Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:53

'Korrupsiya ilə yığılan milyonların qarantiyası yoxdur'


Polad zavodu
Polad zavodu

Ölkədə sənayenin vəziyyəti, korrupsiyanın doğurduğu fəsadlar, orta təbəqənin zəifləməsi və «qara bazar»ın sahibləri bu gün medianın aparıcı mövzusudur.

SƏNAYE PARKLARI

«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyev «Made in Azerbaijan»ı dünya brendinə çevirir» sərlövhəli məqalədə ölkədə sənayenin vəziyyəti dəyərləndirilir.

Müəllif yazır ki, ölkədə sənayenin inkişaf etdirilməsi əsas prioritet sahələrdən birinə çevrilib. Hazırda bu yöndə layihələr hazırlanır, müasir infrastruktur, texnoparklar yaradılır.

Məqalədə sənaye parklarının yaradılmasına da toxunulur. Onlardan biri kimi Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə ətraflı bəhs edilir.

Müəllif qeyd edir ki, bu parkda fəaliyyət göstərən zavodlarda beynəlxalq standartlara cavab verən müxtəlif çeşidli məhsullar buraxılır. Bu müəssisələrdə 755 nəfər işlə təmin edilib.

Məqalədə vurğulanır ki, 2016-cı ildə istehsal olunan 55 milyon manatlıq məhsulun 95 faizi ixrac edilib. Türkmənistanla su borularının alınması ilə bağlı ümumi dəyəri 20 milyon manat olan müqavilə imzalanıb: «Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad ediliblər. Həmçinin idxal edilən texnoloji avadanlıqlara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan. Bu, respublikada sənayeləşmə tempinin daha da sürətlənməsinə şərait yaradıb. İqtisadi siyasətin əsas prioritetlərindən olan sənayeləşmə yeni inkişaf mərhələsinə qədəm qoyub».

Məhkəmə. Karikatura
Məhkəmə. Karikatura

OĞRULAR...

Azadliq.info-da «Qazdıqları quyuya düşənlər» sərlövhəli məqalədə ölkədə korrupsiyanın doğurduğu fəsadlar təhlil edilir.

Müəllif yazır ki, Azərbaycanda vəzifədə olmaq külli miqdarda pul qazanmaq şansı əldə etmək deməkdir. Rüşvət ala bilməyən, çirkli əməliyyatlara imza atmayan və yığdıqlarından yuxarılara verməyənlərin vəzifədə qalması mümkün deyil.

Yazıda qeyd edilir ki, korrupsiyaya bulaşmış məmurlar «gözükölgəli» olduqlarından əllərindən varidatları alınanda belə səslərini çıxara bilmirlər: «Çünki, bu pullar tələb olunanda həmin adamın özünün cinayətləri ortaya çıxır. Nazir müavini evindən oğurlanan qızılları tələb edir, amma dərhal da qarşısına sual çıxır ki, bu qədər qızılı haradan almışdın? Buna görə də ictimai rəy artıq onu zərərçəkən kimi yox, rüşvətxor kimi qəbul edir. Bu müstəvidə isə «oğrudan oğruya halaldır» prinsipi işə düşür».

Müəllifə görə, məmurlar xalqdan oğurladıqlarından çox asanlıqla şantaj olunurlar: «Belə faktlar çoxdur. Nəticə onu göstərir ki, adamlar çirkli fəaliyyətlərinə görə öz haqlarını tələb edə bilmirlər».

Müəllif yazır ki, yuxarıların fəaliyyəti şəffaf olmadığından, onlar da aşağılardan düzlük tələb edə bilmirlər. Nəticədə hakimiyyət mənsubları artıq öz qazdıqları quyuya özləri düşürlər: «Xidmət etdikləri rejimin soyğunçuluğuna məruz qalırlar, korrupsiya korrupsionerlərin bəlasına dönür».

Müəllif yazının sonunda da belə bir məntiq ortaya qoyur: «Bu qədər zülmlə qazanılan pulların sığortası yoxdur və hətta şər rejimə qulluq belə onu təhlükədən xilas etmir».

Bakı bulvarı
Bakı bulvarı

ORTA TƏBƏQƏ NİYƏ AZALIR?

