Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:37

'Məsuliyyətsizlikdən, özbaşınalıqdan və korrupsiyadan ölənlər'


İlham Əliyev Ağdamda
İlham Əliyev Ağdamda

Dövlət başçısı İlham Əliyevin sərkərdəlik məharəti, ölkə vətəndaşlarının təhlükəsizliyi və Bakının Baş planını ətrafında mübahisələr bu gün medianın aparıcı mövzusudur...

İLHAM ƏLİYEVİN SƏRKƏRDƏLİK MƏHARƏTİ

«Azərbaycan» qəzetində dərc edilən «Sərkərdəlik məharəti» sərlövhəli məqalədə bu ilin aprelində cəbhədə baş verən gərgin hadisələr dəyərləndirilir. Müəllif həmin hadisələrdə dövlət başçısı İlham Əliyevin xidmətlərini çox yüksək qiymətləndirir.

Məqalədə qeyd edilir ki, dünyada ciddi siyasi, iqtisadi və hərbi kataklizmlər baş verdiyi bir dövrdə Azərbaycanda sabitlik, təhlükəsizlik qorunub saxlanılır: «İqtisadi böhrana, siyasi və sosial gərginliklərə baxmayaraq, Azərbaycanda dayanıqlı inkişaf təmin edilib».

Müəllif daha sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bu ilin aprelində Qarabağ cəbhəsində baş vermiş hərbi əməliyyatları xatırladaraq qeyd edir ki, mövcud status-kvonun saxlanması daim gərginlik təhlükəsi yaradır.

Məqalədə vurğulanır ki, bəzi beynəlxalq amillər nəzərə alınaraq hərbi əməliyyatlar dayandırılsa da, xalq 4 gün ərzində qələbənin şirinliyini dada bildi və həmin hadisələr bəzi reallıqları üzə çıxardı: «İlk növbədə, məlum oldu ki, Azərbaycan xalqının milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var!».

Müəllif yazır ki, aprel döyüşlərindən dərhal sonra dövlət başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə təmas xəttinə səfər edib. Ermənistan silahlı birliklərinin atəşləri nəticəsində evləri və təsərrüfatları ziyan görən sakinlərə həm mənəvi, həm də maddi dəstək verilib.

İntihar
İntihar

AZƏRBAYCANDA TERROR OLMUR, AMMA...

Azadliq.info-da dərc edilən «Əliyev hansı təhlükəsizliklə öyünür?» sərlövhəli məqalədə ölkədə təhlükəsizlik mövzusu fərqli yöndən dəyərləndirilir.

Müəllif bir heçə gün öncə dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsində ilin idman yekunlarına dair tədbirdə Azərbaycanı dünyada təhlükəsiz ölkə kimi təqdim etməsini tənqid edir: «Ölkəmizin gündəminə diqqət yetirsək, görərik ki, gündə ortalama 5-6 intihar baş verir, bir il ərzində təkcə 40 neftçi məsuliyyətsizliyin qurbanı olub. Budur, təhlükəsizliyin təmin olunması?».

Müəllif sual edir ki, əgər ölkə vətəndaşlarının təhlükəsizliyi təmin edilibsə, onda Binəqədidə hökumət məmurlarının günahı üzündə nədən 15 nəfər yanıb, külə döndü?

Yazıda vurğulanır ki, Azərbaycanda səhiyyə sistemində vəziyyət gərgindir. Həkim məsuliyyətsizliyindən ölüm halları getdikcə artır.

Müəllifə görə, bu ölkədə iş adamlarının da nə həyatları, nə də malları qorunur: «Təkcə «MTN işi» istintaqı 100-lərlə işadamı ilə hansı formada rəftar edildiyini üzə çıxarıb. Təhlükəsizlik ölkədə o qədər «fontan» vurub ki, təhlükəsizlik orqanlarında bir az söz sahibi olan biri istədiyi insandan ürəyi istəyən qədər pul ala bilib».

Yazıda qeyd edilir ki, bu ölkədə siyasi proseslərlə məşğul olmaq isə hər an şərlənərək həbs edilmək təhlükəsi ilə yaşamaq anlamına gəlir. Müəllifə görə, ölkədə terror aktları baş vermir. Amma bu, insan həyatının dəyərli olması anlamına gəlmir. İnsanlar məsuliyyətsizliyin, özbaşınalığın, rüşvətin, korrupsiyanın qurbanı olurlar: «Odur ki, terror olmur deyib ortalıqda öyünə-öyünə gəzməyin. Bu ölkədə insanların başına gətirilənlər terrordan heç də geri qalmır…».

Bakıda söküntü
Bakıda söküntü

BAKININ YARIMÇIQ BAŞ PLANI ...

«Novoye Vremya» qəzetində isə «Bakının baş planı astronomik həcmdə dəyərləndirilib...» başlıqlı yazı oxumaq olar.

Müəllif yazır ki, bu günlər təqdim edilən Bakı şəhərinin Baş planı ətrafında mübahisələr səngimək bilmir.

Yazıda deyilir ki, planı Dövlət Layihə İnstitutu təqdim edib. Amma Bakı Şəhər İcra Hakimiyyəti bu baş planı əsassız sayıb: «Bakıda baş verən tikinti qanunsuzluqları şəhər hakimiyyətinin buna yol verməsi ilə bağlıdır. Odur ki, şəhərin yeni baş planını hazırlamaq zərurətə dönüb. Amma baş plan elan edilən kimi şəhər hakimiyyəti bunun əleyhinə çıxdı».

Müəllif özü də hesab edir ki, təqdim edilən layihəni gerçəkləşdirmək mümkün deyil. Tikintilərə yer ayırmaq oliqarxların əlindədir. Onlar necə gəldi tikib, necə gəldi satırlar. Bu məsələdə nizam-intizamı sevmirlər.

Üstəlik, yazıda vurğulanır ki, ölkənin həmin layihələrdə əksini tapmış məsələləri gerçəkləşdirməkdən ötrü lazımı qədər maddi imkanı yoxdur. Ölkə böhran içindədir. 284 milyardı necə əldə etmək olar?

Müəllifə görə, infrastruktur nəzərə alınmadan bina tikintisinin genişləndirilməsi mümkün deyil: «İndi Bakıda elə binalar tikilib ki, heç qarşısında maşın belə saxlamaq olmur. Üstəlik, bir çox yerlərdə yolqırağı səkilər aradan qaldırılıb. Bu da yol hərəkatı qaydalarının pozulmasına, tez-tez ölüm hallarının baş verməsinə səbəb olur».

XS
SM
MD
LG