudur. Müxalifət məmurları bu kimi saxta qəhrəmanlıq düsturlarıyla gəncliyin ictimai-sosial təfəkkürünü, beynini zəhərləyir. Mən müxalifət nazirliyindən xahiş edirəm gəncliyi bu günə qoymasınlar. Bir az da özlərini tutdursunlar. Bir az da öz ömürləriylə cavab versinlər uydurduqları saxta qəhrəmanlıq düsturlarına. Noolsun ki, həqiqətin bir üzü var. Axı sənin o həqiqətin üzünə hansı bucaqdan baxmağının da məsələyə dəxli çoxdur. Sən o həqiqətin üzünə anfasdanmı baxırsan, yoxsa profildən? Heç bir redaktəm, heç bir əlavəm yoxdur yazdığım fikirlərə. Necə yazmışamsa, həmin fikirdə qalıram. Mən o fikrə spontan gəlməmişəm, illərlə oxuduğum, gəzdiyim, gördüyüm, yaşadığım həyat həqiqətlərindən keçibən gəlmişəm.

Mənim o söyüşpərəst yeniyetmə toplumla işim yox. Onlar mənimlə polemika edəsi ranqda deyillər, məlum.

Mənim o söyüşpərəst yeniyetmə toplumla işim yox. Onlar mənimlə polemika edəsi ranqda deyillər, məlum. Bir neçə ildən sonra başa düşəcəklər mənim açdığım sosial-ictimai davanın mahiyyətini. Mənim müabarizəm müxalifət cəbhəsində dayanmış el diliylə ifadə etsək – yuxarıdakılarla. Mən bir qələm adamı olaraq onlardan daha çox xidmət etmişəm cəmiyyətin aydınlanmasına. Buyurub baxa bilərsiniz, mənim oxucu kontingentimin mədəniyyətinə, NETİKET-inə, gördüyü işlərə, yaşadıqları həyat həqiqətlərinə və onların tərbiyə etdiyi gəncliyin özünü aparmasına. Bu barədə şəxsi Facebook səhifəmdə ətraflı, detallı status yazmışam. Onu da götürüb yayımlaya bilərsiniz bu müsahibənin bir yerində. Məlum oldu ki, onların bircə ədəd alternativ fikrə dözümləri yox. Hansı ki, böyük insani dəyərlərdən, demokratiyadan dəm vururdular. Müxalifət məmurlarının yetişdirdiyi yüzlərlə gənc sosial şəbəkədə məni təhqir etdi, haştaqlar yaradıb kütləvi sürətdə sosial linç etdi. Hətta əllərində olan saytlarda öz istəkləri ilə son yayımlanan şeirlərimi tirajlamışdılar, həmin sitatdan sonra sildirdilər. Budurmu onların uğrunda “vuruşduğu” demokratiya? Onlara sərf etməyən bir mövqeyə görə şair kimi də asanlıqla üstümdən xətt çəkdilər. Hansı ki, bəh-bəhlə məclislərində səsləndiriblər o şeirləri, media resurslarında tirajlayıblar. Amma bəyənmədikləri, hakimiyyətyönlü deyib dışladıqları “525-ci qəzet” o şeirləri yüksək qonorar müqabilində alır məndən. Baxmayaraq iqtidar adamı deyiləm, baxmayaraq hakimiyyəti tənqid edirəm. Bu da bu tərəfin ədaləti. Nə oldu? Kimdir daha adekvat, daha dürüst? Məni dəfələrlə ictimai davranış qaydasını pozan o iki gənc vətəndaşımız barədə mövqe bildirməyə təhrik etdilər. Mən dedim, ola bilsin mənim yanaşmam sizə sərf etməz. Çün, mənim yanaşmam fərqlidir. Mən bu “qarşıdurmada” heç birinizin tərəfində deyiləm, öz həqiqətim var. Və də belə. Çox qəribədir, o sosial şəbəkə qəhrəmanlarını, nömrə göndərib “razborkaya” çağıran tin qaqaşlarını biz niyə o uşaqların məhkəmə proseslərində görmürük? Mən prosesi izləməkçün gedirəm adətən, 10-15 nəfərdən artıq adam olmur. Niyə məni söyən yüzlərlə “dinqilabçı” öz qəhrəmanlarının məhkəməsində iştirak etmirlər? Niyə o gəncləri tənha qoyurlar? Ona görə ki, saxtakardırlar. Bir cürə düşünüb başqa cür yaşayanlardı onlar. Bu adamlar şairdən, yazıçıdan ictimai mövqe tələb edərkən əslində öz mövqelərini şairin, yazıçının dilindən eşitmək istəyirlər. Onlara görə iki rəng var: ağ və qara. Vəssəlam. Şairin, yazıçının fərdi olaraq təqdim etdiyi rəngə ləkə kimi baxırlar, rəng kimi yox. Onlar istəyir biz onların dediyini deyək. Belə olmur axı. Sən niyə tələb edirsən məhz sənin yanında olum? Hansı haqla? Mənim öz tərəfim var axı. Mən heç bir partiya, qrup mənsubiyyətim yoxdur. Ol səbəbdən istər iqtidarı, istər müxalifəti, istərsə də qeyri tərəfləri tənqid edə bilirəm rahatlıqla. Əl-qətiyyən vəl-əşədənbillah da çəkinəcəyim yox – nə həbsdən, nə toplumun aqressiyasından, nə də sürgündən. Bu beş-on illik ömrün öhdəsindən təkbaşına da gəlmək mümkün.

Buna da bax: Şəhriyar del Gerani: Oxucularımın təhsiliylə maraqlana bilməmişəm (Müsahibə)​

- Sizcə yaradıcı adamlar ictimaiyyətin fikri ilə hesablaşmağa, oxucuları itirməməyə çalışmalıdırmı? Yoxsa keyfiyyətli mətnin hər zaman yazarın köməyinə gələcəyini düşünürsünüz? Bundan sonra oxucularınızı itirəcəyinizi düşünürsünüzmü?

- Mən heç vədə oxucu azarına yoluxmamışam. Mətn yaratmışam, oxucu özü yoluxub o mətnlərə. Oxucu naşı deyil, peşəkar vətəndaşdı. O, yaxşı bilir nə-nədir. Həmin sitatın kommentari bölümündə mən heç kəslə polemikaya getmədim. Gördüm ki, bunların əks arqumentləri boş qazan kimi danqıltı salır, mənimlə debata gələsi kimsə yoxdur aralarında. Amma xeyli oxucu onlara gülmüşdü həmin sitatın şərh bölümündə. Yüzlərlə mesaj gəldi, hamısı da təqdiredici. Ki, “yaxşı ifşa etdiniz o zümrəni”. Mən elə oxucularım üçün işıq salıram belə qaranlıqlara. Ki, onlar kimi olmasınlar, həyat ciddi məsələdir, aydın təfəkkürə yiyələnsinlər. Əslində, mən o zümrəni nəzəri olaraq çoxdan tanıyırdım, heç çalışmırdım da praktik olaraq mahiyyətlərini hamı görsün. Sadəcə proses özü faş etdi onları.Mən sadəcə onlara özlərini daha böyük müstəvidə biabır etmələri üçün meydan yaratdım. Vəssəlam.



Bəli, Heydər bəy böyük şəxsiyyətdir. Onun mənim müdafiəmə ehtiyacı yoxdur. Heydər Əliyev elə bir məqamdadır ki, artıq özü seçim edir kim onu sevə bilər, kim yox.

- Təkrar-təkrar eks prezident Heydər Əliyevi şəxsiyyət kimi yüksək qiymətləndirdiyinizi bildirirsiniz. Bu fikrinizdə sizlə razı olanlar da çoxdur. Ancaq indiki Azərbaycandakı problemlərin Heydər Əliyev dövründən qaynaqlandığını deyənlər də var. Sizcə ictimai simaların qüsurlu tərəflərini demək ya da onlara etiraz etmək olmazmı? Yaxud Azərbaycanda belə etiraz mədəniyyəti necə qurulmalıdır?

- Bəli, Heydər bəy böyük şəxsiyyətdir. Və də onun mənim müdafiəmə ehtiyacı yoxdur. Heydər Əliyev elə bir məqamdadır ki, artıq özü seçim edir kim onu sevə bilər, kim yox. Bu, öz yerində. Gələk sualınızın “Azərbaycandakı problemlərin hardan qaynaqlanması” mərhələsinə. Düzü, bu, xeyli diletant yanaşmadır. Mən də hesab edirəm Azərbaycanda hazırkı ciddi problemlərin kökü İrəvan xanı Həsənəli xan Ziyadlının dövründən qalıb. Hətta əsaslandıra da bilərəm. Məsələn, Həsənəli xan o vaxt Aleksandrın xahişini nəzərə alıb “Üç kilsə” monastrını vergidən azad etməsəydi bu gün neft yatağındakı məlum faciə baş verməzdi. Heç bəlkə Rövnəq Abdullayev də o vəzifədə olmazdı. Baxın, bu son cümlələr üzünüzdə necə təbəssüm yaratdısa, sualdakı arqument də məndə elə gülüş yaratdı. Etirazın özü böyük mədəniyyətdir. Ol kultun yolu yalnız və yalnız mütaliədən keçir. Bunun savayı yolu yox. Mütaliəsiz, kitabsız adam hər zaman korafəhm qınayıcı olur. Kitabsız adam dənizin üstüylə yeriyən kimsəni də öz kal gülüşüylə qınaya bilər. Ki, ona baxın-ona baxın, üzə bilmir, suyun üzəriylə yeriyir.

Buna da bax: Şairin və şeirin sonu​


- Şeir və mətn yaradıcılığınızda nə kimi yeniliklər var, uzun müddətdir yeni kitabınız çıxmayıb, sizdən yeni kitab gözləmək olarmı?

- “Darıxmağın adı” şeirlər, esselər kitabı 2015-də çap olundu. O kitabı şeir yaradıcılığımın bir mərhələsi kimi qəbul edirəm. Bildiyiniz kimi böyük maraqla da qarşılandı. Sonra gördüm nə yazıramsa, özümü təkrar edirəm. Kitab nə qədər uğurla qarşılanırsa, müəllif bir o qədər çətinə düşür. Düzü, özünüaşım mərhələsi çətin oldu. Təxminən 30 ay yeni şeirlərləri çapa göndərmədim. Bu ayın əvvəli isə qərara gəldim ən son yazdıqlarımı yayımlayım. Hiss etdim ki, bunlar artıq yeni mərhələnin mətnləridir. Deyəsən hissimdə yanılmamışammış. İstər ədəbiyyat adamları, istərsə də oxucular tərəfindən maraqla qarşılandı. Yeni kitab məsələsində isə, bir az tərəddüd içindəyəm. Mənə elə gəlir hələ kitab zamanı deyil. Hekayələrimi yığmışam, 12 hekayədir, 5-i çap olunub, 7-si yenidir. Yaxşı qonorar olsa həmin kitabı sataram hansısa nəşriyyata. Olmasa, hələ qalıb. İndi bu vaxtacan yazdıqlarımın tərcümə olunması ilə məşğulam. Görək noolur. Təki həmişə günəş olsun. Eşq dolu bir cəmiyyət diləyilə…

XS
SM
MD
LG