«Exo» qəzetində isə «Azərbaycanda orta təbəqəni kimlər təmsil edir?» sərlövhəli məqalə oxumaq olar.

Mövzu ekspert Nəriman Ağayevlə dəyərləndirilir: «Azərbaycanda bütün əhalinin ancaq 12 faizini orta təbəqəyə aid etmək olar. Yeri gəlmişkən, bu kateqoriyadan olan vətəndaşların inkişaf dinamikası olduqca yavaş artımla gedir. Ölkədə orta təbəqənin ən yüksək həddi 2015-ci ilin birinci devalvasiyası ərəfəsinə təsadüf edir. O zaman bu rəqəm 20 faizə bərabər idi. Təkcə bir il ərzində bu təbəqənin təmsilçiləri 3 faiz azalıb»,- deyə ekspert qeyd edir.

Ekspert hesab edir ki, Azərbaycanda orta təbəqəni təmsil edən 4-nəfərlik ailənin mənzili, daşınmaz əmlakı, nəqliyyat vasitəsi, qarantiyalı işi və ayda 1000 manatdan yuxarı gəliri olmalıdır.

N.Ağayev deyib ki, orta təbəqəyə, adətən, özəl biznesi olan və onu uğurla reallaşdıran şəxslər aid edilirlər: «Yüksək təbəqəyə bütün əhalinin ancaq 10 faizini aid etmək olar. Qalan 78 faiz isə aşağı təbəqədir. Onların gəlirləri ölkə üzrə orta aylıq maaşdan aşağıdır».

Ekspert qeyd edir ki, ölkədə orta təbəqənin təmsilçiləri artdıqca, dövlət daha çox inkişaf edir. Üstəlik, orta təbəqənin inkişaf etdiyi ölkələrdə iqtisadi dayanıqlıq təmin olunur: «Hökumətin planlaşdırdığı iqtisadi inkişaf islahatları gerçəkləşdiyi halda, orta təbəqə təmsilçilərinin artımını gözləmək olar».

N.Ağayevə görə, Azərbaycanda orta təbəqənin zəifləməsinin səbəbləri çoxdur. Ekspertin düşüncələrinə görə, ölkədə iki devalvasiya, manatın dəyərdən düşməsi, bahalaşma, iş yerlərinin bağlanması orta təbəqəyə ciddi zərbə vurub.

Dollar
Dollar

«QARA BAZAR»IN SAHİBLƏRİ...

«Novoye Vremya» qəzetində ««Qara bazar»ı kim himayə edir?» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovun istefaya göndərilməsindən sonra bir çoxları düşünürdü ki, bu problem sona yetdi. Ancaq «qara bazar», hələ də, qalmaqdadır: ««Qara bazar» ömrünü başa vurmadı, varlığını davam etdirir, yenə də yerini saxlayır. Bəs bu bazarı indi kim himayə edir?».

İqtisadçı Qubad İbadoğlu qəzetə bunları deyib: «Manata təhlükələr artıb və milli valyuta yeni ilə (valyuta hərracında, kommersiya banklarında və «qara bazar»da) üç məzənnə ilə daxil olur».

Ekspertə görə, manat real dəyərini almayana və kommersiya bankları dollar satışını bərpa etməyənə qədər «qara bazar» mövcud olacaq.

Q.İbadoğlu hesab edir ki, kommersiya bankları valyutanın «qara bazar»a əsas ötürücüləridir və iri valyuta əməliyyatları məhz orada aparılır: ««Qara bazar» bankların özünə lazımdır. Ona görə də, belə bazarın formalaşmasında maraqlıdırlar. Manatın real kursu müəyyən olmayana qədər bu bazar davam edəcək».

Müəllifə görə, «qara bazar» bu sahədə möhtəkirliyi bir qədər də artırır. Üstəlik, «üzən məzənnə» sisteminə keçilsə belə, bu xalqa firavan gün vəd etmir.

Müəllif yazır ki, ölkədə korrupsiyaya bulaşmış əllər çəkilməyənə kimi vəziyyət dəyişməyəcək.

XS
SM
MD
LG