Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:08

Müavinət və pensiyalarını almayanlar var


Astarada bankomat qarşısında növbə.
Astarada bankomat qarşısında növbə.

«Mənim də, xəstə övladımın da müavinəti hər ayın 20-də kartlarımıza köçürülürdü. Qarabağ əlili kimi mənə verilən prezident müavinətini hər ayın 20-də alıram, ancaq noyabrın 20-də almalı olduğumu dekabrın 5-də, dekabrın 20-də almalı olduğumu isə bayrama 1 gün qalmış köçürdülər. Ancaq uşağımın xəstəliyə görə aldığı müavinət hələ də köçməyib».

ƏLİLİ PENSİYASIZ QOYMAQ...

2-ci qrup Qarabağ əlili Əhməd Rəhmanov deyir, bayrama bircə gün qalmış Qarabağ əlili kimi aldığı prezident təqaüdü kartına köçürülməsəydi, süfrəsi boş qalacaqdı. Ancaq xəstə övladının müavinətindən hələ də xəbər-ətər yoxdur. Halbuki, ata və övladının müavinətləri, adətən, hər ayın 20-də karta köçürülür. Əhməd Rəhmanov azyaşlı övladına verilən 74 manat müavinəti onun dərmanlarına xərcləyir.

Buna da bax-Pensiyalar verilir, uzun növbələrdir... (VİDEO)

Mingəçevir sakini Reyhan Quliyeva da 1-ci qrup əlil oğlu Gərayın təqaüdünün ləngidiyini deyir: «Hər gün gedir, kartı yoxlayır, suyu süzülə-süzülə qayıdıb gəlir. İnanmıram ki, hansısa nazir, deputat bayramqabağı maaşını almaya... Təpik həmişə fağır-füqəraya dəyər. Bayram günü əlili pensiyasız qoymaq insanlığa sığan hərəkət deyil. Bu, əlilə daha çox mənəvi zərbədir».

«MƏYUSLUĞA İMKAN VERİLMƏMƏLİYDİ»

2-ci qrup əlil Sevda Həsənova: «Özüm 2-ci qrup əliləm. Çevrəmdə əlillərdir. Deməli, məsələ belədir, müharibə əlillərinin pensiyaları vaxtında, prezident müavinətləri gecikməylə verilib. Köçürülməyənsə, əsasən, xəstəliyə görə müavinətlər və mülki əlilliyə görə pensiyalardır. Hökumət bayramqabağı əlillərlə ayrıseçkiliklə davranıb. Məncə, fərq qoyulmamalıydı. Ümidini müavinətə, pensiyaya dikən xəstə, əngəlli insanların gündə, ən azı, on dəfə bankomata yaxınlaşıb kartı yoxlamasına, hər dəfə əsəb, məyusluq keçirməsinə imkan verməməliydi».

Buna da bax-Bankomatlarda niyə pul yoxdur?

Əlillər Facebook sosial şəbəkəsindəki «Əngəlsiz həyat üçün» adlı qruplarında da pensiyaların və müavinətlərin gecikməsini müzakirəyə çıxarıblar. Bir qisim əlil aksiya keçirməyi təklif edir, bir qisim isə «başına polis dəyənəyi dəyməməsi» üçün səbirli olmağa çağırır...

Qeyri-iş günləri olduğundan məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG